Bunu kim qoyub bura?

 

 

 

Mayın 5-də yazıçı dostumuz Əlabbasın  ad günüdür.  Dostlarla ilgili müxtəlif vaxtlarda  başına gələn əhvalatları  özü qələmə alıb bizə göndərib.   

 

–Səndən yaxşı yazıçı yoxdu,-bir dostum həmişə belə deyir, amma bilirəm ki, bir cümləmi də oxumayıb, məni görəndən-görənə yadına düşür  yazıçı olmağım. Bəlkə, elə varlığım da... Dediyini  də ondan-bundan eşitdiklərinə əsasən deyir. Giley-güzarı da o olur ki,  niyə ona kitab vermirəm. Zor-güc, axır ki, “Sonun başlanğıcı”nı ala bildi.

 

Bir-iki ildən sonra  dostlarla bağına dəvət aldıq. O belə şeylərin bazıdı. Yemək-içmək olsun, demək, hər şeyin var.

 

Hərə bir işin qulpundan yapışmışdı. Mən manqalı qalayırdım. Bu əsnada  otaqdan   səsi gəldi.

 

–Ə, Bəkir, bir ayağını içəri qoy.

 

Hamıdan fağır Bəkir əlində ət doğradığını deyib soruşdu ki, Əlabbas gəlsə,   olarmı?

 

–Ə, niyə olmur?

 

Şap-şapları ayağıma keçirib içəri adladım.

 

–Zəhmətindən keçib, əl at bunu çəkək yerinə,-dost ağır paltar dolabını gücənə-gücənə divarın dibinə itələmək istəyirdi.

 

–Dayan görüm,-deyib aşağı əyiləndə dördqapılı ağır şifonerin ayağının altında ortası çalalanmış kitabımı, nazikqabıq “Sonun başlanğıcı”nı gördüm.      Duruxduğumu görüb o da əl saxladı.

 

Əcəb mənzərə idi: qalın kərpic, üstündə  kitab, böyründə də  tərifli müəllif!   

 

–Ə, bunu kim qoyub bura? Yəqin, uşağın işidi. Qanırmı ki,  kitab nədi? Heyvan oğlu, heyvan.  Onda da günah yoxdu, elə bilirsən indikilər kitab oxuyur? Ay oxudular ha!

 

–Uşağı söymə, əşi, bu cür kitabın əsl yeri elə buradı,-hıqqana-hıqqana şifoneri yerinə çəkəndən sonra dedim,-heç olmasa burda bir şeyə yarayır, qoy dursun yerində...                   

 

     

 

Kitab və yol polisi

 

 

Tez-tez eşidirsən, kitab elə, kitab belə... Amma kim nə deyirsə, desin, o hələ də işə yarayır. Məsələn, mən  yol polisi müfəttişləri ilə olan nəqliyyat münaqişələrimi uzun illər  kitabla yoluna qoymuşam. Onların hətta ən tərsləri  belə kitabla ram olunur.

 

İndi bir dəfə nə olub? Aeroport yolunda iti sürətə görə müfəttiş məni saxlayıb, əyilmişəm ki,  salonun balaca saxlancından  kitab çıxarım, görürəm, yavaşca çiynimə toxunur: “Qardaş, vallah, onnan vermisən, biri varımdı. İstəyirsən, adını da deyim: “Uçurum”.

 

Əlimin havada quruduğunu görən zərpaqonlu əməlli-başlı üstümə ayaq aldı:

 

–Sən də heç olmasa iki dəfədən birində  lazım olan şeyi ver də... Hər dəfə kitab, kitab... İnsaf da yaxşı şeydi axı...

 

 

Balalayan kitablar

 

 

Kitabdan söz düşmüşkən, “Sonun başlangıcı”ndan mağazaya  beş nüsxə  qoydum ki,  bəlkə, kimsə çaşıb aldı. Olur axı belə adamlar, bir də baxırsan, kitaba da pul verirlər...

 

Bir ay heç nəyi dəyişmədi. Daha iki ay gözləməli oldum və hər şey də elə o iki ayın tamamında üzə çıxdı: getdim ki, kitablar  balalayıb: mənə sataşmaq istəyən  dostlardan biri avtoqrafla ona bağışladığım kitabı  mağazaya hədiyyə etməklə onların sayını  altı eləmişdi.

