Əsir rəssamın çəkdikləri...
Xocalıda əsir düşən
rəssam qızın
Parisdə erməni adıyla sərgisinin açılmağından bəhs
edən bir sənədli povest verdilər mənə...
Müəllif "Tanrının unutduğu
xocalılar"ı mənə
təqdim eləyəndə
pencək havasıydı:
düzü, isti payız günləri özü ən gözəl rəssamdı
mənimçün, belə
vaxtlar təbiətə
əsir düşməkdən
savayı əlimdən
bir iş gəlmirdi... Əsəri
"Ulduz"un boyuna ölçdüm eləcə, gördüm
ipin ucu taxta divarın o üzünə - "Azərbaycan"a
adlayır, bizlik deyil, dedim, həcmi
böyükdü, kitab
eləyin. Noyabrda povest gündəlik oxuyub redaktə elədiyim, ora-burasını
yamadığım adi
yazılardanıydı, əynimiz
qalınladıqca əsərin
ab-havası dəyişməyə,
məni içəridən
narahat eləməyə
başladı; əvvəl
povesti oxuyanda canımı boğazıma
yığan insan adları sonradan ermənili-ruslu-türklü-fransızlı (özümüzünkülər qarışıq!) bir ismə çevrildi: Xocalı... Ona görə əl vurmadım, sözlərin
səfi pozulanda belə heç birini qaytarıb təzədən sıraya
düzmədim, abzasların
arasındakı intervalı
bir az
da qazıb yekəltdim ki, camaat gülləyə tuş gəlmədən qaçıb Ağdama yetişsin. Amma peşə xəstəliyi
elə mərəzdi,
ölüncə qurtula
bilmirsən, Gülxani
Pənaha - bir əl gəzdirin əsərə - deməkdən
də özümü
saxlaya bilmədim.
Kitab çıxanda düzəldib-düzəltməməyindən
xəbərsizəm, əslində
mən oturub Valentina Nikolayevnadan (ad-familini kirilcə yazıram qəsdən, bəlkə ürəyinə
insaf düşə) xəbər gözləyirəm,
o, işlədiyi Beynəlxalq
Qızıl Xaç Komitəsi cəhənnəm,
heç olmasa, Vişnevski xəstəxanasında
cərrah işləyən
Rasimi tapmağa söz vermişdi...
Yetiminki
heç vaxt gətirmir!
Səfanı uşaq vaxtı küçəyə atırlar,
özü də anası atır onu. Çox rahat və çox sakit. Atır ki, yetimlər
evində gözü qapıda qalanda Sakit müəllim desin:
- Bilirsənmi, bala, ata-ana
yaxşı
şeydi, amma neynəyək, səni anan atıb gedib. Səndən doğum evindəcə
imtina eləyib. Sənə familini də verməyib, milislər gətirib bura. Özün fikirləş,
sən burada böyümüsən, atan-anan
biz olmuşuq...
Mən yetimlər evində olmamışam, bəlkə
də orada Səfaya ata-ana qayğısı göstərən
adamlar həqiqətən
varmış, bəlkə
də bu uşağın rəssamlıq
istedadı onu direktora belə sevdirib - yalan deyərəm, amma qızcığazın Zivər
arvada tezcə
qoşulub getməyi adamda şübhə doğurur. Zivər xala, əri Çərkəz kişi, Moskvada cərrah işləyən
oğulları Rasim də Səfanı çox istəyir, onu Bakıda rəssamlıq məktəbinə
qoyurlar. Yay-qış tətilini yeni
ata-anasının yanında
keçirən Səfanın
xoş günləri uzun çəkmir. Yetimin xoşbəxtliyi fevral günəşidi, çıxmağıynan
batmağı bir olur. Xocalıda yaşayan ailənin
qara günləri başlayır. Təhsilini buraxıb
onların yanına dönən gənc rəssam artıq Qarabağ müharibəsi
və Xocalı soyqırımının şahidi
və qurbanıdır.
