“Min il məhkum olsa, gülər səadət”
ŞAİR ZEYNAL XƏLİLİN 100 İLLİYİ QARŞISINDA DÜŞÜNCƏLƏR
Zeynal Xəlil 1914-cü ilin ilk yaz aylarında dünyaya
gəlib. Bəzi mənbələrdə onun doğum tarixi
mart ayının 23-ü, bəzi mənbələrdə isə
aprelin 1-i göstərilir. Bütün
hallarda o, ömrünə və taleyinə bahar qisməti
düşənlərdəndir. Bu belədirmi?
Şair ömrü çətinliklərdən
və mübarizələrdən yan ötüşə
bilibmi?
Hər
şeydən öncə, Zeynal Xəlilin doğum ili təlatümlər, fırtınalar,
qasırğalar zamanıydı. Rusiyada inqilablar
baş verirdi. Birinci Dünya müharibəsinin
alovları püskürməkdə idi. Şairin
canı və qanı qədər sevdiyi Gəncə isə
heç nədən uzaq deyildi, hadisələr ondan yan
keçmirdi. Qədim Azərbaycan şəhəri
bütün proseslərin içində, mərkəzində
idi. Orada xalqın tarixi və taleyi həll
olunurdu.
Şairin doğulduğu ailə sadə bir sənətkar
ailəsiydi.
Atası Rza kişi papaqçı,
anası Zəhra xanım evdar qadın idi. Bir
tikə çörəyə, qazandıqları halal ruziyə
şükranlıq edərdilər. Bu ailədə beş oğul böyüyürdü. Əli,
Həsən, Hüseyn, Zeynal və Məmməd. Ata və ana
övladlarına imamların və peyğəmbərin
adlarını verməklə, Tanrılarına, həm də mənsub
olduqları dini adət-ənənələrə
bağlı olduqlarını nümayiş etdirirdilər. Bu beş oğuldan ikisi nəslin adət-ənənəsinə
sadiq qalaraq, papaqçı sənətinə yiyələndilər.
Hüseyn Xəlilov görkəmli
aqrokimyaçı alim oldu. Uzun illər Azərbaycan Kənd
Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri vəzifələrində
çalışaraq, respublikanın əməkdar elm xadimi adına layiq görüldü. Əlli doqquz il ömür sürən Məmməd Xəlilov
isə 1964-cü ildən 1976-cı ilə – ömrünün
sonunadək respublikanın kənd təsərrüfatı
naziri vəzifəsində çalışdı, Azərbaycanın
əməkdar mexanizatoru adına layiq görüldü. Zeynal
Xəlil isə...
Gəncənin qaynar mühiti Zeynal Xəlilin
bütün həyatına və
yaradıcılığına təsirsiz ötüşmədi. Milli-mənəvi
paytaxtımızda cərəyan edən hadisələr
şairin əbədi sevgisi, nisgili olmaqla bərabər, onun
iç dünyasını silkələdi. Üsyanlar,
vuruşlar, ölümlər və Gəncədə
tökülən nahaq qanlar onun uşaq yaddaşında
böyük tarixi olayların silinməz izlərini yazdı.
İllər keçəcək, sovet hakimiyyəti
illərində belə, şair Gəncəyə olan sonsuz məhəbbətini
çəkinmədən bəyan edib, “Yelizavetpolda
doğuldum, Kirovobadda böyüdüm, Gəncədə
öləcəyəm” – deyəcəkdi.
Şairin
həyatının sonrakı illəri Bakı ilə
bağlı olsa da, o, doğma beşiyinə sədaqət və
məhəbbətini özünün yaradıcılığında hər an inkişaf etdirdi,
Bakıdan yazanda Gəncəni, Gəncədən yazanda
Bakını əzizlədi.
Pedaqoji
texnikumda təhsil aldıqdan sonra Gəncə məktəblərində
müəllimlik etdi, Bakıda Azərbaycan Pedaqoji
İnstitutunda təhsil illəri Zeynal Xəlilin gələcək
fəaliyyəti üçün təkcə təcrübə və iş kimi deyil, həm də
onun düşüncə və fikrinin formalaşmasında mühüm rol
oynadı. Ali məktəbdən sonra Goranboy
rayonunda məktəb direktoru işləyərkən,
özünün yaddaşında, bədii təxəyyülündə
“Qatır Məmməd” mənzum dramının
konturlarını hazırladı. Bu əsər
illər sonra bitkin şəkildə yazılacaq və müəllifinə
böyük şöhrət gətirəcəkdir.
