Ürəyimi dənizə atmışam, gedək ürəyim batan yerə

 

Dünya donacaq, elə bil                 

 

 

ulduzlar yaman irilib,

 göylər yanacaq elə bil;

 buludlar yaxına gəlib

 yerə qonacaq  elə bil;

 

 hara çəkilib səs-səmir,

 göyüzü gecəni əmir;

 min ildi dönmək  istəmir

 ruhum dönəcək, elə bil;

 

 ömür əzabdan asılıb,

 haqq var-hesabdan asılıb;

 ürəyim sapdan asılıb

 düşüb sınacaq, elə bil;

 

 həsrətim köz kimi olub,

 dərd acı söz kimi olub;

 adamlar buz kimi olub

 dünya donacaq, elə bil.

 

Dəli könül dersən de

 

dəli könül dersən de,

 dardı həsrətin yolları;

 gədikləri duman basıb,

 qardı həsrətin yolları;

 

 yol yürüdüm döşə kimi,

 tor qurulub  meşə kimi

 ürəyimi şüşə kimi

 qırdı həsrətin yolları;

 

 zaman gec axır zalım,

 fələk baxır zalım-zalım,

 canımda qalmadı halım

 yordu həsrətin  yolları;

 

 oba köçür, talan qalır,

 fani dünya yalan qalır,

 gedən gedir, qalan qalır

 gordu həsrətin yolları;

 

Gecənin qonağı

 

Gecənin bir vaxtı qapım döyüldü,

 görəsən bu vaxtsız qonaq  kim idi...

 açıq pəncərəmdən çölə boylandım,

 göyüzünün kənarı sınıq möhür kimidi;

 

 gecənin bağrını  yarır

 gecə quşlarının səsi,

 göyüzünün kənarından asılıb

 ağacların kölgəsi;

 

 adamdımı gələn,

 daşdımı gələn,

  ayaq səsi var, bir hənirti

 bəlkə xatirələr döyür qapımı,

yuxum  da  çəkilib

 bu da bir dərtdi;

 

 buludların arasında,

 ulduzlar çiçək-çiçək.

 ulduzların işığı

 ürəyimi çəkəcək;

 

 ah, mən bu gecənin adamı

 həsrətim yarpaq-yarpaq;

 göy üzünün kənarında

 buludlar papaq-papaq;

 

 göyüzündən gələn var,

 qapım döyülür, tık-tık;

 qalxım, ayağa durum

 qonağım gəlir artıq.

 

Dönüş

 

yollar yorğun- yorğun

 dərd solğun-solğun,

 əl çatmayan

 uzaq bir sevgiyə gül oldum,

 yanıb-yanıb kül oldum;

 

 bir uzaq sevgidən

 min il keçəni

 solğun xatirələr ağuşunda

 bağrıma basdım yorğun gecəni;

 

 min illər öncə

 uzaq bir ulduzdan

 qayıdıb gəldim,

 könlümdə

 islaq-islaq saçlarının

 min il əvvəlki qoxusu,

 gözlərimdə ötən sevginin

 bənövşə yuxusu.

 

 

Gecə

 

meh əsir

 yarpaqlar tərpənir,

 gecə elə qara ki,

 könlüm ürpənir,

 

 gecə elə qara ki,

 qara gözlü div kimi,

 unuda bilmirəm

 min il öncəki sevgimi;

 

 unuda bilmirəm

 anamın ölümqabağı üzünü,

 atamın son sözünü;

 

 gecə elə qara ki,

 qara sevgilər kimi

 yarpaqlar xışıl-xışıl

 elə bil dərd xoşdu,

 dərd geyinib yaşıl;

 

bu yuxusuz gecədən

 istəyim nədir, Allah,

  ulduzlar sayrışır,

  Ay işığı yoxdu...

 

 ah, mənim bu gecədən

 başqa bir  istəyim yox...

 ... gecənin dərdi çoxdu.

