Yazıçılar Birliyində "Bir bənd şeir" müsabiqəsinin qalibləri mükafatlandırılıb  

 

 

 

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) "Bir bənd şeir" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza müsabiqə haqqında ətraflı məlumat verib: "Bu il yanvarın 2-də "Bir bənd şeir" müsabiqəsinə start verdik. 31 yanvaradək davam edən müsabiqəyə 148 şeir təqdim edilib. Seçimlərin ədalətli olması məqsədilə münsiflərin adı açıqlanmayıb. Müsabiqənin birinci mərhələsində münsiflər heyətində Elmin Nuri, Cavid Zeynallı və Fərid Hüseyn təmsil olunub. 148 şeirdən 30 şeir seçilərək Qulu Ağsəs, Rövşən DanyeriElşad Ərşadoğludan ibarət növbəti jüri heyətinə təqdim edilib. Həmin 30 şeirdən 7-si təkrar olduğu üçün qalan 23 şeirin içərisindən ilk onluğa düşən şeirlər müəyyənləşib". X.Rza bildirib ki, müsabiqənin qalibini Yazıçılar Birliyi, ikinci yerin sahibini "Kitabçı" jurnalı, yarışmanın üçüncüsünü Akademiya Kitab Mərkəzi mükafatlandırıb. Müsabiqənin birincisi Furqan Sadıq, ikincisi Mais Təmkin, üçüncüsü isə Firdovsi Rəsul olub. Onluqda növbəti yerləri müvafiq olaraq Anar Gülümsoy, Vasif Əlihüseyn, Elxan Yurdoğlu, Vasif Zöhraboğlu, Elçin Aslangil, Roma XosrovHicran Hüseynova bölüşüblər. Qaliblərə qiymətli hədiyyələr və sertifikatlar təqdim olunub.

"Kitabçı" jurnalının baş redaktoru Səlim Babullaoğlu çıxışında Xəyal Rzanın AYB-nin mətbuat katibi seçildikdən sonra təşkilatın işində daha da fəallaşma müşahidə olunduğunu diqqətə çatdırıb: "Saytın fəaliyyətində, ədəbi proyektlərin təşkilində qurumun mətbuat katibi Xəyal Rzanın böyük əməyi var. Məlum olduğu kimi bu yaxınlarda  "Kitabçı" jurnalı nəşrə başladı və "Bir bənd şeir" müsabiqəsinin nəticələrini ekskluziv olaraq jurnalımızda vermək üçün Xəyal Rzaya müraciət etdik. Təşəkkür edirəm, xahişimizi yerinə yetirdi. Bizbunun əvəzində ikinci yerin qalibini mükafatlandırmağı üzərimizə götürdük. Şairin, yazıçının mükafatlandırılması onun gələcək yaradıcılığı üçün stimul verir. Bu baxımdan belə müsabiqələrin təşkili əhəmiyyətlidir. Mən münsiflərin obyektivliyinə və qərəzsizliyinə şübhə etmirəm. Sadəcə, zövq məsələsi var və zövqlər dartışılmaz".Səlim Babullaoğlu müsabiqəyə verdiyi dəstəyə görə Akademiya Kitab Mərkəzinə və Nizami Kino Mərkəzinə də minnətdarlığını bildirib. 

Şair Qulu Ağsəs müsabiqəyə yaxşı şeirlərlə yanaşı zəif mətnlərin də təqdim olunduğunu deyərək münsif kimi obyektivliyin qorunub saxlanmasına çalışdıqlarını dilə gətirib. Q.Ağsəs bildirib ki, AYB-də nəsrlə bağlı layihələrin təşkili də arzuolunandır.

Şairə Fərqanə Mehdiyeva, jurnalist Nicat Dağlar, şair Fərid Hüseyn də belə müsabiqələrin önəmli və faydalı olduğunu deyiblər.

Tədbirdə müsabiqənin ikincisi, Lerik rayon sakini Mais Təmkin qaliblər adından çıxış edərək təşkilatçılara minnətdarlığını bildirib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 12 mart.- S.7.