1937-ci ilin ağrı və acılarından Zeynal Xəlil
də bir çox qələm dostları kimi sakit
ötüşmədi. Əhməd Cavadın arxivlərdə
saxlanan “cinayət işi”ndə Zeynal Xəlilin də adı
keçir. İstiqlal şairini gənc
Zeynal Xəlilin əqidəsinə və məfkurəsinə
təsir etməkdə günahlandırırlar. Əhməd Cavad müstəntiqin sözlərinə
“Bu, belə deyildir” cavabını verir. Zeynal
Xəlil isə “Əhməd Cavadla bizim aramızda heç
zaman bu cür söz-söhbətlər olmamışdır”
deyir.
Zeynal Xəlilin ilk şeirlər kitabı “İstək”
adlanırdı. Əslində, şairin ilk
kitabının adı onun gələcək arzu və
duyğularının bir anonsu idi. Böyük
Vətən müharibəsi illərində Zeynal Xəlil Azərbaycan
Yazıçılar İttifaqının məsul katibi vəzifəsində
çalışdı. Onda şairin
vur-tut 25-26 yaşı var idi. Ölkənin
müharibə qanunları ilə yaşadığı bir
dövrdə istənilən vəzifəni daşımaq məsuliyyət
olmaqla yanaşı, həm də sonsuz bir cavabdehlik idi. Şairin qələm və könül dostu,
müharibə illərində Azərbaycan
Yazıçılar İttifaqının sədri vəzifəsində
çalışan böyük Səməd Vurğun “Bilsin
ana torpaq, eşitsin Vətən, müsəlləh əsgərəm
mən də bugündən!” deyirdi. Bütün
qələm adamları, şair və yazıçılar,
harada olsalar belə, əsgər şinelində idilər.
Bu şinel kənardan bir forma kimi görünsə
də, yaxından amal və əqidə idi. Zeynal Xəlil
bu illər ərzində qələm dostları ilə birgə
döyüşən orduda görüşlərdə olur, səngərlərin
soyuğunu, silahların barıt və mərmi qoxusunu sinəsinə
çəkir. Ən başlıcası –
döyüşçü əzmini, onların sınıb əyilməyən
iradə və mətanətlərini görür, bir-birinin
ardınca vətənpərvərlik ruhlu şeirlərini, əsərlərini
yaradır. İllər keçəndən sonra Xalq
yazıçısı Süleyman Rəhimov şair
haqqında yazdığı məqalələrin birində
deyirdi: “Yadımdadır, hələ Böyük Vətən
müharibəsindən əvvəl biz Zeynal Xəlilə
“Körpə aslan” deyərdik. Zarafatla da olsa,
sonradan qoyma adların özünə görə mənası,
əhəmiyyəti vardır. Özü də
bəzən əsl adından da artıq öz yerinə
düşür. Əlbəttə,
“Körpə aslan” adı şair Zeynal Xəlilə onun mərdliyinə,
mübarizliyinə görə verilmişdi. Əgər yanılmıramsa, bu adla Zeynal Xəlili
ilk dəfə Səməd Vurğun
çağırmışdı.
Bizim “Körpə aslan” lirikaya, insan gözəlliyinə
də biganə deyildi. Zeynal Xəlil lirikası dildən-dilə
düşür, bəstəkarlarımız tərəfindən
unudulmaz nəğmələr, gözəl musiqi əsərləri
ilə müşayiət edilir”.
İkinci Dünya müharibəsinin şiddətli
vaxtında, 1942-ci ildə Zeynal Xəlilin “Tatyana” poeması
çap olunur.
Bu əsər müharibə dövrünü,
onun çətinliklərini, ağrı və
iztirablarını, insanların mübarizliyini olduqca dolğun
əks etdirir. Analar müharibəyə
oğullarını yola salır, bir ana isə öz
qızını cəbhəyə göndərir. Şair rus qızının simasında Vətəni
və torpağı sevən bir insan obrazı yaradır.
