Qatar fit verdi...
Seyfəddin Hüseynli
ruscadan tərcümə edib
Sərsəmləyirdi. Həkimlərin rəyincə,
beynində iltihab, ensefalit başlanmışdı; ona dəymək
üçün getdikləri xəstəxanadan
ikibir-üçbir geri qayıdan iş yoldaşları da elə
hey bu diaqnozu təkrarlayırdılar.
Qabaqlarına
çıxan iş yoldaşlarına Bellukanın vəziyyəti
barədə, bir az əvvəl həkimlərin
dilindən götürdükləri elmi terminlərlə, elə
yolun ortasındaca məlumat vermək, deyəsən, yaman
xoşlarına gəlmişdi.
– Huşu
gedib...
–
Ensefalit...
– İltihab
– beyin qişasında...
– Beynin
iltihabı...
Onlar dilxor görünmək istəsələr də,
öz borclarını yerinə yetirdikləri, üstəlik,
dünyanın zümrüdü rəngə
boyandığı bu qış səhərində o qaramat xəstəxanadan
sağ-salamat çıxdıqları üçün,
ürəklərinin dərinliyində, çox sevinirdilər.
–
Ölür? Dəli olub?
– Yox, məncə,
ölməz...
– Nə
danışır axı? Nə deyir?
– Elə
eyni sözləri... Sərsəmləyir.
–
Yazıq Belluka!
Və heç kəsin də ağlına gəlmirdi ki,
yetmişinə azalmış bu bədbəxtin
düşdüyü hazırkı vəziyyət indiyədək
yaşadığı şəraitin məntiqi nəticəsi,
danışdığı sözlər, yəni hamıya sərsəmləmə,
aşkar dəlilik təzahürləri kimi gələn o kəlmələr
isə həmin nəticənin sadə, aydın ifadəsidir.
Sözün
açığı, keçən axşamların birində
öz rəisinə qarşı dikbaş davranması, onun sərt
tənbehindən sonra da az qala adamın
üstünə cumması Bellukada beyin iltihabının
baş qaldırdığı yönündəki ehtimalın
təsdiqindən ötrü tutarlı dəlilə
çevrilmişdi.
Bellukadan
həlim və üzüyola, səliqəli və səbrli adam təsəvvür etmək mümkün
deyildi.
“Qapalı
adam” – onun haqqında kim demişdi bu
sözü? Hə,
iş yoldaşlarından biri vermişdi ona bu ləqəbi.
Əla deyib ha! Yazıq Belluka zəhlətökən
hesabdarlıq işinin dar çərçivəsi içində
qapanıb qalmışdı. O, təkcə, hesabları
yadında saxlayırdı – açıq, sadə, ikitərəfli
və köçürmə hesabları, həm də
çıxarışları, poçt göndərişlərini,
mühasibat dəftərindəki qeydləri, məxaric cədvəllərini,
qəbzləri, daha nələri, nələri... Belluka – səyyar
dəftərxana... Yaxud, daha irəli getsək: dalına
qoşulmuş arabanı hər dəfə eyni yolla, rəvan
addımlarla dinməzcə dartıb aparan, gözləri
bağlanmış qoca eşşək!..
Bu qoca
eşşəyi bəlkə min yol çırpmış,
insafsızcasına qamçılamışdılar,
özü də, elə-belə, məzə
üçün, ya da maraq xatirinə: görsünlər, nəhayət,
təngə gələrmi, heç olmasa, sallaq
qulaqlarını bir balaca dikəldib, yüngülcə
soncuqlayarmı... Hardan?!
Belluka, daş kimi dinib-danışmadan, bircə dəfə
uf demədən, bütün o yersiz təpikləmələrə,
insafsız bizləmələrə dözürdü, elə
bil onu döymürdülər, sığallayırdılar,
ya da artıq heç nə hiss etmirdi, taleyindən illər
boyu, hər addımbaşı yediyi amansız zərbələrə
alışmışdı.
Düzünə qalanda, onun bu asiliyini, qəfil tutan dəlilikdən
savayı, heç nəylə izah etmək olmurdu.
Üstəlik,
həmin axşam gördüyü tənbehin də yeri
vardı: rəis o söhbətdə haqlıydı. Elə səhər tezdən Bellukanın sifətinə
nəsə yeni, fərqli bir ifadə nəzərə
çarpırdı. Heç ondan çıxmaz iş:
yarım saatdan da artıq gecikmişdi.
Elə bil dünyagörüşü birdən-birə
genişlənmiş, gözlərini tutan sarğı qəfildən
düşmüş, həyat – tamaşalıq bir mənzərə
kimi – bütün genişliyi ilə açılıb
canlanmışdı onun qarşısında. Elə bil birdən-birə
qulaqları tıxacdan qurtulmuş, əvvəllər heç
duymadığı səsləri, sədaları ilk dəfə
eşitmişdi...
