“Çağdaş Azərbaycan romanı: problemlər, mülahizələr”- Üçüncü hissə

 

Layihənin ideya müəllifi və aparıcısı: Əsəd Cahangir

 

 

 

Müzakirənin ikinci hissəsini BURDAN oxuya bilərsiniz

Əsəd Cahangir: Mübariz Cəfərlinin əsərlərində, məncə, əvvəlindən elə bir ciddi dil problemi olmayıb. Onun problemi bir az başqa xarakterlidir – bir müəllif kimi bəzən özünü o qədər gizlədir ki, oxucu onu yaxşı başa düşmür, yəni müəlliflə oxucunun ortaq dil tapa bilmədiyi məqamlar olur. Düzdür onun son illər qələmə aldığı “Bərpaçı”, “Bənna”, “Bağban” romanlarından ibarət trilogiyasında müəllif ideyası və təfəkkürünün önəmli dərəcədə durulduğu da, istər təsvir, istərsə də dialoqların maksimum cilalandığı da qabarıq hiss olunur. Bu romanlarla Məmməd Səid Ordubadi və İsa Muğannadan sonra Azərbaycan nasiri üçüncü dəfə Nizami ilə dialoqa girir, amma bu dəfə tamamilə fərqli rakursda. Bütün bu təqdirəlayiq cəhətlərilə yanaşı, Mübariz oxucu ilə intellektual oyun oynamaq, rebus qurmaq, fəlsəfəçilikdən son romanlarında da axıracan əl çəkmir. Orxan Pamukun da romanlarında simvolik dil elementlərindən geninə-boluna istifadə olunur: məkandan, qəhrəmanların adından tutmuş onların geyiminə, hətta gözlərinin rənginə qədər. Amma mən onun əksər işarələrini deşifrə edə bilirəm və bu, nəhayətsiz mənəvi həzz mənbəyinə çevrilir. Odur ki, bu sözlərlə nasirin simvolik kodlar, rəmzi işarələr sistemi ilə danışmasının əleyhinə çıxmıram. Söhbət bu işarə-kodları açmaq üçün oxucuya nə qədər imkan yaratmaq, məsələni quş dili həddinə aparıb çıxarmamaqdan gedir. Ədəbi-bədii dil mövzusundan kənara çıxsam da, bir məsələni də qeyd etmək istəyirəm: məncə, Mübariz “Rəqqas” povestində istifadə etdiyi və ona şəksiz uğur gətirən realist-psixoloji nəsr üslubunu dərinləşdirmək yoluyla getsəydi, bəlkə də, daha çox uğur qazana bilərdi.

Elçin Hüseynbəylinin dilinə gəlincə, son romanlarında sürətli oxuya nail olmaq üçün sintaktik cilaya ifrat aludəçiliyi duyulur. Mən, əlbəttə ki,  Kamal Abdullanın romanlarında olduğu kimi bədii sintaksisi eksperimental səviyyədə qəlizləşdirmək, bununla oxu prosesini bilərəkdən ləngitməyin də tərəfdarı deyiləm. Amma sintaksisin aşırı səlisliyini də ən optimal yol saymıram. Çünki ifrat axıcı sintaksis belletrist nəsr assosiasiyası doğura bilər. Salam Qədirzadə, Ələviyyə Babayeva, Cəmil Əlibəyov, Cəlal Bərgüşad, Əlfi Qasımov, Xalidə Hasilova, Əzizə Əhmədova, Əfqan da axıcı sintaksislə yazırdılar, amma uzaqbaşı “Sevdasız aylar”, “Adamlar və talelər”, “Mənim analı dünyam”, “Sıyrılmış qılınc”, “Adilənin taleyi”, Çətin yollar boyunca“, “Mavi gözlərin işığı”, “Ülkər Aytəkin”ə imza atırdılar. Gənc nasir Cavid Zeynallının bu günlərdə kitab şəklində işıq üzü görən “Leyla” romanının da dilinin səlisliyinə söz ola bilməz. Amma nə olsun, nə səlis dil, nə də yeniyetmə təfəkkürünə hesablanmış macəra süjeti romanın məzmun dayazlığını ört-basdır edə bilmir.  

