Dünya qarı, Ələmdarı neylədin...
Bir neçə ay öncə keçirdiyi ağır cərrahi
əməliyyatdan sonra son zamanlar sanki bir qədər
özünə gəlmişdi. Yanaqlarının
batığı bir qədər hamarlanmış, gözlərinin
işığı artmışdı. Özü
də buna sevinir, müjdələrimizi təsdiqləyirdi.
Nə biləydik ki, bu, sönməkdə olan
çırağın son güclü şölələrinin
təzahürü imiş...
XX yüzilliyin tən ortasında - 1950-ci ildə
"şeir-muğam beşiyi Nardaranda" (Hacı Ələmdar
Mahir) Ələmdar Quliyev kimi işıqlı dünyaya
göz açmışdı. Məktəb illərində
ağlı-dərrakəsi ilə yaşıdlarını bir
boy üstələsə də, üstünə vaxtsız
düşən ailə-məişət qayğıları ali təhsil almasına imkan verməmişdi.
Ancaq ağır zəhmət prosesindən
oğurladığı hər bir dəqiqəni qənimət
bilmiş, həmişə yanında gəzdirdiyi kitablardan,
xüsusilə pərəstiş etdiyi Füzuli divanından
bir an belə ayrılmamışdı. Fürsət tapdıqca şeir-sənət,
muğam məclislərinin zəngin informasiya
yükünü də acgözlüklə ciyərlərinə
çəkmişdi. Fenomenal yaddaşı və fitri təhlil
qabiliyyəti də klassik poeziyanın, irfan fəlsəfəsinin,
muğam musiqisinin dərin bilicisi kimi yetişməsində az rol oynamamışdı.
Diplomatiyada "portfelsiz nazir" ifadəsi var. Ələmdar
Mahiri "diplomsuz alim" adlandırmaq tamamilə doğru
olardı. Elə
bu arqumentlə də 60 illik yubileyinin keçirildiyi 2010-cu ildə
o vaxt Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına
Ədəbiyyat İnstitutunun direktoru olan akademik Bəkir Nəbiyevə
müraciət etmiş, Ələmdar Mahirə İnstitutun fəxri
doktoru diplomunun verilməsinə xahişmənd olmuşdum. Mərhum
Bəkir müəllim ali təhsili olmayan adama fəxri diplom təqdim
edilməsinə "talmudun" imkan vermədiyini desə də,
Muğam Mərkəzində keçirilən yubiley tədbirində
gözəl bir çıxış etmiş, Ələmdar
Mahir yaradıcılığının bir sıra sirlərinin
üstündən pərdəni götürmüşdü. (Allah hər ikisinə rəhmət eləsin!)
Akademik
Vasim Məmmədəliyev demişkən: "Və əmma bəəd"
hökmən gəlməliyik səkkiz il ərzində
əvəzedilməz aparıcısı olduğu "Məclisi-üns"ə.
O "Məclisi-üns"ə ki, beş il əvvəl mən
də o ünsiyyətə qoşuldum və Hacının
cazibə sahəsindən bir daha çıxa bilmədim.
Böyük rus şairi böyük Azərbaycan şairi Səməd
Vurğun haqqında: "Azərbaycan poeziyasının duzu,
balı və çörəyi" epitetini işlətmişdi.
Hacı Ələmdar Mahirə də Ana
Televiziyamızın "Məclisi-üns" verilişinin
"duzu, balı, çörəyi" demək olardı.
Onda hər şey dərin idi: intellekti də, yumoru da, məhəbbəti
də və hər şeydən öncə, gözlərindəki
dərinlik bütün bunlardan xəbər verirdi.
Sən
hali-dilin söyləməsən nola,
Füzuli,
El fəhm
qılır çaki-giribanını görgəc!
Əlbəttə, bir də dili - şirin, rəvan, məntiqi,
dəlil-sübutlu, inandırıcı, sevdirici dili, dərinliyinin
atributlarından biri kimi "rişteyi-izharə min-min gövhəri-əsrar
çəkən" dili hər ləhzə yoxluqdan bir
varlıq yaradırdı.
Zəban
dər dəhan, ey xerədmənd, çist:
Kelide dəre
gənce sahebhonər!
