Paşa Qəlbinurun esselər çələngi
Hörmətli
akademikimiz Ağamusa Axundovun redaktəsi ilə 1997-ci ildə nəşr
edilmiş “Azərbaycan dilinin izahlı lüğəti”
kitabında “Esse” sözünün mənası
aşağıdakı kimi izah olunur:
“Esse
fransız sözüdür, ədəbi, fəlsəfi,
ictimai problemləri sistematik şəkildə deyil, sərbəst
şəkildə şərh edən kiçik nəşr əsəri
deməkdir” .
Tibb
elminin çox görkəmli xadimlərindən olan məşhur
göz həkimi və “Dilimə söz qonub-bal
arısıymış” kimi heyrətamiz, təravətli poetik
fikir söyləmiş, cilvəli duyğularla milli
poeziyamıza töhfələr bəxş etmiş Azərbaycan
şairi, dostumuz Paşa Qəlbinurun “İdrak ətri”
kitabını (“Şərq-Qərb” nəşriyyatı,
Bakı –2013-cü il) həvəs və həyəcanla oxudum və belə qənaətə gəldim ki,
Paşa bəy son illər çox da intişar tapmayan esse kimi
zərif bir ədəbi janrı seçməyində tam
haqlıdır .
Kitabın
ön sözündən əvvəlki səhifədə isə
üç ulduz işarəsinin altında qaynar ürək
yanğısı ilə yazılmış
aşağıdakı sözlər bizləri kövrəldir,
xəyallarımızı uzaq-uzaq aylara, illərə çəkib
aparır:
“Tanıdığım filosofların ən
böyüyü, ən istedadlısı, bütün qəhrəmanların
ən fədaisi, Müəllimim, Anam Yıldız xanıma!”
Ta bu
sözlərdən o yana nə deyə bilərik
ki, ta deyiləsi bir ətirli söz qaldımı...
Bax, elə
bu yerdə anası haqqında mətbuatda məlumat
yaymış bir nəfər ədəbiyyat adamının yazdıqlarına münasibət
bildirməsəm, vallahi-billahi mümkünsüzdür.
Həmin
bir nəfər yazır ki, mənim atam anamın ikinci əri
idi, atam öləndən sonra anam üçüncü dəfə
ərə getdi...
İyirmi
iki yaşında ərini Hitler davasına yola salıb,
dörd uşaqla bir damın
altında qalan cəngavər Zəhra anam yadıma
düşdü bu sözləri yazarkən...
Nə isə...Siz
Allah məni bağışlayın, deyəsən çox
uzaqlara gedib çıxdım...
...Xocalı
müsibəti günlərində Ağdamdaydım, yəni
1992-ci ilin 1 martında-cəhənnəmə
dönmüş bir gündə.
Ağdamın
küçələri qana bələnmişdi, həlak
olmuşlarla dolu yük maşınlarının banından
küçələrə səpilib cığıra
dönmüş insan qanı bir qırmızı ilana
dönüb üstümüzə
şığıyırdı...
Yazıq
Vətənimin ürəyində “20 Yanvar” yarası hələ
köz bağlamadan, hələ heyrətdən donumuz
açılmadan, hələ qara bir yuxudaykən...
Kitabdakı birinci essenin adı “Cahad!”dır. Paşa Qəlbinur Xocalı dəhşətinin
mənzərəsini rəssama dönüb çəkir,
insan oğlundan əli üzülmüş, nicatı
qırılmış şairimiz qollarını qılınc
kimi göylərə doğru qaldırıb uca Allaha yalvarır:
“Ey gözəgörünməz, darda qalanların
arxası, köməksizlərin pənahı, bir zərrəlik
hüceyrəyə dünyanı sığışdıran
kamil sənətkar, müqəddəs ruh, sən də mənə
kömək ol!”-deyir...
O ikicə
səhifəni oxuyub dəli olmaq, havalanıb çöllərə
düşmək olar, dərddaşım Paşa!...
Başqa
bir müəmmalı
məsələ hələ də mənə
rahatlıq vermir, qaramaskalıların Səddam Hüseynin
boğazına keçirdiyi o
yoğun kəndir kimi
başımın üstündən sallanır, az qalır məni
də boğsun bu müəmma...
Xocalı
müsibətinin statistikası (qətlə yetirilənlər, itgin
düşənlər, əsir götürülənlər,
yaralananlar və s.) artıq bütün dünyaya yayılıb.