 

Gərək yenə  baş çəkəm o yanlara. Nəyim də olmasa, zarafatcıl və baməzə dostlardan bolam axı...

 

 

Heyvagülü

 

 

90-cı illərin ortalarında   Tofiq Qaraqaya avtosisternlərlə Naxçıvana yanacaq daşındığını biləndə az qaldı başıma od ələsin ki, niyə indiyəcən bunu ona  deməmişəm, əməlli-başlı varidat yiyəsi ola bilərdik. Nə gizlədim, xeyli danlaq-dansaqdan sonra bərk şirnikdim. Yubanmadan işə girişdik. Amma bədənimizi başımız girməyən yerə soxmaq istəyimiz bizə çox baha başa gəldi: od qiymətinə aldığımız maşının İranda motoru tökdü, səkkiz min manatımızı  Moskvada yedilər,  başımızı qəzilləyib şirin dillə Naxçıvanda əlimizdən  üç  min manatı bir dəqiqəyə  aldılar, bir ətək pulumuz da Sumqayıtda batdı. Axırda Tofiq yenicə aldığı evini satası oldu. Təkcə min arşın quyunun dibinə yox, həm də girdabı ondan az dayaz olmayan məhkəmələrin qapısına  düşdük.

 

Yazıçı olmağımız da başımızın bir bəlası idi. Üzüyumşaq adamı da aldatmaqdan asan nə var dünyada? Bir işin dalınca yüz dəfə getdiyimiz vaxtlar oldu. Təqribən iki ilin müddətində əriş-arğac  yollarda işlətdiyimiz   yanacağın qiyməti alacağımız borcu açıq-aşkar üstələyəndə bir gün, axır ki,  Tofiqə özümü asacağımı dedim.

 

–Buna bir bax, puldan ötrü özünü asır!

 

–Əziyyətini halal elə,-dedim,-daha mən gedər oldum.

 

–Gedər oldu! Gedər oldu! Bə bu borcları kim alacaq?-deyib üstümə düşəndə Ceyranbatanla üzü Sumqayıta, həmişəki kimi yenə də borc dalınca  gedirdik.

 

–Özümü də bədbəxt elədim, səni də. Befərasətin buynuzu olmur ki!-deyib olub-keçənləri bittə-bittə bir daha sadalayası oldum,-bir ana lazımdı enimizi qoyub, uzunumuzu ağlaya, ta hansı gündən ötrü yaşamalıyam? 

 

Bu heyndə  yolun kənarı ilə istidə yorğun-arğın gedən zurnaçılar gözümə sataşdı. O qədər sürətlə şütüyürdük  ki, üç nəfərlik dəstə  bircə anda  uzaqlarda qaldı. Yanacağı tükənməkdə olan  qırmızı “011”i beqafil  yerə necə mıxladımsa,  Tofiq müvazinətini əllərini şüşəyə dirəməklə birtəhər  saxladı:

 

–Ağlın çaşıb sənin, belə də maşın sürərlər?

 

–Ə, qağa, haralısan?-maşını geri verib çalğıçıların yanına çatanda zurnaçıya ilk sualım bu oldu.

 

–Ermanstannıyıq.

 

Belə də dedi: Ermanstannı.

 

Bilirdim ki, yersiz sual verirəm, amma yenə soruşdum:

 

–”Heyvagülü” çala bilirsən?

 

–Çala bilirsən nədi, anasını da ağladıram,-deyib zurnaçı daha nəsə gözləmədən başının dəstəsinə işarə elədi... 

