Azərbaycanşünaslıq məktəbinə vətənçilikdən başlanan yol

 

 

Milli ideologiyamızı əməllərində yaşadan, inkişaf etdirən şəxslərin elmidəbi fəaliyyətlərini araşdırmağa həmişə maraqlı olmuşam. Bu maraq məni onların vətənçilik əxlaqına münasibətlərilə bağlı fikirlərimi oxucularla paylaşmağa sövq edib. İndiki məqamda qəlbi milli təəssübkeşliklə döyünən, yurduna, torpağına bağlılığını Yaradanın lütfü sayəsində sahib olduğu elmi-ədəbi yaradıcılığı ilə inkişaf etdirən bir xanım sənətkarın, filologiya üzrə fəlsəfə doktoru, şairə Sona xanım Vəliyevanın da qədərincə bitkin və dəyərli olan vətəndaşlıq mövqeyinə, Azərbaycançılıq ideologiyasının tədqiqatçısı kimi, əməli fəaliyyətinə nəzər yetirməyi qərarlaşdırdım. Haqqında öyrəndiklərimdən ilk təəssüratım bu oldu ki, sözünün, həm də şəxsiyyətinin yüksək dəyərlərə tapınması, cəmiyyətdə sadə və rahat qəbul edilməsinin başlıca səbəbi "xaraktercə iddiaları aşıb-daşan insan" olmaması, bu həyatda missiyasının lirik-fəlsəfi, elmi-ictimai mövzularda əsərlər meydana gətirməsi qayğıları ilə yaşamasıdır.

Beləliklə... Gəlin tələsməyək. Buna qədər Sona xanımın ata ocağından boy göstərən yurd sevgisi, bu sevgidən tumurcuqlayan vətənçilik əxlaqına bağlılığı var. Ata ocağından görünən vətən... Bu, Sona xanımın göz açdığı ailədən, Tənənəm kəndindən boy göstərən vətəndi.

S.Vəliyeva Azərbaycan təbiətinin predmetlərini - dağını, daşını, qayasını, ağacını... vətənə məhəbbətin simvolu kimi görür. Təbiətdən gələn bu sevgi qətrə-qətrə qəlbinə dolur, arzu-kam kimi boy atır, ona can verir. Təbiətlə ovqatı arasında oxşarlıqlar, paralellər görür. Məhv olan ağacın halına doğma balasına acıyan təki yanır. Bu da qoşalaşan, tənləşən dərdlərin harmoniyası: "Mən ruhu tənhanı bitir yanında. Yol üstə yolların aşiqi çinar". Təbiətlə bunca məhrəm qəmxoşluğuna Vətən sevgisindən başqa nə ad vermək olar? Ocağının közərən közü kimi ailəsinə ilıq bir sevgi bəxş edən, Azərbaycan ailəsinin milli xarakterini qoruyan bir qadının, ananın sözü, əməli bu sevgidən qor alır. Elə Sona xanımın burnundan kənd iyi çəkilmədiyindən şəhərli ola bilməməsi etrafı torpağa bağlılığının poetik etirafıdır. Mən burda şəhərli donundakı kəndli qızının təpədən dırnağacan azərbaycanlı olduğunu gördüm. Bu Azərbaycanlı ananın əllərindəki gücün, hərarətin balasının ömründə işığa, nura qərq etməyə qadir olduğuna doğmaca bir rəğbətim oyandı.