Bəs
onda, dövlətin rəsmi informasiya agentliyi olan həmin dövrdə “Azərinform” adlanan
agentlik nəyə görə (kimə görə?) 1 mart
1992-ci ildə bütün dünyaya bəyan etdi ki, 25 fevraldan
26 fevrala keçən gecə Xocalıda 2 nəfər həlak
olub... “Mövqe döyüşləri gedir”.
(?!)
Bəs bu
vicdansızlığın (satqınlığın),
cavabını kim verəcək, bu xaincəsinə, Ermənistan
ordusunun xeyrinə
verilmiş bəyanatın müəllifi kimdir? (belə
tapşırıq hardan gəlib, kimdən gəlib?) O
vaxtkı maymaq və millətimin taleyinə biganə ölkə
başçıları bu suala niyə cavab vermirlər
?...
Əgər
mən kitabdakı hər bir essenin ayrı-ayrılıqda məzmunu,
qayəsi, məqsəd və məramı haqqına söhbət
açsam, irihəcmli bir yazı əmələ gələr.
Bununla belə, məharətlə
yazılmış esselərdə elə maraqlı məqamlar
var ki, onlardan danişmamaq mümkün deyil.
Məni
düşündürən, həyəcanlandıran
“İbrahim Topçubaşov olduğu kimi” adlı esseni bir
müddət əvvələr “525-ci qəzet” də
oxumuşdum, Paşa bəyə zəng edib fikrimi
bildirmişdim. Hər şeydən qabaq qeyd edim
ki, fitri istedada, Allah vergisinə malik şəxsiyyətlərin
həyat tərzindəki qeyri-adiliklər məni qəti təəccübləndirməz.
Mənim standart adamlardan, layihələnmiş həyat
tərzindən zəndeyi-zəhləm gedir. Eşq olsun
o kəsə ki, bizim mənəvi-ruhi-dəyərlərimizə
ləkə salmadan,”bu olar, bu olmaz” düsturunun üstündən
bir qırmızı xətt çəkərək
ömrünü bəzəyən (uzadan!) əhvalatlardan
zövq almağı bacara bilir-məşhur cərah, lirik
mahnılar yaratmış İbrahim bəy Topçubaşov kimi.
Paşa bəy professor, bəstəkar İbrahim bəyin
zəngin, olduqca maraqlı şəxsiyyətinin
çalarlarını bacarıqla aça bilib.
Hələ
orta məktəb illərində güləşlə məşğul
olan Paşanın sağ qolu zədələnəndə
atası ona deyir:
“Əşi, mən səni İbrahim Topçubaşov
kimi görmək istəyirəm. Sən də gedib
süpürrəşirsən”. Hələ Tibb
İnstitutunun tələbəsi olarkən İbrahim
Topçubaşovu yaxından görən, onunla tanış
olan, o bəxtəvər illərdə Dağüstü
parkdakı “Drujba” restoranının yay salonunda cavan və məlahətli
Flora Kərimova üçün məxsusi mahnılar qoşan
yaraşıqlı və vüqarlı İbrahim bəyin
royalda çalması səhnəsini müəllif çox
real boyalarla, həssaslıqla təsvir etməyi bacarıb:” O
gecədə Həzrəti İbrahimin sevdalı ürəyi
oxuyurdu və o ürək Floranı oxuyurdu. Flora da ki, Flora! O təkrarsız səs, gözəl
ürək, İbrahimin ilahi məhəbbətilə
qovuşmuşdu, bir atəşdə iki pərvanə
yanırdı...”
“...O gecədə
mələklər də göylərdən enib, bizim
aramızda bir mübarək yerdə əyləşmişdi...
O gecə ayrı bir gecəydi.!! “
Paşa Qəlbinur
həmin əsrarəngiz gecədən neçə illər
keçəndən sonra, yəni 2012 –ci ildə bu bənzərsiz
türk oğlunun ruhuna xitabən bir görün nələri
deməklə İbrahim bəylə yanaşı öz şəxsiyyətini
də
ucaltmağı bacarıb:
“Qarşımızda
böyük alim, virtuoz cərrah, təkrarsız natiq,
böyük ürək sahibi, qəlbinə dünyanın
bütün rəngləri, sevgisi sığan müəllim,
Aşiq, Bəstəkar,Vulkan dağı,
nur şəlaləsi professor İbrahim bəy
Topçubaşov idi..! “(Əhsən, Paşa bəy,
Allah ürəyinə görə versin, bu dünyanın
gözəlliklərini sənə!)
