Vətəndaş cəmiyyəti institutları beynəlxalq hüquqi aktlarda

 

 

 

 

Vətəndaş cəmiyyəti institutlarının aparıcı qüvvələrindən biri qeyri-hökumət təşkilatlarıdır. Qeyri-hökumət təşkilatları əsas etibarı ilə ictimai mənafe və mənfəətləri nəzərə alaraq formalaşdırılan və əsasən ictimai sferada fəaliyyət göstərən qurumlar olsa da, artıq bu gün onların beynəlxalq siyasi proseslərdə fəal iştirakından danışmaq mümkündür. Bu iştirak heç də birdən-birə mümkün olmayıb və tədrici prosesin məntiqi yekunu olaraq meydana çıxıb.

 

QHT-lərin beynəlxalq siyasi proseslərdə iştirakı

 

onların beynəlxalq hüquqla əlaqəsini formalaşdırıb. Başqa sözlə, dövlətlər tərəfindən, onların özləri və onlarla beynəlxalq qurumlar arasında münasibətləri tənzimləmək üçün formalaşdırılan beynəlxalq hüququn müddəaları bu münasibətlərin bütün iştirakçılarına, o cümlədən QHT-lərə də aiddir. Lakin beynəlxalq hüquq normalarında QHT-lərin öz əksini necə tapdığı və onlar üçün müəyyən edilən rolun nədən ibarət olduğunu təhlil etməzdən əvvəl QHT-lərin beynəlxalq münasibətlərə təsirinin və onların beynəlxalq hüquq normaları ilə nizamlanması zərurətinin necə formalaşdığını öyrənmək məqsədəuyğun olar.

Ümumiyyətlə, qərb demokratiyasının tərkib hissələrindən biri sayılan qeyri-hökumət təşkilatlarının yaranmasına müxtəlif yanaşmalar var. Belə ki, bir sıra mütəxəssislər qədim dövrdə mövcud olan vətəndaş birliklərini qeyri-hökumət təşkilatları hesab edir, dövlətdən kənar yaranan hər bir kollektivçiliyi qeyri-hökumət təşkilatı adlandırırlar. Əslində, bu yanaşma ümumiliklə qəbul olunub. Məsələ burasındadır ki, qədim dövrlərdə yaranmış dövlətdən kənar qurumlar öz xüsusiyyətləri ilə müasir qeyri-hökumət təşkilatlarından fərqlənirdi. Belə ki,

 

müasir qeyri-hökumət

təşkilatları üçün xarakterik

xüsusiyyətlər

 

bir çox beynəlxalq təşkilatın, o cümlədən BMT-nin İqtisadi və Sosial Şurasının sənədlərində də aşağıdakı kimi öz əksini tapıb: xüsusi şəxslər tərəfindən qurulması; dövlətdən asılı olmaması; şəxsi qazanc güdməməsi; İctimai maraqları əsas götürməsi; könüllülük; legitimlik.

Bu tip xüsusiyyətlərin qədim və orta əsrlər dövrünün dövlətdən kənar təşkilatlarının hamısında olduğunu demək doğru olmaz. Buna görə də müasir beynəlxalq məxəzlərdə indiki anlamda qəbul olunan qeyri-hökumət təşkilatlarının yaranma tarixini, bir qayda olaraq, XIX əsrin ortalarından etibarən hesablayırlar. Bu dövrdə  qeyri-hökumət təşkilatlarının yaranmasını stimullaşdıran əsas faktor kimi müharibələr və onların törətdiyi humanitar fəlakətləri qeyd edirlər. 1847-ci ildə yaradılan Amerikalıların Tibbi Assosiasiyası (American Medical Association) və 1919-cu ildə yaradılan Save the Children təşkilatları bu istiqamətdə təsis edilən ilk qeyri-hökumət təşkilatları idi. İkinci Dünya Müharibəsi illərində formalaşdırılan Oxfam (1942-ci ildə təsis edilmişdir), Catholic Relief Services (1943-cü ildə təsis edilmişdir) və CARE (Cooperative American Relief Everywhere) (1945-ci ildə təsis edilmişdir) kimi qeyri-hökumət təşkilatları da əsasən müharibə nəticəsində böyük dağıntıların baş verdiyi və ciddi humanitar yardıma ehtiyacı olan avropalılara yardım məqsədi ilə yaradılmışdı. Avropanın dirçəlməsindən sonra bu təşkilatlar "üçüncü dünya ölkələri" adlandırılan, zəif iqtisadiyyata malik ölkələrə yardım etmək üçün fəaliyyətlərinin ünvan və istiqamətini xeyli dəyişdirdilər.