İntiqam Qasımzadə: Burda bir məsələni incələməyə ehtiyac görürəm. Çexovun hekayələri, İlyas Əfəndiyevin roman və povestləri, yaxud Ənvər Məmədxanlının hekayələrini də birnəfəsə oxuyursan. Amma kim deyə bilər ki, onlar belletristdir? Yaxud Dostoyevski, Folkner, Sabir Əhmədlinin sintaksisi xüsusi səliqəsi ilə seçilmir. Halbuki onlar dünya və milli nəsrin aparıcı simalarıdır. Yəni demək istəyirəm ki, dilin axıcılığı həmişə onun bellterizminə dəlalət etmədiyi kimi, qəlizliyini də onun birmənalı nöqsanı kimi qələmə vermək olmaz.

Əsəd Cahangir: Amma mənim dediyim, sintaksisin sadəlik, yaxud mürəkkəbliyi yox, bir-birinə zidd bu xüsusiyyətlərin təbiiliyi, yoxsa süni surətdə yaradılmasıdır. Hələ antik yunanlar bilirdilər ki, gözəlliyin etalonu həddi gözləməkdir. Sadəliyin də, mürəkkəbliyin də öz həddi var. Yazı prosesində mətnə çox şeylər gələ bilər,  amma yazıçının bir işi də nəyi pozmağı bacarmaqdır. Kamal Abdullanın romanlarının dil özəlliyi, şübhəsiz ki, bədii nəsrə filologiyadan gəlməsi ilə bağlıdır. Maraqlıdır ki, onun “Gizli Dədə-Qorqud” monoqrafiyasını bəzən roman, “Unutmağa kimsə yox” romanını bəzən monoqrafiya kimi oxuyursan.

Vaqif Yusifli: Dil ədəbiyyatın özü deyil, uzaqbaşı sözüdür və həm də, məncə, dil məsələlərindən yetərincə danışdıq. Bəlkə başqa məsələlərə, məsələn, son iyirmi ildə bədii nəsrdə meydana çıxan mövzu-problematika və metodologiya yeniləşmələri mövzusuna keçək?

Əsəd Cahangir: Vaqif müəllim, roman tarixi və nəzəriyyəsi ilə söhbətimizə sizin çıxışınızla başladıq. Gəlin, ənənəni pozmayaq, təklif etdiyiniz mövzulara da sizdən başlayaq.

Vaqif Yusbfli: Ötən əsrin 20-50-ci illərində yaranan romanlarımızda əsas qəhrəman ya istehsalatçı, ya da inqilabçı idi. Altmışıncı illərdə sosial-siyasi tematikadan mənəvi-əxlaqi axtarışlar mövzusuna keçid baş verdi. Böyük inqilabçılar və əmək qəhrəmanlarını ədəbiyyatda adi adamlar əvəz elədi. Məsələn, Anar teatrın asılqanında işləyən sadə bir qadını, Sabir Əhmədli əsgərlikdən qayıtmış adi bir gənci, İsi Məlikzadə  kövrək duyğularla yaşayan, həyatda hələ özünə istinad nöqtəsi tapmayan kənd cavanlarını, Elçin isə başı aerodram kepqalı, şumaqədər yonan Abşeron gəncini öz əsərlərinə qəhrəman seçdi. Bu, ədəbiyyatın kütlədən fərdin daxili dünyasına enməsinin göstəricisi idi. Məzmun-ideya dəyişkənliyinə uyğun olaraq metodoloji yeniləşmə prosesi də getdi – sosrealizmi psixoloji-realist, yaxud modernist yaradıcılıq üslubları əvəz etdi.

İnsana dönüş həm də milli təfəkkürə dönüşə paralel gedirdi. Bu, 60-cı illərdən sonra yaranan tarixi romançılığın əsasında durdu. İsmayıl Şıxlının “Dəli Kür”, Əzizə Cəfərzadənin “Aləmdə səsim var mənim”, İsa Hüseynovun “Məhşər”, İlyas Əfəndiyevin “Geriyə baxma, qoca”, Fərman Kərimzadənin “Qarlı aşırım”, Elçinin “Mahmud və Məryəm”, Çingiz Hüseynovun “Fətəli fəthi” kimi tarixi romanları bu dalğada yarandı.  Ümumən götürəndə, 60-cı illərdən sonrakı romançılıqda iki əsas meyl var idi – insaniləşmə və milliləşmə. 90-cı illərdə nəsrə gələn gənclərdə isə insaniləşməni həm də bir antihumanizm, milliləşməni həm də qlobalizm müşayiət etməyə başladı. Və məhz bu əsasda, Əsəd, sənin haqqında silsilə yazılarla çıxış etdiyin postmodernizm meydana çıxdı.

