Rənglərin qəriblik nəğməsi

 

 

 

ƏLİ BƏY HÜSEYNZADƏNİN BƏDİİ İRSİ HAQQINDA QEYDLƏR...

Taleyin amansız hökmü ilə dünyanın müxtəlif guşələrinə səpələnmiş azərbaycanlılar arasında rəssamlar da az deyil. Bir zamanlar ilğım saydıqları Vətən həsrəti uzun illər ərzində onlar üçün acı həqiqətə çevrilib. Həmin sənətkarların bir qismi hələ də bu ayrılığın mənəvi-psixoloji yükünü çəkə-çəkə arzu və ümidlərinin işıgına doğru getməkdədirlər. Bəziləri isə artıq dünyasını dəyişib, nə vaxtsa hördükləri nikbin nəğmə çələngi ümidsizlik axarına düşərək itib-batıb.

Yurd həsrətini həm də rənglərlə ifadə edən yaradıcılarımızdan biri də Əli bəy Hüseynzadə (1864-1940) olub. Görünür onun mühacirət fəaliyyətində Kreml  ideoloqlarını narazı salan məqamların yoxluğundandır ki, rəsm əsərləri hələ  sovet dönəmində  Bakıdakı İncəsənət Muzeyinin ekspozisiyasında yer ala bilmişdi.  Bununla belə demək lazımdır ki, uzun müddət respublikamızda  kommunist ideologiyasına xidmət edən sovet rejiminin mövcudluğundan xalqımız xaricdə yaşayan digər rəssam soydaşlarımızdan xəbərsiz olublar. Yalnız 1989-cu ildə Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət "Əzizim Vətən yaxşı..." adlı sərgi təşkil edildi və tamaşaçılar əvvəllər təbliği qadağan olunan soydaşlarımızın yaradıcılığı ilə tanış olmaq imkanı əldə etdilər.  Burada Əli bəy Hüseynzadənin    əsərləri nümayiş etdirildi. Bu və digər əsərlərlə yaxından tanışlıq onun milli təsviri sənətimizdə saldığı dərin izi dəyərləndirməyə imkan verir.Onun əsərləri haqqında ətraflı söz açmazdan öncə gəlin onun təzadlarla dolu ömür yoluna qısa nəzər salaq...

1864-cü ilin 24 fevralında Salyanda ruhani müəllim ailəsində  dünyaya göz açan Əli bəy Hüseynzadənin uşaqlığı əsasən Tiflisdə keçib. Buna səbəb onun şox erkən valideynlərini itirməsi və ana babası axund Əhməd Salyaninin (1812-1884)  o dövr üçün çox nüfuzlu sayılan Qafqazın şeyxülislamı vəzifəsində çalışması olub. Əvvəlcə Tiflis Müsəlman Məktəbində ibtidai, sonra isə buradakı gimnaziyada (1875-1885) tam orta təhsil alan Əli bəy əvvəlcə Sankt-Peterburqdakı Rəssamlıq Akademiyasına qəbul olunmaq fikrində olsa da, sonradan bu qərarını dəyişib və şəhərdəki universitetin fizika-riyaziyyat fakültəsinə daxil olub. Lakin o, universitet təhsili ilə (1885-1889) kifayətlənməyib və İstanbula yollanaraq oradakı universitetin əsgəri-tibb fakültəsində də oxuyub. Bir müddət  İstanbulda sonuncu ixtisasına uyğun işdə çalışan Əli bəy az sonra siyasi fəaliyyətə qoşulmaqla fəaliyyətini çox fərqli bir istiqamətə yönəldib. Hadisələrin axarında Türkiyədə və Azərbaycanda çalışan Ə.Hüseynzadə 1910-cu ildə doğma vətənini tərk edərək ömrünün sonuna kimi qonşu və qardaş ölkədə yaşayıb və çoxcəhətli fəaliyyət göstərib.  Odur ki, bu gün biz onu görkəmli yazıçı, jurnalist, rəssam, ictimai xadim, tərcüməçi və ən nəhayət, rəssam  kimi tanıyırıq...