İkinci Dünya Müharibəsindən sonra yaranan reallıqlarda

 

qeyri-hökumət təşkilatlarının üzərinə düşən vəzifələr

 

bu vəzifələrdən irəli gələrək oynadıqları rol onların beynəlxalq hüquqi subyektliliyini təsdiq etdi. Başqa sözlə desək, İkinci Dünya Müharibəsindən sonra qeyri-hökumət təşkilatları da dövlətlər kimi beynəlxalq münasibətlər sistemində önəmli yer tutmağa başladı və bu hal onların beynəlxalq hüquq normalarının obyekti olmasını şərtləndirdi. Qeyri-hökumət təşkilatlarının beynəlxalq hüququn obyektinə çevrilməsi zərurəti hələ birinci dünya müharibəsindən sonra yaranmışdı. Lakin Birinci Dünya Müharibəsindən sonra formalaşdırılan Versal-Vaşinqton sistemində dövlətdən kənar qurumlara o qədər də ciddi fikir verilmədi. Bunun ən əsas səbəblərindən biri

 

dövlətmərkəzli yanaşmanın hələ kifayət qədər güclü olması

 

qeyri-hökumət təşkilatlarının özlərini yetərincə göstərə bilməməsi olmuşdu. Bütün bunlara baxmayaraq, İkinci Dünya Müharibəsindən sonra yaranan yeni sistemin əsas hüquqi sənədi olan BMT Nizamnaməsində qeyri-hökumət təşkilatları ilə də bağlı müddəa öz yerini alıb. Nizamnamənin X fəsil, 71-ci maddəsində əks olunan bu müddəa aşağıdakı kimidir: "İqtisadi və Sosial Şura onun səlahiyyətləri çərçivəsində olan məsələlərlə məşğul olan qeyri-hökumət təşkilatları ilə məsləhətləşmə aparılması üçün müvafiq tədbirlər görə bilər. Bu tədbirlər beynəlxalq təşkilatlarla və buna lüzum varsa, maraqlı Təşkilat Üzvü  ilə məsləhətləşmədən sonra milli təşkilatlarla razılaşdırıla bilər".

Yuxarıda qeyd etdiyimiz bu müddəa Nizamnamənin İqtisadi və Sosial Şuraya aid bölməsində öz əksini tapmışdır. İqtisadi və Sosial Şura BMT-nin beş əsas orqanından biri olmaqla, qlobal səviyyədə iqtisadi və sosial məsələlərlə məşğul olur və ümumi dünya sülhünün və təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir. İqtisadi və Sosial Şuranın öz işində qeyri-hökumət təşkilatlarının gücündən faydalanması və onlarla mütəmadi məsləhətləşmələr aparması ilə bağlı bu bəndin BMT Nizamnaməsində yer alması o deməkdir ki, hələ 1945-ci ildə dünya dövlətləri qeyri-hökumət təşkilatlarının beynəlxalq sülh və təhlükəsizlik üçün əhəmiyyətini anlayırdılar. Bütün bunlar isə o zamandan bu yana belə bir tendensiya formalaşdırdı ki,

əsas beynəlxalq sənədlərdə

sosial müddəalar qeyri-hökumət təşkilatları ilə əlaqələndirilir.

 

Bu gün artıq İqtisadi və Sosial Şura BMT-nin qeyri-hökumət təşkilatları ilə iş üzrə orqanı kimi səciyyələndirilir. Bununla yanaşı artıq BMT-nin digər orqanları, həmçinin Təhlükəsizlik Şurası da qeyri-hökumət təşkilatları ilə daimi məsləhətləşmələr aparır və beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin sosial və ictimai aspekti ilə bağlı məsələlərdə onların rəyini diqqətə alır.

Yuxarıda qeyd olunan 71-ci maddədən əlavə BMT Nizamnaməsində bir sıra müddəalar da vardır ki, orada əksini tapan sosial məsələlərin həllində qeyri-hökumət təşkilatlarının iştirakı birbaşa bildirilməsə də, dolayısı ilə nəzərdə tutulmuşdur. BMT-nin Nizamnaməsi ilə yanaşı bir çox digər beynəlxalq sənədlərdə də qeyri-hökumət təşkilatlarının əhəmiyyəti, onların vətəndaş cəmiyyəti quruculuğu, demokratiya prinsiplərinin bərqərar olmasındakı rolu xüsusi olaraq qeyd olunur. Bu cür sənədlərə İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Müqavilə, İnsan Hüquqları və Əsas Azadlıqların Qorunması üzrə Avropa Konvensiyası, İnsan Hüquqları üzrə Afrika Xartiyası, İnsan Hüquqları və Vəzifələri üzrə Amerika Bəyannaməsi, İnsan Hüquqları üzrə Amerika Konvensiyası kimi beynəlxalq hüquqi sənədlər də daxildir.