Ço dər
bəste başəd, çe danəd kəsi:
Ke couhərforuşəst, ya pilevər?
(Ağızda
dil nədir, əya huşyar:
Hünər
xəznəsi qapısına açar!
Qapı
bağlı olsa, kim anlar ki bu
Cəvahir satandır və ya saxsıvar?)
Hacı Ələmdar Mahirin söz xəzinəsində
cəvahir satılırdı və onun dili bu xəzinənin
qapısını çox səxavətlə
açırdı. O bir başqa sözdür ki, bu cəvahirlərin
alıcısı olmaq da o qədər asan məsələ
deyildi və hər kəsə də əlçatan deyildi bu
qiymətli gövhərlər.
İncəliklərinin
bütün nüanslarını indiyə qədər də
tam anlaya bilmədiyim bir fikri var idi: elm və bilikdən
söz düşəndə deyərdi ki, bir var bilik elmi, bir də
var: elm biliyi. Düşünürəm ki,
bunların hər ikisi onda var idi.
Söhbət
ki, Hacı Ələmdar Mahirin elmindən düşdü, mərhumun
60 illik yubileyi münasibətilə yazdığım və mətbuatda
dərc olunmamış, yalnız yubiley üçün tərtib
edilən topluya düşmüş bir məqaləm də
yadıma düşdü. Həmin məqaləni
olduğu kimi diqqətə çatdırmaq istəyirəm.
“HACI
ƏLƏMDAR MAHİRİN ELMLİ ŞEİRİ
"Elmsiz
şeir əsası yox divar olur
və əsassız
divar qayətdə bietibar olur."
Məhəmməd
Füzuli
İnsan oğlu gözəlliyi anladığı
gündən ona heyran olub və yəqin ki, ilk şeir də
bu heyranlıqdan doğan bir çılğın fəryad
şəklində doğulub. Və belə
çıxır ki, insanı insan eləyən də elə
onun təbiətində, ürəyində, beynində,
içində gözəllik duyğusunun yaranmasından
başqa bir şey olmayıb. O zamandan da əsl
şairliyin məhək daşı kimi şeirdə gözəllik
duyğusunun varlığı həlledici rol oynayıb,
sanballı sözünü deyib. Böyük
Cavid hər şeydən öncə dahi şair
olduğundandır ki, "Mənim tanrım gözəllikdir,
sevgidir!" deyə hayqırırdı.
Ancaq bu da
var ki, şairlərin bir qismi gözəlliyi, məsələn,
necə ki, bülbül gülə baxıb vəcdə gələr
və nalə çəkər, o cür tərənnüm eləyir;
bir qismi də, elə bil ki, gözəlliyi bədii təhlil
obyektinə çevirir, onun qabığını yarıb məğzini,
mahiyyətini, mənasını göstərir. Bu ikincilər, şübhəsiz ki, Tanrı vergisi
olan poetik istedadla gərgin intellektual zəhməti birləşdirən,
Füzuli demişkən, "elmsiz şeirdən qalibi-biruh
kimi tənəffür qılıb, bir müddət nəqdi-həyatını
sərfi-iktisabi-fünuni-ülumi-əqli və nəqli və
hasili-ömrünü bəzli-iqtisabi-fəvaidi-hikəmi və
həndəsi qılmağın mürur ilə ləaliyi-əsnafi-hünərdən
şahidi-nəzminə pirayələr mürəttəb
qılan" sənətkarlardır.
Şəkkəri-Hindustan
və şəkkəri-Mazəndəran...
Bunu, milyonlar üçün nəzərdə
tutulmuş kütləvi istehlak malları ilə,
seçilmişlərə ünvanlanmış yüksək
sənət əsərlərinin müqayisəsi timsalında
da təsəvvür etmək olar.
Nə yaxşı ki, klassik şeirimizdə Füzuli
etalonu var və nə yaxşı ki, Füzuli etalonu Prokrust
yatağı deyil. Mirzənin ruhu yəqin ki, məni
bağışlar (Mirzə Fətəlini deyirəm), əgər
desəm ki, Füzuli etalonu təkcə qəzəl şairləri
üçün deyil, ümumilikdə ədəbi inkişaf
üçündür; ədəbi geriləmə
üçün deyil.
