"Dildə, fikirdə, işdə birlik"
VI TÜRK DÜNYASI
ƏDƏBİYYAT DƏRGİLƏRİ KONQRESİ
ƏSKİŞƏHƏRDƏ
Bu il fevralın 17-18-də Türk
dünyasının Mədəniyyət paytaxtı
Əskişəhərdə VI Türk Dünyası Ədəbiyyat
Dərgiləri Konqresi keçirilib. Konqres
Avrasiya Yazarlar Birliyinin və TÜRKSOY-un təşkilatçılığı
ilə baş tutub və İsmayıl bəy
Qaspiralının vəfatının 100 illiyinə ithaf olunub.
Konqresdə
TÜRKSOY sədri Düsen Kaseinov, Əskişəhər
valisi Güngör Azim Tuna, Avrasiya Yazarlar Birliyinin sədri
Yaqub Öməroğlu, Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı Anar, eyni zamanda
müxtəlif türkdilli ölkələrdən otuzdan
çox dərgi redaktoru iştirak edib. Azəbaycan ədəbi
mətbuatından Konqresdə
"Azərbaycan" jurnalının baş redaktoru
İntiqam Qasımzadə, "Ulduz" jurnalının
baş redaktoru Elçin Hüseynbəyli və Azərbaycan
Yazıçılar Birliyinin
katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad
Məcid iştirak ediblər.
Konqresin
açılış mərasimində tədbiri giriş
sözü ilə açan TÜRKSOY sədri Düsen Kaseinov
təşkilati dəstəyə görə Əskişəhər
valiliyinə təşəkkürlərini bildirib və
iştirakçılara budəfəki toplantının özəllikləri
barədə danışıb: "Bu Konqres bəzi özəllikləri
ilə əvvəlkilərdən seçilir. İlk
öncə burada Türk Şurasına üzv ölkələrin
Yazarlar birlikləri arasında işbirliyinin genişlənməsi
üçün ortaq bir qurumun təməli qoyulacaq.
Bildiyiniz kimi, ölkə rəhbərlərimiz 23 avqust 2012-ci il tarixində Bişkekdəki zirvə
toplantısında mənəvi dünyamızın zənginləşdirilməsindən
ötrü Yazarlar birlikləri arasında TÜRKSOY nəzdində
ortaq bir qurumun yaradılmasına qərar vermişdilər. Ölkə rəhbərlərinin bu qərarları ədəbiyyata
verdikləri önəmin bariz nümunəsidir. Konqresimizin əsas mövzusu kürəsəlləşmə
və ədəbiyyat dərgiçiliyidir. Mərhum
İsmayıl bəy Qaspiralının yüz otuz il öncə bacardığı işləri
bu gün təəssüf ki, arzulanan kimi görə bilmirik. Türk dünyasında Qaspiralının "Tərcüman"ı
qədər tanınan, oxunan, İstanbuldakı "Hamal"
ilə Orta Asiyadakı "Çobanı", Qafqazdakı
"Müəllim"i yaxınlaşdıran bir nəşr
təəssüf ki, yoxdur. Bu gün
İsmayıl bəyin amallarını davam etdirməyimiz,
yaşatmağımız üçün birləşməli,
bərabər çalışmalıyıq".
TÜRKSOY
sədri rəhbərlik etdiyi qurumun qarşıdakı aylara
planlaşdırdığı tədbirlərdən də bəhs
edib, dərgi redaktorlarını bu işlərdə fəal
olmağa çağırıb: "2014-cü ildə
Türk dünyasının iki böyük ozanı ilə
bağlı tədbirlər keçiriləcək. Böyük türkmən şairi Məxtumqulu Fəraqinin
290 illiyi və böyük qırğız ozanı
Toqtoğul Satılqanovun 150 illiyi bütün üzv ölkələrdə
qeyd olunacaq. Sizlər də bu il Məxtumqulunun
və Satılqanovun əsərlərinin çevrilməsinə,
dərgilərinizdə yayımlanmasına kömək etsəniz,
işimizə xeyli fayda vermiş olarsınız. Amma bizim əsas
arzumuz, niyyətimiz odur ki, sənətçilərimiz, ədəbiyyatçılarımız
ölümündən sonra deyil, sağ ikən qiymətləndirilsin.
Türk dünyasında "İlin ədəbiyyat
adamı" ödülü də məhz bu məqsədlə
təsis edilib. 2013-cü ildə bu
ödülü almış qazax yazıçısı
Tölen Abdiki ürəkdən təbrik edir, uğurlar diləyirəm".