İşə anlaşılmaz, dəlitərsinə bir
sevinc içində, çox kefikök gəldi. Bütün
günü də əlini ağdan-qaraya vurmadı.
Axşamüstü onun otağına girib sənədləri,
siyahıları gözdən keçirən rəis məəttəl
qaldı.
– Bu nədir?
Səhərdən-axşamacan nə iş görmüsən
bəs?
Belluka
irişə-irişə baxıb, əllərini yana açdı.
– Nə
deməkdir bu? – rəis
qışqırdı, Bellukanın çiynindən
yapışıb silkələdi. – Səninləyəm,
Belluka!
–
Heç, –həminki saymazyana, mənasız təbəssüm
dodaqlarından çəkilməyən Belluka cavab verdi, – qatardır, cənab kavaler.
–
Qatardır? Hansı qatar?
– Fit verən.
– Nə
gic-gic danışırsan?
– Bu gecə,
cənab kavaler... Qatar fit verdi. Özüm
eşitdim, elə fit verdi ki...
– Qatar?
– Bəli, cənab... Bircə biləydiniz
haralara gedib çıxmışdım! Sibirə... sonra...
sonra... Konqo meşələrinə... Bir andaca oldu, cənab
kavaler...
Rəisin
qəzəbli qışqırığına
tökülüşüb gələn işçilər
otağa boylandılar: Bellukanın dediklərini eşidəndə
gic gülmək tutdu onları.
Axşam-axşam
onsuz da ovqatı korlanmış rəis, bu gülüşlərdən
daha da alındı, tamam qızışıb özündən
çıxdı, kəskin zarafatlarının həmişəki
hədəfini – müti şikarını indi lap kobud tərzdə
yamanladı.
Ancaq
“şikar” bu dəfə onun üzünə qayıtdı,
hamını heyrətə, hətta qorxuya salacaq dərəcədə
coşub səsini qaldırdı: qatarın fit verməsindən
də danışdı, məhz o fit səsini eşitdiyi
üçün daha belə bir rəftarla barışmaq istəmədiyini
də dedi.
Onu tutub əl-qolunu bağladılar, aparıb qoydular
parabeyinlər evinə.
Elə orda da həmin qatardan danışırdı. Fit verən qatarı
yamsılayır, guya gecənin zülmət
qaranlığında hardansa qopub gələn nisgilli,
sızıltılı bir səs çıxarırdı.
Sonra da deyirdi:
– Tərpəndi,
tərpəndi yenə! Ey, cənablar, hara?
Hara?
Ətrafdakılara nəsə başqa cür, yad
gözlərlə baxırdı. Adətən, tutqun, bulanıq, qüssəli olan o
gözlər indi balaca uşağın, ya da xoşbəxt bir
insanın gözləri kimi gülür,
parıldayırdı. Dodaqlarından rabitəsiz
ifadələr uçuşurdu. Eşidilməmiş
sözlər işlədir, əcaib-qəraib, şairanə
cümlələr deyirdi; işin ən təəccüblü
tərəfi isə, o cür kəlmələrin necə,
hansı möcüzə sayəsində bu adamın – indiyə
qədər rəqəmlərdən, cədvəllərdən,
siyahılardan başı açılmayan, həyata
münasibətdə kar-kor kimi davranan, insandan çox, hesablama
cihazını xatırladan məxluqun – dodaqlarında bitməsiydi:
burasını heç cür anlamaq olmurdu.
İndi
Belluka “qarlı zirvəsi göylərə millənən,
lacivərd sinəli dağlar”dan, “dənizin ənginliklərindəki
sürüşkən dərili, vergülquyruq balinakimilər”dən dəm
vururdu. Bir də deyirəm: o, nəsə eşidilməmiş
sözlər danışırdı.
Onun bu qəfil
dəlilik xəbərini mənə çatdıran adam üzümdə zərrə qədər
heyrət ifadəsi, hətta xəfif bir təəccüb əlaməti
də görməyəndə matı-qutu qurumuşdu.
Düzdür, mən bu xəbəri sakit, soyuqqanlı
qarşılamışdım. Amma bu sakit halımda
sonsuz bir hüzn vardı. Başımı buladım,
astadan, ağızucu dilləndim:
– Cənablar,
Belluka dəli deyil. Narahat olmayın,
ağlını itirməyib o. Bəli, ona nəsə olub,
ancaq bu, son dərəcə təbii haldır. Səbəbini izah edə bilmirsiniz, çünki o
adamın bu vaxta qədər hansı şəraitdə
yaşadığından xəbəriniz yoxdur. Mən isə vəziyyətdən haliyəm və əminəm
ki, onunla görüşüb-danışandan sonra bunu izah etmək
çox asan olacaq.