İbrahim
bəyin Hatəm kimi səxavətli, şəfqətli,
kövrək bir şəxsiyyət olduğundan bəhs edən
müəllif yazır:
“ Türkiyədə oxuduğu iyirmi dörd mühazirənin
qonorarını kasıblara məxsus cərrahiyyə
klinikasının hesabına köçürüb”...
Paşa Qəlbinur
İbrahim bəyin şəxsi həyatı, məhəbbət
dünyası ilə bağlı çoxlarımızın
bilmədiyi bir əhvalatı da yumoraltı incəliklə
bizlərə pıçıldayır:
“Deyirlər (!) ki, İbrahim dünyada olan kişilərdən
fərqli sevdiyi qadınların hamısını ZAQSA
aparıb, kəbin kəsdirib. Dörd dəfə
evlənib. Deyirlər ki, əsl kişi
belə olar! “
İbrahim
bəy Topçubaşovun bir mahir cərah kimi fəaliyyətinə
dair kitabda maraqlı epizodlar yetərincədir və düz
qırx beş il, üç ay, iyirmi
doqquz gün (?!) yaşamış bu parlaq şəxsiyyətin
dəfn günündən bəhs edən sətirləri
oxumaq özü bir müsibətdi, ağrıdı:
“Böyük-çox böyük izdiham. Qara örtüklü tabutun
dalıyca müxtəlif məsafələrdə qara geyimli,
qara örpəkli dörd qadın gedir... Ən kiçiyinin
iyirmi doqquz, ən böyüyünün qırx beş yaşı var, ən kiçiyi Flora
xanım onlardan bir az arxada addımlayırdı...”
Belə-belə
işlər... Deyəsən bu tapmaca dünyanın
sehirli-sirli qapılarını çırpıb cənnətə
üz tutmuş bu böyük Azərbaycan oğlu haqqında
Paşa bəyin yazdıqları mənim özümü də
sehirləyib ki, mən də nəsə yazmağa can
atdım...
İctimaiyyətimiz tərəfindən həmişə maraqla
qarşılanmış (xususi ilə televiziya verilişlərində)
görkəmli alim, psixiatr Ağabəy Sultanovu hamımız
məhəbbətlə xatırlayırıq.
Ağabəy doktor həqiqi mənada aristokrat idi.
Əzizimiz Paşa bəy bu unikal şəxsiyyət
haqqında yazdığı
(özü də necə!) “İdrak ətri” adlı
essedə çox mənalı və az rast gəldiyimiz fikirlərə
üstünlük verib. Müəllif “aristokrat”
sözünün mənasına yeni çalarlar əlavə
edərək məşhur tibb professorunun dəruni dünyasını məharətlə işıqlandırır: “
Aristokrat – comərdliyin, ləyaqətin, elmin,
azadlığın, istedadın vasitəsiz Allah-insan məhəbbətinin,
nitqin, poeziya işığının, musiqinin hər adama
görünməyən rənginin, eşqinin, Vətən məhəbbətinin,
zövqün, min illərdən gələn bir böyük nəslin
şəhdi-şirəsindən ilahinin yer əliylə
süslənmiş, dəmlənmiş (!), möhürlənmiş
nadir insan tipidir. ”-yazır professor Paşa Qəlbinur
və mənə elə gəlir ki, heç bir ensiklopediyada
belə obrazlı ifadələrə, izahata rast gəlmək
mümkün deyil.
Beləliklə, Paşa bəy
qüdrətli alim və nadir şəxsiyyətlərdən
olan Ağabəy Sultanov haqqında kədərli bir xatirə
ovqatı yaratmağı bacara bilib.