O bir
ayrı məsələdir ki, sən ədəbi inkişaf
deyəndə nəyi nəzərdə tutursan və ədəbiyyatdan
nə gözləyirsən.
O da bir
ayrı məsələdir ki, ədəbiyyatın
özünə necə baxırsan? Kütləvi
istehsal prosesi kimi, yoxsa xüsusi hazırlığı olan
insanlar üçün nəzərdə tutulmuş məhdud
auditoriyalı elitar sənət sahəsi kimi?
Bunlar çox qədim suallardır və bu problem barədə
mübahisənin başlanğıcı var, sonu yoxdur. Ona görə
də, daha "mətləbi uzatmadan" yazının
başlığında işarə vurduğum məsələyə
keçsəm yaxşıdır.
Hacı Ələmdar Mahirin elmi dərəcəsi yoxdur,
ancaq o, gözəl ədəbiyyatşünas-alimdir. Xüsusən
klassik ədəbiyyatımızın mahir bilicilərindəndir.
Şəhriyar demişkən, "Gözəllərin
axıra qalmışlarındandır".
Hacı Ələmdar Mahirin sənət titulu yoxdur - nə
əməkdar incəsənət xadimidir, nə də xalq
şairi. Ancaq o, fitri istedadı olan və bu istedadı elmlə
birləşdirən gözəl şairdir. Bunu bilmək üçün onun bircə qəzəlini
oxumaq yetərlidir. O "bircə qəzəli" burada
örnək gətirirəm ki, bu qənaətimin boğazdan
yuxarı olmadığı sübut olunsun:
Gah
vüsalın müjdəsiylə can verər bimarə
söz,
Gah verər peyğam hicrindən, salar azarə söz.
Dərdi-pünhanım
sağalmaz gəlməsə səndən xəbər,
Xəstəyə bəzən dəvadən artıq eylər
çarə söz.
Yüz bəla
gəlsə məhəbbət vadisindən dönmərəm,
Mən bu yolda vermişəm bir məhliqa dildarə
söz.
Tərifində
az danışsam, ey gülüm, məzur
tut,
Çünki yox bu qəddi-rənayə, bu gül
rüxsarə söz.
Yüz nəsihət
eyləsən də cahilə kar eyləməz,
Təsir
etməz zərrəcə, hər kim desə
divarə söz.
Tut
sözü daim özündən artıq, ey şair
könül,
Çünki Allah göndəribdir Əhmədi-Muxtarə
söz.
Hər
sözə meyl etmə, Mahir, salma qiymətdən sözü,
Çıxdı bir gün bəlkə qiymət
almağa bazarə söz.
Klassik ədəbiyyatda çox geniş yayılıb
söz mövzusundakı şeirlər. Bu da təbiidir,
bədii əsərin, ədəbiyyatın canı elə
sözdür. Və qəribədir ki, canın
özü də elə sözdür, necə ki, böyük
Füzuli deyib: "Can sözdür, əgər bilirsə
insan; Sözdür ki, deyərlər özgədir can".
Mən burada Hacı Ələmdar Mahirin "söz"
sözünü neçə mənada işlətməsi
haqqında danışıb onun poetik ustalığından
söz açmayacağam; fərasətli oxucu onsuz da bunu
görməmiş deyildir. Əsas məsələ ondadır
ki, sözü gedən şair sözün poetik-məntiqi
imkanlarından yararlanmaq açarını əldə edib və
bu mənada ustad şairlərin cərgəsinə daxil ola bilib. Əsil sənətkar
üçün söz - meydandır və sən nə qədər
çox söz bilirsənsə, onların müxtəlif məna
çalarlarına uyğun olan kombinasiyalarını poetik məntiqə
tabe edə bilirsənsə, bu meydan o qədər genişlənir
və əl-qol atmaq üçün o qədər rahat olur.
Nahaq deyildi ki, hələ vaxtilə böyük Nizaminin
özü də söz meydanının darlığından
şikayətlənirdi. Ancaq darlıqda da ilham atını
sağa-sola səyirdə bilirdi.
