Kölgə
(qədim Şra Sinda rəvayəti)
Qədim zamanların birində Cadugərlər ölkəsində
bir sənətkar yaşayırdı. Günlərin bir günü günorta vaxtı evinə gedən yerdə sonuncu tin ayrıcına çatıb
sağa dönərkən
hiss elədi ki, kölgəsi bədənindən
ayrıldı və
sola döndü. Sənətkar kölgəsinin arxasınca
təəccüblə baxıb
yoluna davam etdi. Yaşadığı evin qapısına
qədər kölgəsiz
gəldi.
Bu çox qəribə hiss idi və indiyənə
qədər o heç
zaman belə vəziyyətə düşməmişdi.
Quş kimi yüngül olmuşdu, elə bil, çəkisi yox idi. Evə çatan kimi bu məsələnin mahiyyətini, ona nə zərər verə biləcəyini öyrənmək istədi.
Məhlədə bir neçə
cadugər vardı.
Ən yaxında olanı iki küçə o yanda yaşayırdı.
Onun dalınca adam göndərdi.
Cadugər gəldiyində Sənətkar
günorta vaxtı baş verən hadisəni olduğu kimi ona danışıb
hadisəyə aydınlıq
gətirməyini xahiş
elədi. Kölgəsiz necə olacaqdı?
Kölgəsiz yaşamaq bir
adama indiyə qədər müyəssər
olmuşdumu? Bu, qorxulu deyilmiydi?
Cadugər ona diqqətlə qulaq asdı və gözlərini yumub bir dəqiqəyə
yaxın sükut içində qaldı. Sonra özünə gəldi və belə dedi:
– Sən bu gün
həmən tin ayrıcında
cadugərə çevrilmisən.
Bunu mələklər də edə bilər, şeytanlar da. Onlar zaman-zaman bunu edirlər. Mən də anamın
qarnında cadugər olmamışam. Belə bir
axşamların birində
çox-çox illər
bundan əvvəl mənim də kölgəm bədənimdən
ayrılmışdı. Mən də o vaxtdan cadugər oldum. İnsanlara xidmət eləmək yolunu seçdim.
Sənətkar bunu eşidib sevindi. Cadugərə qiymətli
hədiyyələr verdi. Cadugər gedərkən ondan xahiş elədi:
– Səndən ricam budur ki, bunu
heç kimə deməyəsən. Mən cadugərliyimdən
ancaq öz həyatım üçün
istifadə etmək istəyirəm.
Cadugər cavab verdi:
– Əsas məsələ
budur ki, sən cadugərliyini gizlədib insanlara xidmət eləməkdən
vaz keçsən, kölgən yenidən gəlib səni tapmaq, sənə yapışmaq istəyəcək. Sən bacardıqca
öz kölgəndən
qaçmalısan. Kölgən səni tapsa, o daha sənin davamın olmayacaq, o səndən dəhşətli
intiqam alacaq. Bir dəfə cisimdən ayrılan bir daha cisimə birləşməz.
Bu sözlərdən sonra Sənətkar xeyli düşündü. Kölgəsindən qaçıb gizlənməyi
necə həyata keçirəcəkdi, bunun
planını qurdu.
Bütün gecəni ağır
düşüncələr içində keçirdi.
Nəhayət, kölgəsindən gizlənməyin yolunu tapdı.
Sənətkara bir cadugər həyatı lazım deyildi. O öz sənətkar
həyatını davam
eləməyi, özü
üçün yaşamağı
qərara aldı. Ona qibtə edənlərə o belə
deyirdi: “Siz yerdə sürünənlər
mənə göylərdə
pərvaz etdiyim üçün həsəd
aparırsınız. Mən isə
sizə deyirəm ki, bilin və
agah olun. Göylərdə sizin üçün
maraqlı heç nə yoxdur. Göylərdə, ümumiyyətlə, maraqlı heç nə yoxdur”.
Sənətkar kölgəsini bir daha görməmək üçün, daha doğrusu, kölgəsinin
onu bir daha
tapmaması üçün
ilk öncə adını
azdırmaq istədi. Adını yanına
çağırdı. O artıq bunu edə bilirdi. Və o təəccüb eləmədi
ki, adı bir anın içində
onun çağırışı
ilə qarşısında
zühur elədi.
– Mən istəyirəm ki, sən dönüb
başqa bir sözün libasına bürünəsən və
görünüşünü dəyişəsən.
Biz kölgəmizdən gizlənməliyik. O bizi
yenidən tapmamalıdır.
Adı onun qarşısında müticəsinə baş
əyib dedi:
– Necə arzu edirsiniz, elə də olsun.
Adını dəyişəndən sonra
qurduğu plana uyğun olaraq Sənətkar istədi ki, öz görünüşündə
də müəyyən
dəyişiklik eləsin. Bunu da eləmək çətin
olmadı. Bir anın
içində Sənətkar
ağbəniz birindən
qarabəniz və daha cavan bir
adama çevrildi.
Köhnə görüntüsü mütəəssir bir halda ondan uzaqlaşıb
havadaca əridi.
Daha sonra evi dəyişmək, iş yerini
dəyişmək, qohum-əqrabasından
üz döndərib onlar üçün yox olmaq lazım
idi. O elə etdi ki, qohumları
artıq onu görə bilmirdi, o isə istədiyi zaman qohumlarını görüb başqa qiyafətdə, başqa
ad altında onlarla
söhbət edə bilirdi.
Sənətkar bununla da kifayətlənmədi. Ən çətin
məqam yaxınlaşırdı.