Əli bəy Hüseynzadə təsviri sənət tariximizi zənginləşdirəcək əsərlər yaratmaqla yanaşı, incəsənət haqqında qiymətli fikirlər də qoyub gedib.  Bunların bir qismi "Füyuzat" jurnalında çap olunan "Qırmızı qaranlıqlar içərisində yaşıl işıqlar" (1906) məqaləsində öz əksini tapıb. Onun yazılarından  məlum olur ki, o, hələ Tiflisdə ana babası, Qafqaz şeyxülislamı Əhməd Salyaninin himayəsində yaşayan zaman rəssamlığa maraq göstərib. Tiflis gimnaziyasındakı rəsm dərslərində  əldə etdiyi bədii vərdişlər ona sonralar  gözəllik duyğularını ifadə etməkdə yardımçı olub desək, yanılmarıq.  Təbii ki, təsviri sənət sahəsində müəyyən hazırlığı olmasaydı, o, Peterburq Rəssamlıq Akademiyasına qəbul olunmağı arzulamazdı. Lakin son anda o, tərəddüd keçirmiş və şimal şəhərindəki universitetdə oxumağa üstünlük vermişdi. Ancaq o, "açıq səma altında muzey" kimi tanınan bu şəhərdə də içində gəzdirdiyi duyğuların daha professional tutumda gerçəkləşməsi üçün buradakı Rəssamlıq Akademiyasının axşam kurslarında iştirak etmiş və əlavə sənət vərdişlərinə yiyələnmişdi. Odur ki, Əli bəyin bir o qədər də çox olmayan bədii irsinin hər birində professionallıq duyulur...

Onun bizim günlərə gəlib çatmış bədii irsi əsasən portret və mənzərə janrında işlənmiş əsərlərdən ibarətdir.  Bu irsin bir qismi vaxtilə Parisdə yaşayan və bir neçə il əvvəl dünyasını dəyişən rəssam oğlu Məmmədsəlimin ailəsində, bir qismi isə hazırda İstanbulda yaşayan rəssam qızı Feyzavərdədir. Azərbaycanda isə onun cəmisi üç əsəri qalıb. Bunlardan biri portret janrında işlənib. Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasında nümayiş etdirilən bu əsərdə Əli bəyin babası şeyxülislam Əhməd Salyani təsvir olunub. Əsərdə kitab rəfinin qarşısında dayanmış şeyxülislamın geyim elementləri, üzünün cizgiləri, nurani baxışları rəssam tərəfindən ustalıqla işlənilib. Bu əsəri ilə Əli bəy Hüseynzadə XX əsr Azərbaycan realist dəzgah rəngkarlığının əsasını qoyub. Portret 1900-cu ildə Türkiyədə (bəzi mənbələrdə onun 1888-ci ildə çəkildiyi göstərilir) yağlı boya ilə çəkilib. Əli bəy həyatının ən çətin anlarında belə bu portretdən ayrılmayıb. Türkiyədə gənc türk inqilabçılarının yaratdıqları "İttihad və tərəqqi" təşkilatının fəal üzvü kimi təqib olunduğunu hiss edən Əli bəy İstanbulu tərk edib Hindistana gedəndə də özü ilə götürdüyü ən əziz əşyalardan biri bu portret olub...

Digər lövhə isə ilkin görkəmi ancaq yaşlı nəslin xatirəsində yaşayan məşhur Bibiheybət məscidinə həsr olunub. Əsər təxminən 1905-1907-ci illərdə işlənib. Otuzuncu illərdə insafsızcasına dağıdılmış məscidin real təsvirinin bizə gəlib çatması maarifpərvər milyonçumuz Hacı Zeynalabdin Tağıyevin uzaqgörənliyi sayəsində mümkün olub. Belə ki, o vaxtlar maddi çətinliyə düşən Əli bəy iki rəsm əsərini satmaq qərarına gəlibmiş. Onları  Orucov qardaşlarının Nikolayevski küçəsində yerləşən dükanına qoyubmuş. Deyilənə görə, Bakıdakı ingilis konsulu Mak Donnelin mənzərəni alıb Londona göndərmək istəyini eşidən Hacı pul verib "Qədim məscidimizin şəkli öz şəhərimizdə qalmalıdır" deyib. Beləliklə, əsər Azərbaycanda qalıb və hazırda bütün mənalarda tarixi sayılan bu tablo da  "Şeyxülislam Əhməd Salyaninin portreti" kimi Milli İncəsənət Muzeyindədir.