Onun ağrısını, sevincini və
duyğlarını əks etdirir. Bilmirəm
zamanmı dəyişib, dövrmü başqa dövrdür,
yoxsa burada bir sirri-Xudamı var, o illərdə yazılan
bütün vətənpərvərlik şeirləri, qəhrəmanlıq
nəğmələri, nəsr və poema janrında
yazılan əsərlər adamları, oxucuları bir andaca səfərbər
edə bilirdi. Səməd Vurğunun, Süleyman Rüstəmin,
Rəsul Rzanın, Osman Sarıvəllinin, Məmməd Rahimin,
Əhməd Cəmilin və digər şairlərimizin
şeirləri yaddaşlara hopub, beşik başında nəğmələrə
çevrilirdi.
Əfsanəvi “416-cı Taqanroq diviziyası” haqqında ədəbiyyatımızda
xeyli sayda əsərlər yazılıb.
Zeynal Xəlilin “Dörd yüz on altı”
şeiri özünün həm orijinallığı, həm
məzmunu, həm deyim tərzi ilə seçilir.
Formanın özü də diqqəti cəlb edir:
Ana torpaq
eşitdi, bayram etdi bu günü...
Dəniz
kimi qabardır
Cavanşir öz köksünü –
Uzaqlara
tutaraq əlindəki süngünü,
Dedi: –
Dörd yüz on altı!
Qızlar
məktub göndərdi,
nəğmə qoşdu bəstəkar,
Zülfü
segah oxudu, Qurban kişi çaldı tar.
Dastanlara
sığmadı sizdəki mərdlik, vüqar,
Dedi: –
Dörd yüz on altı!
Zeynal Xəlilin
istər Böyük Vətən müharibəsi illərinə
qədər, istər müharibə dövrü və ondan
sonrakı illərdə yaradıcılığı olduqca
qaynar, səmərəli və rəngarəngdir. Müharibə illərində yaratdığı və
1945-ci ildə çap olunmuş “Koroğlunun
qocalığı” poeması şairin maraqlı əsərlərindən
sayılır. Şairin “Taras”, “Fədai”, “Koroğlunun
qocalığı” və “Qatır Məmməd” kimi əsərləri
onun keçmişə, yaşanan hadisələrə hörmət
və məhəbbətinin təcəssümü idi.
Zeynal Xəlilin yaradıcılığı
poeziyamızın ümumi inkişaf illərinə təsadüf
edir. Bu dövrdə ədəbiyyatımızda
bir-birindən fərqlənən, amma yeni ruh, yeni ab-hava gətirən
əsərlər yazılmaqda idi. Belə bir zamanda
öz yaradıcılıq dəst-xətti ilə
yaddaşlara yazılan Zeynal Xəlil üzərinə
düşən vəzifəni layiqincə yerinə yetirir,
poeziya və ədəbiyyatımıza öz töhfələrini
verirdi. O, 59 il ömür sürməsinə
baxmayaraq, böyük bir yaradıcılıq yolu keçdi, mənzum
dramlar, neçə-neçə poema və epik-lirik əsərlər
yazıb-yaratdı. Ədəbiyyatımıza,
mədəniyyətimizə, incəsənətimizə dair
maraqlı məqalələr müəllifinə
çevrildi. Təsadüfi deyildir ki, hələ
şairin sağlığında onun ana dilimizdə 22-dən çox kitabı,
rus dilində isə 6 kitabı nəşr edildi.
Müasirləri onu xeyirxah və ədalətli bir insan
kimi xarakterizə edir, yüksək insani keyfiyyətlərindən
söz açırdılar. Zeynal Xəlil sanki
hamıya və hər kəsə yaxşılıq etməyə
tələsirdi. Bu, şairin qarşıya
qoyduğu məqsəd və amal idi.
