Kitab yaddaşı
Dostum Məsiağa Məhəmmədinin
ad gününə
Bəzən gerçəklik «kitaba qayıdır». Kitabda yazılanları yaşamağa başlayır
və kitabda nələrin təsvir edilməsi gerçəklikdə
baş verənlərin
qısa düsturuna çevrilir. Bu nədir? Əsərlə gerçəklik arasındakı əlaqələrin
bir nöqtədə doğrultusumu? Yəqin ki,
belədir. Ancaq...
Hər şey həyatdakı «hə» ilə «yox»un
bitişdiyi, biri digərinə yavuq gəldiyi məqamdan dəyişir, başqalaşır,
az-az adamların anlayacağı bir nəsnəyə çevrilir.
İbn Ərəbinin «Futuhat» əsərində belə
bir məqam var.
Uşaq
və fəlsəfə
Günlərin bir günü Qorduya,
müsəlman mollası
(kadi) Əbu Valid İbn Ruşdin evinə gəldim; hər yerdə Allahın mənə bəxş etdiyi işıqdan, nurdan danışıldığını
eşidəndə çox
təəccüblənmiş və mənimlə görüşmək istədiyni
bildirmişdi. Dostlarından biri - atam ağlına
gələn hansı bəhanəyləsə onun
yanına tələsmişdi.
O zaman üzünə
tük çıxmamış
bir uşaqdım, nə bığım, nə də saqqalım vardı. Özümü təqdim edəndə
yerindən qalxdı, ehtiram və məhəbbətini bildirdi
və məni bağrına basdı.
Sonra dedi: «Hə». Mən də öz növbəmdə «Hə»dedim.
Nə dediyini başa düşdüyümü görəndə
üzündə təbəssüm
yarandı. Ancaq sevincinin özəyində
nəyin durduğunu anlayanda əlavə etdim: «Yox». Qaşları
çatıldı, sifətinin
rəngi dəyişdi
və şübhə
ifadə etməyə
başladı: «İlahi
vəhylə nəyi aşkar etdiniz? Bu, qəlbimizə şübhə
toxumu səpən şeylərlə eynidirmi?». Cavab verdim:
«Həm hə, həm də yox; hə ilə
yox arasında düşüncəmiz uçur
və...heç nə görünmür...” İbn Arabi, Futuhat, I, p. 153-154. (fransız dilindən
tərcümə).
A.V.
Smirnov, İbn Ərəbinin
ən yaxşı tədqiqatçılarından biri bu görüşlər
haqqında yazmışdı:
«Desək, yanılmarıq
ki, orta əsrlər insanı həyatın hər bir anının məna ilə aşılandığı bir
dünyada yaşayır
və.. bu anlamda
haqqında bəhs edilən məna bu an mövcud olan nəsnənin sərhədləri ilə
qapanmır, gələcəyə
uzanır və əbədiyyətlə bağlanır.
Bu insan dibsiz
və irrasional sonsuzluğu tanımır.
Onun üçün maddi dünya fiziki baxımdan olmasa da fikirdə, mənada əl çatan səma sferasının sərhədlərini
qapsayır və istənilən varlığın
qurulduğu görünən
elementləri yaxşı
tanıyır. Dünya
evi onun üçün yaradılıb
və ona tabedir, çünki insan dünyanın ən ali
varlığıdır, yaradıcılığın
ən son həddidir. Orta əsrlər insanı qəfildən özü haqqında oturuşmuş təsəvvürləri
dağıtma təhlükəsinin
olmadığı sabit
dünyada yaşayır...».
Başqa sözlə desək, bu dünya əbədiyyətə aparan yolda müvəqqəti dayanacaq olsa da, insana yaxın və anlaşıqlıdır. Mistisizmdə o, daha da şəffaflaşır: hər bir hadisənin içindən hadisələrin rəngarəng mozaikasını bir məqama düyümləyən bir məna doğulur. Ənənəvi dini təsəvvürün ayırdığı Allah və onun yaratdığı insan mistik üçün yerin və göyün, əbədinin və faninin bir yerdə olduğu məqmada qovuşur. Demək, sufi üçün təkcə dünya evi deyil, onun mənbəyi-başlanğıcı da «əllə toxunan məsafədədir». Dünyada insanın əliylə toxuna bilmədiyi heç nə qalmır...
Aydın məsələdir ki, orta əsrlər başa çatdıqdan sonra bu təsəvvür də köklü təbəddülata uğradı. Sufi – yerlə göyü birləşdirən, hər bir əşyanın və nəsnənin üzərinə işıq salan, onu tanıdan bir fiqurdur, bu fiqur aradan qalxdıqdan sonra səhnə başqa təsəvvürlərin, fərqli yaşama qaydalarının meydanına çevrilir. Canlı varlıq – mediator aradan qalxdıqdan sonra bütün hadisələr bənzətmə üsulu ilə qurulur, tarix səhnəsində sadəcə orta əsrlər mahiyyətinin oyunu çıxarılır – ancaq tərs üzünə... Axundovun «...Dərviş Məstəli Şahında» bu mediator təlxəklə əvəz edilir. Yeni dövr oyun əsrdir. Hər bir hadisə pərdə arxasına qədər uzanır, bura çatan kimi, həqiqi mahiyyətini əldə edərək dünyanın üstünə yeriyir (..ya Məlixa!), dünyanı dağıdır, daş üstə daş qalmır. Bu oyun qəliz siyasət sferasını formalaşdırır, orta əsrlərin insan anlayışı atrofiyaya uğrayır, dibsiz, sərhədsiz və...mənasız bir dünya yaranır. Bu formulun içindəki qəliz oyunlar indiki dövrdə də davam edir. Eynən Axundovun komediyasında olduğu kimi, əvvəl oyunun daşları düzülür, müəyyən hadisələr sırasının məntiqi «qarışdırılır», çalxalanır, o vaxta qədər çalxalanır ki, görünən mahiyyət itsin...
Yeni qurulan oyunda hadisənin əsl mahiyyətinə deyil, onun oxşarına istinad edilir, bu iş təkrarlandıqca nəyin yalan, nəyin doğru olmasının sərhəddi itir, meydana övliya libasında baş kəsənlər gəlir.
Cavanşir Yusifli
525-ci qəzet.-
2014.- 1 may.- S.7.