Əslinə qalanda, qəzəl janrında da
sözün fiziki meydanı kifayət qədər dardır və
bu darlıqda əl-qol atmaq üçün də yenə
söz xiridarı, söz ustası olmaq lazımdır. Müəyyən
mənada qəzəlxan şair bənnaya, memara da bənzədilə
bilər. Heç təsadüfi feyil ki, qəzəlin
forma elementi olan beytin hərfi tərcüməsi elə evdir.
Necə ki, istedadlı bənna, memar, daşyonan ev tikərkən daşı, mərməri, kərpici
bir-birinə elə bənd edir ki, arasından tük də
keçmir; istedadlı şair də qəzəlin beytini, yəni
evini qurarkən sözdən eynilə o cür istifadə edir.
Buna qəzəldə monolitlik prinsipi də demək olar. Bəs söz sənətkarı
bu monolitliyə necə nail olur? Hər şeydən
öncə sözşünaslıq elminə vaqifliyi sayəsində.
Sözlərin məna çalarlarından
maksimum səmərəli istifadə etmək sayəsində.
Hər beyti mükəmməl məntiqi sillogizmə
çevirmək sayəsində. Sözlərin
ifadə etdiyi anlayış və hadisələrdəki incə
təzadları uğurlu qarşılaşdırmaq sayəsində.
Hacı Ələmdar Mahirin yuxarıda örnək gətirdiyimiz
qəzəlinin istənilən beytinə nəzər salsaq, bu
"sayə"lərin əksəriyyətinin uğurla tətbiq
olunduğunu görə bilərik. Məhz buna görədir
ki, bu qəzəldə və haqqında
danışdığımız şairin başqa poetik
örnəklərində də şeirşünaslıq
elminin qanun-qaydalarından və prinsiplərindən yerli-yerində
istifadə olunduğunu görürük və həqiqi
şeirin meyarı da elə budur.
Məsələn,
elə birinci beytdə xoş xəbərlə xəstəyə
can verən, bəd xəbərlə isə xəstələndirən
söz arasında təzad yaradılır. İkinci
beytdə həmin motiv davam etdirilir və sözün bəzən
dərmandan da artıq sağaldıcı təsirə malik
olması fikri irəli sürülür. Və
beləcə yeddi beytin hamısında müəyyən bir
bitkin məna ifadə edilir. Həm də
bu məna bir qədər örtülü, bir qədər
eyhamlı şəkildə olur və sözün sirrinə
vaqif olan oxucu bu örtünü, pərdəni onun üzərindən
götürərkən bütün parlaqlığı ilə
müşahidə edib, estetik həzz duyğusu keçirir.
Deməli, ustalıqla qələmə alınmış
bir qəzəlin oxu prosesi əslində müəyyən mənada
evristik yolla gedir ki, bu da Füzulinin dediyi elmli şeirin
qarşısında duran əsas tələblərdən biri,
bəlkə də birincisidir.
Hacı
Ələmdar Mahirin "Səadət intizarında"
kitabına yazdığı "Eşq və iman
şairi" adlı çox qiymətli ön sözdə
ustad şairimiz və ağsaqqal söz adamımız Ənvər
Nəzərli kitabdakı şeirləri və ümumiyyətlə
Mahirin yaradıcılığını və şəxsiyyətini
yüksək dəyərləndirir, əsas məziyyətlərini
təhlil edir. Ancaq hörmətli ustadın bir fikri ilə
razılaşa bilmirəm: "...Mahirin şeirləri bəzən
nöqsan və qüsurlardan da xali deyildir. Bunlardan
ən başlıcası bir sıra şeirlərində
dilinin qəliz olması, izafət birləşmələrindən
istifadə etməsi, hələ-hələ oxucunun başa
düşə bilmədiyi rəmzi ifadələr, obrazlar,
kökü müxtəlif hədis və dini rəvayətlərə
söykənən fikirlər, müddəalar vardır ki,
bunlar şeirə ağırlıq gətirir."
Bəli, elmli şeir elmli oxucu tələb edir və
oxucu çalışıb kamilləşməli, şairin səviyyəsinə
ucalmalıdır; nəinki şair elmini ataraq "hələ-hələ
oxucunun" anlamağı xatirinə onun səviyyəsinə
enməlidir.
"İncəsənət xalqa məxsusdur!" deyirdi
bolşeviklər, ancaq xalq da incəsənətə layiq
olmalıdır. Şeir şouya çevrilməməlidir.