Bu sevginin bir qolunda da "Arazbarı" dayanır. Xalqımızın əsrlərin dərinliyindən gələn harayıdı, içi dərd-ələm dolu dastanımızdı "Arazbarı".  Zaman-zaman yükləndiyimiz ağrıların, "Göyçə, Təbriz, Şuşa" dərdimizin acısı, sızıltısıdı "Arazbarı". Bir yannan da yarıya bölünmüş Azərbaycanımızın dərdlərinə dözüm gətirən bir məlhəmdi, muğam adlı dastanımız. Dərdlərimizin içindən boylanan sabahlarımızın, bütövləşmək, müdrikləşmək inamının özüdür "Arazbarı". Axı dərdlərin də öz dərsləri, küsnətindən, acısından uzaq olmaq müdrikliyi var. Gör ki, azərbaycanlı qadının nəfəsində ulu yaddaşımızı oyadan, poetik səsindən-sözündən ilmə-ilmə toxunmuş Azərbaycan sevgisidi "Arazbarı". Sona xanımın "Arazbarı"sından qədim, çox qədim olan Azərbaycanın özü görünür.

S.Vəliyevanın "Arazbarı"sının üstündə yeddi rəngin minbir çalarıyla "Azərbaycan xalısı"  toxumaq olar. Nağıllar aləminin içi möcüzələrlə dolu qəsrlərini tikmək, adına saysız dastanlar bağlamaq olar. Bu dastanları elmin, mədəniyyətin, ədəbiyyatın ən yeni, həm də ənənəvi üslubunda, Azərbaycançılıq ideyalarının qolları üstə tədqiq etmək olar. Çox dərin mövzudu: "Mən fələyin qarğanmışı, dərdim bütöv, torpaq yarı - "Arazbarı".

Şairənin belə ağrılı şeirləri bir kökdən-ovqatdan, bir ünvandan yol gəlir. Vətən adlı evin içindən, o evin qəm yükündən, həsrətindən, qəlbləri yandıran göz yaşlarından axır, elə hey axır. Amma kədərli ovqatın özü də kamilliyə, müdrikliyə söykənir. Şəhid balasının axıtdığı göz yaşlarına dözməyən qadının, ananın bağrından qopan naləsi kimi:

 

Ağlama, çinar balası,

Yaran dərindi, dərindi.

Bu da bir haqq ucalığı,

Tanrım sənə göndəribdir.

 ("Ağlama, şəhid balası")

 

Bu etiqad, inam eldən gəlir, şairənin sözündə göyərir. Müəllif oğulları düşmən çəpəri yerində görür, vətəninin vüqarla dayanmış qayasına bənzədir. Oğulların içində boy göstərən öz balasını, "Sən Tanrının vətənə "yanvar" payı, Gedənlərə əvəz, elə gərəksən, oğlum, - deyə qəlbində od daşıyanların davamçısı kimi görmək istəyir.

"Ata evim" bir gerçək nağıl aləmidi. Özü də şirin, çəhrayı bir çiçəyin ətri  duyulan şirin bir nağıl. Köhlən atını xatirələrin içiylə səyirdən atasının qız balasının, ata evinin müdrikliyini, milli dəyərlərimizi özünün həyat tərzində, təfəkküründə yaşadan Sona xanımın dünyası gerçək olan romantik duyğularla, vətənçilik əxlaqı ilə zəngindir. Bu düşüncədəykən qulağıma hər kəsin ürəyini titrədən "Qaragilə"nin səsi gəldi.

 

Gəldim qəlb evinə sevgi olmağa,

Gəldim üsyan edəm ayrılıqlara,

Gəldim qaçıram lap uzaqlara,

Yolum kəsən oldun, ay Qaragilə.

                             ("Ay Qaragilə")

 

"Qaragilə" "Arazbarı"nın içində közərən bir oddur. İllərdi, qərinələrdi qəlbimizi dağlayır, biz bu yanğılardan qopa bilmirik. Bircə onnan təsəlli tapırıq ki, sonu bütövləşməkdi. Vətən yarı ola bilməz ki!

S.Vəliyeva "Sərçələrin yurd sevgisi"ndə yadların doğma torpaqlarımıza sahiblənmək haqsızlığına,  sökülən evlərin yaddaşa gömülən nisgilinə, keçmiş xatirələrin unudulması faciələrinə həssaslıqla qulaq söykəyir. Ən zəifimizdə belə, bir sərçəcə təpər görmək istəyir. Burda bədii detallar, epitetlər elə bir ustalıqla işlədilir ki, bu ədəbi sahmana, bədii duyuma heyrətlənməyə bilmirsən. Bu, yurda bağlılığın qəlbindən, ruhundan süzülüb gələn Azərbaycançılıq təfəkkürünün işığıdır.

