Mezazoy dərinliyi və müasirlik

 

 

Çoxəsrlik inkişaf yolu və zəngin ənənələri olan Azərbaycan elminin böyük simaları arasında görkəmli alim və ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Akif Əlizadənin özünə məxsus mühüm xidmətləri və xüsusi yeri vardır. Akademik Akif Əlizadə ölkəmizdə və beynəlxalq aləmdə geologiya sahəsində özünün elmi məktəbini yaratmış, yaradıcı fəaliyyəti yüksək təşkilatçılıq işi, fəal vətəndaşlıq missiyası ilə üzvi surətdə əlaqələndirməyi bacarmış böyük alim-təşkilatçı kimi qəbul olunur. Yarım əsrdən çoxdur ki o, geniş mənada yer elmləri və təbiət elmlərinin, xüsusən də geologiya elminin inkişafı sahəsində yorulmadan ardıcıl və səmərəli şəkildə fəaliyyətini davam etdirməkdədir.

Akademik Akif Əlizadənin şəxsi və elmi tərcümeyi-halı geniş mənada geologiya elmi və Azərbaycan geologiyası ilə üzvi surətdə bağlıdır. Geologiya Akif Əlizadə üçün elmlə həyatı birləşdirən möhkəm bir körpüdür. Abşeron coğrafiyası mühitində formalaşmış, Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirmiş, qısa müddət Suraxanıneft mədənlərində çalışmış Akif Əlizadə 1957-ci ildən etibarən taleyini həmişəlik olaraq geologiya elminə bağlamışdır. Artıq 57 ildir ki o, Azərbaycan geologiya elminin inkişafı yollarında ardıcıl olaraq, yorulmadan səmərəli şəkildə fəaliyyət göstərməkdə davam edir.

