Elman Nəsirli: “Dövlət quruculuğunun mütərəqqi xarakterində Konstitusiyamızın xüsusi rolu var”

 

(Əvvəli 12 iyun sayımızda)

 

Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır. 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.

 

Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq,  professor Elman Nəsirlinin fikrincə, ümummilli lider Heydər Əliyev Konstitusiyada insan hüquq və azadlıqlarının qorunmasına da böyük diqqət ayrılmasını tələb edirdi: “Komissiya qarşısında bu məsələni ciddi bir məsələ kimi qoymuşdu. Demokratiya yolunu, dünyaya inteqrasiyanı seçən bir dövlət kimi Azərbaycanın  Konstitusiyasında bu məsələ dolğun şəkildə öz əksini tapmalıdır. Cənab prezident  bu  istiqamətdə  konkret, əməli   addımlar atmağa başladı.  Əsas Qanundan çıxış edərək digər qanunların qəbul edilməsinə nail oldu. Mən 1998-ci ildə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda ölüm hökmünün aradan qaldırılması və onun ömürlük həbslə əvəz olunması ilə bağlı qanunun qəbulunu vurğulamaq istəyirəm. Bu qanunun çox böyük əhəmiyyəti var. Bununla bir daha  Azərbaycanda demokratik, sivil, insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş bir siyasətin ardıcıl şəkildə həyata keçirildiyi öz təsdiqini tapdı. 2000-ci ildən bu qanun tətbiq edilməyə  başladı. Elə həmin il QHT-lər haqqında da qanun qəbul edildi. Bunlar hamısı bir daha Azərbaycanda sivil cəmiyyət quruculuğu istiqamətində yeni proseslər idi. Onun da kökündə bizim Əsas Qanunumuz dayanır. Çünki baza prinsiplər, ana prinsiplər Konstitusiyada öz əksini tapmışdır. Bundan sonrakı dövrdə Konstitusiyaya referendum yolu ilə bəzi düzəlişlər oldu. Bu da ondan irəli gəlirdi ki, ümummilli lider onun fərqində idi və hər zaman tələb edirdi ki, demokratiya davamlı bir prosesdir və burda son nöqtə yoxdur. Bu proses hər zaman gedir və kim fikirləşsə ki, biz artıq tam demokratik ölkəyik və bununla da kifayətlənmək lazımdır, bu yanaşmanın özü antidemokratikdir. Bu məntiqlə də bizim Konstitusiyamız nə qədər demokratik olsa belə, zaman dəyişir, proseslər surətlənir,  yeni reallıqlar yaranır bu reallıqlara  çevik cavab vermək məsələsi böyük aktuallıq kəsb edir. Bu kontekstdə də ümummilli lider 2002-ci ildə Konstitusiyaya yeni düzəliş və əlavələrin edilməsini gündəmə gətirdi, bu sahədə bir çox addımlar atıldı və nəticə etibarilə Konstitusiyanın 95-ci ildən sonrakı  proseslər dövrünün yeni reallıqlarına uyğunlaşdırılması, adekvat reaksiya verməsi məsələsi öz həllini tapmış oldu”.

Politoloq bunun Azərbaycanda siyasi sistemin daha da təkmilləşdirilməsi mənafeyinə xidmət göstərdiyini vurğulayıb. Konstitusiyada KİV-in inkişafı ilə bağlı məqamı xüsusi qeyd edib və bu istiqamətdə mühüm addımlar atıldığını vurğulayıb.

E.Nəsirli ulu öndər Heydər Əliyevin KİV- ə münasibətdə senzuranın ləğvi ilə bağlı qərarın qəbuluna nail olmasını çox vacib məsələ adlandırıb: “Çünki o vaxta kimi KİV bir çox hallarda real vəziyyəti adekvat olaraq ifadə etmək imkanlarına malik deyildi. Bu da cəmiyyətdə KİV-ə qarşı “həqiqəti ifadə etmir” deyə bir inamsızlıq yaranırdı. Ölkə prezidenti bu addımı atmaqla, əslində vətəndaşların konstitusion hüququ olan informasiya almaq və KİV- in informasiya yaymaq hüququnu daha genişlənməsi, daha obyektiv , demokratik olması ilə bağlı çox mühüm bir sənədə imza atdı. Bununla da sonrakı dövrdə KİV- in inkişafında yeni bir mərhələnin əsası qoyuldu. Azərbaycanın beynəlxalq aləmdə mövqeyi möhkəmləndi, bizi dəstəkləyən dövlətlərin sayı artdı, eyni zamanda Azərbaycana insan hüquq və azadlıqlarının daha çox müdafiə edilməyə başladığı, bu istiqamətdə hüquqi bazanın yaradıldığı bir ölkə kimi beynəlxalq miqyasda inam artdı, onlar Azərbaycan iqtisadiyyatına daha ürəklə, daha inamla investesiya qoymağa başladır. Hesab edirəm ki,  böyük siyasətdə Heydər Əliyevin əvəzedilməz  rolunu yüksək qiymətləndirənlər  eyni zamanda onun bu addımlarını dəyərləndirib və müvafiq nəticələrə gəlirlər”.