Əsəd Cahangir: Etiraf edim ki, o yazılara görə özəl qürur duymuram, amma peşiman da deyiləm. Elə o vaxt da deyirdim ki, bu bir mərhələdir və biz bunu keçməliyik. Çünki Azərbaycan da bütün dünya ilə birlikdə Günəşin ətrafına fırlanır və əgər planetar düşüncə orbitinə düşməsən, sonra feodalizmdən sosializmə sıçramaq zorunda qalırsan. Amma gənclərin postmodernizmindəki xaotikliyin obyektiv səbəbləri də var. Birincisi,  postmodernizm öz daxili təbiətinə görə qaydasız döyüşü xatırladır. Bu, məsələnin bütün dünya üçün ümumi olan fəlsəfi-estetik səbəbidir. İkincisi, Rusiyada olduğu kimi bizdə də postmodernizmə bir sinizm xasdır. Çünki onillər boyu əsarətdə saxlanan insana verilən qəfil sərbəstlik azadlığın anarxiya kimi dərkinə gətirir. Bu, məsələnin tarixi-siyasi səbəbidir. Üçüncüsü, çağdaş Azərbaycan yazarı özünün intellekti ilə əksərən seçilmir. Bu, onun postmodernizmi parodiya kimi qavramasına səbəb olur, yəni o anlayışın zahirini görür. Bu da məsələnin milli-intellektual səbəbidir. Və əgər söhbət bu sonuncu amildən gedirsə, sizinlə razıyam. Yəni Azərbaycan yazıçısının, xüsusən də gənclərin əksərən intellektual təfəkkürü yoxdur. Roman, xüsusən də çağdaş roman isə sadəcə stixiya yox, həm də dərin və geniş təfəkkür tələb edir, sadəcə, savad yox, bu savadı emal edən, xammaldan məhsula çevirən təfəkkür.

Pərvin: Əgər Azərbaycan yazarı, xüsusən də gənclərin intellekt problemi varsa, niyə bəs sözlərini Eko ilə başlayıb Fuko ilə qurtarırlar?

Əsəd Cahangir: Bizim gənclərin əksərinin intellektual səviyyəsi vikipediya həddindədir. Ekonun, Fukonun adını da vikipediya həddində çəkirlər. Mən intellekt deyəndə məlumatfüruş savad, erudit informasiya yox, elə intellektin özünü nəzərdə tuturam. Romanın postmodern tipi destruktiv idrak, inkar üstündə qurulur. Amma nəyisə inkar etmək üçün əvvəlcə onu nəinki yaxşı-yaxşı öyrənməli, hətta Misimanın “Qızıl məbəd” romanının qəhrəmanı kimi, nə vaxtsa ona valeh olmalısan. Xatırladım ki, Misimanın qəhrəmanı bir vaxtlar dəlicəsinə sevdiyi məbədi sonda yandırır. Postmodern düşüncə də tanıdığın və sevdiyin bir şeyin inkarıdır. Məsələn, postmodernizmin patriarxı Eko ömrü boyu tədqiq etdiyi qədim monastır əlyazmalarına “Qızılgülün adı”nın finalında yandırılmaq hökmü verir. Kamal Abdulla “Dədə Qorqud” dastanı üzərində otuz illik tədqiqatlardan sonra “Yarımçıq əlyazma” romanını yazdı və müqəddəslik haləsini Dədə Qorqudun başından çıxardı.  İlqar Fəhminin “Çənlibel tülküsü” silsilə romanlarında Koroğlunun dəlilik fəlsəfəsi, romantik igidlik və mərdlik idealları, bir sözlə çənlibelizm ironiya hədəfinə çevrilir. Amma bütün bu ironiyanın alt qatında müəllifin orta əsrlər tarixi, divan ədəbiyyatı, sufi düşüncəsi, ümumən şərq zehniyyətinə razılıq doğuran bələdliyi də qabarıq hiss olunur. Tənqid hədəfinə məhz bu bələdlik və sevgi sözügedən müəlliflərin ironiyasına ikibaşlılıq səciyyəsi verir, onları bayağı və naşı inkardan xilas edir. Yəni onlar nə dediklərini bilirlər, amma nə deyirlər, bu artıq başqa söhbətin mövzusudur.