Məlum olduğu kimi, Azərbaycan geologiya elmi son yüzillikdə formalaşmışdır. Ölkənin təbii sərvətləri nəzərə alınmaqla Azərbaycanda neft geologiyası və dağ-mədən geologiyası daha çox inkişaf etmiş, perspektivli sahə kimi həmişə diqqət mərkəzində dayanmışdır. Bununla yanaşı, XX əsrdə Azərbaycanda paleontologiya elm sahəsi də yaranmış və Təbaşir dövrünün öyrənilməsi istiqamətində də özünəməxsus mühüm nailiyyətlər qazanılmışdır. Akif Əlizadə də həyatını həm Azərbaycan, həm də dünya üçün yeni və aktual olan paleontologiya sahəsinə həsr etmişdir. Yer kürəsinin Mezazoy qatının dərinliklərində baş verən proseslərin geopaleontoloji baxımdan tədqiqi Akif Əlizadənin ciddi və səmərəli araşdırmaları ilə yeni bir dərinlik qazanmışdır. Akademik Akif Əlizadənin tədqiqatları Aralıq dənizi ətrafından Qafqaza, Xəzər dənizi hövzəsinə qədərki böyük bir coğrafiyanı əhatə edir. Görkəmli alimin özünəməxsus paleontoloji metodları və yanaşmaları ilə, necə deyərlər, Yerin təkinin dərinliklərinin geologiya ilə yanaşı coğrafiya, zoologiya, biokimya elmlərinin kompleks tətbiqi əsasında və riyazi elementlərin cəlb edilməsi vasitəsilə daha dəqiq öyrənilməsinin əhəmiyyəti, elmi cəhətdən faydalı olduğu əsaslandırılmışdır. Akif müəllimin böyük uğurla 1961-ci ildə təqdim etdiyi namizədlik, 1969-cu ildə müdafiəyə çıxardığı doktorluq dissertasiyaları Azərbaycan geopaleontologiyasında mühüm elmi hadisə kimi diqqəti cəlb etmişdir. Akademik Akif Əlizadənin imzası ilə yarım əsrdən artıq dövrdə təqdim olunan çoxsaylı əsərlər, monoqrafik tədqiqatlar, mühüm nəzəri və təcrübi əhəmiyyətə malik olan məqalələr, elmi-kütləvi xarakterli əsərlər Azərbaycan geologiya elminin inkişaf yolunu, mühüm uğurlarını əks etdirən qiymətli və zəngin irsdir. Akademik Akif Əlizadənin əsərlərində Azərbaycan elmində ilk dəfə olaraq böyük bir coğrafiyanın geopaleontozoologiyası sistemli şəkildə tədqiq olunub ümumiləşdirilmişdir. Qafqazın Azərbaycan hissəsinin geopaleontozoologiyasının elmi əsaslarla tədqiqi də akademik Akif Əlizadənin adı ilə bağlıdır. Bu, Azərbaycan geologiya elminə, azərbaycanşünaslığa sanballı elmi xidmətdir. Kiçik Qafqazın və Macarıstanın timsalında Şərqi Avropanın Mezazoy qatının geopalentologiyasının, Təbaşir dövrünün müqayisəli tədqiqi məsələlərini də geniş elmi ictimaiyyətə akademik Akif Əlizadə təqdim etmişdir. Müxtəlif illərdə Türkiyə, Böyük Britaniya, Norveç, İran alimləri ilə birgə apardığı, əksər məqamlarda rəhbərlik etdiyi elmi tədqiqatlar, beynəlxalq konfranslardakı məruzələri, dövlət reyestrlərinə daxil olan ixtiraları və patentləri akademik Akif Əlizadənin Azərbaycandan uzaqlarda da elmi ictimaiyyət tərəfindən qəbul olunmuş görkəmli bir alim olduğunu isbat etmişdir. Akademik Akif Əlizadənin elmi rəhbərliyi ilə Bakıda, Moskvada, Xarkovda nüfuzlu Dissertasiya şuralarında uğurla müdafiə etmiş tanınmış yetirmələrinin əsərləri ilə Azərbaycan geologiya elmi daha da zənginləşmişdir. Başçılıq etdiyi konkret elmi istiqamət əsasında yaradılmış laboratoriyada çalışan alimlərin sistemli tədqiqatları da bura əlavə olunarsa, ölkəmizdə Təbaşir dövrünün geopaleontozoologiyası məktəbi formalaşmışdır. Bu, yəni Təbaşir dövrünün, Mezazoy qatının dərinliklərinin və ozünəməxsusluqlarının faunasının, stratiqrafik materiallarının tədqiq edilməsi və mühüm elmi nəticələrin əldə edilməsi akademik Akif Əlizadənin Azərbaycan paleontologiya elmində yaratdığı yeni elmi istiqamətdir. Bundan başqa, akademik Akif Əlizadə paleocoğrafiya, neft geologiyası, ekologiya istiqamətlərində də dərinliklərə aparan qiymətli tədqiqat əsərlərinin də müəllifidir. Akademik Akif Əlizadənin rəhbərliyi ilə hazırlanmış və onun Baş redaktorluğu ilə nəşr olunmuş "Azərbaycan geologiyası" səkkizcildliyi Vətən elminə sanballı töhfədir. Akif Əlizadənin 2011-ci ildə "Nafta Press" nəşriyyatında çap etdirdiyi "Geologiya İnstitutu Azərbaycanın müstəqilliyinin 20 ilində" kitabı Azərbaycan elm tarixi üçün qiymətli əlavədir. Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanovun haqlı olaraq yazdığı kimi, "Akif müəllim elmdə qazandığı görkəmli nailiyyətlərə, dünya elminə verdiyi töhfələrə, Azərbaycan elminin inkişafı yolunda göstərdiyi misilsiz xidmətlərə görə... məsuliyyətli akademik adını şərəflə daşıyır".

Tərcümeyi-halı akademik Akif Əlizadənin həm də böyük elm təşkilatçısı olduğunu da təsdiq edir. Heç şübhəsiz, bu istiqamətdə onun nəsil səcərəsindən: ata babası Şeyxülislamlıq səviyyəsinə yüksəlmiş Axund Ağacavad oğlu Əlizadədən, tanınmış həkim və səhiyyə təşkilatçısı olmuş atası Ağamehdi Əlizadədən gələn genetikanın da özünəməxsus rolu vardır. Bundan başqa, ali təhsil aldığı Azərbaycan Sənaye İnstitutunda, fəaliyyət göstərdiyi Elmlər Akademiyasında gənclər təşkilatından, tələbə elmi cəmiyyətindən başlanan yolun təşəbbüskarlığı və təcrübəsi də ilkin bünövrə, möhkəm təməl mənasında mühüm rol oynamışdır. Akif Əlizadə Elmlər Akademiyası sistemində ən gənc elmlər doktoru, ən cavan institut direktorunun müavini və direktoru rekordunu qazanmış nadir insanlardandır. Hələ 35 yaşında ikən böyük uğurla doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi almış Akif Əlizadə təkcə bu elm sahəsində deyil, bütövlükdə Azərbaycan elmində ən gənc elmlər doktorlarından biri olmuşdur. Azərbaycan Elmlər Akademiyası sistemində 36 yaşında elmi-tədqiqat institutu direktorunun müavini, 42 yaşında isə Geologiya İnstitutunun direktoru vəzifəsinə yüksəlməsi  elmi-təşkilati fəaliyyət baxımından ciddi bir rekorddur. Fikrimizcə, akademik Akif Əlizadə ölkəmizdə ən çox direktorluq stajına malik olan elm təşkilatçısıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu 38 ildir ki, akademik Akif Əlizadənin rəhbərliyi ilə səmərəli şəkildə fəaliyyətini davam etdirməkdədir. Fikrimcə, Geologiya İnstitutundakı ölkə elmi miqyasında nəzərəçarpacaq səviyyədə diqqəti cəlb edən keyfiyyət göstəriciləri 45 ilə yaxın davam edən rəhbərlik-təşkilatçılıq fəaliyyətinin böyük səmərəsini nəzərə çarpdırır. Belə ki, akademik Akif Əlizadənin rəhbərlik etdiyi Geologiya İnstitutu Azərbaycanda və dünyada bu mötəbər elm sahəsi üzrə əsas mühüm elmi mərkəzlərdən biri hesab olunur. Geologiya İnstitutunda formalaşmış elmlər doktorları və fəlsəfə doktorları, dosentlər və professorlar, Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri ölkəmizdə geologiya elminin tədqiqi, tədrisi, geoloji kəşfiyyat işlərinin idarə olunması sahələrində böyük mövqe qazanmış və Vətənə sanballı töhfələr vermişlər.