Politoloq hesab edir ki, Azərbaycanın Əsas Qanununun dünya konstitusiyaları arasında öz mövqeyi və dəyəri vardır. Bunu müqayisəli şəkildə açıqlayan E.Nəsirli, əlavə edib ki,  ABŞ dünyada özünü insan hüquq və azadlıqlarının , demokratiyanın bayraqdarı hesab edir: “Birləşmiş Ştatlar 1776-cı ildə yaranıb, 11 il sonra, 1787- ci ildə konstitusiyasını qəbul edib. Bu sənədə indiyə kimi 27- yi düzəliş olub. ABŞ konstitusiyası zəmanəsinin ən mühüm konstitusiyalarından biri hesab olunurdu. Amma indiki reallıqlar göstərir ki, bu sənəddə xeyli boşluqlar yaranıb, köhnəlib. Xüsusilə Amerika seçki sistemi ilə bağlı sənəddə əksini tapmış prinsiplər əslində indiki reallığa uyğun deyil. Bunu amerikalı ekspertlər də qeyd edirlər. Fransa bu sahədə mühüm dövlətlərdən biridir. Bu sənəd Fransa inqilabı gedişində, 18-ci əsrdə qəbul edilmiş təkmil konstutusiyalardan biri hesab olunurdu. Amma sonradan məlum oldu ki, bu sənədin özündə də ciddi  boşluqlar var. Konstitusiya həmin dövrün reallıqlarını özündə ehtiva edir, bir çox hallarda inqilabi proseslərin məntiqi təsiri altında yaranıb. Sonralar bu sənəddə dəyişikliklər edildi və nəhayət, Fransada 1958-ci ildə Şarl de Qollun dövründə ölkənin yeni konstitusiyası qəbul edildi. Bu sənəd indi fəaliyyət göstərir. İtaliyadan danışsaq, bu ölkədə 46-cı ildə iyunun 2-də Əsas Qanun qəbul edildi. Həmin sənəddə ilk dəfə qadınlara səs hüququ verildi. Birləşmiş Ştatlarda yaranışından, konstutusiyanın qəbulundan sonra 144 il sonra 19-cu düzəliş oldu və qadınlara səs hüququ verildi. Azərbaycanda isə bu səs hüququ 1918-ci ildə verildi. Təəssüf ki, o zamankı respublika 23 aylıq fəaliyyəti dövründə Konstitusiyanı qəbul edə bilmədi. Amma Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq özünün yeni Konstitusiyasını qəbul etdi. Müxtəlif ölkələrin konstitusiyaları var. Amma bu sənədlər bir çox hallarda real, bir çox hallarda köhnəlmiş, yaxud da mütərəqqi məsələlərə, insan hüquq və azadlıqları ilə bağlı olduqca mühüm məsələlərə gecikmiş reaksiyası ilə yadda qalıb. Azərbaycan gənc dövlətdir və müstəqillik illərində insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiya , dövlət quruculuğu yolunda çox mühüm addımlar atıb. Bu mənada hesab edirəm ki, gənc dövlətin Konstitusiyasında beynəlxalq birliyin mühüm üzvlərinin konstitusiyalarının öyrənilməsi, onların nöqsanlı məqamları nəzərə alınaraq yenisinin yaradılması və 21- ci əsrin reallıqlarına adekvat olaraq  mühüm məsələlərin orda əksini tapması Azərbaycan Konstitusiyasının son dərəcə mütərəqqi olduğunu təsdiq edir və onun təkmil olduğunu bir daha ifadə edir”.

Konstitusiyanın qəbulunun Azərbaycanda dövlət quruculuğunun sonrakı mərhələsində roluna toxunan politoloq hesab edir ki, bu sənədin qəbulu hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması, insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiyanın inkişafı yolunda baza rolunu oynadı. Və məhz bu ana qanun əsasında ölkəmizdə müxtəlif sferalarda, həm siyasi, həm iqtisadi, həm mədəni humanitar və s. sahələrdə quruculuq tədbirləri böyük vüsət aldı.   Onun sözlərinə görə, ümummilli liderin bu istiqamətdə müəyyən etdiyi kurs və 1995-ci ildə qəbul olunmuş Konstitusiyada əksini tapmış prinsiplər sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən dəyişən dünyanın reallıqları nəzərə alınmaqla daha da təkmilləşdirildi, daha da inkişaf etdirildi: “Cənab prezidentin bu istiqamətdə atdığı əsas addımlardan biri vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı məsələlərdir. Başqa bir mühüm sənəd isə  2012-ci qəbul edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış konsepsiyasıdır”.  Bu sənədin 9-cu fəsli birbaşa Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna həsr olunub.  Bu çox vacib məsələlərdən biridir. 2009-cu ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya müəyyən əlavə və dəyişikliklər edildi bu da Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə ölkə rəhbərinin növbəti töhfəsi idi. Bu reallıqlar fonunda 2013-cü ilin oktyabrında Azərbaycanda prezident seçkiləri keçirildi.  Bu seçkilər hüquqi dövlət quruculuğu prosesinin həm təsdiqi, həm də onun inkişafının göstəricisi idi. Azərbaycan Konstitusiyasında bələdiyyələrlə bağlı da hüquqi baza yaradılıb. Bildiyiniz kimi bu ilin dekabrında  həmin baza əsasında ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bunlar hamısı bir daha onu təsdiqləyir ki, inkişaf prosesi dinamik prosesdir, davamlı prosesdir, orada son nöqtə yoxdur. Başlanğıc nöqtə isə var və bu nöqtə isə 1995-ci ildə qəbul edilmiş Konstitusiya və onun bazasında ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu prosesi vüsət alıb və inkişaf prosesini yaşayır   bu həm də Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərir”.

 

PƏRVANƏ

525-ci qəzet.- 2014.- 14 iyun.- S.30.