Sevgilisini dəyişmək lazım idi. Bu elə də
asan olmayacaqdı.
Kölgə onun sevgilisini
elə onun özü qədər tanıyırdı. Bu vəfalı
qız ona elə isnişmişdi ki, nə zamansa
ayrı ola
biləcəklərini ağlına
da gətirmirdi. Amma Sənətkar bu çətin işin də öhdəsindən
gələ bildi.
İndi
o əvvəllər, yəni,
kölgəli zamanlar tanımadığı gözəl
bir qızla sevişirdi. Hər gün
ya Sənətkarın
evində, ya da qızın bağçasında onlar
görüşürdülər. Qızın bağçası köhnə
sevgilisinin qonşuluğunda
idi. Bu saf məhəbbət hətta
Sənətkarın artıq
onu tanımayan və həsrətindən
ağlayıb-ağlayıb az qala gözlərinin
nurunu itirmiş köhnə
sevgilisini də riqqətə gətirirdi. Yeni sevgilisi gilas
ağaclarının altında
oturub onun başını nəvazişlə
dizləri üstünə
alır, incə barmaqları ilə yorğun gicgahlarını
yumşaq-yumşaq ovuşdurur,
zərif səsilə
Sənətkarın bəstələdiyi
mahnıları onun özü üçün
oxuyurdu.
O bu məftunedici səsi dinlədikcə ruhu dincəlir, köhnə sevgilisini gördüyü zaman ona əzab verən
düşüncələrindən bir müddət xilas olurdu.
Bir dəfə gecənin bir yarısı evində yatdığı zaman Sənətkara elə gəldi ki, həyətdən onu kimsə çağırır. Ayağa durub həyətə çıxmaq istədi, amma qapını açan zaman fikrini dəyişdi. Həyətdən gələn səs kölgəsinin səsinə oxşayırdı. Cadugər olduğu üçün o bunu son dəqiqədə hiss edə bilmişdi. Səs elə yazıq-yazıq, elə yanıqlı-yanıqlı onu çağırırdı ki, Sənətkarın ürəyi sıxıldı, amma o yenə də özünü ələ alıb həyət qapısını bərk-bərk bağladı və qulaqlarını pambıqla tıxadı.
Sabahı gün Sənətkar bu əhvalatı sevgilisinə danışdı. Beləliklə, sevgilisi onun sirrini bilən yeganə canlı, cadugər olmayan insan oldu. Qız həmişəki nəvazişlə onun başını dizləri üstə alıb sığalladı və bu dəfə ona tanış olmayan qəmli bir mahnını zümzümə eləməyə başladı. Mahnını tanımaması Sənətkara qəribə gəldi. Cadugər bu mahnını tanımalıydı.
– Bu mahnını sən başqa adın və başqa vücudun içində yaşayanda bəstələmisən. Sən onu unutmusan? – Sevgilisi öz zərif səsilə soruşdu.
– Unutmuşam... – O, tutqun və fikirli bir halda cavab verdi.
Onun qorxduğu başa gəlmişdi. Kölgəsi onu tapmışdı. Sona qədər kölgədən gizlənmək mümkün olmamışdı. O gecədən sonra onun cadugərliyinin gücü əriməyə, azalmağa başladı.
Bir gün sənətkar sevgilisinin yanına gələndə onu evdə görmədi. Sevgilisi görüş yerini səhv salmışdı. Qonşuluqda yaşayan köhnə sevgilisi həmən gilas ağacının altında oturmuşdu, dedi ki, sevgiliniz sizinlə sizin evdə görüşəcəyini güman edirdi. O indi şəhərin dar küçələri ilə sizin evə tərəf gedir, bir az tələssəniz onun arxasınca gedib ona çata bilərsiniz. Gedə-gedə o mahnı oxuyur. Siz onun səsindən yapışa bilsəniz, özünü də tapacaqsınız.
Sənətkar nə qədər gücünü bir yerə yığsa da sevgilisinin hansı küçə ilə getdiyini özü üçün aydınlaşdıra bilmədi. Cadugər kimi gücü xeyli zəifləmişdi. Son gücünü toplayıb qızın zərif səsini qulaqlarında canlandıra bildi. Sənətkar bu səsdən yapışıb əyri küçələrdən keçə-keçə sevgilisinin iziylə getdi. Səs get-gedə daha zəif eşidilirdi. Amma Sənətkar yaxşı bilirdi ki, bu səs onun çox-çox əvvəllər yazdığı qəmli mahnını oxuyur.
Səs onu tanış yolla köhnə evinə sarı apardı. Həmən tanış tinə çatanda sevgilisinin səsi qırıldı və elə bu an Sənətkarın bədəninə ağır bir yük daxil oldu. Kölgəsi ondan ayrılan yerdə yenidən onun bədəninə girdi.
Sevgilisi Sənətkarın evinə çatıb qapını döyəndə içəridən səs gəlmədi. Kimsə qapını açmadı. Yol ilə gedən bir cadugər qıza kömək elədi. Qapını açdı, “bizim işimiz cadugər olmayanlara xidmət eləməkdi” deyib qızın təəccübünə fikir vermədən onunla bir yerdə içəri daxil oldu.
Sevgilisi çarpayıda tərpənməz bir halda uzanmış bu ağbəniz adamı az qala tanımadı. Sənətkarın açıq gözləri təəccüblə ona baxırdı. Bədəni hələ isti idi. O, bir az əvvəl keçinmişdi.
Kamal Abdulla
525-ci qəzet.-
2014.- 22 fevral.- S.20.