1948-ci ildə imzalanmış İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 19-20-ci maddələrində müvafiq olaraq hər bir kəsin "sərbəst söz söyləmək" hüququ və "sülh məqsədli toplaşmaq və birləşmək" hüququ tanınır. Bu Bəyannamə 1948-ci ildə BMT tərəfindən qəbul olunduqdan sonra beynəlxalq hüquqda normativ sənəd kimi tanındı və bu sənəddəki yuxarıda da ifadə etdiyimiz

 

mülki cəmiyyət quruculuğu ilə bağlı müddəalar,

 

onların reallaşmasında qeyri-hökumət təşkilatlarının rolu təsdiqləndi.

İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsindən başqa Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Müqavilədə də insanın əsas hüquqları müəyyən olunub ki, bu hüquqların qorunub saxlanmasında dövlətlə yanaşı vətəndaş cəmiyyəti institutlarının, xüsusilə də qeyri-hökumət təşkilatlarının üzərinə böyük yük düşür. Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Müqavilənin müddəaları ona tərəfdar olan 149 dövlət üçün icbari xarakter daşıyır. Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Müqavilənin 19, 21 və 22-ci maddələri bütövlükdə əsas insan hüquqlarının və azadlıqlarının təmin olunmasına yönəlib. 1966-cı ildə qəbul edilən və 1976-cı ildə onu imzalamış  ölkələrdə ratifikasiya olunduqdan sonra qüvvəyə minən Birinci Əlavə Protokol Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Müqaviləni daha da gücləndirdi. Belə ki, Əlavə Protokola əsasən yaradılan İnsan Hüquqları Komitəsi fərdlərlə, onların Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Müqavilə ilə müəyyən olunmuş hüquqları pozulduğu təqdirdə əlaqə qurmalı idi. Bu zaman

 

mülki cəmiyyət institutlarının üzərinə ciddi məsuliyyət

düşürdü,

 

çünki  ölkələrdə mülki əhali beynəlxalq hüquq normalarının onlar üçün müəyyən etdiyi və yaradılan qurumlar tərəfindən onların hüquqlarının qorunmasından xəbərsiz, ən yaxşı halda isə az məlumatlı idi.

Bu gün insan hüquqları ilə bağlı ən önəmli sənədlərdən biri də İnsan Hüquqları və Əsas Azadlıqların Qorunması üzrə Avropa Konvensiyasıdır ki, bu sənəd əksər hüquqi qərarlarda istinad rolu oynayır. 1953-cü ildə Avropa Şurasına üzv olan 44 ölkə tərəfindən imzalanaraq qəbul olunan bu sənəd öz mükəmməlliyi və məcburi təsir qüvvəsinə malik imkanları ilə digərlərindən xeyli fərqlənir. Belə ki, sənəd bu gün də Avropa Şurasına daxil olan ölkələr tərəfindən imzalanır və bu sənədin müddəalarının ciddi pozulması həmin ölkənin Şuradakı statusunun dondurulmasına və ya üzvlüyə son qoyulmasına gətirib çıxara bilər.

İnsan Hüquqları və Əsas Azadlıqların Qorunması üzrə Avropa Konvensiyasının 10 və 11-ci maddələri əsas insan hüquqlarını özündə əks etdirib. Bununla yanaşı, Konvensiyanın 25-ci maddəsi fərdlər üçün, onların hüquqlarının pozulduğu təqdirdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət etmək imkanı verir: "Hüquqlarının pozulduğunu iddia edən hər hansı fərd, qeyri-hökumət təşkilatı və ya fərdlərin qrupu" bu imkandan istifadə edə bilər. Maraqlı məqam ondan ibarətdir ki, İnsan Hüquqları və Əsas Azadlıqların Qorunması üzrə Avropa Konvensiyası digər hüquqi sənədlərdən fərqli olaraq, hüquqlarını qoruduğu subyektlər arasında qeyri-hökumət təşkilatlarının adını birbaşa çəkir. Digər sənədlərdə adətən "şəxslər" ifadəsi istifadə edilməklə həm fiziki, həm də hüquqi şəxslər (o cümlədən qeyri-hökumət təşkilatları) nəzərdə tutulurdu. Doğrudur, İnsan Hüquqları və Əsas Azadlıqların Qorunması üzrə Avropa Konvensiyası regional bir sənəd olmaqla müəyyən bir region daxilində üzv olan dövlətlər üçün icbari xarakter daşıyır. Lakin bu Konvensiyanın müddəalarına digərləri ilə müqayisədə daha çox əməl olunur. Avropa İttifaqı kimi nəhəng bir qurumun da Avropa Şurası ilə yanaşı bu Konvensiyanı dəstəkləməsi bu hüquqi sənədin, ona tərəfdar ölkələr arasında nüfuzunu artırır. Belə ki, Avropa İttifaqı

 

Avropa regionu ölkələrində

vətəndaş cəmiyyəti institutlarının inkişafı

 

insan hüquqlarının (başqa sözlə İnsan Hüquqları və Əsas Azadlıqların Qorunması üzrə Avropa Konvensiyasının müddəalarının) qorunmasında fəal iştirakı stimullaşdırmaq üçün  hər il büdcədən milyardlarla avro ayırır.