Bədbəxt
Bellukaya baş çəkməyə gedəndə, yolboyu,
bunları fikirləşirdim:
– Bu qədər
vaxt ərzində Belluka kimi yaşayan, yəni
“mümkünsüz” bir həyat keçirən adamı ən
adi bir hadisə, ən xırda maneə, hətta yolunun
üstündəki çınqıl dənəsi də hərtərəfli
sarsıda bilər, onun “mümkünsüz” həyatına nabələd
adamlar isə bundan qətiyyən baş açmazlar. İşin kökünü məhz burda –
“mümkünsüz” həyat şəraitində axtarmaq
lazımdır, bax onda hər şey sadə və aydın bir
şəkil alar. Əjdahanın
quyruğunu gövdəsindən ayrı təsəvvür edən
adama, quyruq o əjdahanın özündən də dəhşətli
gələ bilər. Gərək quyruğu əjdahanın
gövdəsinə bitişik qavrayasan, onda öz halında, yəni
eləcə, əjdahanın quyruğu kimi görünər:
adidən də adi bir quyruq kimi.
Güzəranı Bellukanın yaşayışına bənzəyən
bircə nəfərə də rast gəlməmişəm –
heç vaxt.
Mən onun qonşusuyam və təkcə mən yox,
binamızın başqa sakinləri də məəttəl
qalırdılar ki, bu adam belə
yaşayışa necə tab gətirir.
O,
üç kor qadınla – arvadı, qaynanası və
arvadının xalası ilə bir mənzildə
yaşayırdı. Sonuncu ikisinin – dövranını
sürmüş qarıların gözləri mirvari suyundan
tutulmuşdu, arvadl isə tamam başqa səbəbdən kor
qalmışdı: onun gözləri
qırpılmırdı.
Hər üçü qulluğa möhtac haldaydı. Səhərdən axşama
qədər səs-səsə verib bağırışsalar
da, haraylarına kimsə yetmirdi... Ərləri
öləndən sonra – biri üç, o birisi dörd
uşağıyla – qayıdıb ata evinə
yığışan iki dul qızın isə korların
qulluğunda durmağa nə vaxtları vardı, nə həvəsləri;
uzaqbaşı, tək-tük hallarda, analarına əl
yetirirdilər.
Yazıq Belluka aldığı cüzi hesabdar
maaşıyla bu qədər adamın qarnını necə
doyuraydı?!
Evdə də işləyir, gecələr sənəd
üzü köçürürdü. Həmin beş qadınla yeddi uşağın
aramsız çığırtıları altında
yazıb-pozurdu, ta onlar hamısı evdəki üç
çarpayıda yerlərini tutana qədər. Geniş,
ikiadamlıq çarpayılar idi, amma on üç nəfərə
üç çarpayı nədir ki...
Aramsız
dava-dalaş, söyüş-qarğış,
aşırılan mebellərin, sındırılan
qab-qacağın səsi, ağlaşma-şivən, vurhavur! Bəzən uşaqlardan hansısa qaranlıqda
gözdən yayınıb özünü – ayrıca yataqda
uzanmış – kor qarıların yanına verirdi. Hər axşam qarılar öz aralarında çəkişib-dartışır,
heç biri ortada yatmaq istəmir, buna görə növbə
hansına çatsa, çığır-bağır qopurdu.
Elə ki
ara nisbətən sakitləşirdi, Belluka
gecə keçənə, qələm əlindən
düşənə, gözləri ixtiyarsız yumulana qədər
işləyirdi. Axırda, bir ayağı
sınıq divana – çox zaman eləcə pallı-paltarlı
– meyit kimi sərilib yuxuya gedir, səhər tezdən qalxanda isə
hələ gecəkindən də yorğun olurdu.
Sözüm ondadır ki, cənablar, elə bir şəraitdə
yaşayan Bellukanın axırı, əlbəttə, belə
də olmalıydı.
Xəstəxanada ona baş çəkəndə
özü mənə hər şeyi təfsilatı ilə
danışdı. Düzdür, hələ də bir azca həyəcanlı
görünürdü, ancaq başına gələnlərdən
sonra buna da təbii baxılmalıdır... Həkimlərə
də, sanitarlara da, onu dəli sayan iş yoldaşlarına da
gülürdü.
– Neynək!
– deyirdi. – Neynək!
Cənablar,
Belluka bu dünyanı, onun var olduğunu çoxdan
unutmuşdu, büsbütün unutmuşdu: amma dünya ki
yerindəydi.