S.Vəliyevanın vətənçiliklə bağlı düşüncələri bütöv anlamda belə bir qənaətimin yaranmasına yol açdı: Sona Vəliyeva poeziyasında vətənin obrazını yaradıb. O bu vətənə, "Arazbarı"dan qopan dərdlərə qəlbini açmış, "ana südü, dağ çiçəyilə" Vətənin yaralarına məlhəm çəkə bilimişdir.

 Mən onun publisistikasında da ruhun, ictimai fikrin illüstrativ, lakonik ifadəsini duydum. Sona Vəliyevanın  publisistika yaradıcılığında ictimai şüurumuza vətənçilik, Azərbaycançılıq ideyaları ilə təsir edən sənətkarların ömür yolu, ictimai-ədəbi fəaliyyəti başlıca mövzulardandır. Bununla yanaşı mətbuat tariximizin yaranması və inkişafı yolları Cümhuriyyət dövrünün, eləcə də sonrakı 70 illik sovet rejimində yığılıb qalmış problemlərin yeni dövrdə həlli yolları, Ulu Öndərin mətbuatımızın azad və müstəqil inkişafına göstərdiyi qayğısı qədirdanlıqla öyrənilir, tarixilik baxımından çözülür. Bu araşdırmalarda həm də iti təfəkkürlü bir publisist cəsarəti ilə erməni məkrinin ifşası, yurd-torpaq itkisinin ağrılarına vətəndaş yanğısı, inadkarlığı duyulur. Bu tarixin inkişafı mərhələlərində KİV-in müstəqil, azad fəaliyyətlərinin Ana sənəddə, Konstitusiyamızda əksi sahənin işində, milli mənafelərə söykənməklə yeni inkişafa yol alır. Bu yola işıq salan, onun həyatına azad nəfəs bəxş edən ümummilli lider Heydər Əliyevin xidmətləri, gördüyü işlərin tarixi faktların işığında ifadəsi Azərbaycançılıq ideyalarına söykənir. Bütün bu araşdırmalarda dövlətin qayğısı, dəstəyi ilə inkişafa yol alan milli mətbuatımız və onun yaratdığı mühitin ab-havası barometr dəqiqliyi ilə təqdim olunur. Belə maraqlı və dərin araşdırmaları publisistin yaradıcı şəxsiyyətlərin sənətkar talelərinə çilədiyi işığın cazibəsində də görmək mümkündür.

Müəllif, Ə.Əzimzadə haqqında sözündə rəssamın, xalqın ədəbi-mədəni  xəzinəsinə bəxş etdiyi sənət incilərini zərif, incə zövqlü bir qadın ürəyilə duymağı bacarıb. Sona xanım "yoxsulluqdan şöhrətin əlçatmaz zirvəsinədək yüksəl"işin bir gecənin sehri olmadığını oxucuya təlqin edib. Milli varidatını ruhunda, düşüncəsində və həyatın rənglərində seçib axtaran insan oğlunun mənəvi aləmini çağdaşı, ruhdaşı kimi söz-söz toxuyub. Rəssamın həyat tablosunda portretini bir rəngkar kimi yarada bilib.