Vaqif Yusifli: Naşılıqdan söz düşmüşkən, bəzi gənclərin roman poetexnologiyasına nabələdliyi heyrət doğurur. Müstəqillik qazandıq, amma ilk illərdə hərc-mərclik, harmoniyanın pozulması halları oldu. Bu təzə bir şey deyildi, inqilab illərində də, 60-cı illərdə də belə olmuşdu. Tarixi təbəddülatların ədəbiyyata böyük təsiri danılmazdır. Amma Pərvin xanımın bir az öncə xüsusi vurğuladığı tarixi şərait çağdaş roman probleminin ancaq ən ümumi səbəbidir, yeganə səbəbi deyil. Çünki istedad həmişə zamandan üstündür.

2000-ci ildən bu günə qədər Azərbaycanda təxminən yüz əlli roman yazılıb. Bu illər ərzində iki-üç roman tipi ilə qarşılaşırıq. Məsələn, Sabir Əhmədlinin “Axirət sevdası”, “Kef”, “Ömür urası”, “Yaşasın azadlıq” romanları eyni ilə 70-80-ci illərdə yazdığı romanların davamıdır. Yeni romançılar da meydana çıxdı: Mübariz Cəfərli artıq üç sanballı romanın müəllifidir, eləcə də, Aslan Quliyev, Kamal Abdulla, Hüseynbala Mirələmov, Elçin Hüseynbəyli, Kamil Əfsəroğlu, Əlabbas, Eyvaz Zeynalov, İlqar Fəhmi, Yunus Oğuz... Əvvəllər klassik bir qanun vardı: yazıçı əvvəlcə hekayə yazırdı, sonra povest, sonra roman. Roman sahəsindəki uğursuzluğun ən ümumi səbəblərindən biri də bu qanunun aradan qalxmasıdır.

İntiqam Qasımzadə: Bu, sadəcə, yuxarıdan verilən bir qanun yox, həm də yaradıcılığın daxili təbiətindən doğan bir qanunauyğunluqdur. Çünki hekayə, yaxud povest roman tarlasının ilkin toxumlarıdır.

Vaqif Yusifli: Bu günkü cavanların iri həcmli nəsr vərdişlərinə yiyələnmədən romana keçmək cəhdləri bir meylə çevrilib. Yəni dediyiniz o toxumları səpmədən məhsul götürmək istəyirlər. Əli Əkbərin “Amneziya”,  Seymur Baycanın “Ana ürəyi”, Sevinc Pərvanənin “Şəhər”, Qaraqaplanın “Xilasroman”, Nərminin “Aç, mənəm”, Pərvizin “Yad dildə”, Cəlil Cavanşirin “İtirilmiş əlyazma”, Qan Turalının “Mustafa”, Aqşinin “Göləqarğısancan”ı və sair. Adı keçən mətnlər romandan daha çox, romana parodiyanı xatırladır. Bu müəlliflərin uğursuzluğunun bir səbəbi də odur ki, əksəriyyəti şairdir və şeirdən birbaşa romana keçmək istəyirlər.

Əsəd Cahangir: Yadınızdadırsa, sovet vaxtı bu qəbil təzahürləri maklatura adlandırırdılar. Amma o vaxtkı maklaturanın özüylə müqayisədə belə bu müəlliflərin yazıları çox naşı görünür. Həvəskarlıq bu günkü roman cəhdlərinin ən ciddi problemidir. İsa Muğanna vaxtilə Əkrəm Əylislinin povestlərini bəyənmir, povestuşka adlandırırdı. Bəs, görəsən, indikilərin yazılarını oxusa, nə deyərdi? Özü də qəribəsi o deyil ki, kimlərsə bu səviyyədə yazıları roman adıyla dərc etdirir, odur ki, bəziləri bunları ədəbiyyat adına qəbul edir. Və kimlərsə hətta bunların yayılmasında maraqlıdır – çünki belə şeylərin fonunda özlərinin ortababat əsərləri şedevr kimi görünür. Amma şeirdən nəsrə keçmək məsələsində mən sizdən fərqli düşünürəm. Dünya ədəbiyyatında şeirdən nəsrə və yaxud əksinə, nəsrdən şeirə uğurla keçən, yaxud bunları paralel aparan onlarla imza var: Höte, Valter Skott, Hüqo, Rembo, Puşkin, Lermontov, Oskar Uayld, Bernard Şou, Pasternak. Bu gün ingilis nəsrinin ən ünlü imzası sayılan, ingilis nəsrini əyalət çərçivələrindən dünya meridianlarına çıxaran Piter Akroyd yaradıcılığa ədəbi tənqidə başlayıb. Tutaq ki, mən ədəbi fəaliyyətə tənqidçi kimi başlamışam, bu bəyəm o deməkdir ki, şeir, poema, yaxud roman yaza bilmərəm?