Və elmli şeir də heç vaxt şou
elementi olmayacaqdır.
Sözümün sonunda bunu da deməyi vacib sayıram
ki, Hacı Ələmdar Mahirin poetik
yaradıcılığı klassik şeir ənənələrimizin
davamında uğurlu addımlardan biridir.
Ancaq yenə bayaqkı sözümə qayıdıram
ki, Hacı Ələmdar təkcə şair deyil, həm də
alimdir və mən bir ədəbiyyatşünas kimi onun elmi əsərlərinin
də nəşrini və alimlərimiz tərəfindən
layiq olduğu qiymətin verilməsini gözləyirəm.
60
yaşın müdriklik zirvəsində yenə də "Səadət
intizarında" olan "Məclisi-üns" dostum Hacı
Ələmdar Mahirə bədii və elmi yaradıcılığında
yeni-yeni uğurlar diləyirəm.
02. 05.
2009
P.S. Bu məqalənin
yazılmasından altı aydan bir az artıq vaxt keçirdi
ki, "Məclisi-üns"ün istedadlı ssenari müəllifi,
dostumuz Yaqub Əliyev həmişəki kimi xoş bir xəbərlə
mənə telefon açdı və bildirdi ki, noyabrın
10-da çəkiləcək məclisin növbəti sayı
Hacı Ələmdar Mahirin 60 illik yubileyinə həsr
olunacaq. Və mən
bu dar macalda şair dostumun bir qəzəlini təzmin etməkdən
yaxşı bir hədiyyə düşünə bilmədim.
Saqi, insaf
elə, ver badəni, batdım getdim,
Tərpədə
ta məni cingiltisi, yatdım getdim
mətləli qəzələ yazdığım həmin naçiz təzmin
budur:
Mat gəlib
yer yüzünə, mən elə maddım getdim,
Ömr bir addım imiş, mən də bir addım
getdim.
Guya gəldim
ki, sağış yövmünə iman qazanım,
İmana yetmədi əl, küfrü də daddım getdim.
Dedilər,
çirkaba daş atma, batarsan - heyhat!
Bu qədim batdağa bir xırda daş atdım getdim.
Kim nikah
bağladı, üç gündə təlağın verdi,
Bu nəvədsalə qızı mən də
boşatdım getdim.
Bilmədim
baş aparan çarx mənə rəhm etməyəcək,
O səbəbdən
başımı başlara qatdım getdim.
Qıymadım
yar qanına rəngi-həna yaxmaq üçün,
Saçı-saqqalı bəyaz rəngə boyatdım
getdim.
Bu, qəzəldir,
sözü, Teymur, çox uzatmaq yaramaz;
Mən də Mahir kimi söz ömrün uzatdım
getdim.
07. 11.
2009."
Görkəmli
ziyalı, klassik ədəbiyyatın mahir bilicisi, qeyrətli vətəndaş,
Peyğəmbər aşiqi, Füzuli aşiqi Hacı Ələmdar
Mahir 63 yaşın içində - elə Peyğəmbər
yaşında, elə Füzuli yaşında bu fani dünyadan
köç etdi.
Ölümdən qorxmurdu, çünki ölümü
heçlik kimi deyil, bir yerdəyişmə, köç kimi qəbul
edirdi. Onu da bilirdi ki, böyük sələfləri Nizami,
Füzuli kimi onun da sənəti xalqın ürəyində,
xanəndələrin dilində yaşayacaq. Nizaminin bu
dahiyanə sözləri dilinin əzbəri,
ölümsüzlüyün müjdəçisi idi:
Gizlənib
özünü verməzmi nişan,
Hər beyti sənə min hikmət danışan?
Yüz il sonra sorsan: bəs o hardadır?
Hər
beyti səslənər: burda, burdadır!
Hacı
Ələmdar Mahirin varlığını, mənəvi
ölümsüzlüyünü hər bir beyti ilə
yanaşı "Mənim tanıdığım
Füzuli", üçcildlik "Füzuli qəzəllərinin
şərhi" kimi fundamental elmi əsərləri də təsdiq
edəcək, şəhadət gətirəcək.
Teymur Kərimli
525-ci qəzet.-
2014.- 27 fevral.- S.8.