İnana bilmirəm...
Deyirlər, həyatının son anlarında
insanın gözləri
qarşısından bütün
ömrü ani olaraq keçib gedir. Bilmirəm, bəlkə də
belədir. Amma uzun
illər boyu yaxından tanıdığın,
ünsiyyətdə olduğun
adamın qəfil ölüm xəbərini
eşidəndə gözlərin
qarşısında ortaq
keçmişinizin çeşidli
epizodları, saatları,
anları bir-bir canlanır. Acıdan acı bir xəbər - Tofiq Abdinin ölüm xəbərini eşidəndə
əlli illik tanışlığımızın, yaradıcılıq ünsiyyətimizin,
ədəbi əlaqələrimizin,
"Qobustan"da birgə
çalışmağımızın müxtəlif səhnələri
bir-bir yaddaşıma
qayıtdı. 1967-ci ildə "Qobustan" incəsənət toplusunun
baş redaktoru təyin olunanda mətbuatda yazılarını
maraqla izlədiyim Tofiq Məhərrəmoğlunu
dəvət edib, teatr və kino
şöbəsinin müdiri
təyin etdim.
"Qobustan"ı mərhum
Vidadi Paşayevlə,
mərhum Yusif Əliyevlə və bu gün ağrıya-ağrıya
rəhmətlik dediyim
Tofiqlə birlikdə yaratdıq, məfkurəsini,
amalını, dilini, üslubunu birgə əməkdaşlıq şəraitində
müəyyənləşdirdik. Bu gün "Qobustan"
redaksiyasının ilk tərkibindən
bir mən qalmışam, bir də Azər Abdulla.
Tofiq istedadlı
şair idi və eyni zamanda
çox iti və kəskin qələmi, orijinal üslubu olan, cəsarətli publisist yazılarıyla, maraqlı
müsahibələriylə mətbuatımızda geniş
tanınmış və
hörmət qazanmış
müəllif idi. "Qobustan"dan başqa radioda da çalışırdı.
Yadımdadır, radioda Qara Qarayev haqqında bir söhbətindən sonra bu verilişi
dinləmiş Cəfər
Cəfərov məndən
onun müəllifi haqqında soruşdu.
Tofiqin çıxışı, üslubu,
məsələyə yanaşma
tərzi Cəfər müəllimin diqqətini
cəlb etmişdi.
- Həm də çox cəsur oğlandır - dedi, - başqaları ehtiyat etdikləri məsələlərdən
tam açıqlıqla danışa
bilir.
Mən "Qobustan"dan
gedəndən sonra yollarımız bir müddət ayrıldı. İstanbulda o vaxtkı baş konsulumuz Abbas Abdullanın timsalında qəzavü-qədər Tofiqi
Türkiyəyə gətirdi.
Burda da qısa müddətdən
sonra türk basının məhsuldar yazarlarından oldu. "Qobustan"dan başlanan işi - irəliçi Azərbaycan
sənətinin təbliğini
türk qəzetlərində
davam etdirdi.
Bir müddət
sonra mən də İstanbulda dərs dediyim zaman tez-tez görüşərdik,
Tofiqgilin evində qonaq da olmuşdum. Vətənə qayıdandan sonra yenə həmişə doğma bildiyi ocağa -Yazıçılar
Birliyinə gəldi.
Son illər daha
çox "525-ci qəzet"də
yazırdı və bu yazıları, söhbətləri, müsahibələri,
layihələri də
orijinallığı ilə
seçilirdi. Müxtəlif qüvvələr onu öz təsiri altına almaq istəsələr də,
Tofiq gəncliyinin dostluq münasibətlərinə
heç vaxt xilaf çıxmadı.
Axı xırda bir inciklik üstündə bütün olub-keçənlərin,
yaxşılıqların, xoş münasibətin üstündən qələm
çəkən nankorlardan
deyildi.
Yaşlansa da görkəmi ilə də, ruhu ilə də, döyüşkənliyi və bənzərsizliyi ilə də əlli il qabaq tanıdığım həmin Tofiq idi. Odur ki, yazmaq həvəsiylə, yaradıcılıq şövqüylə döyünən qəlbinin susmasına heç cür inana bilmirəm. Sədaqətli, etibarlı, məhrəm bir adamımı itirməkdən çox üzgünəm. Gördüyü işləriylə, yazılarıyla, yaddaşlarda yaşayacaq xatirəsiylə Tofiq həmişə onu tanıyanların qəlbində qalacaq. Allah rəhmət eləsin. Qəbri nurla dolsun.
25 fevral 2014
ANAR
525-ci qəzet.-
2014.- 27 fevral.- S.7.