İnsan və ona məhəbbət, sədaqət,
xeyirxahlıq və yaxşılıq, yuxarıda qeyd etdiyimiz
kimi, Zeynal Xəlil poeziyasından bir ana xətt kimi keçir. Şair ən
çətin anda səadətin qələbəsinə
inanır, pislik və nanəcibliyin ötüb-keçəcəyinə
həm özündə, həm oxucuda dərin bir inam
yaratmağa çalışır. “Min il
məhkum olsa – gülər səadət, min il hakim olsa –
ölər fəlakət” – deyirdi. O, insanı günəşə
yox, günəşi insana bənzədirdi, insana Yer
üzünün günəşi kimi bir qiymət verirdi. Bununla şair sanki insanın üzərinə
böyük bir məsuliyyət düşdüyünü diqqətə
gətirirdi, “sən Günəşsən, sən Günəş
kimi xeyirxah olmalısan” deyirdi. Ən
çətin anda belə, insana küsənir, insana pənah gətirirdi.
Yaradıcılığının son illərində,
cavanlıqdan belə böyük ədəb-ərkan sahibi
olan Zeynal Xəlil daha da müdrikləşir, həyata daha da
fəlsəfi yanaşır. Həyat və zamanın fəlsəfəsi
onun yaradıcılığında bir az
da güclü şəkildə əks etdirilir. Şairin yaratdığı əsərlər xeyirlə-şərin
mübarizəsindən, dünya malının, var-dövlətin
ani, səadətin əbədi, fəlakətin isə ötəri
olduğundan söz açır. Şairin
sevimli qızı Afaq xanımın məzar daşında onun
iki misrası yazılıb. Bu misralar insanı nə qədər
düşündürür, onun daxili aləmini,
varlığını silkələyir:
Hər kəsə
sonadək gülmür səadət,
Hamını
növbəylə tapır fəlakət...
Səadət və fəlakət şairi
düşündürən ən böyük problemlərdən
biri idi.
Zeynal Xəlil həm də ölməz mahnılar müəllifidir. Şair hələ
sağlığında qeyd edirdi ki, söz mahnını,
mahnı sözü gözəlləşdirməlidir. Ötən əsrin 50-ci illərində unudulmaz
Q.Hüseynlinin şairin sözlərinə bəstələdiyi
“Ay işığında” mahnısı yarım əsrdən
çoxdur ki, səslənməkdədir. Klassik
sənət ustalarının oxuduqları bu mahnı sənətə
yeni gələnlərin də repertuarlarına daxil edilir.
A.Babayevin şairin sözlərinə bəstələdiyi
“Kimlər gəldi, kimlər getdi” mahnısı Mirzə
Babayevin ifasında sanki bir simfoniya kimi səsləndi və
sevimli mahnılardan birinə çevrildi.
Ötən əsrin 70-ci illərində, şairin
ölümündən sonra unudulmaz Emin Sabitoğlunun Zeynal Xəlilin
sözlərinə bəstələdiyi “Bu gecə”
mahnısı da musiqi salnaməmizin incilərindəndir.
Zeynal Xəlil həyatı boyu müxtəlif vəzifələrdə
çalışdı, amma ədəbiyyat, poeziya, sənət
onun həyatının heç nə ilə əvəz
olunmayan bir hissəsi oldu. Şairin 2004-cü ildə latın qrafikasında çap olunmuş
seçilmiş əsərlərinə ön söz yazarkən,
mən bir daha Zeynal Xəlilin yaradıcılıq yoluna
yaxından nəzər yetirdim. İllər keçir, zaman
öz-özündən uzaqlaşır, bugünkü oxucu
şairin yaradıcılığı ilə tanış
olanda onun qaynar, isti, həlim, həm də mübariz
obrazını gözləri önündə canlandıra
bilir. Onu tanyanlar yaxşı bilirlər ki, Zeynal
Xəlil ürəyi ilə sənəti arasında sərhədi,
səddi olmayan şairdir. O, öz hisslərini,
düşüncələrini gizlətməyi
bacarmırdı. Elə buna görə də
onun geniş yaradıcılığı insan
ömrünün bir-birini tamamlayan üfüqlərindən
süzülüb gəlirdi. Bu
yaradıcılığın bir qütbündə
uşaqlıq illərinin sərt ehtiyacı vardı, amma onda
taledən şikayətlənmək yox idi, digər
qütbündə isə bütövlükdə bir insan qəlbi,
şairin öz mənəvi dünyası dayanır. O,
özünü doğulduğu və yaşadığı
XX əsrin bütün qayğılarından, sevincindən və
qəmindən ayrı təsəvvür edə bilmirdi. “Sən məndəsən, mən səndə, əsrim,
taleyim mənim” deyirdi.
