Xalqın qəlbinə köçən qəhrəman

 (elegiya)

 

 

Əzizim Mübariz! Bu məktubu Sənə yazıram. Bəli, Sənə. Sən mənim üçün həmişə varsan. Məndən sonra da var olacaqsan. Çünki Sən azərbaycanlı adlı ulu, müdrik, alicənab, rəhmdil, nurlu cəsur bir xalqın pak ruhuna dönüb əbədiyyət göylərində zəfər çalırsan. Bu zəfər bəşəri zəfərdir. Bu zəfər yer üzündə insanlığın tükənmədiyini təsdiq edən ədalətin qalib gələcəyinə inam yaradan inkaredilməz həqiqətdir.

Əzizim Mübariz! Mən yurdumuzun füsunkar bir guşəsində (hərçənd yurdumuzun hər bir guşəsi mənim üçün əzizdir) yaşayıram. Burada min illərin yadigarı qədim bir ocağımız var. Ocağı ona görə yada salıram ki, burada kəndimizin igid oğullarından biri-sənin kimi Vətən şəhidi uyuyur. Ocağı ziyarət edənlər ilk olaraq şəhidimizi yad edir, ona lütfkarlıqla baş əyirlər. O, məktəbimizi bitirib. Namərd düşmənlə amansız mübarizədə şəhid olub. Mail şəhid olsa da, bu gün hamımızın onunla öyünməyə haqqı var. Mübariz, qardaşım, bu gün bütün Azərbaycan Sənin igidliyindən danışır, Səninlə qürrələnir!

Düzdür, Mailin qəhrəmanlığı unudulmur. Amma fəxr edirik, qürur hissi keçiririk ki, sən onun qisasını yağı düşməndən aldın. Bir gün gələcək, sənin müqəddəs ruhun qarşısında başqa bir Mübariz Vətən ünvanlı qisasını alacaq -  Mailin qisasını Sən aldığın kimi. Ölkəmizin hər kəndində, hər obasında şəhid məzarları boylanır. Elə bil hər başdaşı şəhid məzarından ucalan əldir, söz istəyir, danışmaq istəyir. Onları dinləmək, Vətən həsrətli arzularını həyata keçirmək bizim borcumuzdur. Onda ürək açıqlığı ilə, arxayınçılıqla deyə bilərik ki, qəhrəmanlar ölümsüzdür. Çünki Azərbaycan oğulları, Azərbaycan xalqı ölümsüzdür, əbədidir, həmişəyaşardır.

Gözün aydın, Mübariz, hamı sənin kimi Azərbaycan qəhrəmanı olmaq istəyir. Bir zamanlar Tomris, Babək, Həzi Aslanov olmaq arzusu bizi Mübarizə çevirdi. Mübariz olmaq arzusu igidlərimizi bütöv Azərbaycana Qələbə abidəsi olmaq həqiqətinə çevirəcək. Bu həqiqət heç vaxt əyilməyən, daimi Azərbaycanımızın başı üstündə dalğalanan üçrəngli bayrağımız olacaq.

Əziz qardaşım, sənin də, mənim də orta məktəbdə əsərlərini oxuduğumuz görkəmli bir yazıçımız var: Mir Cəlal. Onun "Bir gəncin manifesti" adlı romanından təsirli bir epizodu yada salmaq istəyirəm: Bahar kənddən didərgin düşən doğma qardaşı Mərdanı tapmaq üçün şəhərə yollanır. Sərt qış günlərindən biri. Balaca Bahar böyük ümidlə qardaşının səsini eşitdiyi həyətə darvazanı açıb boylanmaq istəyir. Vəfasız qismət darvazanı onun üzünə bağlayır. Bahar qardaşının üzünə də, bu işıqlı dünyaya da əbədi həsrət qalır. Amansız, rəhmsiz gecələr onun balaca, pak qəlbini dondurur. Bahar bir qarlı qış gecəsinin qurbanı olur. Əziz qardaşım, mən ona görə bu acı və ürək göynədən didərginlik mənzərəsini yada salıram ki, didərginlik bu gün də xalqımızın taleyi ilə yanaşı addımlayır. Biz başımıza gətirilən didərginlik faciəsini, əfsus ki, çox zaman unuduruq. Doğma vətənində doğma yurdundan didərgin düşmək heç zaman unudulan deyil!  Bu dərd qisas hayqırır. Mübariz qardaşım hayqıran kimi. Müharibə analara qəlb dağı olsa da, igidlərimizi ovundurur. Vətənin yaralarına məlhəm qoyur. Acı da olsa, deməliyəm ki, bu, Dədəm Qorqudun gül-çiçək ətirli məlhəmi yox, Vətən oğullarının qanından yoğrulmuş məlhəmdir. Vətənin səfası ancaq mərd oğulların qanından yoğrulmuş bu məlhəmdən asılıdır. Sənin igidliyin Azərbaycanımıza dəfedilməz coşğun gətirdi. Dövlətimizin başçısı hörmətli İlham Əliyev Səni ən böyük dövlət mükafatı ilə təltif etdi: Sən bizim Milli Qəhrəmanımızsan. Vətənimizin azadlığı uğrunda mübarizəyə qalxmaq üçün Sən misilsiz bir şücaət toxumu səpdin. O toxum sürətlə hər bir azərbaycanlının -qocanın da, cavanın da, qarının da, gəlinin də qəlbində göyərir. Bu namərd dünyada, haqqımızın tapdandığı dünyada, haqlı səsimizin eşidilmədiyi dünyada Sən bir fırtına qopartdın. Sübut etdin ki, qürurlu bir xalq məğlub durumda yaşaya bilməz. Necə   deyərlər, uçmaq üçün yaranan sürünə bilməz. Azərbaycan xalqı sənin ruhun qarşısında baş əyir və söz verir ki, Baş Komandanımız nə vaxt əmr etsə, həmin gün bizim qisas günümüz, qələbə günümüz olacaq.

Sənin yaralarından damcılanan müqəddəs qanın qələbə müjdəli al güllərdir. Sənin qanın nağıllarımızda güllənən səməngülüdür! O al gülləri, o qırmızı gülləri, o möcüzəli gülləri uzaqda olmayan qələbə günü heç kimə yox, yalnız xalqımıza ərməğan edəcəyik, o gülləri Baş Komandanımız İlham Əliyevə bəxş edəcəyik. İndi dərindən duydum ki, sən niyə belə demisən:"Canım, atamanam. Məndən sarı darıxmayın.İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin.Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyim. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın.Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun.Oğlunuz Mübariz. Haqqınızı halal edin".Sən qələbəmizə inanırdın, sən xalqımıza inanırdın, sən özünə inanırdın  şəhidliyin ölməzliyinə inandığın kimi...

...Başın sağ olsun Vətən, fəxr ediləsi oğulların, qeyrətli qızların var -əsgər qiyafəsində sənin əmrini gözləyirlər!

...Yaşasaydı, bir gün torpağın qoynuna köçərdi, şəhid oldu, xalqımızın qəlbinə köçdü Mübariz!

 

Bəxtiyar Hüseynov

525-ci qəzet.- 2014.- 19 fevral.- S.7.