“Xoca” unutmağa qoymur...
Yaxşı əsəri dəfələrlə oxumaq
zövq verdiyi kimi, yaxşı filmi yenidən izləməkdə
də fayda var. Çünki hər dəfə əvvəl
fikir vermədiyin, ya da gözündən qaçan hansısa
məqama rastlayırsan, yeni nələrisə kəşf
edirsən.
Milli faciələrimizdən ən dəhşətlisinin
– Xocalı qətliamının növbəti
ildönümü ərəfəsində rejissor Vahid
Mustafayevin “Xoca” filmini bir daha izlədim. Əslində sadəcə
tamaşaçı kimi ekran qarşısına otursam da, filmdən
sonra düşündüklərimi, hiss
etdiklərimi qələmə almaq qərarına gəldim. Eynən yaxşı bir romanı oxuyandan sonra
olduğu kimi. Təbii ki, bu yazıda
peşəkar bir kinoşünas qənaəti axtarmaq
düzgün olmazdı, amma bir seyrçinin filmdən təsirlənərək
qələmə aldığı publisist qeydləri kimi qəbul
etmək çox da çətin olmasın gərək.
Saysanız bu yazıda üç nöqtələrin
sayı bəlkə də sözdən çox olacaq. Ona görə ki, bəzi mətləbləri
sözlə tam ifadə etmək olmur. Bəzən sadəcə
susmalısan...Susmaqla bəzən daha yaxşı
danışmaq olur... Anlayan adama sükut dərdi daha
yaxşı anladır... Sükut dərdi daha yaxşı ifadə
edir...Sükut daha yaxşı xatırladır... “Xoca” kimi...
“Xoca” unutmağa qoymur...
Bu filmi
izlədikcə gözümün qarşısında baş
verənlər Minanın “Gəlin, dönək evə”
mahnısının təsiri altında paralel olaraq sanki fikrimdə
də canlanırdı...Tablo kimi... O mahnının sözləri
də, musiqisi də bəzi məqamlarda elə yerinə
düşür ki...
Soyuq evim
istilik gözləyir,
Qar
yağır – qara bax, qara!
Divar
uçub, amma ev dayanır,
Ehtiyac var möhkəm hasara.
“Xoca” başdan sona simvol filmidir. Rəmzlər
bolluğu hazırlıqlı tamaşaçı tələb
edir. Həm hazırlıqlı, həm də
duyan ürəyə malik tamaşaçı. “Xoca” qarşına bir qab dolusu popkorn alaraq izləniləcək
filmlərdən deyil. Filmin yaradıcı
heyəti burada həyatın faciəviliyini və faciəvi həyatı
maksimum ustalıqla təqdim etməyə
çalışıb və nail olub məncə.
Film “smert”
(ölüm ) kəlməsi ilə
başlanır....Paradoksal və maraqlı məqam...Bizim hər
şeyin sonu bildiymiz ölüm həm də nəyinsə
başlanğıcıdır...Bunacan da bunu bilirdik, amma
unutmuşduq elə bil. “Xoca” unutmağa qoymur...
VVAQ
bürosunda, insan həyatının yeni və daha fərəhli
bir dönəmində rejissor filmə “smert” kəlməsi ilə
start verir... Və şifrə ilk başdan
tamaşaçıya açılır... Ölüm
şifrə deyil ki, əslində. Rejissor bunu sadəcə
xatırladır...
Rəmzlər
davam edir: VVAQ idarəsinin sədrinin sevgili cütlüyün
arxasınca dediyi “adam inşallah deyər” kəlməsinin
yarıqibtə, yarıpeşman nəhs aurası və
sınmış güzgünün ayrı-ayrı
qırıqlarında əks olunan Günellə Əliəkbərin
peşman siması ilə...
Azərbaycanın
ilk neoekspressionist filmi olan “Xoca”da sözügedən janrın
tələblərinə əməl olunub: obrazlılıq,
canlı və emosional maneralılıq, rənglərin parlaq,
eləcə də kontrast şəkildə təqdimatı...
Film kontrastların, kəskinliklərin və təzadların-isti
və soyuğun, alov və buzun, parıltı və
solğunluğun... üzərində qurulub.
Cavan
komandir səylər göstərir,
Ordunu kökləyir zəfərə.
Güllə
silahda, göz hədəfi seçir,
Ehtiyac var
kəskin qərara!
Bu filmdə
ləkə elementi qabarıq verilib: Xocalı faciəsində
günahsız insanların düşmən gülləsinə
tuş gəldiyi zaman üzərlərindəki ləkə...
1992-ci ilin nəfəsdonduran qış gecəsində
Xocalıda axıdılan buğlanan qanın
yaratdığı ləkələrin fonunda Bakıda isti
otaqlarda və rahat kabinetlərdə buğlananların paltarları üzərinə
tökülən qırmızı şərab ləkəsi...