Akademik Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasında inkişafın bütün pillələrini keçmişdir. Geologiya İnstitutunda baş laborant kimi fəaliyyətə başlayan Akif Əlizadənin kiçik elmi işçilikdən direktorluğa qədər keçdiyi zəngin və şərəfli yol, təkamül prosesində qazandığı böyük təcrübə, əldə etdiyi əsas elmi nailiyyətlər sonrakı mərhələlərdə də onun irəliyə doğru inkişafını şərtləndirmişdir. Elm sahəsində əldə etdiyi mühüm nəticələrə və təşkilatçılıq istiqamətindəki böyük təcrübəsinə görə akademik Akif Əlizadənin vaxtilə Elmlər Akademiyasında Akademik katib və vitse-prezident vəzifələrinə seçilməsi elmi ictimaiyyət tərəfindən təbii şəkildə qarşılanmışdır. Azərbaycan alimlərinin akademik heyəti 24 mart 2013-cü ildə yekdilliklə görkəmli elm xadimi, akademik Akif Əlizadəni Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçmişlər. Akademik Akif Əlizadənin Geologiya İnstitutunun kiçik elmi işçiliyindən Milli Elmlər Akademiyasının prezidentliyinə qədər keçdiyi keşməkeşli, mənalı, məsuliyyətli və şərəfli yol böyük elmə, alimlik andına sədaqətin əhəmiyyətli bir nümunəsidir. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə Akademiya hazırda inkişafının islahatlar dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi elm strategiyasının, elmin inkişafı siyasətinin həyata keçirilməsi istiqamətində Milli Elmlər Akademiyasında mühüm addımlar atılmaqdadır. Hər şeydən əvvəl, Milli Elmlər Akademiyasının nüfuzunun artması, cəmiyyətin inkişafındakı rolunun qüvvətləndirilməsi istiqamətində düşünülmüş tədbirlər müəyyənləşdirilib gerçəkləşdirilir. Milli Elmlər Akademiyası Rəyasət Heyətinin akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən iclaslarında respublika üçün faydalı və əhəmiyyətli olan, nəzəri-təcrübi sanbalı ilə diqqəti cəlb edən problemlər müzakirəyə çıxarılır, geniş diskussiya şəraitində işgüzar və səmərəli dialoqa geniş meydan açılır. Bu proses tədricən Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarını da əhatə etməkdədir. Bundan başqa, Milli Elmlər Akademiyasının idarə edilməsinin təkmilləşdirilməsi sahəsində də yeni təşəbbüslər irəli sürülür, çevik və müasir idarəetmə qurumları, zamanın tələbindən doğan təzə struktur bölmələr yaradılır. Elmin təşkilində və müasir idarəetmənin təmin olunmasında informasiya texnologiyalarının yeri və meydanı surətlə genişləndirilir. Artıq Elmlər Akademiyası sistemində yeni informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar konkret proqramlar həyata keçirilir. Bütün bunlar ölkədə azərbaycançılıq ideologiyasının daha da genişləndirilməsinə və möhkəmləndirilməsinə xidmət edən  azərbaycanşünaslığın inkişafına doğru istiqamətləndirilir. Milli Elmlər Akademiyası müstəqil Azərbaycanın müasir inkişafında daha yaxından iştirak edir, cavabdehlik düşüncəsi dərinləşir.