Daha sonra söz Avrasiya Yazarlar Birliyinin
başçısı Yaqub Öməroğluna verilib. Yaqub bəy Konqres
iştirakçılarını salamlayaraq
çıxışına İsmayıl Qaspiralının
"Dildə, fikirdə, işdə birlik"
şüarı ilə başlayıb: "Bu gün Konqresə
qatılan ədəbiyyat dərgilərinin hər biri öz
ölkəsində, bir qədər fərqli türk ləhcələrində
yayımlanır. Ona görə, bəlkə
dildə birlik məqamında zəifliyimiz var, amma məzmunda
birliyimizə heç bir şübhə yoxdur. İdeyalarımız, arzularımız, məzmunumuz
birdir. Keçmişdə
üstünlüklərimiz çox idi, dillərimiz daha
yaxındı, ümumi əlifbamız vardı. Amma bu gün üstünlüklərimiz daha
çoxdur. Qaspiralının zamanında
belə bir konqres yox idi, türk dünyasında yayımlanan dərgilər
bir araya gələ bilmirdilər. Və
İsmayıl bəy onlarla əlaqə yaratmaq
üçün əziyyətə qatlaşırdı,
kimisinə məktublar göndərir, kimisini özü ziyarət
edirdi. Amma bu gün önəmli türk ədəbiyyat
dərgiləri artıq altıncı dəfədir ki, bir
araya gələ bilib. Qaspiralının
zamanında TÜRKSOY yox idi. Əgər
İsmayıl bəy belə bir təşkilatın
varlığını bilsəydi, çox sevinər,
çox xoşbəxt olardı. Bu gün
mədəniyyət paytaxtımız var - Əskişəhər
və biz konqresimizi burda keçirə bilirik. Dünən bütün bu üstünlüklərin
heç biri yox idi. İtirdiklərimizə
heyfislənmək əvəzinə, bu gün əlimizdə
olanlara sevinib gələcəyə doğru addımlamalı,
inkişaf etməliyik".
Yaqub
Öməroğlu ötən il
"İlin ədəbiyyat adamı" seçilmiş
Tölen Abdik yaradıcılığı haqqında da fikirlərini
iştirakçılarla bölüşüb: "Tölen
Abdik sadəcə öz xalqına - qazax xalqına deyil,
bütövlüklə insanlığa mesajlar verən bir
yazardır. Onun yalnız türk
dünyasında deyil, bütün dünyada tanınmasına
ehtiyacımız var. İnsanlığın onun mesajlarına
ehtiyacı var. Onun "Faydasız cümə" hekayəsi
onlarla türk dünyası dərgilərində müxtəlif
dillərdə yayımlanıb. Onun hekayələrindən
ibarət kitab da türkcə işıq üzü
görüb. Onun şəxsən mənim
özümə təsirindən söz açmaq istərdim.
Tölen abi hekayələrindən birində
"atalı yetimlər" ifadəsi işlədir. Yəni atanın başı işlərinə o qədər
qarışır ki, övladları onun üzünü
görmürlər. Ona görə onlar ataları
olduğu halda belə yetim kimi hiss edirlər özlərini. Mən
bu hekayəni oxuyandan sonra evə daha tez getməyə,
övladlarımla daha çox vaxt keçirməyə
çalışıram ki, onlar da "atalı yetim" hiss etməsinlər
özlərini".
Çıxışının sonunda Yaqub Öməroğlu
dərgilərin ədəbiyyatın inkişafındakı
rolundan, önəmindən söz açıb və konqresin
işinə uğurlar diləyib.
Konqresin
davamında Qazaxıstanın Türkiyədəki səfiri
professor, doktor Canseyid Tuymebayev və Əskişəhər
valisi Güngör Əzim Tuna çıxış edərək
bu cür toplantıların, tədbirlərin mədəniyyətə,
ədəbiyyata faydasından söz açıblar.
Daha sonra İsmayıl bəy Qaspiralı haqda çəkilmiş
sənədli film nümayiş olunub. Film konqres
iştirakçıları tərəfindən böyük
maraqla qarşılanıb.
