Yalan, aldatma, məkr və hiyləgərlik

(davamı)

 

 

 

Xanaanda da aclıq olduğundan İosifin qardaşları da taxıl almaq üçün Misirə gəldilər. İosif qardaşlarını tanısa da, qardaşları onu tanımadılar. Onlardan birini dustaq kimi saxlayıb, digərlərini özünün doğma qardaşı Bencaminin dalınca göndərdi ki, onu gətirsinlər. Ataları isə Bencamini də itirməkdən qorxurdu. Bir azdan Xanaanda aclıq daha da gücləndi, Misirdən gətirilən taxıl da qurtaranda, Ceykob oğlanlarını yenə ərzaq dalınca ora göndərdi. Bu dəfə də qardaşların kisələri taxılla dolduruldu və İosif adamlara göstəriş verdi ki, öz gümüş camını ən kiçik qardaşın kisəsinə qoysunlar. Vətənə dönən qardaşlar bir qədər getdikdən sonra onları dayandırıb, yaxşılığa cavab kimi niyə pislik etdiklərini soruşmağı tapşırdı.

İosifin adamları bunu edib qardaşlardan soruşdular ki, niyə onlar ağalarının gümüş camını oğurlayıblar? Qardaşlar İosifin nökərlərinə dedilər ki, kimdə oğurluq cam tapılsa, o, öldürüləcəkdir, qalanları isə sizin qullarınıza çevriləcəkdir. Lakin nökər bildirdi ki, kimin kisəsindən cam tapılsa, o, mənim qulum olacaq, qalanların hamısı azad buraxılacaqdır. Nökər diqqətlə axtaranda, cam Bencaminin kisəsində tapıldı.

Qardaşlar İosifin evinə gəldilər, onlardan biri dedi ki, Allah bizim təqsirimizin üstünü açdı. Bizim hamımız artıq sənin qullarınıq. Sonra onlar Bencamin barədə təveqqə etməyə başladılar, çünki o, qayıtmasa, atası dərddən öləcəkdi. İosif qardaşlarına özünün kim olduğunu dedi və onları atalarının yanına göndərdi ki, ona çatdırsınlar ki, oğlu İosifi Allah Misirin hökmdarı etmişdir. Bundan sonra Ceykob bütün ailəsi ilə birlikdə Misirə gəldi.

Böyük qardaşlarının xəyanətinə İosif belə alicənablıqla cavab verdi, onları ən yaxşı əyalətdə yerləşdirdi. Onlar əvvəlki tək burada da heyvandarlıqla məşğul olmağa başladılar. Çar öz mal-qarasını da onlara tapşırdı. İosif onlara mülkiyyət verdi, ərzaqla təmin etdi.

İosif (Cozef və ya Yusif peyğəmbər) təkcə müdrikliyinə görə deyil, həm də ədalətinə, rəhmdilliyinə görə ad çıxardı. Qardaşlarının xəyanətini nəinki bağışladı, heç bu hadisəni yada da salmadı. Allah onun taleyinin olduqca uğurlu olması, Misirdə böyük nüfuz qazanması üçün hər şeyi etmişdi.

Ceykob (Yakov və ya Yəqub peyğəmdər) İsrail millətinin patriarxı hesab olunur. O, ilahi varlıqla mübarizə apardıqdan sonra İsrael (bu söz “o, Allahla mübarizə aparır” mənasını verir) adlanmışdı. Onun iki arvadından və kənizlərindən 12 oğlu olmuşdu. Yəhudi ənənəsinə görə, İsrailin 12 tayfası onlardan öz başlanğıcını götürür. Əlbəttə ki, Bibliya versiyalarının dəqiq olduğunu güman etmək də düzgün deyildir, çünki onda təsvir olunan hadisələr bir neçə əsr sonra qələmə alınmışdır. Obrazlarda da dəqiqlik olmaya bilər.

