Sankt-Peterburqda Nizami Gəncəvi yad edilib

 

1941-ci ilin oktyabr ayında Leninqradın faşistlər tərəfindən blokadada saxlanılması zamanı şəhərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illiyi ilə bağlı keçirilmiş konfransa dair martın 13-də Rusiya Dövlət Ermitajı, Sankt-Peterburq Dövlət Universiteti, Sankt-Peterburqun İctimai Palatası Ümumdünya Peterburqlular Klubunun birgə təşkilatçılığı ilə xatirə gecəsi keçirilib. Tədbirdə Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunun əməkdaşları, rusiyalı alimlər ziyalılar, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri, tələbələr, mətbuat nümayəndələri iştirak ediblər. Ermitajın baş direktoru Mixail Piotrovskiy çıxış edərək 1941-ci ilin oktyabr ayında soyuq hava aclığa baxmayaraq, Leninqradın alim ziyalıları tərəfindən Nizami Gəncəvinin 800 illiyinə həsr edilmiş elmi konfransın keçirilməsini dahi şairə göstərilən dərin hörmətin əlaməti kimi qiymətləndirib.

Tədbirdə çıxış edən baş konsul Elşad Qulamov Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verib: 2002-ci ilin iyununda dahi Azərbaycan şairi və mütəfəkkirinin Sankt-Peterburqda abidəsinin açılışında prezidentlər Heydər Əliyev və Vladimir Putin iştirak etmişdilər. Həmçinin 2011-ci ildə abidənin yerləşdiyi bağda Heydər Əliyev Fondu tərəfindən aparılan abadlıq işləri barədə məlumat verilib.

Xatirə gecəsi musiqili-poetik proqramla davam edib. Proqram çərçivəsində Nizami Gəncəvinin şeirlərindən misralar oxunmuş, incəsənət elmləri doktoru, tanınmış tar ustası Faiq Çələbi Azərbaycan milli musiqi parçalarını ifa edib, o cümlədən Peterburq artistləri tərəfindən Məhəbbət hekayəsi adlı rəqs miniatürü təqdim edilib.

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 15 mart.- S.17.