Tədbirin
davamında Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anar çıxış edərək
İsmayıl bəy Qaspiralıya ithaf edilmiş Konqresin
üstünlüklərindən söz açıb:
"Türk dünyası Şərqdə Baykaldan Qərbdə
Balkanlara kimi, Güzeydə Yakut-Saxadan, Güneydə Kərkükə
qədər uzanan bir coğrafiyanı əhatə edir. Bu coğrafiyaya yeddi dəniz - Ağ dəniz, Egey, Mərmərə,
Qara dəniz, Azov, Xəzər, Aral dənizi daxildir. Və bu coğrafiya dünyaya Orxan yazılarından
başlamış Dədə-Qorqudu, Koroğlunu, Manası,
Yunis İmrəni, Nəvaini, Füzulini, Maxtumqulunu, Abayı,
Tukayı və başqa böyük mədəni sərvətləri,
insanları bəxş edib. Bu gün vəfatının
yüz illiyini andığımız böyük
düşüncə adamı, türkçülüyün
fikir atası İsmayıl bəy Qaspiralı "Dildə,
fikirdə, işdə birlik" deyirdi. Onun
"Tərcüman"ı doğrudan da türk
dünyasının hər yerində oxunurdu. Amma bunun əsas səbəbi o idi ki, "Tərcüman"
əski əlifbayla dərc olunurdu, dilində türk
xalqlarının işlətdiyi ərəb-fars sözləri
çox idi və hər kəs bunu öz ləhcəsinə
uyğun şəkildə oxuya bilirdi. İndi hər bir
türk xalqının öz zəngin dili var. Amma bu gün
dildə birlik nədən ibarət ola bilər?
Mənim zənnimcə, bu gün dildə birlik
Türkiyə türkcəsini rabitə, ünsiyyət dili
kimi hər bir türkdilli xalqın qəbul etməsiylə
mümkündür. Yəni hər bir
türkdilli xalq öz dilini qorumaqla bir-biriylə ünsiyyəti
bu dil - Türkiyə türkcəsi vasitəsilə qura bilər.
Bu, ortaq dil haqqında xülyalardan daha gerçək,
real düşüncədir. Amma
Qaspiralının işdə birlik ideyasına da sadiq
olmalıyıq. Bu gün ayrı-ayrı türk
xalqları latın əlifbasını qəbul
etdiyi halda, eyni hərfləri fərqli şəkildə
yazır. Məncə, bir əlifba komissiyası
yaradıb bunları ümumi məxrəcə gətirmək
lazımdı. Çağdaş
dünyanın tələbləri ilə dilimizə yeni terminlər
daxil olur. Eyni zamanda, bu terminlərin də
bərabər işlənməsi, istifadəsi
üçün terminlər komissiyası yaradılsa, məqsədəuyğun
olar. Bundan əlavə, Türk
dünyası ədəbiyyat tarixi, Türk dünyası
ensiklopediyası, Türk dünyası ümumi sözlükləri
də yaranmalıdı.
Bütün bunlar işdə birlik hesab oluna bilər və
nəticədə dildə də birlik yaranar". Xalq
yazıçısının Türkiyə türkcəsini
ortaq dil elan etmək və ümumi layihələrlə
bağlı təklifləri konqres
iştirakçıları tərəfindən maraqla
qarşılanıb.
Daha sonra
Başqırdıstan Yazıçılar Birliyinin sədri
Tanzilə Davletberdina, İranda yayımlanan "Varlıq"
dərgisindən Rıza Heyət, Kabardina-Balkar dərgisi
"Mingitav"ın baş redaktoru Asker Doduyev,
Qırğızıstanın "Alatav" jurnalından Omar
Sultanov, Türkiyənin "Kardeş Kalemler" dərgisindən
Osman Çeviksoy, Özbəkistanın "Cahan ədəbiyyatı"
dərgisindən Şöhrət Rızayev və
başqaları çıxış edərək ölkələrindəki
ədəbi dərgilər, görülən işlər və
ümumiyyətlə, ədəbi mühit barədə fikirlərini
konqres iştirakçıları ilə
bölüşüblər.
2013-cü
il üçün Türk Dünyasında "İlin ədəbiyyat
adamı" ödülünü qazax yazışısı
Tölen Abdikə TÜRKSOY sədri Düsen Kaseinov və Əskişəhər
valisi Güngör Əzim Tuna təqdim ediblər.