Göründüyü kimi, Bibliyanın müqəddəsləri yalan işlətməkdən nəinki çəkinmirdilər, heç bunu qəbahət də hesab etmirdilər. Bibliyanın təsdiq etdiyi kimi, Allah ilk günah sahiblərini cəzalandırdığı halda, yalana əl atanları cəzalandırmaq əvəzinə, onlar üçün də xoşbəxt tale yolu yaradır. Ceykob hələ çox gənc olarkən qardaşını aldatmaqla onun ilk doğulan oğul hüququna yiyələnməklə kifayətlənməyib, atası İsaakı da aldadaraq ondan qardaşına çatacaq xeyir-duanı almışdı. Bu isə ona nəsildə böyük səlahiyyətlər bəxş edirdi. Eyni müvəffəqiyyətlə o, öz dayısını da aldadıb, onun var-dövlətinə sahib çıxmışdı və bu məsələdə də Allahın köməyi onun dadına çatmışdı.

  

Qədim yunan mifologiyasında hiyləgərlik və məkr əməlləri

 

Qədim yunan mifologiyasında da ilahi varlıqlar və qəhrəmanlar addımbaşı yalana, aldatmaya, məkrə əl atırlar.

Ali yunan allahı, Olimpiya allahlarının başçısı Zevs öz şəhvətini söndürmək üçün öləri qadınları müxtəlif yollarla aldadıb, onlarla yaxınlıq edirdi. Onun çox saydakı öləri arvadlarından Afrodita, muzalar, Apollon və Artemida, Yelena, Herakl, Minos və digər uşaqları olmuşdu. O, Sparta çarı Tindareyin arvadı Ledanın yanına qu quşu sifətində gəldi və bu ittifaqdan Yelena və ekiz qardaşlar doğuldu. Bu həmin füsunkar Yelenadır ki, Parisə qoşulub qaçdığına görə Troya müharibəsinin başlanmasına səbəb olmuşdu.

Zevs digər qadınları da aldatma yolu ilə ələ keçirirdi. O, əl öküzünə çevrilib, Finikiya çarının sahildə oynayan qızı Yevropanı belində dənizdən keçirib Krit adasına aparmış, burada onunla yaxınlıqdan Yevropa gələcək Krit çarı Minosu doğmuşdu. Zevsin Dionadan olan qızı, yunan məhəbbət və gözəllik ilahəsi Afrodita da atası kimi şəhvətini cilovlaya bilməyib, əri Hefestə xəyanət edib, Areslə yaxınlıq etmiş və ondan Erotu doğmuşdu.

Titanın oğlu Prometey də qurban vermə vaxtı Zevsi aldadıb, gildən insan yaratmışdı. Zevs bu aldatmadan agah olduqda insanları oddan məhrum etdi. Lakin Prometey odu oğurlayıb, adamlara çatdırdı. Ona görə də Prometey insan tərəqqisinin simvolu hesab olunur. Yunan titanı Atlant titanların allahlara qarşı mübarizəsində iştirakına görə (mübarizədə allahlar qalib gəlmişdi), cəza kimi Yerin qurtaracağında Göyü öz çiyinlərində saxlamalı idi. Herakl, Atlant ona Gesperidlərin qızıl almalarını ələ keçirməkdə kömək etdiyinə görə bir müddətə onun yükünü öz üzərinə götürdü. Herakla ancaq hiyləgərliklə Göy qübbəsini yenidən Atlantın çiyinlərinə yıxmaq mümkün oldu.

Sonralar Heraklın özü də məkrin qurbanı oldu. Kentavr Ness Heraklın arvadı Deyaniranı çaydan keçirərkən onu zorlamaq istədikdə, Herakl oxla onu öldürdü, həmin ox isə Lerna gidrasının odu ilə zəhərlənmişdi. Herakldan qisas almaq istəyən Ness Deyaniraya məsləhət gördu ki, onun qanını toplayıb saxlasın, çünki bu qan ona Heraklın məhəbbətini qaytarmağa kömək edəcəkdir. Sonralarsa Deyanira Heraklın gözəl İolaya evlənməyə hazırlaşdığını bildikdə, bu vasitədən istifadə edib, ərinə Nessin zəhərlənmiş qanı hopdurulmuş bir xiton göndərdi və bu paltar Heraklın məhvinə səbəb oldu. O, bu plaşı geyindikdə, zəhər bədəninə yeridikcə dəhşətli ağrıya dözə bilmirdi və bu ağrıdan xilas olmaq üçün özünü tonqala atıb yandırdı.