O, görkəmli şəxsiyyətlərin sənətkar taleyində öyrənilməmiş, qaranlıq qalan nüansları, bədii detalları arayıb-axtarıb təqdim etməyə hər zaman mənəvi ehtiyac duyur. "30 illik İlahi ömür"də publisistin zamana baxışı, rəssamın rənglər dünyasından əxz etdiyi dəyərlər sənətkarı oxucuya məhrəm edir. Taleyinin qəribəliyinə, özəlliyinə heyranlıq yradır. "Bir ömrün 30 illik mövcudluq tarixi...Adi hesab və vaxtla, zamanla 30 il ölçüdürsə, mənalı sənətkar ömrü üçün  minlərlə insanın adi ömrünü özündə cəmləşdirən sıxlaşmış zaman ölçüsüdür". B.Kəngərlinin sənət əsərlərinin mövzusu, sənətkarlıq ecazı, zamanla bağlı faciələr, milli bəlaların gətirdiyi dərdlər bütünlükdə boyakarlıq möcüzəsinə sığınır.

B.Kəngərlinin tale yazısı insanı göynəkli, nostalji ovqatı içində düşündürür. Burda rəssamın xəstəliyi, şikəstliyin yaşamağa imkan vermədiyi, elə gəncliyindəcə qırılan ömrə kədərləniriksə, bir tərəfdən də gəncliyə  örnək olan barlı-bəhərli sənətkar taleyi qəlbimizi duyğulandırır.

"Molla Nəsrəddin" və Azərbaycan"da məzmunca yeni olan araşdırmayla qarşılaşırıq. Vaxtilə F.Köçərlidən başlayaraq, Ə.Mirəhmədov, M.Məmmədov, Ə.Şərif, M.Qasımov, Ə.Nəzmi, M.C.Paşayev, N.Axundov, F.Hüseynov, İ.Həbibbəyli kimi ustadlar jurnalla bağlı maraqlı tədqiqatlar aparıblar. Və böyük bir nəsil "Molla Nəsrəddin"i məhz onların araşdırmalarından öyrəniblər.  Bu gün jurnalın qeyri azərbaycanlı olan rəssamları haqqında bəlkə də ilk dəfə publisist S.Vəliyevanın mövzuya yanaşması orijinaldır. Onun yazdığı kimi, "Azərbaycanlı qələmiylə, azərbaycanlı ruhuyla alman, bəzən rus fırçasıyla, ümumbəşəri baxışlarıyla azərbaycanca düşünməyə, sadə molla libası və molla dilində dərdkeşlik etməyə başlayan "Molla Nəsrəddin"in məşhur "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım..." müraciəti yenə də fikrimizi tarıma çəkir. Burda dəfələrlə müraciət olunan mövzuya yeni baxış və fərqli bir təhlil üslubu ilə dövrün xarakteri açılıb. O, jurnalı mövzu və ideya baxımından yeni nəzərlərlə xarakterizə edərkən işlənməmiş, müraciət olunmamış şəkilaltı mətnlərin məzmununu ifadə edən fikirlər üzərində təhlillər qurur: "Budur, torpağı alınan, evindən, yurdundan didərgin qadın iki körpəsi ilə, yeyib-içən, süfrə kənarında başqa millətin qadını ilə əyləşən harın kişilərə əl açıb dilənir. Kişi bir əli ilə süfrə arxasında əyləşən qadına yüzlük verirsə, digər əli ilə öz millətinin dilənən zavallısına biədəb işarə göstərir. Beləcə, milli dərdlərin üstündə laqeydlik, biganəlik, harınlıq, faciə baş verir, uduzan xalq və Vətən olur". Azərbaycançılıq məsələlərinə fərqli rakursdan yanaşan tədqiqatçı maraqlı təhlillər, müqayisələr təqdim edir. Bu da məsələnin müasirlik prizmasından çözümünü şərtləndirir. Bunlar təkcə təhlillə bitmir. Həm də müəllifin bu mətnlərə öz münasibəti - milli mənafe, təəssübkeşlik hissindən doğan bir vətəndaşlıq yanğısı ilə müşayiət olunur. S.Vəliyeva yazır: "Mirzə Cəlilin dərin vətəndaşlıq, ziyalı idrakı Sabirin milli qeyrət dühası ilə birləşərək Ə.Əzimzadə və ya O.Şmerlinq fırçasından həyata atılaraq milli unutqanlığa, biganəliyə, laqeydliyə üsyan kimi hayqırırdı".