Aldığı mükafatdan qürur hissi keçirdiyini
bildirən Tölen Abdik konqres üzvlərinə təşəkkürlərini
bildirib: "Həqiqətən ədəbiyyat insanın
ruhunu, mənəviyyatını saflaşdıran böyük
bir hadisədir. İnsanı dəyişdirən,
fərqli üfüqləri onun gözü önündə
açan bu işimizə dəstək olmanıza görə
təşəkkür edirəm. Mədəniyyət,
biz ədəbiyyatçılar üçün çox
böyük bir dəyərdir. Bu dəyəri
ucada tutduğunuza görə minnətdaram sizlərə".
Sonra
İraq türkmənlərinin nümayəndəsi Ata Tərzibaşıya
ötən il Astanada təsis edilmiş
"Türk dünyasına xidmət" ödülü
verilib.
Fasilədə
Konqres iştirakçıları TÜRKS
OY fəaliyyətini
əks etdirən sərgiylə tanış
olublar. Sərgidə Azərbaycan yazıçılarından
Ənvər Məmmədxanlının, Aqil Abbasın,
İradə Tuncayın, Xalq yazıçıları
Anarın, Elçinin, Xalq şairi Nigar Rəfibəylinin
"Bengü" yayınları tərəfindən çap
edilmiş kitabları, türkiyəli ədəbiyyatşünas
Ayşə Atayın "Anar: sənəti, şəxsiyyəti,
həyatı" kitabı da nümayiş olunub.
Proqramın davamında TÜRKSOY sədri Düsen
Kaseinovun rəhbərliyi ilə "Etnikdən Milliyə,
Millidən Qlobala" paneli keçirilib. Paneldə
ötən illərdə Türk dünyasında "İlin
ədəbiyyat adamı" ödüllərinə layiq
görülmüş ədəbiyyat adamları - Əli
Akbaş, Anar, Tölen Abdik çıxış ediblər.
"Kardeş
kalemler" dərgisinin baş redaktoru Əli Akbaş türk
dünyası ədəbiyyat tarixinə nəzər salaraq
mövzu ilə bağlı fikirlərini
bölüşüb, təbiətin ədəbiyyata təsirindən
danışıb: "Füzulinin şeirində
Bağdadın yamyaşıl səmaları
görünür, Yəhya Kamalın şeirində isə Mərmərənin
mavisi var. Böyük romançımız Çingiz
Aytmatovun əsərlərində Tanrı
dağlarının, İsıkgölün və Aralın rənglərini
görə bilərsiniz. Böyük hekayəçimiz
Anar bəy də "Dədə Qoqud" ruhundan, Xəzər
dalğalarından təsirlənir, onları ifadə edir.
Zənnimcə, ən vacib məqam məhz budur.
Özümüzü ifadə edərək
dünyaya çıxmaq, milliliyimizi unutmadan dünyanı
öz əsərlərimizə gətirmək".
Xalq yazışısı Anar
çıxışında XX- XXI yüzilin dinamik, sürətli
keçdiyindən söz açıb və internet, sosial
şəbəkələr zamanında kitabı, əsl ədəbiyyatı
qorumağın vacibliyindən söz açıb. Dünyada
tanınmağın əsas yolunun tərcümə işinə
diqqətin artırılmasından keçdiyini söyləyən
yazıçı bu işlə dövlət səviyyəsində
məşğul olmağın mühümlüyünü
vurğulayıb.
Sonra Xalq yazıçısına Balkanlar Türk Mədəniyyətinə
Xidmət ödülü təqdim olunub.
Konqresi Mehmet Ömər Kazancının sədrliyi ilə
"Qloballaşma və ədəbiyyat dərgiçiliyi"
mövzusunda panel davam etdirib. Panelin ilk məruzəçisi
"Azərbaycan" jurnalının baş redaktoru
İntiqam Qasımzadə bu cür tədbirlərin türk
dünyasının ünlü şəxsiyyətlərinə
ithaf olunmasının faydasını qeyd edib: "Türk
Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin hər
dəfə türk dünyasının böyük bir
simasının xatirəsinə həsr olunması çox
gözəl bir ənənədir. Bu ənənənin
gözəlliyi ondadır ki, nəsillər arasında
körpü yaranır, bu insanların həyat təcrübələrindən
qazandıqları fikirləri günümüzə
ötürür, konqresin işinə bir konkret yön verir.