Elm və
sənət adamlarına, ələxüsus istəkli sairimiz
cənnətlik Nüsrət Kəsəmənliyə və
milli ədəbiyyatımızın sanballı və
duyğulu nümayəndəsi, ünsiyyəti və sadəliyilə
çoxlarından, seçilən professor Nizaməddin Şəmsizadəyə
həsr edilmiş esselər təbii, kövrək, zərif
könül çırpıntıları ilə yaddaqalandır:
“Sən
Etesdəki dünyanın yeddi möcüzəsindən biri-qədim
Artemida məbədini Herostat yandıranda onu xilas etməyin
mümkünsüzlüyünü görüb
özünü yanan gözəlliyə atdın, yanıb
kül oldun... (“Mənim tanıdığım Nizaməddin”
essesindən)
“...Nüsrətin
gözünün içinə baxdım...O
işığın içində saysız-hesabsız
şirinlə –acının, zəhərlə-məlhəmin,
təəssüflə-heyrətin, sevinclə-kədərin,
borcla-ağrının qarşılıq çalarını
gördüm..!” (“Şair”essesindən)
Kitabdakı “Səddam” essesi məni dəhşətə
gətirdi, heyrətləndirdi, desəm inanın. Paşa bəy xalq
arasında “Tikrit yetimi” kimi tanınmış Səddam
Hüseynin obrazını belə təsvir edir: “O, pislərin
pisi, namərdlərin namərdidir. O, heç kimlə
müqayisəyə gəlməyən əti, qanı,
sümüyü, geni başqa fərqli toxumalardan
yapılmış əcaibdir”.
Bağdadda
olarkən, təsadüfən Səddamın dostu ( Səddamdan da alçaq və yaramaz!) məşhur
demaqoq Jirinovskiylə rastlaşan müəllif onunla Səddam
arasında olan oxşarlıqdan söhbət salır. Yeri gəlmişkən,
mənim gənclik dostum, ədəbiyyat fədaisi, şair,
elmlər doktoru, professor Arif Abdullazadə (yeri cənnətlik
olsun!) hələ ötən əsrin 70-ci illərində
Türkiyənin Seyidi-şəhr bölgəsində tikilməkdə
olan metallurgiya kombinatında tərcüməçilər
qrupunun rəhbəri işləmiş, həmən bu
türkün düşməni, şərəfsiz Jirinovski də
onun rəhbərlik etdiyi qrupun üzvü olmuşdu.
Hələ
o illərdə Türkiyədən geri dönəndən
sonra rəhmətlik Arif danışardı ki, tərcüməçilər
dəstəsində Jirinovski familiyalı bir şovinist,
nadürüst adam vardı və mən
onu Türkiyədən qovdurdum.
Nə isə,
Paşa bəy Səddam haqqında yazısını qəzəblə,
ağrı və nifrətlə bitirir:
“...Neçə
illərdi Səddamın və səddamların
açdığı, ya əmrini verdikləri
saysız-hesabsız güllərlərdən biri
dönüb-dönüb ruhumda şaqqıldayır... Bu, Səddamı
ataəvəzi böyüdən dayısı oğlunun (Səddamın
süd qardaşının!) üzbəüz ağzına
açılan güllənin səsidir...”
İndi də
üzümü ”İdrak ətri” kitabını yaratmış dostum,
əzizim, şairim, göz professorum Paşa Qəlbinura tutub
deyirəm:
Qiymətli
Dost! Nə yaxşı ki, sən belə bir esse
çələngi hörə bilmisən.
Akademik Zərifə xanım Əliyeva, məşhur
alimlər-Zəhra xanım Quliyeva, Ümnisə xanım Musabəyli
haqqında böyük məhəbbətlə
yazdığım esselər necə də təsirlidir,
maraqlıdır, Günəş işığı kimi
aydındır.
Bir daha
var ol!
Həyatda elə hadisələr, əhvalatlar olur ki, həmin
faktlara müraciət edib nəsə yazıb-pozmaq istəsən,
hökmən fikrin ifadə forması haqqında da
düşünməlisən, hər fikri şeirlə, poema
ilə ifadə etmək olmur, bu heç vacib də deyil. Uğurlu forma tapmısan və
sənin esselərin yuxarıda qeyd etdiyim kimi, az
qala yaddan çıxmış bu zərif ədəbi
janrın intişar tapması yolunda dəyərli bir
addımdı, məncə.
Sənin
esselərinin mayasında şeirin də, nəsrin də,
dramaturgiyanın da havası var. Bu, belədir . ”İdrak ətri”ni
hələ oxumağa imkanı olmayan dostlara da məsləhət
görərdim ki, telekanallardan “əl çəkib”, hövsələ
toplayıb bu nəcib(!) kitabı vərəqləsinlər,
biliklərini bir az da artırsınlar,
dünyagörüşlərini genişləndirsinlər, zənginləşsinlər,
duyğulansınlar...
Ramiz Məmmədzadə
12 fevral 2014.
Şüvəlan.
525-ci qəzet.- 2014.- 22 fevral.- S.28.