Onun üçüncü qrafik əsərində isə ağbirçək qadınla kiçik yaşlı qız uşağı təsvir olunub. Bu əsər Ə.Hüseynzadənin doğma Azərbaycanı həmişəlik tərk etdiyi 1910-cu ildə Salyanda çəkilib. O vaxt Bakıdan doğma evlərinə qohumları ilə vidalaşmağa gələn rəssam çox qısa müddətdə vaxt tapıb yaxınlarının portretini də işləyib. Yüksək professionallıqla karandaşla çəkilmiş  bu qrafik lövhədə Əhməd Salyaninin həyat yoldaşı Hüsniyyə xanımın xalası qızı, 75 yaşlı Nisə nənə və Əli bəyin qardaşı İsmayıl bəyin 11 yaşlı qızı Böyükxanım bədii görkəm alıb. Hazırda əsər görkəmli mənzərə ustası Səttar Bəhlulzadənin Əli bəy Hüseynzadə ilə qohumluq əlaqəsi (S.Bəhlulzadənin bacısı Pərzadın həyat yoldaşı salyanlı olub) olan bacısı oğlunun ailə kolleksiyasında saxlanılmaqdadır. Əlavə edək ki, rəssam Türkiyədə yaşayarkən bu portreti yağlı boya ilə də işləyib.

Əli bəy Hüseynzadənin Türkiyədə yaşayan qızında qalan əsərlərin arasında olan "Atatürkün portreti", "Şeyx Şamilin portreti", "Oğlumun portreti", "Bəyaz geyimli qadın", "Əylənən uşaqlar", "Plenerdə natürmort" və s. bədii tutumunun kamilliyinə görə diqqət çəkir. Hər iki portretdə rəssamın realist-gerçəkçi sənətin ifadə vasitələrindən istifadə etmə bacarığı duyulmaqdadır. "Plenerdə natürmort" əsəri isə onun Azərbaycan rəngkarlığında iki-mənzərə və natürmort janrını uğurla birləşdirən ilk rəssam olduğunu təsdiqləyir...

Yeri gəlmişkən deyək ki, Ə.Hüseynzadənin qızı Feyzavər (1920) və oglu Məhəmmədsəlim (1915-1994)  rəssamdır. Uzun müddət Fransada yaşayan Məhəmmədsəlim Turan sənət aləmində mövcud rəssamlıq üslublarında yaradılmış çoxsaylı rəngkarlıq və qrafika əsərlərinin, monumental divar rəsmlərinin, orijinal biçimli heykəllərin müəllifi  sənət tarixçisi kimi tanınır.

Feyzavər xanımın rəssamlıq sahəsində təhsili yarımçıq olsa da, onun müxtəlif mövzulu əsərlərində qədim bədii ənənələrdən yaradıcılıqla faydalanmasına şahidlik etmək mümkündür.  Onun əsasən qaval üzərində çəkdiyi rəsmlər Şərqdə, o cümlədən də Türkiyədə  geniş yayılmış "Şahmaran" nağıllar toplusuna həsr olunub. Onun insan-ilan obrazlı Şahmarana verdiyi bədii təfsirlər cəlbedici olduğu qədər də düşündürücüdür. 94 yaşlı Feyzavər xanım hazırda İstanbulda yaşayır. Ən böyük arzusu ata yurdunda hər üç Hüseynzadələrin birgə sərgisinin açılışını götürməkdir. Düşünürük ki, elə ölkə Prezidenti İlham Əliyev cənablarının Ə.Hüseynzadənin anadan olmasının 150 illiyinin qeyd olunması barəsində imzaladığı sərəncam da buna əsas verir...

Ziyadxan Əliyev

əməkdar

incəsənət xadimi

525-ci qəzet.- 2014.- 21 fevral.- S.7.