 

Sevgi

 

sevgidən uzaq həyat yox,

 dərddən uzaq göz yaşı;

 bəzən yazı qaytarır

 bir çiçəyin yaddaşı;

 qarşı dağlar kimi

 duman çəkilir başımdan,

 itən yurdun sevgisi

 çəkilmir yaddaşımdan;

 çəkilmir yaddaşımdan

 itən yurdun yuxusu;

 

 mən yaz yağışından,

 qız baxışından,

 sellərin- suların axışından

 ildırımın çaxışından yarandım;

 

 bir Allahdan savayı

 qorxduğum bir kimsə yox,

 çığırsam, yıxılar dağlar,

 yıxılar buludlar...

 

 saçlarımın çığırtısından,

 ürəyimin istisindən,

 dizimin təpərindən

 gəlir sevgim;

 

 hayqırsam sınar göyüzü,

 sınar, buz  tutmuş sular...

 mən dəli bir sevginin oğluyam,

 könlümdə həsrət quzular.

 

Kim dersə, desin

 

kim dersə desin,

 haqqa üz tut, könül;

 olanlar dönməz daha,

 unut, unut könül;

 

 daha yollar uzun,uzun

 ömür böyləcə qısa,

 daha  umud da qalmır,

 qalmır bu gələn yaza;

 

 həsrət soyuq qış kimi,

 ağrılar isti-isti

 daha dərddən danışma,

 danışma, daha bəsdi;

 

 dərd istəmirəm daha

 neynirəm onu...

 bahara yaraşmır

 payızın donu;

 

 neynirəm, neynirəm

 ağrı-acını

 mənə çox gördün Allah

 bircə bacımı.

 

Ah çəkmə

 

oldu, oldu

 həsrət yoldu;

 göz yolda,

 könül naçar...

 ah çəkmə

 dağlar uçar;

 

 ürəyim

  sapdan nazik,

 ürəyim yarpaq üstə,

 əlini mənə uzat,

 məndən ürəyimi istə;

 

 sevgilər beləcə

 sevgilər incə-incə;

 Allah məni bağışlar

 səni sevdim gizlicə;

 daha oldu,

 əlimiz çata bilmir

 duamız çatan yerə...

 

 ürəyimi dənizə atmışam,

 gedək ürəyim batan yerə.

 

Mən yola çıxmışam 

mən yola çıxmışam

gedirəm, veyil-veyil,

dünya bir təhər olub,

ağlım başımda deyil;

 

gedirəm veyil-veyil,

gözümdən yuxu qaçıb,

gecə alaqaranlıq

yolun yarısı uçub; 

gözümdən yuxu qaçıb,

halım qalmayıb daha;

uçurumun kənarından

duam çatır Allaha; 

baxıram Göy üzünə,

Göyüzü bom- boş qalıb

uçurumdan o yana

hələ bir yoxuş qalıb; 

Göyüzü bom-boş qalıb

ulduzlar hara düşüb...

uçurumun kənarından

Allahın səsi gəlir

Allah da dara düşüb;

ulduzlar hara düşüb,

Göyüzü gündədi?

Yer üzü çat verib

dağlar kündə-kündədi;

 

mən yola çıxmışam,

gedirəm, veyil-veyil,

bu  yol  hara aparır

ağlım başımda deyil.

 

Gecəyarısındakı tənha qadın

qalxıb- qalxıb dikəlib

pəncərədən düşən 

Ay işığına,

sonra da

fərqinə varmadan

aylı gecənin,

baş qoyub ötən günlərə,

yatdı;

 

saçlarında bir nəfəs vardı,

bir hənirti vardı qulaqlarında,

isti bir öpüşün dadı

illərdən bəri

çəkilib-çəkilib

getmək bilmirdi,

üzündən, gözündən,

dodaqlarından;

 

daha sonra

gözəl günlər görəcəyinə

inanırmış kimi

titrək əllərinin gəzdiyi divar

az-az  çiçəkləyib naxışlanırdı;

 

çöldə

oyaq pəncərəsindən

lap uzaqlarda

xırdaca-xırdaca yağış yağırdı.

 

 

Nazim Əhmədli

525-ci qəzet.- 2014.- 3 may.- S.25.