Xocalı soyqırımı bəşəriyyət əleyhinə cinayətdir

 

Tarixi hadisələrin real faktlara əsaslanaraq doğru-düzgün işıqlandırılması problemi bütün bəşəriyyəti düşündürən zəruri məsələlərdən biridir. Bəlkə də, ilk baxışdan bəzilərinə sadə görünən bir faktı, yəni hər hansı bir xalqın dövlətçilik mədəniyyət və mənəviyyat tarixi əslində onun ümumi tarixidir desək, səhv etmərik. Bu mənada dünya istər Şərq, istərsə də Qərb tarixini, dövlət quruculuğumuzu, ərazimizə edilən təcavüzləri, xalqımıza qarşı törədilən soyqırımları, terrorları, deportasiyaları, bəşəriyyət əleyhinə cinayətləri, düşüncə və məfkurə keçmişimizi öyrənən hər kəs həmin böyük məcraya bu və ya başqa şəkildə baş vurmalıdır ki, araşdırılan problemlərdə reallığı üzə çıxara bilsin.

Qeyd etməliyik ki, indiyə qədər tanınmış tarixçilərimiz Vətən tarixinə aid, xüsusi olaraq Qarabağ problemi ilə ilgili elmi tədqiqat işləri aparmış, sanballı əsərlər yazaraq onları geniş oxucu auditoriyasına təqdim etmişdir.

Lakin bütün bunlara baxmayaraq, ermənilərin zaman-zaman ümumən türklərin, xüsusilə Azərbaycan xalqına qarşı törədilən insanlıq əleyhinə cinayətlərin sayı-hesabı o qədər ölçüyəgəlməzdir ki, onların hamısına təbii ki, nəşr olunan mənbələrdə tam əhatə etmək mümkün deyildir. Nəticədə belə bir vəziyyətin yaranması, yəni xalqımızın həyatında baş verən digər tarixi faciələrdən hələ də gənc nəslin, eləcə də dünya ictimaiyyətinin lazımi səviyyədə məlumatı olmur. Düşünürəm ki, təbii olaraq belə bir zərurət yaranır ki, bu günün ziyalıları, alimləri tarixi fəlakətlərimizi yazmaq, təfsilatı ilə gələcək nəslə çatdırmaq üçün öz vətəndaşlıq borcunu yerinə yetirməlidir. Bu hər bir türk övladının - azərbaycanlının ona görə vətəndaşlıq borcu sayılmalıdır ki, xalqın tarixi keçmişini, başına zorla gətirilən milli faciələri öyrənmədən, onun yaşamaq haqqını müdafiə etmədən və bu dəhşətli faciələri başqa xalqlara çatdırmadan yaşaması, fəaliyyət göstərməməsi manqurtlaşmış həyat tərzi keçirməyə bənzəyir.

Zənnimcə bu gün ölkəmizdə keçirilən Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş mərasimlər gələcəkdə xalqımızın qan yaddaşında dərin izlər buraxacaq, əksər gənclərimizi unutqanlıqdan azad edəcək, onları milli faciələrimizi daha dərindən öyrənməyə sövq edəcəkdir.

Ümummilli Lider Heydər Əliyevin təbirincə desək, bu gün mən xalqımızın tarixində kədərli və faciəli bir səhifə olan Xocalı soyqırımı münasibəti ilə sizə müraciət edirəm. Bu qəddar və amansız soyqırım aktı insanlığın tarixinə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi daxil olmuşdur.

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin damı və ən qanlı səhifəsidir.

Bir sıra iri dövlətlərin hakim dairələri tərəfindən himayə olunan bu mənfur siyasət Çar Rusiyası və sovet hakimiyyəti dövründə ardıcıl davam etdirilmiş, SSRİ-nin süqutundan sonra xalqımızın doğma torpaqlarından qovulması, qaçqın və köçkünə çevrilməsi kütləvi qırğınlarla müşayiət olunmuşdur.