Doğma Gəncə çayı, Hacıkənd, Gəncənin
xan çinarları, dağlar gözəli Göy-Göl
Zeynal Xəlilin ilham mənbəyi, bitib-tükənməyən
sevgi dünyasıydı. “Mirzə Şəfi
Vazehi oxuyarkən” silsiləsinə daxil edilən şeirlər
bir tərəfdən böyük Mirzə Şəfiyə məhəbbət
və sevgidən söz açırsa, digər tərəfdən,
Gəncənin, Göy-Gölün, Kəpəzin,
Qoşqarın füsunkarlığını bədii boyalarla
əks etdirir. Şair Mirzə Şəfi Vazehin dili ilə
deyir:
At
sürüb Göy-Gölə çox çıxmışam
mən,
Dağlarda
çiynimə qonubdur bulud!
Meşələr
xəyala dalanda hərdən
Məni öz qoynuna alıbdır sükut.
Tiflisdə
edəndə Kürə tamaşa,
Duydum Gəncəçayın
qıjıltısını,
Az
qaldı başımda xəyalım çaşa,
Andım göy otların
xışıltısını.
... Vətənsiz
gülmədi gözümdə aləm,
Andım
xan Kəpəzi, andım Qoşqarı...
... Gəncə
hər sözümə bir qanad oldu,
Könlüm
Gəncə ilə daim şad oldu...
1956-cı ildə Zeynal Xəlilin “Göy-Göl
düşüncələri” çap olunur. Unudulmaz
yazıçımız İlyas Əfəndiyev
yazırdı: “Şairin bir qələm yoldaşı, bir
oxucu kimi mənə xoş gələn cəhəti, hər
şeydən əvvəl, bu şeirlərdəki hisslərin,
düşüncələrin təravəti,
saflığı və gözəlliyidir. Onları
oxuyarkən Göy-Gölün hüsnünü, onun sahillərində
titrəşən çiçəklərin rahiyyəsini
duyursan. Elə bil ki, sən də şairlə bərabər
o yerləri gəzib, təbiətin ecazkar gözəlliyinə
nüfuz edirsən, kölgədə bitmiş, rəngi
solğun “çiyələyi” görüb fikrə gedirsən,
şehli otlar üzərində qalmış “maral izi” sənə
həyatın bir mənasını xatırladır. Uzun qərinələrdən
bəri yalqız qalan, üzərinə quş da qonmayan “boz
qaya” xeyirsiz, xudpəsənd adamları sənin yadına
salır...”
Böyük yazıçının illər öncə
yazdığı bu sətirlər ruhumu titrətdi,
varlığımı silkələdi. Ümumiləşmə və
təsvir dairəsi nə qədər poetik və genişdir! Çoxdan bəri üzünü görmədiyim
Göy-Göl üçün qəribsədim, xəyal məni
o yerlərə apardı. Bir də
yadıma ötən günlər düşdü. Bir
zamanlar Hüsü Hacıyevin adını daşıyan
küçə, indiki Azərbaycan prospekti... Onda mən
Hüsü Hacıyevin kim olduğunu da
bilmirdim. Amma bilirdim ki, bu dünyada İlyas
Əfəndiyev adlı bir yazıçı var və mən
orta məktəb illərindən onun əsərlərini
oxumuşdum. İçimdə bir
“Söyüdlü arx” sevgisi var idi. Bakıya ilk gəldiyim
ötən əsrin 70-ci ili... Həmin
binanın üçüncü mərtəbəsində
arası az qala rəmzi olaraq kəsilən
uzun bir eyvan baş alıb gedirdi. Bu eyvanın
bir tərəfində Zeynal Xəlil, o biri tərəfində
İlyas Əfəndiyev üz-üzə əyləşərək,
masanın üzərindəki çaydan qurtum-qurtum içə-içə,
şirin-şirin söhbət edirdilər. Onlar bu binada
uzun illər od yox, ürək qonşusu
oldular.
İndi hərdən bu binanın qarşısında
ayaq saxlayıb, başımı qaldırıb
üçüncü mərtəbəyə baxıram. Bina o binadır, eyvan o
eyvandır, illər o illər deyil...