"Molla Nəsrəddin"in beynəlxalq məsələlərə kəskin münasibətinə nəzər yetirən S.Vəliyeva  M.Cəlilin ürək ağrısı, can yanğısıyla millətin qəflətdən oyanması üçün çaldığı "həyəcan təbili"ndən eşidilən  səsin xarakterini məhz mətnlərdən çıxış edərək səsləndirir: "Molla Nəsrəddin" XX əsrin əvvəllərində söz demədi, tarix yaratdı. Azərbaycan xalqı üçün həmişə öyrənilməsi vacib olan dünənin, bu günün, sabahın tarixini yaratdı. Xalqının, millətinin və dövlətinin, dilinin və dininin, bütövlükdə Azərbaycanın monumental abidəsini ucaltdı". Göründüyü kimi, jurnalın bugünkü tədqiqatçısı S.Vəliyeva da milli ruhun, Azərbaycançılıq məktəbinin məhz bu ədəbi abidə ilə bağlılığını yeni nəfəs və təfəkkürlə araşdıraraq özünün ədəbiyyatşünas yanaşmaları ilə "Molla Nəsrəddin" ədəbi məktəbinə öz töhfəsini verə bilib.

S.Vəliyeva maraqlı, həm də ictimai məzmunlu mövzular üzərində işləyir. Elə mövzular ki, orda qoyulan məsələlər milli mənafelərimizin məcmusudur. Bunlardan başlıcası böyük anlamda qəbul etdiyimiz mənəvi-əxlaqi dəyərlərimizin qorunması qayğısıdır. "Müxtəlif janrlarda bünövrə qoyuluşu Soltan Dadaşovun alın yazısı idi" məqaləsində publisist məhz mədəni-mənəvi dəyərlərimizi sənətkarın timsalında işıqlandırmağa səy edib. "Moskvada Azərbaycan teatrının böyük ümid və səbrsizliklə yolunu gözlədiyi gənc Soltan rejissor sənətinin sirlərini, geniş rejissor təfəkkürünü dramaturgiya ilə birləşdirərək, aktyor ifası ilə canlandırıb əsl səhnə möcüzəsi yaratmaq kimi böyük qabiliyyət qazandı". Bu bir cümlədə müəllif qəhrəmanı Soltan Dadaşovun sənətkar ömrünə tamlıq verən yaradıcılığının bir neçə növünü toplum halında ifadəylə sənətdə böyüklüyünü göstərmişdir. Müəllif S.Dadaşovun yaradıcılıq yolunu, mənəvi aləmini sanki bir-birinə ruhən qaynaq edilmiş təsvirləri, rahat, zövqlü, ədəbi çeşidli təhkiyəsilə açmağa nail olmuşdur. Böyük səylə araşdırdığı sənətkar ömrünü qədirdanlıqla yeni nəslə təqdim etmişdir. Publisist bu yazını şair ruhu-nəfəsilə qələmə almışdır.

S.Vəliyevanın bütün yazılarında olduğu kimi "İki sevda çəkən aşiq və ya Azərbaycan heyranı İrfan Ülkü" irihəcmli məqaləsi elə ilk sətrindən oxucunun fikrini çəkir. Portret yazılarında da qəhrəmanın mənəvi aləminin gözləmədiyimiz bir bucaqdan qatları açılır. Burda dilin şairanə təsviri, ədəb-ərkanı, ətri, cazibəsi bədii-publisistikanın maraqlı, yadda qalan örnəkləri sırasında görünür.

Sona xanımın poeziyasında hissə, duyğuya, lirik epitetlərə geniş meydan varsa, publisistikasında dərin düşüncə, fakta, hadisəyə ədəbi baxış, şəxsiyyətin xarakterinə sərrast yanaşma müşahidə olunur. Müəllif mövzu ətrafında topladığı təravətli fikirlərini sıra-sıra cilalayaraq, bitkin bir portret yaradıb.