Milli Elmlər Akademiyasında bu böyük elmi qurumun rəhbərinin çağırışı ilə fənlərarası, elm sahələri arası əlaqələrin təmin edilməsi, yaxınlaşdırılması proqramına start verilmişdir. Geologiya İnstitutunun direktoru və görkəmli paleontoloq kimi həmin elm sahəsinin yer elmləri və təbiət elmləri ilə əlaqələndirilməsi üzrə uzun illər ərzində sınaqdan çıxarılmış, elmi təcrübədə əhəmiyyətli olduğu isbat edilmiş fənlərarası əlaqələndirmənin hazırda Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin rəhbərliyi ilə Akademiya miqyasında həyata keçirilməsinə başlanılmışdır. Bu, həm geniş elmi dünyagörüşə, çoxsahəli qabiliyyətlərə və bacarıqlara malik yeni elmi nəslin formalaşdırılmasına, həm də elm sahələrinin qarşılıqlı surətdə zənginləşməsinə təkan verir.

Milli Elmlər Akademiyasının beynəlxalq əlaqələri də genişləndirilir. Cəmi bir neçə ay ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Polşa, Latviya, Belarus, Özbəkistan akademiyaları ilə imzaladığı sazişlər, əldə etdiyi razılaşmalar həm beynəlxalq elmi təcrübənin öyrənilməsinə, həm də ölkəmizin elmi nailiyyətlərinin dünya miqyasında təbliğinə şərait yaradır.

Həmçinin Milli Elmlər Akademiyasında özü də gənclər hərəkatından böyük elmə gəlmiş Akademiya rəhbərinin dəstəyi ilə gənc alimlərin və mütəxəssislərin fəaliyyət dairəsinin genişləndirilməsinə, onlara tələbkarlıq və qayğının artırılmasına xüsusi diqqət yetirilir. AMEA-nın prezidentinin təklifi əsasında Akademiyada gənc alimlər üçün xüsusi elmi jurnalın nəşrinin planlaşdırılması, gənc kadrların konkret işlərə cəlb olunması, doktorantların dünya ölkələrinə stajirovkaya göndərilməsi həmin prosesin inkişafda olduğunu göstərir.  Milli Elmlər Akademiyasında innovasiya yönlü elmi tədqiqatların, layihələrin icrası üçün sosial-iqtisadi tutumlu səmərələşdiricilik və ixtiraçılıq fəaliyyətlərinə, istehsalatla əlaqəli proqramlara yol açılması da yeni mərhələnin islahatları sırasında dayanır. Bütün bunlar eyni zamanda Milli Elmlər Akademiyasının çoxcəhətli fəaliyyətini tənzimləyən nizamnamənin də yeniləşdirilməsi zərurətini meydana çıxarmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadəni geniş elmi dünyagörüşlə, zəngin həyat təcrübəsi, çoxillik idarəetmə bacarığı ilə yanaşı, həm də böyük həyat eşqi, nikbinlik səciyyələndirir. Ölkəmizin əsas elmi-təşkilati qurumuna uğurla rəhbərlik edən akademik Akif Əlizadə dünya ədəbiyyatına, Azərbaycan poeziyasına da yaxından bələddir. Akademiya mühitində ictimai və elmi proseslərin təhlili və istiqamətləndirilməsi proseslərində nadir poeziya incilərindən, poetik nümunələrdən yerli- yerində istifadə etməsi, möhkəm yaddaşa, mükəmməl hafizəyə sahib olması akademik Akif Əlizadənin böyük cavabdehlik hissi ilə yanaşı, həm də bu işin özünəməxsus romantikasını da ürəkdən və dərindən yaşadığını əyani surətdə nümayiş etdirir. Bütün bunların zəminində akademik Akif Əlizadənin simasında səksən yaşın ömrün və fəaliyyətin dərkolunmuş yeni bir inkişaf mərhələsi olması konkret fakt və nümunə kimi cəlbedici, düşündürücü və əhəmiyyətli görünür. Azərbaycan elminin cavanlıq eşqi ilə yaşayıb çalışan ağsaqqalı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadəni ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və elmimizin, ictimai fikrimizin inkişafı yollarında daha böyük uğurlar arzulayırıq.

 

İsa Həbibbəyli

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

Milli Məclisin deputatı, akademik 

 525-ci qəzet.- 2014.- 25 fevral.- S.4.