Vaqif Yusifli: Belə imzalar milli ədəbiyyatda da olub. Nizaminin dastanlarının özü mahiyyətcə nəzmlə yazılan romandır. Mirzə Fətəli Axundov, Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Cəfər Cabbarlı həm şeir, həm də nəsr yaradıcılığı ilə məşğul olublar. Müasirlərimiz Seyran Səxavət, Vaqif Nəsib istedadlı şair olduqları qədər də, maraqlı nəsr yazarlarıdır. Məşhur şair Əli Kərimin “Pillələr”i Azərbaycan nəsrində psixolji üslubda yazılmış ilk romanlardan biri kimi vaxtilə maraqla qarşılanmışdı. Amma ümumi prinsip bir şey, onun konkret tətbiqi isə başqa şeydir. Yəni mən ümumən dünya ədəbiyyatı, yaxud milli ədəbiyyat tarixi yox, konkret olaraq şeirdən nəsrə keçən çağdaş gənc yazarlardan danışıram. Bundan əlavə, bu romanlarda həyat başdan-başa qaranlıq içində verilir, çox eybəcər motivlərə söykənilir. Pessimist ovqat, nifrət emosiyası, antimilli ruh, idealsızlıq onların əsas fərqləndirici məzmun xüsusiyyətidir. Bu isə onu göstərir ki, o romanlar nəinki forma baxımından primitiv, həm də məzmun baxımından zərərlidir, yəni ən yaxşı halda uğursuz klaviatura məşqidir.

Əsəd Cahangir: Cavan-qoca qarşıdurması yaratmaq istəmirəm, çünki istedadın cavanı-qocası olmur, amma bəzi yaşlıların romanları eyni xüsusiyyətləri daha qabarıq əks etdirir. Maraqlıdır ki, yaşlı yazarların böyük bir qismi sovet dövründən müstəqillik dönəminə, iyirminci əsrdən iyirmi birinci əsrə keçə bilmədilər. Onların bəzilərinin hər yeni roman cəhdi isə ədəbiyyatdan növbəti uzaqlaşmalarının göstəricisi oldu. Məsələn, məncə, Əkrəm Əylisli “Ətirşah Masan”la özünün bir yazıçı, “Daş yuxular”la isə həm də bir vətəndaş və Allah bəndəsi kimi iflasını ortaya qoydu.

İntiqam Qasımzadə:  Bu gün yaranan uğurlu nəsr nümunələri bir yana, hətta Əkrəmin özünün bir vaxtlar yazdıqlarının fonunda belə “Daş yuxular  heç nədir.

Pərvin: Mən “Daş yuxuları” düşüncə azadlığının imitasiyası sayıram. Baxın, mən hamıdan fərqli düşünürəm, başqayam, seçilirəm, hamı pislədiyini bəyənir, dəyər hesab olunanı söyürəm.

Elçin Hüseynbəyli: Pərvin xanım, əgər sadəcə belə olsaydı, dərd yarı olardı.  Bu romanın yaranmasının əsas səbəbi onun müəllifinin merkantil maraqları, əsassız ambisiyaları, karyerist iddialarının həyata keçməməsindən doğan qəzəbdir. “Daş yuxular”ın tarixi təhrif etməsi bir yana, o, heç bir bədii-estetik parametrinə görə də ədəbiyyat sayıla bilməz. Çünki burda heç nə motivləşməyib, çox birtərəfli yazılıb. İctimai qınaq onu öz yerində layiqincə oturtdu və məncə, bizim “Daş yuxuları” hətta tənqid etməyimiz belə onun müəllifi üçün layiq olduğundan artıq şərəfdir.