Sona xanım yazmağı qərarlaşdırdığı mövzunu, kiminsə portretini düşüncəsində hazırlamadan, onun yaradıcılıq yolunu, həyat amalını duymadan, bütün gərəkli detalları öyrənmədən və bunları təfəkküründə bitkinləşdirmədən söz deməyə tələsmir. Yəqin ki, müəllif İ.Ülkü haqqında da kamil bilgiyə malik olmasaydı belə bir təsirli yazını ərsəyə gətirə bilməzdi.

Ülkünün "KQB arxivlərində Ənvər Paşa" əsərinə müəllifin yazdığı ön sözündən heyrətləndiyini çox isti qəbul etdim. Çünki kitaba yazılmış ön söz elə kitabın kompasını ifadə edir. Onun toxunduğu məsələlər, məkanlar bütün ideya-fikir məcmusunu əsərin haqqında deyilmiş ilk söz - ön söz müəyyən edir. O, çox səmimiyyətlə İ.Ülkü mövzusuna münasibətini, ondan yazmaq fikrinin "yaradıcı şəxsin tarixi xidmətlərini unutmamaq üçün minnətdarlıq hissini itirməməsindən, ehtiramından yaran"masını ilk öncə vətənimizə bu qədər doğma, isti münasibətinə olan mənəvi borcu bilir. Burda müəllif Ülkünün Azərbaycan sevgisini, Heydər Əliyevə sayqısını böyük dəyərlər üzərində xarakterizə edir. S. Vəliyeva qeyd edir ki, Qarabağ, Şuşa dərdlərimiz, böyük Cavid yaradıcılığına marağı onu araşdırmalara sövq edib. Qarabağ dərdi ilə qəmlənən, intizar çəkən İrfan bəyin qosqocaman, ahıl bir insan olduğunu düşündüyüm yerdə müəllif onun ömrünün qədərini açıqlayanda düzü, heyrətləndim. Doğrudan da 56 yaş nədir ki! Yaradıcı insanın müdrikləşən ömrünə yazılacaq əsərləri hələ bu yaşdan sonra yaranacaqdı...

Azərbaycançılığın Sona xanımın düşüncəsində verdiyi tərif belədir: Azərbaycan insanı, Azərbaycan dili, Azərbaycan yurdu. Və o, uzun illərdir ki, Azərbaycançılıq ideologiyasının inkişafı prosesini bu üç amil üzərində işləyir. İctimai şüurumuzda onun lirik-fəlsəfi qatlarını açır. Və bu axtarışlarında qarşısına çıxan itkilər tədqiqatçını məyus edir: "Mən bu mövzuda tədqiqat əsəri yazarkən çox böyük bir tarixi mərhələni təhlil etdim. Gördüm ki, ilahi, biz nələri itirmişik və biz onları itirməsəydik, onları da bu gün azərbaycançılığa qatmaqla bu ideologiyanı daha da dərinləşdirə bilərdik".

S.Vəliyevanın elmi-publisist yaradıcılığında milli mətbuatımızın araşdırılması, onun çoxillik tarixə malik olan səhifəsi tədqiqatçının önəmli olan  mövzularının içərisində yeni, mükəmməl formada öyrənilir. Bu mənada tədqiqatçı "Kaspi"nin 38 illik fəaliyyəti dövrünü (1881-1919), ictimai şüurun formalaşmasına təsir edən əsərlərlə "milli düşüncə sahiblərinin tribunasına çevrilən" belə bir qəzetin həyat tarixçəsini milli təəssübkeşlik mövqeyindən araşdırmışdır. Qəzetin meydana gəlməsi və səbəbləri, orda çıxış edən müəlliflərin müraciət etdiyi mövzuları, Azərbaycançılıq ideyalarının yeni anlamda dərki, bu gün "üç əsrin qəzeti" olan "Kaspi" araşdırıcılarının meydana qoyduğu məsələlərə müasirlik prizmasından nəzər yetirilmişdir.