Hər
gün sərdar ölümə çağırır,
Hər
gün qırılır gənclər!
Təmiz
kostyumlar tostlar qaldırıb
Al
qanı sərdarla içər...
və
ümumiyyətlə, Xocalının, Ağdamın,
Şuşanın, Laçının...itirilməsində
günahı olan hər birimizin vicdanındakı ləkə...
Torpaqlarsa
çoxdan əldən gedib,
Əsgər
tapdağının altına,
Məscidlər,
kilsələr basdırılıb
Yerin
yeddinci qatına...
“Xoca” əslində nə döyüş filmidir, nə
də fantastik təxəyyülün bəhrəsi olan
triller. Bu, əslində sevgi dastanının fonunda verilən
insan faciələrinin canlı ekran təsviridir.
Burada
çoxlu sevgi hekayəti var... Günellə Əliəkbərin
sevgisi, Yura ilə Mehribanın sevgisi, övladın ana sevgisi,
ananın oğul sevgisi, Vətən sevgisi...Eləcə də
“mədəsi bərk şey həzm eləməyənlərin
qırmızı kürü və yumşaq yumurta “sevgisi”(!),xalqımızın bir qisminin mənasız
dedi-qodu “sevgisi”, bəzilərinin pul, bəzilərinin mənsəb
“sevgisi”... “Xoca” sevgi filmidir əslində.
Bir film sevgi və nifrəti, qaranlıq və
işığı, dəbdədə və ehtiyacı, nəhayət,
hər şeyin məntiqi sonu olan ölümü göstərir. Məhz sonuncu
səbəbdən filmə tez-tez baxmaq lazımdır.
Axı bir çoxumuz ölümün varlığını
unutmuşuq...Günelin atasının süfrə
başındakı meşşan nitqində anlayırsan ki,
harınlıq elə bir həddə çatar ki, nəinki vətənin,
hətta ölümün varlığını belə
unutdura bilər: “Buradı ey Vətən. Bakıdı Vətən.
Toyu olduğu yerdi vətən...” Bu təfəkkürlə
yaşayanlar, təkcə Bakını Vətən bilənlər
o illərdə Qarabağı təslim elədilər. Məhz
təslim...Atanın bəysiz toyunda ruhən, qəlbən və
cismən başqasına məxsus olan qızını dostu
olan məmurun oğlunun qarşısında oynamaq
üçün itələdiyi, toydan daha çox orgiyanı
xatırladan məclisdə təslim elədiyi kimi...
Amma biz hamımız təslimçi deyilik...Nə qədər
paradoksal görünsə də döyüşçü
Yuranın timsalında buna bir daha şahid oluruq. Biz məğlub deyilik...
Qadınımıza və sevgimizə sahib çıxaraq
düşmənə təslim etməyəcək qədər
ürəkli, sonra da
o sevimli qadınsız və sevimli vətənsiz
yaşamağa gücümüz
çatmayacaq qədər acizik...Yurayla Mehribanın son
görüş səhnəsi həm onların, həm də
tamaşaçının hisslərinin sınağa çəkildiyi
məqamdır. Burada mən tamaşaçı olaraq labüd
sonluğa əsəbiləşirəm.
Amma boşuna... “Smert” sözü ilə hər şeyə qərar
verilib əvvəldən... Ölüm əvvəldən
hesablanıb...
Yurayla Mehribanın uçuq evdə son qucaqlaşma səhnəsi
və dialoqu həm təsirlidir, həm də həyatın əsl
üzünü göstərəcək qədər qəddar. Oturduqları
o xarabalıq əslində onların qurmaq istədikləri
yuvanı xatırladır, əvvəlcədən
uçurulub, dağıdılıb. Yura “sən
uşaqlarımıza yaxşı ana ola
bilərdin” kəlməsindən sonra sevdiyi qadını
bağrına basıb sanki qoynunda əridəcək bir nəvazişlə
qucaqlayanda, sonra da tapança tutan əlini aşağı
aparanda inanmırsan, heç inanmırsan ki, əslində
labüd ölümün gözlədiyini bilə –bilə,
anlaşılmaz bir ümidlə onu sevən kişinin
qucağına sıxılan Mehribanı öldürəcək.
Güllələyərkən Yura onun
gözünə baxmır, baxa bilmir. Gözlərinə
baxa- baxa sevdiyini öldürmək olmazdı...