Yox, o bir gülləylə canını tapşırsaydı,
nə vardı ki?! Onu erməni-rus hərbi birləşmələrinin 1992-ci ilin 25 fevral gecəsi külünü
göyə sovurduğu
Xocalıdan qaçanda
düşmənə əsir
düşmək gözləyirmiş...
Zivər xalagilin əsirdüşmə
səhnəsində həyati
detallar azdı, üstəlik, müəllif
müdaxiləsi aşırı
hiss olunur, bu da Gülxani Pənahın Milli kimliyinin Ədəbi kimliyini üstələməyindən
irəli gəlir. Yazıçı hisslərini boğmaqda, düşmən həmləsinə
etinasız qalmaqda çətinlik çəkir
sanki. Amma bununla belə,
onun əlindən gənc rəssamı alıb qıza olmazın işgəncə
verirlər. Erməni evində
qul kimi işləyən ana-balanı
Zivər xalanın iti ağlı və ermənicə sərbəst danışmağı
rüsvayçılıqdan qoruyur. O, Səfanı
erməni qızı kimi qələmə verməklə onun namusunu ləkələnməyə
qoymur: onlarla birgə əsir düşən Leylanı
isə...
Ev yiyəsi Edikin vəhşiliyi fonunda arvadı Janna və oğulları Radiqin nisbətən yumşaq davranışı ermənilərin bu müharibəyə zorla sürükləndiyinə işarədir. Bir azdan Edik davada, Janna öz evində öldürüləcək, müalicə üçün Zivər xalanı da götürüb Moskvaya - Rasim həkimin yanına yollanan Radiqinsə başını yerliləri əzəcəklər. Səfa növbəti ev yiyəsinə hamballıq eləyəcək, nə qardaşından, nə də anasından xəbər tutmadan erməni generalın əxlaqsız arvadı - Elmiranın kürəyini sürtəcək, dırnağını tutacaq, günlərin birində onunla birgə Ermənistana "bacım" deyən Fransaya yollanacaq, çəkdiyi rəsmlərin sərgisinə çoxlu adamlar yığılacaq, Qarabağ lövhələrinin altındakı "Elza" imzasına görə özünü öldürmək istəyəcək. Qarabağda girov saxlandığı evin tövləsindən qaçmalarına kömək elədiyi iki azərbaycanlı əsiri düşününcə özünün də nə vaxtsa xilas olacağına ümidlənəcək, Elmiranın evindən dönərsatana, oradan Türkiyə səfirliyinə pənah aparacaq, Parisi İrəvana döndərən erməni casusları onu tutub dəlixanaya salacaq, Elmira aldadıb böyrəyini satacaq, onu Ermənistana, oradan da əsir saxlandığı Qarabağ kəndinə qaytaracaq, rəsm çəkməyə məcbur eləyəcək, şəkillərin altına bu dəfə öz imzasını qoyacaq, Elzanı (Səfanı) hamıya dəli kimi tanıtdıracaq, - acaq, - əcək..
Və bu da Beynəlxalq Qızıl Xaç Komitəsinin maşını. Artıq həyətdədir. Valentina Nikolayevna Elzanın erməni olmadığını, Elmiranın rəsmlərini əslində onun çəkdiyini, Moskvada Rasim adlı cərrah qardaşının yaşadığını öyrənir, imkan tapıb qızın şəklini də çəkir. "Maşına əyləşdi. Əl elədi. Sanki vəd verirdi: Səni buradan qurtaracağam".
- Valentina Moskvaya getdi,
- Səfa Qarabağda əsirlikdədir,
- Xocalı isə yoxdur!
Müəllif bəlkə də
bu əsərlə ayrı söz demək istəyib, amma mən belə
eşitdim...
Qulu Ağsəs
525-ci qəzet.- 2014.-
26 fevral.- S.3.