S.Vəliyeva bir əsrlik zaman tarixində dilimizin, azərbaycançılığın dövrlər içində əzilə-əzilə, döyülə-döyülə bugünkü inkişafa yetişdiyi yolları bir azərbaycanşünas kimi təhlil-təqdim edir. Onun milli varlığımızda Azərbaycançılıq ideyasını əhatəli şəkildə, dərindən araşdırması gələcək tədqiqatlar üçün mənəvi-əxlaqi dəyərlərimizin yeni ənənələrlə öyrənilməsinə zəmin yaradır.

S.Vəliyeva Azərbaycançılıq ideyalarının kökünə, mahiyyətinə vararaq bu istiqamətdə ciddi araşdırmalar aparmışdır. Tədqiqatçı azərbaycançılıq prinsiplərinə - maarifçilik, dövlətçilik, demokratik düşüncəyə, Azərbaycançılıq məfkurəsinə bütöv anlamda sahiblənərək, XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində artıq bu ideyanın ayrı-ayrı maarifpərvər və demokratik şəxslər tərəfindən inkişaf etdirilməsinə diqqət yetirmişdir. Azərbaycançılıq çox ciddi bir ideologiya olduğundan müəllif onun yaranması və inkişafı mərhələlərini klassik mətbuat səhifələrində araşdırmış, maarifpərvər ziyalıların təşəbbüslərini, əməli fəaliyyətlərini həssaslıqla izləmiş, bu ideyanın ənənələrinə öz töhfəsini vermişdir. Müəllifin burada Əhməd bəy Ağayevin "milli birlik ideyası" ətrafında apardığı təhlilləri mövzunun əhatəli şəkildə öyrənilməsinə əsaslanır.

Sona Vəliyevanın Azərbaycançılıq mövqeyinin konsepsiyası Azərbay- canşünaslıq məktəbinin davamlı olaraq inkişafına təkan verməkdir. Onun Azərbaycançılıq ideyalarının tədqiqatçısı kimi, elmi fəaliyyətinin mərkəzində bu ideyanın ilkin qaynaqlardan araşdırılması, cəfakeşliklə öyrənilməsi, vətəndaşlığı dayanır. Yəni bu vəzifələrin yerinə yetirilməsi yolundakı çalışmalar, bir ruhi bağlılıq, məqsəd, borc kimi yerinə yetirilmişdir. Bu işin elmi-nəzəri tərəfində əldə etdiyi böyük təcrübələr tədqiqatçının artıq bu ideyaların daşıyıcısı, təbliğçisi olaraq onu davamlı şəkildə böyük işlər görməyə ruhlandırır. Millətsevərliyin, yurdsevərliyin - Azərbaycançılığın xarakterik xüsusiyyətləri həm də bu sadaladıqlarımızdır.

P.S. Mən, əslində əsər haqqında ümumi rəy deməkdən, fikrimə istinadlar üçün başqa mənbələrə müraciət etməkdənsə, əsəri təhlil etməyin tərəfdarıyam. Bu bir növ həmin əsərə, haqqında söhbət gedən müəllifin yaradıcılığına hər mənada maraq oyatmağa hesablanır. Zatən, ədəbiyyatşünaslığın, ədəbi tənqidin vəzifəsi də elə budur: öyrətmək və təbliğ etmək.

P.S.S. "Zaman xəbərsiz ötdü"sə də ötənlərin xəfif ruzigarı qəlbinizi əsdirməsin, Sona xanım. Siz zamandan qopmadınız, yaşadığınız illərə bir ədəbiyyatşünas-alim, ictimai xadim olaraq, öz töhfənizi verə bildiniz. Zaman da Sizi Azərbaycanşünaslıq elmi məktəbinin nümayəndəsi olaraq yaddaşında hifz etdi...

 

 

Şəfəq Nasir

filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2014.- 25 fevral.- S.7.