Əsəd Cahangir: Elçin, “Daş yuxular  mənim də sevmədiyim mövzudur, bununla yanaşı, münasibətimizdən asılı olmayaraq, müzakirəmiz müstəqillik dövrü Azərbaycan romanının güzgüsünə çevrilməli, yaxşı da, yaman da bu güzgüyə düşməlidir. Amma səninlə razıyam ki, neqativlərin tənqidinə həsr etdiyimiz enerjini pozitivlərin təbliğinə yönəltsək, daha faydalı olardı.

Vaqif Yusifli: Sözünə qüvvət, götürək Kamil Əfsəroğlunun son illər nəsrimizin uğurlu nümunələrindən biri olan, Qarabağ mövzusunu real, canlı həyat faktları əsasında əks etdirən “İt qanı” romanını. “Daş yuxular” kimi bu roman da rus dilində, Rusiyada dərc olunub. Amma Əkrəmdən fərqli olaraq müəllif Qarabağ probleminə ermənipərəst rakursdan yox, milli-tarixi həqiqət və ümumbəşəri humanizm mövqeyindən yanaşır. Müharibə ümumən insanı insanlıqdan çıxarır. “İt qanı”ndan doğan son qənaət budur. Bəs, niyə biz ancaq pisdən danışıb yaxşı haqqında susuruq? Eləcə də, Hüseynbala  Mirələmovun “Dağlarda atılan güllə”, “Xəcalət”, Aqil  Abbasın “Dolu”, “Allahı qatil edənlər” romanları, Elçin Hüseynbəylinin “Əsirlər” povesti. Amma bunu da demək lazımdır ki, Qarabağ mövzusuna həsr olunan bəzi romanlarda ümummilli dərd, ağrı plakatçılığa çevirib. Və hələ də spesifik müharibə psixologiyasını, çağdaş Azərbaycan gerçəkliyini əks etdirən monumental əsər ortada yoxdu.

Əsəd Cahangir:  Sizcə, bunun səbəbi nədir?

Elçin Hüseynbəyli: Məncə, səbəblər çoxdur: döyüşçü psixologiyasını vermək bir az çətindi. İkincisi, biz məğlub durumdayıq. Buna görə nə yazaq? Qarabağı alanda yaxşı əsər də yazılacaq. Hələlik isə, optimal variant kimi vətənsizlik, qaçqınlıq, müharibənin insanın həyatına vurduğu zərbələri yazmaq qalır.

Vaqif Yusifli: Elçinlə razılaşmaq olar. Dünya tarixi və ədəbiyyatı praktikası da bunu təsdiq edir. Antik bir misal çəkəcəm, məsələn, qədim yunan dramaturgiyası yunanların farslar üzərində qələbəsindən doğmuşdu. “Hərb və sülh” rus ədəbiyyatının ən monumental əsəridir və o, rusların fransızlar üzərindəki qələbəsindən doğmuşdu.

Əsəd Cahangir: Amma qələbədən doğulan əsərlərlə yanaşı, qələbəni doğan əsərlər də var. Nərimanov vaxtilə deyirdi ki, Sabir öz şeirləri ilə İran inqilabına bir ordudan artıq xidmət edib. Yaxud, Remark, Feyxtvanger, Tomas Mann, Zegers, Sartr, Kamyü, Heminquey və digər çoxsaylı antifaşist yazıçıların əsərləri. Faşistlər tərəfindən nə qədər yazıçı öldürüldü, sağ qalanlar amansız təqiblərdən bütün dünyaya səpələndilər, amma öz qələmləri ilə dişindən dırnağına qədər silahlanmış faşizmlə axıracan vuruşdular və qalib gəldilər. Bəyəm, yazıçı durub gözləməlidir ki, qalib gələk, sonra yazaram. Üstəlik də bizim yazarları nə o təqiblər, nə də ölüm təhlükəsi gözləyir. Sadəcə, ruh ölübdür. Bilirəm, ağır ittihamdır, amma bunu da deyəcəm – yazıçı vətəni özününkü saymır. Ədəbiyyatda bir laqeydlik sindromu var. Tanınmış bir şair yazır ki, mən Qarabağı artıq unutmuşam. Qarabağ boyda dərdi olan gənc bir yazar isə gündəmə gəlmək üçün bayağı bir müğənninin əlindən öpməyə hazırlaşır.

