Tofiq Məhərrəm oğlu Abdin

 

Tanınmış şair, yazıçı və publisist Tofiq Məhərrəm oğlu Abdin (Tofiq Abdin) 73 yaşında dünyasını dəyişib. Ömrünü qələmə, yaradıcılığa həsr edən T.Abdin oxucuların, sənət dostlarının xatirində yüzlərlə oxunaqlı mətbu yazıları, ədəbi-bədii əsərləri ilə yadda qalıb. Bu nümunələr janr, mövzu rəngarəngliyinə, dil, üslub xüsusiyyətlərinə görə daim diqqəti çəkib, müəllifinə medianın da, ədəbiyyatsevərlərin də rəğbətini qazandırıb.

T.Abdin 1941-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən "Qobustan" toplusunda şöbə müdiri işləyib. 1993-2001-ci illərdə Türkiyədə yaşayıb. Qardaş ölkənin nüfuzlu "Orta doğu" və "Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistikşeir kitabının müəllifidir. Mərhum uzun müddət "Ədalət" qəzetində də türk ədəbiyyatının təbliği ilə məşğul olub. 2002-ci ildə ona Xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatı təqdim olunub. 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

T.Abdin haqq dünyasına onu tanıyanların, qələminə, yaradıcılığına, yüksək insani keyfiyyətlərinə bələd olanların rəğbətini apardı. Azərbaycan Mətbuat Şurası çox illik xidmətləri olan görkəmli qələm sahibimizin vaxtsız vəfatını jurnalistikamız, ümumən Azərbaycanın ictimai fikir cameəsi üçün böyük itki sayır, mərhumun yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir.

Ustad jurnalistpublisist, dəyərli ziyalı, səmimi və mehriban insan Tofiq Abdinin əziz xatirəsi daim yaddaşlarda qalacaq.

Allah rəhmət eləsin.

 

 525-ci qəzet.- 2014.- 26 fevral.- S.8.