 

“Qanun naminə” filmində Kamilovun havası  hansı sənətkarın ifasındadı bilmirəm, amma çəkinmədən deyərdim ki, məni əlüstü duyan, başa düşən, anlayan  bu hal əhli yerin-göyün od tutub yandığı o qızmar yay günündə,   Ceyranbatan düzünün tən ortasında,  bəlkə də, əşrəfi-kainatın icad etdiyi ən kamil və mükəmməl bir rəqs havası səsləndirməkdə idi.  Yoox, tək ona görə yox ki, iri, tüklü  ovurdlarını gülməli tərzdə şişirdib hərdən boşaldan qaraşın dəmçi də,  nağaranı can-dildən döyəcləyən keçəl toyçu da o hal əhlinin özü  kimi od eləyirdi,  həm də ona görə ki,  bu hava mənim də ömrümdə  oynadığım ən gözəl hava idi. Həmişəkinin əksinə olaraq mən nizamla rəqs eləmir, necə gəldi atılıb-düşürdüm. Qəhr-qəzəbimi tökür,   hirs-hikkəmi  soyudur,  gözgörəti ürəkdən tikan çıxarırdım.  Məni araya  alıb əl çalanların  əhatəsində tər axan dabanımla kotan kimicə  yer şumlayırdım.

 

Arada Tofiqin əl çala-çala:

 

–Oyna, oyna, qoy ürəyin soyusun!-deyən səsini də eşidirdim, maşınlardan düşüb tamaşamıza dayanan adamların hal əhlinin döş cibinə pul basan  əllərini və başının hərəkəti ilə onlara minnətdarlıq edən adamın “sağ ol” deməsini də görürdüm, biri dümdüz, o biri başı əygəmli iki nazik ağ çubuqla    tarım dərili nağaranın anasını ağladan toyçunun çıxardığı oyun da gözlərim önündə idi, sifətindən puçur-puçur tər axan rəqqası əcaib baxışlarla süzüb də çəpik çalmaqla ruhlandıran seyrçilərin  razılıq dolu, anlaşılmaz pıçıltıları da arada qulağıma dəyirdi,  amma niyəsə elə bilirdim ki, bu pəstahların  hamısı yarım saat əvvəl maşında  çəkinə-çəkinə, qısıla-qısıla Tofiqə dediklərimi  yaddan çıxarmağım üçündü:

 

–Özümü də bədbəxt elədim, səni də!... Səni də!...  Əziyyətini halal elə!...  Əziyyətini halal elə!...

 

Səslər uzanır, gödəlir,  qırılır,  arada tam qeybə çəkiləndə isə yerini Tofiqin təsəllisi   tuturdu: 

 

–Oyna, oyna, qoy ürəyin soyusun! Özünü asan olub... Buna bir bax!

 

 

Söz verdin, belədi də          

 

 

Eyvaz Zeynalov məndən xəbərsiz hekayələrimi Türkiyə jurnallarından  birinə göndərəndən sonra zəng vurub ki, qardaş, bağışla, deyəsən, əliuzunluq eləmişəm, bəs belə-filan...

 

–Sənin əliuzun qadanı alım,-dedim,-elə şeylərdən nə qədər bacarsan, çox elə, onsuz da məndə fərasət yoxdu. 

 

Sonralar Bişkekə və Kazana göndərilən hekayələrimin  başına həmin “oyun” bu təmənnasız dostun “uzun əli ilə gətirildi”...

 

Eşidən kimi zəng vurub  borcundan çıxdım”:

 

–Bir də səni nərddə udsam, məndən pis adam yoxdu.

 

...İşə bax ki,  üç aydı Eyvazı bir tas da uda bilməmişəm, hər dəfə uduzub ayağa duranda:

 

–Söz verdin belədi də... Gərək əməl eləyəsən,-deyib, məğlubiyyətimə haqq qazandırıram.  Amma bu adam insaf eləmir də.   qədər can atsam da, hər dəfə xoruzumu qoltuğuma verib yola salır.

 

 

Ayıqlıq dərəcəsi

 

 

Digər stolüstü oyunlar kimi Avdı Qoşqar şeş-beşin də bərk  azarkeşidi.   Hərdən başı elə qızışar ki, rəqibin nə oynadığının  əsla fərqinə varmaz. Bundan istifadə edib bir dəfə çətin  vəziyyətdə daşı özümə sərf edən xanaya qoydum.  Fikir vermədiyini görüb beş-altı zərdən sonra  daha bir kələk işlətdim.  Gözləmədiyim halda əl saxlayıb imtahan götürən müəllim kimi sifətimə baxdı, mənalı-mənalı:

 

–Niyə elə eləyirsən?-soruşdu.