Təcavüzkar erməni millətçilərinin və sərsəm "Böyük Ermənistan" ideoloqlarının etnik təmizləmə və soyqırım siyasətinin nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərilərində hiss etmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra erməni separatçılarının Dağlıq Qarabağda başladıqları təcavüzkar siyasət yüzlərlə kənd və qəsəbənin dağıdılması, on minlərlə günahsız insanın öz evindən, elindən didərgin salınması ilə nəticələnmişdir. Lakin Xocalı faciəsi bunların ən dəhşətlisi olmuşdur. Bütün bu qanlı hadisələrin qarşısının alınmasında, o cümlədən Xocalı faciəsinin baş verməsində, şəhərin təpədən dırnağa qədər silahlanmış amansız düşmənlə üz-üzə müdafiəsiz qalmasında erməni qəsbkarları ilə bərabər, Azərbaycanın o zamankı rəhbərliyi, habelə hakimiyyət uğrunda hər cür yolverilməz vasitələrlə mübarizə aparan müxalifət qüvvələri də birbaşa məsuliyyət daşıyırlar. Əslində, o zaman respublikaya rəhbərlik edən şəxslər Xocalının müdafiəçilərinə təcili kömək göstərmək, faciə  barədə dünya ictimaiyyətinə geniş məlumat vermək, beynəlxalq aləmə həyəcan təbili çalmaq əvəzinə, Xocalı dəhşətlərinin həqiqi miqyasını xalqdan gizlətməyə cəhd etmiş, tam fəaliyyətsizlik və xalqın taleyinə biganəlik nümayiş etdirmişlər. Hətta sonralar da Xocalı faciəsinin mahiyyətini açmaq, onun günahkarlarını ifşa etmək, dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün heç bir iş görülməmiş, əksinə bu faciə hakimiyyətlə müxalifətin qarşılıqlı ittihamları və siyasi mübarizəsi vasitəsinə çevrilmişdir.

Hakimiyyətdə öz mövqelərini möhkəmləndirmək məqsədilə günahı ayrı-ayrı məmurların üzərinə yıxmaqla səriştəsizliklərini bir daha sübuta yetirmişlər. Yalnız daima yaşar dahi Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı. Bu faciə haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün tədbirlərə başlanıldı. 1994-cü il fevralın 24-də MM "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdi. Hər il fevralın 26-sı Xocalı Soyqırımı Günü kimi elan olundu. Həmin il martın 1-də H. Əliyevin bununla bağlı xüsusi fərmanı oldu.

Öz miqrasiyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağa gedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağ və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə döyüşmüş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.

Son nəfəslərinə qədər şərəf və ləyaqətlə düşmənə qarşı vuruşan xocalılılar təbii ki, təpədən dırnağa qədər silahlanmış erməni-quldur dəstələrinin hücumlarını dəf etmək imkanında deyildilər. Bu amilləri, faktları sənədlərin dili ilə desək, daha məqsədəuyğun olar.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX yüzilliyin II yarısında Azərbaycan türklərinin tarixində ən böyük faciə - Xocalı qırğını baş verdi. Həmin gecə saat 23:00-da ermənilər üç istiqamətdə Xocalı şəhərinə hücum etdi.

Bu hücumda Ermənistan Respublikası silahlı qüvvələrinin qoşunları, muzdlu əsgərlər, özünü Artsax Xalq Ordusu adlandıran Dağlıq Qarabağın erməni bölmələri və Xankəndində yerləşmiş 366-cı motoatıcı alayın hərbi texnikası, onların ardınca isə rus-erməni silahlı dəstələri, Əsgəran istiqamətindən isə mindən çox silahlı quldurlar (əksəriyyəti saqqallı) daha çox fəallıq göstərirdilər.