Zeynal Xəlil haqqında sağlığında da,
dünyasını dəyişəndən sonra da ədəbi
tənqid kifayət qədər söz deyib, sənət
dostları maraqlı fikir söyləyiblər. Kamal Talıbzadə, Əkbər
Ağayev, Qulu Xəlilli, Tələt Əyyubov, Camal Əhmədov,
Faiq Məmmədov, Kələntər Kələntərli,
Orucəli Həsənov, Ağa Laçınlı, Şamil
Salmanov, Adil Babayev, Əlfi Qasımov, Nurəddin Babayev,
İmran Abbasov, Qurban Bayramov və başqaları şairin
yaradıcılığı və şəxsiyyəti
haqqında geniş məqalələr yazıb, onu bir sənətkar
və vətəndaş kimi xarakterizə ediblər. Unudulmaz tənqidçimiz
Məsud Əlioğlu şair haqqında bir neçə məqalə
yazaraq, az qala onun irili-xırdalı
bütün əsərləri haqqında geniş fikir
söyləyib, əsərlərinə və
yaradıcılığına zamanında obyektiv qiymət
veribdir. Tənqidçinin “Ulduzlar” mənzum romanı
haqqında yazdığı fikirlər bu gün də olduqca əhatəli
və səmimi səslənir: “Ulduzlar” Zeynal Xəlilin
“İki dost” adlı məlum poemasında təsvir etdiyi hadisələrin
və insanların daha dərin, geniş və əhatəli
bir şəkildə işlətdiyi məsələlərin
yeni variantıdır. Bu yaxşı haldır ki,
yazıçı onu yaradıcılığı boyu
düşündürən və maraqlandıran müəyyən
obrazlar aləminə yenidən qayıtmağa ehtiyac hiss
edir...”
Zeynal Xəlil haqqında yazarkən, şair və ədəbiyyatşünas
Sona Xəyalın adını çəkmədən
ötüşmək olmur. O, arxivləri, mənbələri,
kitabxanaları gəzib-dolaşaraq, Zeynal Xəlil haqqında
gözəl bir monoqrafiya ərsəyə gətiribdir. Şairin 90 illiyinə həsr olunan bu kitab Zeynal Xəlil
haqqında yazılmış ciddi tədqiqat əsəridir.
Sona Xəyal yazır: “Mən Zeynal Xəlili həyatda görməmişəm,
amma şəklinə baxanda mənə məsum təsir
bağışlayır. Elə onun şeirlərində
də bu təmizlik, uşaq məsumluğu hiss olunur.
İstər xalq ifadəsi olsun, istər atalar sözü, istərsə
də şairin öz sözü – hamısını Zeynal Xəlil
öz dünyasından elə keçirir, öz
yaradıcılığında elə əridib istədiyi
şəklə salır ki, oxucuya təbii təsir
bağışlayır”.
Bu il şairin anadan olmasının 100 ili tamam olur.
O, 59 il ömür sürdü, Azərbaycanın
Əməkdar incəsənət xadimi adına layiq
görüldü, bir çox orden və medalları ilə təltif
edildi. Ədəbiyyatımızın və
poeziyamızın görkəmli simalarından biri kimi
xatırlanır və bundan sonra da xatırlanacaqdır.
1973-cü il avqust ayının 10-da
şair qəflətən dünyasını dəyişdi.
“Ədəbiyyat və incəsənət” qəzetinin şairə
ayırdığı vida səhifəsində onun sənət
dostlarının dediyi ən isti, ən kövrək sözlər
illər keçəndən sonra da adamın qəlbinə və
düşüncəsinə təsir edir. Günlərin
bir günü unudulmaz şairimiz Osman Sarıvəlli ilə
Zeynal Xəlildən söz açdıq. Osman
müəllim dərin bir fikrə getdi. Böyük
şairin ömrünün son illəri idi. O,
olub-keçənləri xatırladı və
dodağından aşağıdakı sətirlər qopdu:
Yaddaş
çaşıb, huş gedibdi,
İndi ələ gələn
xəyal da yoxdu.
Səməd köç eylədi,
Zeynal da yoxdu...
Taleh Həmid
525-ci qəzet.-
2014.- 22 fevral.- S.24.