“Xoca” həyatın nə qədər təzadlı
olduğunu və nə qədər ikili hisslər, ikili
standartlar üzərində qurulduğunu yada salır. Eyni zaman kəsimində fərqli
məkanların faciəsi açılır “Xoca”da: insanlar
uzanıb –Xocalıda soyuqdan donaraq qarın üstündə...Bakıda
şərabdan sərxoş olaraq yataqların üstündə...
Bu, təkcə Azərbaycana aid olan bir film deyil, bir
neçə beynəlxalq festivalda nümayiş etdirilən bu
film həm də sözün bütün mənasında
bütün millətlərə aiddir. Bu gün
dünyanın əksər yerlərində insanlar dədə-baba
yurdlarından qovulur, əsrlik ocaqları
söndürülür. Körpələr, qadınlar,
ahıllar amansızlıqla öldürülür...Dünya
qana çalxanır...İnsanın ən təbii haqqı
olan sadəcə yaşamaq və nəslini davam etdirmək istəyi
gözündə qalır... Bəylik kostyumunda toyunda oynamaq əvəzinə
döyüşdə güllə havasına “tərs
oynamağı” kim istər? Amma Vətən
çağırırsa, getməlisən... Vətən “toyun
olduğu yer” deyil, Vətən toyunu etmək
üçün, övladlarını dünyaya
qorxusuz-hürküsüz gətirmək üçün
qorumağı bacardığın yerdir...
“Xoca” həm də məhz Azərbaycan filmidir. Bu filmdəki
bizik –yaxşısı və pisi ilə. Burada fantastika yoxdur,
rejissor özündən heç nə uydurmayıb. Bu filmdə məlum təbirlə
desək, heç Amerika (oxu, Azərbaycan) kəşf
olunmayıb. Amma burada məlum həqiqətlər
ustalıqla film dilində tamaşaçıya çatdırılıb.
Bu, bir yaddaş filmidir. Biz unutqanıq
axı... Faciələrimizdən ibrət
almayacaq, yanlışlarımızdan nəticə
çıxarmayacaq qədər unutqan. “Xoca” faciələrimizi
unutmamaq üçün milli antiamneziya filmidir. “Xoca”
unutmağa qoymur...
Kino sənətinin və filmin janrının verdiyi
bütün imkanlara baxmayaraq yenə də uydurma xoş sonluq
yoxdur burda...Rejissor tamaşaçını yalana qonaq
etmir...Çünki hələ də Xocalının adı
erməni dilində çağırılır. Yalana
bürünmüş xoş sonluq olmasa da, amma gerçəkləşəcəyinə
inandığımız ümid var “Xoca”da. Həyata
keçəsi, daha doğrusu, həyata keçiriləsi
ümid...
Filmdə zaman məfhumu maraqlı təsir
bağışlayır. Bəzən adama elə gəlir ki, bu film
22 ildir ekranda davam edir. Burada eyni zamanda həm
bir epoxa canlanır, həm də elə bil zaman
axışı yoxdur. Film “smert” – ölüm kəlməsi
ilə başlayır, başlanğıcda ölüm hələ
sözdədi, aradan müəyyən zaman keçir, bəzi
hadisələr baş verir və ölüm artıq maddi “bəhrə”sini
verib: Tabut ortalıqdadır. İşğal
olunmuş vətəni simvolizə edən, dul qalmış
Günel kimi ortalıqda...Amma rejissor inam yaradır
tamaşaçıda. Əliəkbərin nəslindən bircə
qardaşı oğlu Mehdi əmanət qalıb gələcəyə.
Günel (oxu, vətən) onu, Əliəkbərin
qanının, qəhrəman geninin
daşıyıcısı olan bu övladı bağrına
basır, ona sahib çıxır. Övlad öz
növbəsində Vətənə (oxu, Günel) –indi
Xocalı sənsən- deyir...4
Yenə şəhid anası ağlayır,
Torpaq bölünüb məzarlara.
Atamızı öldürənlər tuşlayıb
Silahı bizim uşaqlara.
Və bu məsələ bu gün həll olmasa,
Qalacaq bizim balalara.
Qalxın, birgə gedək, heç olmasa
Sahib çıxaq torpaqlara!
Düzdür, vətəni xilas etmək üçün Mehdinin yaşca kiçik olması faktı ümidimizi gələcəyə tapşırsa da “Xoca” bizi əmin edir; Mehdi mütləq böyüyəcək, harasa qeyb olubsa, bir gün zühur edəcək və bizə səslənəcək:
Bu torpaq bizim olub
Mənasız savaşlardan qabaq.
O, öləcək bizsizlikdən solub,
Gəlin, onu qaytaraq!
Gəlin, dönək evə,
Bir də yandıraq odumuzu!
Gəlin, dönək evə
İsidək ana yurdumuzu!
Sevinc Mürvətqızı
525-ci qəzet.-
2014.- 22 fevral.- S.19.