Ermənilərin strateji planına uyğun olaraq, əvvəlcə 366-cı alayın ağır texnikalarının vasitəsilə piyada qüvvələri şəhərə doğru irəliləyərək artilleriya atəşi ilə Xocalıdakı özünümüdafiə dəstələrinin qərargahlarını dağıtmaqla hər tərəfdən hücuma keçmişlər. Şəhərin müdafiəçiləri səhərə qədər düşmənə qarşı rəşadətlə döyüşmüşdülər. Onların bir neçəsi komikadze şücaəti göstərərək bədənlərinə partlayıcı qurğu bağlayaraq özlərini düşmən texnikasına çırpmışlar. Sonuncu müdafiə məntəqəsi səhər saat 7-də susdurulmuşdur. Döyüş zamanı Xocalıda bir gecədə cəmi səkkiz saat müddətində yüzlərlə günahsız dinc əhalini qəddarcasına məhv ediblər. Ermənilər 613 nəfəri onlardan 106-sı qadın, 63 uşağı və 70 nəfər qocanı qətlə yetiriblər, 8 ailə tamamilə məhv edilmişdir, 27 ailənin yalnız 1 üzvü qalıb, 56 insan işgəncə ilə öldürülmüşdür, 25 uşaq hər iki valideynini itirmişdir, 130 uşaq valideynlərindən birini itirmişdir, 230 ailə öz başçısını itirmişdir, 487 nəfər şikəst olub, onlardan 76-sı həddi-buluğa çatmışlardır. 1275 azərbaycanlı erməni əsirliyinin dəhşətlərini keçib. 1165 nəfər girovluqdan azad edilmişdir. 150 nəfər isə itkin düşüb. 5679 nəfər deportasiya olunmuşdur. Xocalı isə yerlə-yeksan edilib. Xocalıya 145 mln manat və ya 170 mln ABŞ dolları miqdarında zərər vurulmuşdur.

Ağdama tərəf müxtəlif istiqamətlərdən hərəkət edən dinc əhali yolda erməni silahlı qüvvələri tərəfindən tutularaq girov götürülmüş, dəhşətli işgəncələrə məruz qalmışlar. Ermənistan hərbi birləşmələri qətlə yetirdikləri azərbaycanlıların üzərində xüsusi əməliyyat apararaq onların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar.

Hesab edirəm ki, erməni vəhşiliklərinin qurbanı olmuş yaralananlar və öldürülənlərlə bağlı baş məhkəmə tibbi ekspertizasının rəyindən bəzi məqamları oxucuların diqqətinə çatdırmaq çox vacibdir. Tibbi ekspert R.M.Yusifovun verdiyi rəylərinin birində bildirilir ki: - müayinə olunmuş meyidlərdən 3 nəfərində ətrafların donması, 33 nəfərində işgəncə əlamətləri, yəni başın dərisinin soyulması, qadınlarda döşlərinin kəsilməsi, burun və qulaq qığırdaqlarının kəsilməsi, silahdan atəş açılması əlamətləri aşkar edilmişdir. Eyni zamanda göz almalarının çıxarılması, dişlərin sındırılması, kişilərin cinsiyyət orqanlarının kəsilməsi müşahidə olunmuşdur. Müayinə olunmuş 31 meyiddə isə kombinə olunmuş, yəni bədənin müxtəlif nahiyələrinin güllə yarası və küt alətlə, kəsici-deşici alətlə yetirilmiş xəsarətlər olmuşdur.

Meyitlərdən 13 nəfərində bədənin bütün səthini əhatə edən yanıq kömürləşmə aşkar edilmişdir. Eyni zamanda meyitlərdən 10 nəfərində güllə yarası ilə birlikdə onların üzərindən hərbi texnikanın keçməsi müəyyən edilmişdir. Əlbəttə faciə zamanı bu cür və bundan da dəhşətli halların olduğu tam sübuta yetirilmişdir. Lakin onların hamısı barədə təfsilatı ilə məlumat vermək bir məqalə civarında mümkünsüzdür.

