İki "əla" qanadında
Elşad
Qoca - həmişə
başı uca... Bu bir söz
oyunu deyil, yaxşı deyim xətrinə də bu cür yazmıram.
Elşad
Qoca gerçəkdən
belə bir ömür yaşayır.
Elşad
Qoca oğlu İsayev 1959-cu il
may ayının 2-də dünyaya
gəlib. Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsini
bitirib.
Bir
müddət "Kənd
həyatı", "Günəş"
jurnallarında, "Səhər"
qəzetində çalışıb.
"Günəş" jurnalının redaksiya heyətinin üzvüdür.
Dövri
mətbuatda hekayə,
tərcümə, publisistik
yazıları ilə
çıxış edir.
Hekayələri rus və özbək dillərinə
tərcümə edilib.
"Azərbaycanfilm" kinostudiyasının dublyaj
redaksiyası ilə əməkdaşlıq edib,
uşaqların böyük
maraqla baxdığı
"Lenfilm"in "Bumbo
da gəldi" filmini dilimizə çevirib. "Sərhəd" qəzetinin
hərbi müxbiri olub. Döyüş bölgələrindən yazdığı reportajlara
görə Respublika Həmkarlar İttifaqının
təsis etdiyi mükafata layiq görülüb.
Azərbaycan Vətən müharibəsi
veteranı, Azərbaycan
jurnalistlər və yazıçılar birliklərinin
üzvüdür.
Elşad Qocanın "Oğlum mənim-arxam mənim"
adlı ilk kitabı
1998-ci ildə çap
edilib. Kitaba müəllifin müxtəlif
illərdə qələmə
aldığı uşaq
nağılları, hekayələri
və dünyanın tanınmış uşaq
yazıçılarının yaradıcılığından dilimizə çevirdiyi əsərlər toplanıb.
Yazıçı-publisistin "Cəllad etirafı"(1999)
və "Sibir dərsi"(2000)
adlı sonrakı kitablarında 1920-1950-ci illərdə
qırmızı bolşevik
terrorunun qurbanı olmuş onlarla milli ruhlu ziyalılarımızın,
o cümlədən tanınmış
nəsillərdən Şahtaxtinskilər,
Topçubaşovlar, Şamxorskilər,
Aşurbəyovlar, Makinskilər,
Usubbəyovlar və digərlərinin acı taleyindən bəhs olunur.
"Gizli xidmətin
sirləri"(2000) kitabında
gözə görünməyən
cəbhədə-kəşfiyyat, əks-kəşfiyyat və
xüsusi təyinatlı
dəstələrdə çalışmış
peşəkarların xatirələri
dilimizə tərcümə
olunmuşdur.
Müəllifin vətəndaş yanğısıyla
qələmə alıb
ardıcıl nəşr
etdirdiyi iri həcmli "Azərbaycan
təhlükəsizlik və
xüsusi xidmət orqanları"(2000), "Tariximiz
və taleyimiz"(2001)
kitablarında və nəhayət, "Azərbaycan
xüsusi xidmətləri"
(2004) miniatür kitabında
1918-1920-ci illərdə öz
milli dövlətçiliyini
bərpa etmiş Azərbaycan Xalq Cümhuriyyətinin kəşfiyyat,
əks-kəşfiyyat orqanlarında
çalışmış leytenant Ağalarovun, Yesaul Yusupovun, polkovnik İrza bəy Hacıbəylinskinin,
Məmmədbağır və
Nağı bəy Şeyxzamanov qardaşlarının,
Ələkbər xan Şahsuvarovun, Məmmədtağı
Dadaşovun, Əli Razi Şamçızadənin
və başqalarının,
eləcə də Azərbaycandan kənarda fəaliyyət göstərən
ilk kəşfiyyatçılarımız
polkovnik Məmməd bəy Əliyev və Şahzadə Məmmədin fəaliyyəti
çoxsaylı arxiv materiallarını əsasən
işıqlandırılır.
Elşad Qoca hazırda "Körpülü və körpülülər" tarixi-publisistik
kitabını tamamlamaq
üzrədir. Kitabda indi "Ermənistan"
adlandırılan ərazidə
qalmış qədim
Körpülü kəndinin
və onun sakinlərinin keşməkeşli
taleyindən bəhs olunur.
Xüsusi
qeyd etmək lazım gəlir ki, onun hekayələri,
xüsusən də, repressiya qurbanları, təhlükəsizliyimizi qoruyan
peşəkarlar haqqında
araşdırmaları oxucuya
az məlum
olan, amma tanışlığa ehtiyac
duyduğu mövzularda
yazılmış ədəbi-bədii,
publisistik mətnlərdir.
Şəxsən mənim üçün E.Qocanın əsas yaradıcılığı yazdıqlarından
daha çox onun Özüdür.
Haqqında yazılmağa layiq bir ömür yaşayanlardandır Elşad
Qoca. Onunla ünsiyyət gözəl
bir əsər oxumağa bərabərdir.
"Su dünyada ən
yumşaq və zərif maddədir. Amma bərk
və möhkəm şeyləri dağıtmaqda
tayı-bərabəri yoxdur"
(Lao-tszı) fikrini Elşad Qocanı düşünərkən onun
təmkininə, eyni zamanda işlərində ardıcıllığına, sonadək
getməyinə rəğmən
vaxtaşırı xatırlayıram.
O heç bir işi həvəssiz, ehtirassız görmür,
fəqət ən coşqun hisslərini çərçivəyə sala
bilir. Yalnız özünün, sözünün hakimi, ağasıdır, heç
vaxt kiməsə hakim
olmaq istəyində bulunmayıb.
Niyyətinin, fikrinin ardınca onları əmələ çevirincəyədək qoşa
bilir. Ən çox özünü
xeyirxah düşüncələri
ilə qoşa görür. O bir yaxşı əməli hər hansı yaxşı bir əsərdən üstün
tutur.
Havamız, suyumuz, qidamızla tən zəmanəmiz çirkləndikcə, Elşad
Qoca əməllərinin
təmizliyi daha aydın görünür. Bircə
Yaradan onun kimiləri arzuolunmaz sandığımız mühitə
uyğunlaşma təhlükəsindən
qorusun!
Əlli beşinin - iki "əla"sının qanadında
həyat və yaradıcılıq göylərində
pərvaz etməli olan Elşad Qocaya yalnız nailiyyətlərdən ibarət
ömür-gün diləməklə
gündən-günə daha
çox müdriklik arzulayıram.
Q.ƏZİZ
525-ci qəzet.-
2014.- 2 may.- S.7.