Öz
acınacaqlı həyatı üzündən qara-qara
düşüncələrə qərq olduğu,
bütün günü idarədə hesab-kitabdan
başını qaldıra bilmədiyi üçün, bir dəqiqə
nəfəs dərmədən, gözləri
bağlanmış halda quyunun, ya da dəyirmanın
çarxına bənd edilən heyvan kimi işlədiyi
üçün unutmuşdu: bəli, cənablar, uzun illərdən
bəri, büsbütün unutmuşdu bu dünyanı.
İki gecə əvvəl, yenə öz qırıq
divanına sərilib, ancaq – yəqin ki, hədsiz
yorğunluqdan – bu dəfə dərhal yuxuya gedə bilməyib. Və birdən, gecənin səssizliyi
içərisində uzaqdan bir qatar fiti
eşidib.
Bu qədər vaxtdan sonra qulaqları birdən-birə təzədən
açılıb elə bil.
Qatar fiti onu miskin məişətindən, çəkdiyi əzab-əziyyətdən qoparıb; Belluka, qəbirdən xortlayıb çıxmış adam kimi, özünü nəhəng, geniş bir dünyanın qoynunda görəndə sinədolusu nəfəs alıb...
Həyəcandan bədəni lərzəyə gəlib, xəyalən, gecənin qaranlığında durmadan yol gedən o qatarın ardınca düşüb.
Ah, dünya varmış! Orda, bu cəhənnəm əzabından uzaqlarda, qatarın baş alıb getdiyi yerlərdə geniş, sonsuz bir dünya varmış! Florensiya, Bolonya, Turin, Venesiya... Cavanlığında gəzib-gördüyü neçə-neçə şəhər... Bəli, o bilirdi, oralarda nə cür bir həyat qaynadığını bilirdi. Onun özünün də bir vaxtlar yaşamış olduğu həyat! Və o həyat heç vaxt dayanmamış, sönməmişdi:
Belluka, gözləri bağlı heyvan ya quyunun, ya da dəyirmanın çarxını fırladan təki, durmadan işlədiyi müddətdə də, elə hey qaynamışdı. Amma Belluka sonralar o həyat barədə düşünməyə macal tapmamışdı. Evdəki əzablı yaşayış üzündən dünyası qaralan, idarənin dözülməz tünlüyündən canının yeri daralan Belluka get-gedə sıxılıb, özünə qapanmışdı...
İndi isə gözü-könlü yenidən açılmış, həyatı bütün əlvanlığıyla görə, qavraya bilmişdi; dünya coşqun sel kimi, tək bircə damcısı da yayınmadan, axıb onun ruhuna dolmuşdu.
Burda, bu dörd divar arasında zehninə ildırım kimi enən aydınlığın ardından onun gözləri önündə – bəlkə indiyəcən görmədiyi – üfüqlər açılmışdı; indi o, tanış və yad şəhərlər, insan ayağı dəyməyən düzənliklər, sıra dağlar, sıx meşələr, ucsuz-bucaqsız okeanlar üzərində süzə bilirdi... Bu aydınlıq, bu yeni ahəng...
O öz “mümkünsüz” həyatını birtəhər ötüşdürdüyü müddətdə yer üzündə milyon-milyon insan tamam başqa cür yaşayırmış. Onun əzab-əziyyət içində keçirdiyi gecələrin hər bir anında bu dünyada dağlar varmış – “qarlı zirvəsi göylərə millənən, lacivərd sinəli” dağlar... Bəli, bəli, Belluka görmüşdü onları, görmüşdü... elə okeanları, meşələri də görmüşdü...
Və yalnız indi, bütün dünya sel kimi axıb onun ruhuna dolandan sonra bir az rahatlıq tapmışdı. Bəli, əzablarından bir anlıq uzaqlaşıb, öz aləmində, bütün dünyanın nəfəs aldığı havanı içinə çəkmişdi.
Elə bu
da yetərdi ona!
Əlbəttə, siftə günü lap
ağını çıxarmışdı. Uyub
getmişdi. Aləmi
qarışdırmışdı. Ancaq yavaş-yavaş sakitləşəcəkdi.
Hələ də hiss edirdi ki, udduğu təmiz havanın sərxoşluğu
qalır canında.
Sakitləşəndən sonra isə gedib rəisindən
üzr istəyəcək, təzədən hesab-kitab işinə
başlayacaqdı.
Ancaq rəis də bundan belə gərək bir hədd
gözləyə, daha əvvəlki qədər işlətməyə
onu. Arada-bərədə, məsələn,
bir məxaric cədvəlini hazırlayıb ikincisinə
keçən əsnada onun... Sibirə... ya da, ya da... Konqo
meşələrinə səyahətə çıxmasına
icazə verə... Bütün bunlar bircə anda olur, cənab
kavaler: qatar fit verəndə...
Luici Pirandello
525-ci qəzet.-
2014.- 20 mart.- S.16.