Kentavr Nessin məkri və arvadının qısqanclığı öz igidlikləri ilə qədim dünyanı heyran edən Heraklın varlığına son qoydu. Axı hər bir məkr yalnız başqasına ziyan toxundurmaq, onu məğlub etmək, bəzən isə hətta qaçılmaz ölümə göndərmək məqsədini güdür. Arvadın öz ərinə qısqanclığı da ən azı ailədəki münasibətlərin korlanmasına, ən möhkəm ittifaqda çat əmələ gətirməklə, onun dağılmasına gətirib çıxarır.

Mikena çarı Atrey arvadını ələ keçirib, onunla yaxınlıq etdiyinə görə qardaşı Fiesti ölkədən qovmuşdu. Sonralar, guya barışmağa hazır olduğunu bildirib, Fiesti dəvət etdi ki, Mikenaya qayıtsın. O, gəlib çıxanda Atrey onun oğlanlarını öldürüb, doğrayıb, onların əti ilə atalarını yedirtdi. Fiestin sonralar doğulan oğlu Egisf əvvəlcə Atreyi, sonralar isə həmin intiqam hissindən onun oğlu Aqamemnonu öldürdü. Bu nəsil “Atrid lənətinə” tuş gəldi.

 Miflərlə tarixi hadisələrin sintezinin təsviri verilən Homerin “İliada” poemasında yunanlarla troyalıların on il davam edən müharibəsinə, Troyanın mühasirəsinə son qoymaqla yunanlara arzuladıları qələbəni bəxş edən bir hiyləgərlik hadisəsi xüsusi yer tutur. Bu hadisə Odisseyin hiyləgərliyinin və yunanların məkrinin ən böyük nümunəsi idi.

Aqamemnonun başçılıq etdiyi yunanlar onun qardaşının arvadı, füsunkar Yelenanı qaçırmış Troya printsi Parisdən intiqam almaq məqsədilə Troyaya hərbi yürüş həyata keçirdilər. Müharibə və İlionun mühasirəsi on il ərzində davam etsə də, heç bir tərəf həlledici üstünlüyə malik deyildi. Bu vaxt yunanlar Odisseyin məsləhəti ilə troyalılara at hədiyyəsi vermək qərarına gəldilər. Onlar ağac materialdan at şəklində nəhəng qurğu düzəldib, onu ilahə Afinanın hədiyyəsi kimi təqdim etdilər. Atı Troyanın divarı yanında qoydular. Kahin Laokoonun və çar Priamın öncəgörən qızı Kassandranın xəbərdarlıqlarına baxmayaraq, troyalılar atı dartıb şəhərə gətirdilər. Bədbəxt Laokoon bu xəbərdarlığına görə yunanları himayə edən ilahi qüvvələrin göndərdiyi ilanların sancması nəticəsində iki oğlu ilə birlikdə ölsə də, troyalılar onların ölümünü də özlərinin xeyrinə olan ilahi əlamət hesab edib, hədiyyəni qəbul etmək qərarına gəldilər.

Atın içərisində ən yaxşı yunan döyüşçüləri gizlənmişdi, gecə düşəndə onlar atın “qarnından” çıxıb, mühafizəçiləri öldürdülər və yunan qoşunlarını şəhərə buraxdılar. Bu yolla yunanlar qalib gəldilər.

Troya atı güclü şəhər-dövlətin məhvində xüsusi rol oynadı. Yunanların (danaylıların) hədiyyəsi əsl məkr nümunəsi olmaqla öz işini gördü. Ona görə də qədim Roma şairi Vergili yazmışdı. “Quidquidest, timeo Danaos et dona ferentes” – “O nədən ibarət olsa da, danaylıların gətirdiyi hədiyyədən qorxuram”. Buradan da sirrli, məkrli niyyəti bildirən “Troya atı” ifadəsi yaranmışdır.