 

O saat təslim olmadım ki, şübhəyə düşməsin:

 

–Ayıqlığını yoxlayıram,-dedim.

 

–Bir dəfə yoxladın, bəs eləmədi?-cavabını elə verdi ki,  hər şeyə əvvəlcədən göz qoyduğunu bilib xeyli gülüşəndən sonra  partiyanı onun xeyrinə qarışdırası olduq.

 

 

Bu oyundan xəbərin yoxdu

 

 

Aslan Quliyev Bakıya gələndə    dəm-dəstgahlı bir nərd məclisi qurmaq  aramızda çoxdan adət halını alıb. Eyvaz  Zeynalovun özünü tərifləməklə qətiyyən arası yoxdu. Asta və sakit oynayır, rəqibi cırnatmır.  

 

Mən də özümə “sənətkar” deməyin bazıyam.  Tələsik və sürətli oynayıram, daşları şappıldatmaqla aram sazdı. Ələlxüsus da, döşünə döyənlərin qənimiyəm.

 

Aslan isə görüşdən əvvəl mütləq, canınıza yazığınız gəlsin, deyir, mitiləvurma kampaniyasına start vermişəm, sonra inciməyin. Deyin görüm,  marsla başlayaq, ya oyunla? Yardımlıdan Bakıya qədər olan yolu gəlməkdə  məqsədinin nərdi icad eləyəni axtarmaq olduğunu tez-tez təkrarlamaq rəqibin gözünü qırmağın ən əlverişli üsuludu. Nərddə belələrinə “rəqibi dili ilə udan” deyirlər.    

 

–Demək, nərdi icad eləyəni axtarırsan? Çox yaxşı... İndi səni onunla tanış edərik. Canlaradəyən bir oğlandı,-deyib təzə-təzə tanış olduğumuz vaxtlarda stol arxasında oturduq və folklor dili ilə demiş olsaq,  bir hərbə-zorba başlandı ki, gəl görəsən. Tərifin biri bir qəpik. Sinəsinə döyən kim, bəhsləşən kim, qonaqlıqdan mərcləşən kim... Qərəz ki, qan su yerinə axır. Deyib-gülən, dadlı-duzlu lətifə söyləyən və pul xərcləyən   adamın  həm də nərdin  azarkeşi olmağından   necə ləzzət almaya bilərsən?

 

–Ə, bə deyirlər, sən zəif oynayırsan!-oyun yarı, Aslan mars ərəfəsində olanda  özümü   heyran olmuş kimi göstərərək zərləri nərdtaxtanın ortasına qoyub başımı bulaya-bulaya elə ciddi ahənglə dilləndim ki, o həm də nərd aşiqlərinin  onun barədə hansı qənaətdə olduğunu bilib:

 

–Ə, onlar nə bilir nərd nədi, at gəlsin,-dedi,-belə şeyi sənətkar bilər.

 

“Sənətkarın” da anası ölməsin, elə bunu gözləmirdimi?

 

–Sənin kimi oyunçuya da  zəif deyllər? Vallah, adamın ağzı əyilər.

 

Onu deyəcəyim fikrə tam səfərbər edim deyə sözümü bir də təkrarladım:

 

–Sənin istəməyənin nə çoxmuş, balam, bu da ədəbiyyat meydanı deyil ki, paxıllığını çəkələr. Burda da sənə rahatlıq vermirlər, a kişi. Sənə qətiyyən  zəif demək olmaz. Sən zəif deyilsən.

 

Rəyimdən necə ruhlandısa:

 

–Qağanın canı, düz deyirsən, oyunumu bəyənmirlər,-dedi və soruşdu ki,   bir sənətkar kimi onun haqda fikrim nədi?

 

–Kim  deyirsə, sən zəif oyunçusan,   vicdansızın yekəsidi,-deyib tək ona qol-qanad yox, həm də  üzümə müdrik bir görkəm verdim,-zəif olsaydın, nə vardı ki? Sənin  nərd elmindən,  ümumiyyətlə,   xəbərin yoxdu... 

 

Əlabbas

525-ci qəzet.- 2014.- 3 may.- S.24.