Göründüyü kimi ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım düşünülmüş plan əsasında mərhələlərlə həyata keçirilmiş, xalqların dinc yanaşı yaşamaq prinsipinə daim sadiq qalan soydaşlarımız isə bu cür faciələrin heç vaxt baş verməməsinə inanaraq bəşər tarixində görünməyən fəlakətlərə düçar olmuşlar. Bu gün hər bir Azərbaycan vətəndaşı xalqımızın başına gətirilən bu faciələrdən xəbərdar olmalı və tarixdən ibrət dərsi götürməyi bacarmalıdır. Bəşəriyyət əleyhinə cinayətlərdən sayılan ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım hadisələrinə veriləcək qiymət isə bu problemin tarixi faktlara əsasən dünya ictimaiyyətinə çatdırmağımızdan, onun doğru-düzgün təbliğindən asılıdır.

Xüsusilə qeyd etmək istəyirəm ki, dövlətimizin başçısı möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti nəticəsində BMT təhlükəsizlik şurasının Azərbaycan Respublikası ərazisinin Ermənistan ordusu tərəfindən işğalı ilə bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələri hələ də yerinə yetirilmir, Ermənistan bu qərarlara məhəl qoymur. Lakin biz əminik ki, ədalətli siyasət öz qələbəsinə nail olacaqdır. Çünki 2009-cu ilin fevralında İslam konfransı təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət kampaniyası" ötən 5 il ərzində uğurla davam etmiş, bu aksiyaya dünyanın əksər ölkələrində könüllülər qoşulmuşdur. Bu isə Azərbaycan xalqının ədalət uğrunda mübarizəsidir.

Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlər genişlənməkdədir. Əlbəttə bu işdə təkcə dövlət yox, bütün xalqımız, xaricdə yaşayan soydaşlarımız öz fəaliyyətlərini gücləndirməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 fevral 2007-ci ildə Xocalı soyqırımının 15-ci il dönümündə xalqa müraciətində bildirmişdir ki, "bu gün dövlətin rəsmi qurumları ilə yanaşı, bütün vətəndaşlarımız, soydaşlarımız, geniş ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasəti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərilməlidir", müraciətin sonunda qeyd etmişdir ki, "biz mübarizədə öz gücümüzə, potensialımıza, beynəlxalq hüquqa, dünya azərbaycanlılarının həmrəyliyinə arxalanırıq".

Məhz bunun nəticəsidir ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyev fondunun müstəsna fəaliyyəti 2010-cu ildə dünyanın 100-dən artıq yerində Xocalı faciəsinin ildönümü qeyd olundu. Faciə ilə əlaqədar 100-dək materialın xarici ölkələrdə sərgisi təşkil edildi. Bu prosesdə İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndirici Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət" kampaniyası ötən dövr ərzində xeyli uğur qazanmışdır.

Bu aksiyaya qoşulmuş Bakı Slavyan Universitetində yaradılmış Azərbaycanşünaslıq tədris mədəniyyət mərkəzinin Qarabağ tədqiqat qrupu universitetin rektoru professor Kamal Abdullayevin rəhbərliyi ilə önəmli tədqiqatlar aparmaqla yanaşı hər il mütəmadi olaraq geniş tədbirlər təşkil edir, həqiqətləri üzə çıxarmağa çalışır.

Universitetdə "Xocalı soyqırımı" və "Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı" adlı kitablar nəşr edilmiş və dünyanın 12 dilinə tərcümə edilərək yayımlanmışdır. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Mən Qarabağ müharibəsi veteranı kimi, döyüşmüş zabit olaraq fikrimi və arzularımı Azərbaycanın Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə bitirmək istəyirəm: "Şübhə yoxdur ki, Ermənistan tezliklə işğal etdiyi əraziləri azad edəcək, həmçinin xalqımıza qarşı ağır cinayətlərə yol verənlər, o cümlədən Xocalı faciəsini törədənlər ədalət mühakiməsi qarşısında dayanacaqlar, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır".

 

 

Sadir MƏMMƏDOV

keçmiş DQMV-nin Daxili

 İşlər İdarəsinin sabiq

rəis müavini,  istefada olan

polis polkovniki

525-ci qəzet.- 2014.- 26 fevral.- S.4.