Bu mənada VI Konqresin İsmayıl bəy
Qaspiralının xatirəsinə ithaf olunması və onun
"Dildə, işdə, fikirdə birlik" şüari
konqresi türk xalqların birliyi, ədəbiyyatlarının
yaxınlaşması ideyasına yönləndirir. Qloballaşma sözündə bir birləşmə,
xalqların yaxınlaşması mənası var. Amma
dünyada gedən qloballaşmanın ayrı-ayrı
xalqların milli xüsusiyyətlərini silmək təhlükəsi
var. Biz qloballaşma şəraitində milli simamızı
itirməmək üçün bərabər
düşünüb yollar axtarmalıyıq. Bu mənada hesab edirəm ki, Dərgilər konqresi
olduqca böyük işlər görür. Bu konqres birləşməyə, türk
dünyası dərgiləri arasında əlaqələrin
qurulmasına xidmət edir, eyni zamanda internet medianın
inkişaf etdiyi bir zamanda dərgilərin işinə dəstək
olur".
Daha sonra
"Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli
qloballaşma dövründə milli ədəbiyyatı
qorumağın vacibliyindən, internet medianın ədəbiyyata
təsirindən söz açıb: "Bugünkü
çıxışları mən diqqətlə dinlədim,
təəssüf ki, bəzi yoldaşlar dərgilərin fəaliyyətindən
danışır, məhz qloballaşmanın ədəbiyyata
təsirindən söz açmırlar. Məncə,
qarşıya qoyulan əsas məqsəd internet medianın
inkişaf etdiyi şəraitdə ədəbiyyatın təbliğinin
yeni üsullarını tapmaq olmalıdır. Müzakirələr əsasən bu istiqamətdə
aparılmalıdır".
Konqresin ikinci günü Azərbaycan
Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcidin sədrliyi ilə
"Qloballaşma və ədəbiyyat dərgiçiliyi"
paneli davam edib.
Paneldə Qazaxıstandan Nurlan İsabəyov,
Türkiyənin "Kardeş kalemler" dərgisindən
Osman Çeviksoy, Kabrdina-Balkariyadan "Mingitav" dərgisinin
baş redaktoru Əsgər Doduyev, Başqırdıstandan
Munir Kunafin və başqaları çıxış ediblər.
Panelin sonunda Rəşad Məcid Dərgilər Konqresinin
üzvlərinə Azərbaycan ədəbiyyatı ilə
bağlı dəstəklərinə görə təşəkkürlərini
çatdırıb və Avrasiya
Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun fəaliyyəti
barədə danışıb: "Dərgilər konqresi,
Çeviri simpoziumlarının keçirilməsi, Mahmud
Qaşğari hekayə yarışması və Türk
dünyasında "İlin ədəbiyyat adamı"
mükafatı türk ədəbiyyatının təbliği
baxımından çox önəmlidir. Bu fəaliyyətlərinə
görə Yaqub Öməroğlu xüsusi təşəkkürə
layiqdir. Təsadüfi deyil ki, Azərbaycan
Yazıçılar Birliyi onu bu xidmətlərinə görə
Bəxtiyar Vahabzadə mükafatı ilə təltif edib.
Türk dünyasında "İlin
romanı" mükfatı barədə düşüncələr
və bu işin gələcəkdə
reallaşdırılmasının da türk dilində
danışan ölkələrin ədəbiyyatlarının
tanınması baxımından uğurlu olacağına
inanıram".
Daha sonra TÜRKSOY dərgisinin və Qazaxıstan Mədəniyyət
Nazirliyinin hazırladığı Ədəbiyyat
portalının təqdimatı keçirilib.
Sonra 2014-cü ildə Türk dünyasında İlin ədəbiyyat
adamının seçilməsi ilə bağlı müzakirələr
başlanıb. "Kardeş kalemler" dərgisinin
baş redaktoru, şair Əli Ağbaş uzun illər
Şimali Kiprdə yayımlanan "Durnalar" dərgisinə
redaktorluq etmiş yazıçı İsmayıl Bozqurdun
namizədliyini irəli sürüb. Çıxışçılar
yekdilliklə bu təklifi dəstəkləyiblər. Beləliklə, İsmayıl Bozqurd 2014-cü ildə
Türk dünyasında İlin ədəbiyyat adamı
seçilib.
Daha sonra Türk Dilində Danışan Ölkələrin
Yazarlar Birliyinin yaradılması barədə təsis protokolu
imzalanıb. Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anar Türk Dilində
Danışan Ölkələrin Yazarlar Birliyinin ilk
başkanı seçilib.
Sonda Konqresin Qətnaməsi qəbul olunub.
PƏRVİN
525-ci
qəzet.- 2014.- 19 fevral.- S.4;7.