Seyran Səxavət:  Məncə, yazıçının öz işi var, o nə qələbə, nə də məğlubiyyətə baxır. Məsələn, məğlub fransızların yazıçısı Hüqo Vaterloo döyüşünü bütün möhtəşəmliyi ilə əks etdirən “Səfilləri” yazmışdı. Yaxud, “Hacı Murad”ın müəllifi kimi Tolstoy qalib xalqın təmsilçisi idi, amma bu qələbəni təqdir etmirdi.

Pərvin: Hüqo “Səfillər”i  Vaterloo döyüşündən yarım əsr sonra yazmışdı. Çünki nəsr şeirdən fərqli olaraq hadisələrin təfərrüatlı dərkini, bu isə böyük zaman tələb edir. Məsələn, İkinci Dünya müharibəsindən bəhs edən ən yaxşı romanları o dövrün aparıcı yazarları olan Əbülhəsən, Hüseyn Abbaszadə, Süleyman Vəliyev  yox, o dövrdə öz uşaqlıqlarını yaşayan İsa Hüseynov, Sabir Əhmədli, Elçin və digərləri yazdılar. Qarabağ mövzusunu yazacaq yazıçı, bəlkə də indi orta məktəbdə oxuyur.

İntiqam Qasımzadə: Mən Pərvinin bu fikriylə razıyam ki, hisslə bağlı, ani qığılcım kimi yaranan şeirdən fərqli olaraq nəsr hadisələri tam əhatə etmək üçün daha böyük vaxt tələb edir. Hadisələr uzaqdan daha yaxşı dərk olunur.  Amma 1988-ci ildən götürsək, Qarabağ hadisələrinin üstündən artıq bütöv bir qərinə keçib. O illərin uşaqlarının artıq otuzdan çox yaşı var. Bəs onda müharibə mövzulu romanlar hanı? Bir neçə il öncə akademik Ramiz Mehdiyev yazanda ki, son zamanlar rezonans doğuran roman yaranmayıb, bu sözdən inciyənlərdən biri də mən olmuşdum. Müstəqillik dövrü ədəbiyyatına panoram şəklində baxanda isə görürsən ki, bu fikirdə həqiqət var. Doğrudan da, 90-cı ildən bu günə qədər Azərbaycanda möhtəşəm bir roman yaranmayıb. Söhbət, əlbəttə, ilk öncə Qarabağ mövzusundan bəhs edən romanlardan gedir.

Əsəd Cahangir: Seyran müəllim həm bir qarabağlı, həm də bir romançı kimi bu iradlara nə deyərdiniz?

Seyran Səxavət: Mən bütün ərkim keçən dostlarıma Qarabağ haqqında əsər yazmağı qadağan edərdim. Şəxsən, mən elə bir əsər yazaram ki, qəhrəmanım Hollivud filmlərindəki kimi əldə silah İrəvana qədər qıra-qıra gedər. Amma bu, xalqın başının altına yastıq qoymaq kimi bir şey olardı. Digər tərəfdən isə, Qarabağ haqqında roman yazsan, gərək açasan sandığı, tökəsən pambığı. Nəhayət, Qarabağ haqqında ən yaxşı əsəri, məncə,  müdafiə nazirimiz yazmalıdır!

Əsəd Cahangir: Amma qılınc  qələmlə birləşəndə güclü olur. Azərbaycanın ilk romançısı Nizaminin diliylə desək, “o zamandan ki, qələm yazı yazdı, dürr saçdı, bu dünyanın gözünü ilk dəfə sözlə açdı.” İnsan da bir dünyadır və əgər söz dünyanın gözünü açıbsa, demək, insanın da gözünü açmağa qadirdir. Mənə elə gəlir ki, müzakirəmizi yekunlaşdırmağın vaxtı gəlib çatdı. Əlbəttə, bir müzakirə ilə çağdaş roman problemini çözdüyümüzü düşünsək, sadəlövhlük etmiş olarıq. Amma hər halda müxtəlif romançıların ünvanına burda kifayət qədər əsaslı iradlar da, obyektiv təhlillər də, səmimi təriflər də səsləndi, müstəqillik dövrü Azərbaycan romanının ən azı konturlarını cızıldı. Olsun ki, kimlərsə sözlərimizdən razı, kimlərsə narazı qalacaq.  Lakin məncə, bir məsələ obyektiv oxucunun nəzərindən qaçmayacaq  bütün burda deyilənlər ədəbiyyat naminə deyildi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

525-ci qəzet.- 2014.- 22 fevral.- S.26-27.