Yuxarıda qeyd etdiyimiz Konvensiya və Bəyannamələrlə yanaşı ATƏT-in 1975-ci ildə qəbul olunan Yekun sənədində də qeyri-hökumət təşkilatlarının rolu müəyyən olunub. ATƏT-in Yekun Aktı, o dövrə qədər sayı yeddi olan beynəlxalq hüququn əsas prinsiplərinin sayını ona qaldırmaqla, bu prinsiplərin həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının rolunu artırdı. Belə ki, ATƏT-in Yekun Aktında qeyd olunan 10 prinsipi təhlil edərək, bu nəticəyə gəlmək olar ki, bu prinsiplərdən ikisində qeyri-hökumət təşkilatlarının birbaşa iştirakı mümkündür. Bu prinsiplər "beynəlxalq mübahisələri dinc yolla həll etmək" və "insan hüquqları və azadlıqlarına hörmət edilməsi" prinsipləridir.

Beynəlxalq hüquqi sənədlərin izlənməsi qeyri-hökumət təşkilatlarının beynəlxalq hüquqi sənədlərdə kifayət qədər ciddi mövqe tutduğunu göstərir. Lakin onu da qeyd etmək lazımdır ki, qeyri-hökumət təşkilatları yalnız beynəlxalq sənədlərdə deyil, həmçinin dövlətlər arasında imzalanan ikitərəfli müqavilələrdə də tərəf kimi çıxış edir. Başqa sözlə desək, beynəlxalq hüquqi sənədlərin obyekti kimi çıxış edən qeyri-hökumət təşkilatları artıq dövlətlərarası münasibətlərdə də sosial sfera əməkdaşlığının əsas iştirakçılarından biri kimi çıxış edir. Bu isə o deməkdir ki, qeyri-hökumət təşkilatları dövlətin xarici siyasətinə birbaşa təsir imkanına malikdir və xarici siyasətin inkar olunmaz obyektlərindən biridir. Bu məsələyə yanaşmada mütəxəssislər vahid fikrə malik deyillər. Belə ki,

 

qeyri-hökumət təşkilatlarının

dövlətin xarici siyasətində birbaşa iştirakının qanunauyğunluğu

 

ilə bağlı beynəlxalq hüquq üzrə ekspertlər arasında fikir ayrılığı mövcuddur.

Bəzi hüquqşünaslar "A" dövləti "B" dövlətini istədiyi vaxt və istədiyi formada "X" hərəkətini etməyə məcbur edə bilirsə, deməli güclüdür və qeyri-hökumət təşkilatlarının bunda əvəzsiz rolu vardır fikrini dəstəkləyirlər və hesab edirlər ki, qeyri-hökumət təşkilatlarının dövlətin xarici siyasətində iştirakı müsbət bir tendensiyadır.

Lakin bəzi hüquqşünaslar dövlət mərkəzli yanaşmanı əldə əsas tutur və xarici siyasətin əsasən dövlət inhisarında qalmalı olduğu fikrini dəstəkləyirlər. Başqa sözlə, onlar qeyri-hökumət təşkilatlarının dövlətin xarici siyasətində və beynəlxalq hüquqda subyekt olaraq iştirak etməsini mənfi tendensiya kimi qiymətləndirirlər. Dövlət mərkəzli yanaşmanı əsas tutan hüquqşünaslar isə xarici siyasətin "populyarlaşdırılması"nın dövlət suverenliyini daha da aşındıracağını və nəticə etibarı ilə beynəlxalq hüququn ən birinci prinsipi olan suverenlik prinsipinin pozulacağını iddia edirlər.

Sonda onu qeyd etmək istərdik ki, qeyri-hökumət təşkilatları bu günün reallığı üçün dövlətdaxili, dövlətlərarası və beynəlxalq əlaqələrin ən vacib tərəflərindən biridir və beynəlxalq sülhün, təhlükəsizliyin qorunmasında, qlobal səviyyədə əməkdaşlığın stimullaşdırılmasında əvəzedilməz rol oynayırlar. Bütün bunlar isə öz növbəsində, qeyri-hökumət təşkilatlarının beynəlxalq hüququn obyekti və beynəlxalq hüquqi münasibətlərin subyekti olmasını şərtləndirir.

 

AQİL

525-ci qəzet.- 2014.- 5 mart.- S.6.