PƏRVİN

 

Özünü də sevirəm...-

 

"Yüz Gözəl Sevgi Şeiri"

 

Sevgini düşündükcə, bu ilahi hissi təhlil edib dərinliklərinə getdikcə möcüzəsini, sehrini daha yaxşı anlayırsan. Amma daha çox yaşadıqca, zamanla Allahın insana bağışladığı bu heyrətamiz duyğunu qat-qat açdıqca, hər gün bir qatını kəşf etdikcə heyrətlənirsən. Bu necə hissdi ki, fikirlərini, arzularını, beynini, qəlbini bütünlüklə zəbt edir, doldurur?! Yəqin heç bir istək, heç bir hadisə, düşüncə, hiss bu qədər özündən asılı hala sala bilməz insanı. Təbiət belə yaradıb adamı... Yarımçıq. Öz yarını mütləq tapmalıdı gec-tez. Yoxsa tənhalıq, təklik dərd sayılmazdı, əzab verməzdi. Ona görə insanın özünü axtarması, bütövləşmək istəyi adi görünür... Birinə aşiq olub, arzularını, həyatını, gələcəyini onunla bağlamağın  da təbiidi... Sevməlisən! İnsan olduğun üçün! Amma ona aid hər şeyi sevməyin, ona birbaşa da olmasa, hardasa yaxın nələrisə – məkanları, əşyaları, təbiəti, kimlərisə – qohumlarını, dostlarını, yoldaşlarını sevməyin nə qədər qeyri-adidi, deyilmi?

 

Bu dənizin kənarında görmüşdün bir vaxt onu... İndi az qalırsan əyilib öpəsən qumları, izlərini də axtarırsan sadəlövh uşaq kimi... Bu kitabları onun da bəyəndiyini bilirsən, körpələr kimi başını kitabın üstünə qoyub yatırsan... Bu qoxu onu xatırladır nədənsə, çəkirsən içinə ətri, ürəyin partlayır darıxmaqdan... Yadındadı, yaxşı yadındadı açıq səma rəngli köynək geyinmişdi bir dəfə... Səmadan çəkmirsən gözünü, üzünü göylərə tutub elə hey baxır, baxırsan... itib batmaq istəyirsən o ənginlikdə. Adamların üzündə, sözündə, təbiətdə, hər yerdə onu axtarırsan, onu görürsən, ona bənzər nə varsa gözəldi, maraqlıdı. Ona aid olmayan hər şey mənasızdı, cansıxıcıdı. Hə, sevgi tərbiyə edir səni, bəzən zövqünü də, həyata baxışlarını da dəyişir... Amma bütün bu dəyişkənliklərinlə də xoşbəxtsən. Hamıya adi görünən səndən ötrü müqəddəsdi, başqaları üçün mənasız olan nələrəsə dərin anlam verirsən... Ona aiddi çünki! 

 

Seyran Səxavətin “Sevirəm” şeirisevginin məhz bu, möcüzəvi tərəfini ifadə edir. 18 yaşında yazıb şair bu şeiri. Ümumiyyətlə, Seyran Səxavətin poeziya  yaradıcılığı əsasən ilk gənclik illərinə aiddi. Sonralar nəsr, əsasən də romanlar yazan müəllif  daha çox nasir kimi tanınır, sevilir. Amma onun şeirlərindəki lirizm, həyatilik, səmimilik düşündürür adamı, təsirləndirir.

Seyran Səxavətin tədqiqatçısı Xəyalə Əfəndiyevanın sayəsində şairin çap olunmamış şeirlərini də əldə edə bildim. Ona görə arxivlərdə tapdığı, araşdırdığı materialları oxumaq imkanı yaratdığı üçün gənc tədqiqatçıya da təşəkkürümü bildirirəm. Çünki məhz lap ilk gənclik illərində yazdığı və heç yerdə çap olunmayan şeirlərinin sayəsində Seyran Səxavəti şair kimi də kəşf etdim.küll halında bu şeirlərə nəzər salanda onların çoxunda utancaq bir kənd uşağı, hisslərinin əlində aciz qalmış həyalı bir yeniyetmə gördüm. Amma utana-utana sevginin belə dərin qatlarına enməsi, bu cür qeyri-adi tərəflərini yazması da xeyli maraqlıdı. Görünür, sevgi həm uşaqlaşdırır, həm də müdrikləşdirir, böyüdür. Elə bu şeirində də 18 yaşlı şair məhəbbətinin əlində çaşıb qalıb, hisslərindən utanır sanki, amma gizlədə də bilmir. Dolayı yolla edir etirafını. Şeirdə mistik bir kənd ab-havası var. Elə ilk misralardan bu duyulur... Xəzan vaxtı qırmızı, qızılı, sarı rəngə boyanmış bağçanı görürsən, o daşlı-kəsəkli küçə də, evi dövrələmiş barı da gəlir gözünün önünə. Hələ tez-tez hasardan boylanıb hər şeylə maraqlanan, hər şeyi bilmək istəyən qoca qarı... Qıza acıqlanıb “keç evə, küçəyə çıxma...” – deyən ata, ana, qardaş... Bütün bunlar kənd atmosferi yaradır. Amma ən maraqlısı şeirin qəhrəmanıdı, aşiq olduğu qıza aid hamını, hər şeyi, hər yeri sevən uşaq, yeniyetmə... Məncə, şairin uğuru hadisəni bütöv, hərtərəfli çatdıra bilməsidir. O kənd qızının xarakteri, bir də adətlərimizdən, mentalitetdən gələn bəzi məqamlar da əks olunub şeirdə. Məsələn, bir qızın qonşu oğlunun ona göz qoyduğunu görüb guya bundan qəzəblənməsi, şairin təbirincə desək onu arıtək sancması nə qədər realdı, həyatidi?! Yaxud qızın özünü bilməzliyə vurub oğlanın üzünə də baxmaması?! Yəqin çoxlarının yeniyetməlikdə yaşadığı, gördüyü səhnələrdi bunlar... Kuliminasiya isə şeirin sonluğundadı. Sanki utancaq uşaq bütün şeir boyu əsas etirafına hazırlaşıb, bunu demək üçün cəsarət toplayıb və nəhayət, bir dəfə dərindən nəfəs alıb açır ürəyini... Amma yenə də ən maraqlısı bu misradı: “Məndən incimə, ay qız...”. Məncə, bu şeir istənilən dilə tərcümə edilsə, hansı dildə oxunsa da, millətimizin xarakterindən, adətlərindən azacıq xəbərdar adam bunun Azərbaycan şeiri olduğunu bilər...  Seyran Səxavət məhz o yaş dövründə, azəri qızının xasiyyətini dəqiq ifadə edib, yalnız o yaşda azəri qızı sevildiyini eşidib “inciyər”.

Amma qəm eləmə, sevməyi də bacarır... Sabahdan atasından, anasından, qardaşından, qonşudakı qarıdan gizlin boylanacaq sizin tərəfə. Yavaş-yavaş duyacaq, düz baxacaq gözünün içinə, sözləri də şirinləşəcək... Sənə aid hər şeyi, hər yeri, hamını sevəcək!

 

525-ci qəzet.-2014.- 28 iyun.- S. 21.