Bu ifadəni bilməməyin özü də bəzən xoşagəlməz hadisələrin baş verməsinə səbəb olur. Uzun müddət ərzində SSRİ Televiziya və Radio Komitəsi sədrinin birinci müavini, 1945-46-cı illərdə keçirilən Nyurnberq Beynəlxalq Tribunalında isə tərcüməçi işləmiş Ənvər Məmmədov yazırdı ki, faşist Almaniyasının rəhbərliyində ikinci şəxs sayılan German Gerinq mühakimə vaxtı obrazlı danışmaq, qədim yunan mifologiyasına müraciət etməklə çıxışlarına sanbal vermək üslubunu seçmişdi. Bir dəfə alman dilindən ingilis dilinə tərcümə edən qız (tribunalda sinxron tərcümə gedirdi) müttəhimin danışığını başa düşmədiyindən tərcüməni dayandırdı və səbəb kimi izah etdi ki, Gerinq nəsə bir at barədə danışır, o, isə heç nə başa düşmür. Gerinq “Troya atı” ifadəsini işlətmişdi, tərcüməçi qıza isə bu naməlum bir termin idi. Yalnız tərcüməçi dəyişdirildikdən sonra məhkəmə prosesi davam etdirildi. Qədim yunan mifologiyasına və Homer yaradıcılığına biganəlik intellektin kasadlığından xəbər verir. Ümumi savadı aşağı olan tərcüməçilər isə bir qayda olaraq öz fəaliyyətlərində “Sizif zəhməti” ilə üzləşməli olurlar.

 

 

Tarixdə rast gəlinən bəzi misallar

 

 

Yalana, məkrə, hiyləgərliyə təkcə miflərdə deyil, qədim yunanların və digər xalqların tarixində də rast gəlmək mümkündür. Bu hadisələr özünəməxsus qaydada tarixi bənzəməyə xidmət edirlər. Qədim Afinada tiran Pisistrat hakimiyyətə hiyləgərlik yolu ilə gəlmişdi, o, siyasətdə ustalıqla oyun oynamağı bacarırdı. O, özünü döyüb, üz-gözünü göyərmiş yerlərlə bəzədi və dedi ki, o, müharibə qəhrəmanıdır, buna görə ona cangüdənlər ayırdılar və onların köməyi ilə o, hakimiyyət kürsüsünü ələ keçirdi. Bir qədər sonra o, vəzifəsindən uzaqlaşdırıldı, müəyyən fasilədən sonra o, uzunboylu bir qadın tapıb, onu yaxşı geyindirdi və onunla birlikdə şəhərə daxil oldu. Qabaqda gedən carçı qışqırırdı ki, Pisistrat şəhərə Afina Pallada ilə daxil olur. İlahənin onu himayə etdiyini eşidən xalq artıq ona etiraz edə bilmədi və o, yenidən hakimiyyətə yüksəldi. O, fasilələrlə bizim eradan əvvəl 561-ci ildən 527-ci ildə ölənə qədər Afinada hökmranlıq etdi. Onun idarəçiliyi mülayim tiraniya idi. Kiçik fermerlərə torpaq payı verdiyinə görə xalq arasında populyarlıq qazanmışdı, tikinti-abadlıq işlərinə böyük diqqət verirdi, şəhəri gözəlləşdirdi. Öldükdən sonra onun oğlu Hippi b.e.ə. 527-510-cu illərdə hökmranlıq etdikdə irticaya yol verdiyinə görə sürgünə göndərildi və beləliklə, Afinada tiraniyaya son qoyuldu.

Qədim Romada varlı adamlar və hətta imperatorlar evlərində hamamlarının olmasına baxmayaraq, ictimai hamama gedirdilər. Bir dəfə imperator Adrian (o, 117-138-ci illərdə imperatorluq etmişdi) hamama gəldikdə, gördü ki, birisi kürəyini divara sürtür. İmperator maraqlandıqda, ona dedilər ki, həmin adamın qulu olmadığına görə belini beləcə sürtməyə məcbur olur. İmperator ona bir qul verdi. İkinci dəfə Adrian hamama gələndə gördü ki, iyirmiyə qədər adam kürəyini divara sürtür. Lakin imperator heç də səfeh adam deyildi, o dedi ki, əgər qulları yoxdursa, qoy bir-birlərinin kürəyini sürtsünlər. Ağ yalanla ancaq maymaqları, səfehləri aldataq olur, ağıllı, ayıq adamlar çox vaxt yalanın hörümçük torundan uzaq qaçmağı bacarırlar.

Xristianların XI əsrin sonundan başladıqları Səlib yürüşləri din bayrağı altında Palestinada günahsız insanlarn qanının geniş miqyasda axıdılması ilə yanaşı, digər dəhşətli hadisələrlə də əlamətdardır. Roma Papasının başçılığı altında din xadimləri Səlib yürüşlərinin təşkili üçün hər cür məkrə əl atırdılar.

 

(Ardı var)

Telman Orucov

 525-ci qəzet.- 2014.- 22 fevral.- S.15.