Qadınlar zamanın yaddaş cədvəlində

(davamı)

 

 

 

Bu vaxt Medeya özü ilə götürdüyü sevimli kiçik qardaşını öldürüb, onun cəsədini xırda-xırda doğrayıb dənizə atdı. O, bilirdi ki, dərddən ölməyə yaxın olan atası oğlunun cəsədini götürüb aparmaq və dəfn etmək üçün artıq onları izləməyəcəkdir.

 

Sədaqətli qadının məhəbbəti sevdiyi kişini ən çətin vəziyyətlərdə də xilas edir. Məhəbbət onun həyatını qoruyub saxlayır və onu qələbəyə çatdırır.

 

Belə məhəbbət, əlbəttə ki, möcüzədir, bu möcüzə qadını cadugərə də çevirir. Öz sevgilisi naminə sevən qadının qarşısında gücü çata bilmədiyi heç bir şey yoxdur. Elə bir dəhşətli cinayət, xəyanət və hətta qardaş qətli yoxdur ki, bu sevən qadın sevdiyi adamı xilas etmək üçün ona əl atmasın. Elə bir ağlasığmaz haqq yoxdur ki, qadın öz həyatı və məhəbbəti naminə onu ödəməli olmasın.

 

Nəhayət, məhəbbət ali məqsədinə çatdı, Yasonla Medeya neytral bir adaya gəlib, orada evləndilər.

 

Sonra onlar Yasonun vətəninə qayıtdılar, lakin qoca çar taxt-tacı vermək istəmədi. Onda Medeya növbəti bir plan fikirləşib tapdı. O, çarın qızlarının diqqətini ona cəlb etdi ki, ataları artıq əldən düşmüşdür. Və onlar üçün əla bir cavanlaşma vasitəsini açdı. Qoca keçini götürüb kəsdi. Onun ətini xırda hissələrə parçaladı, bu hissələri, içinə bəzi otlar tökülmüş qaynar qazana atdı və qazandan cəld hərəkət edən cavan bir dıbır çıxdı. Qızlar bu təcrübənin təsiri altında atalarını öldürüb, onu tikə-tikə etdilər, qaynar qazana atdılar, lakin o,artıq ölmüşdü və heç bir cavanlaşma baş verə bilməzdi.

 

Medeya ərinə xəbər verdi ki, taxt-tac artıq boşdur, qızları qoca çarı özləri öldürdülər.

 

Lakin ölkənin sakinləri bu fırıldaqçının və onun cadugər arvadının hərəkətlərindən hiddətləndilər. Yason Medeya ilə birlikdə tezliklə vətənindən qaçmalı oldu və o, artıq burada çar olmaq ümidini də itirdi.

 

Yüksək məhəbbətin işıqlı poeziyası məhvedici ehtirasların qara bir faciəsinə çevrildi. Məhəbbətdə də ölçü hissini bilmək lazımdır, çünki insanların özlərinin qanunları, həmçinin ilahi qanunlar vardır ki, onlara görə hətta məhəbbət də cəzaya, dərdə, bəlaya çevrilə bilir. Bu vaxt gəlib çatanda, kişi belə məhəbbətdən azad olmağa can atır. Yason yerli çarın qızına aşiq oldu və ona evlənmək qərarına gəldi. Yeni cavan arvad, gələcəkdə isə vərəsə kimi taxt-taca sahib olmaq ümidi meydana gəlmişdi. O, artıq Medeyanı sevmirdi, bunun səbəbini də ona izah edib, köhnə arvadını tərk etdi. Qədim yunan qaydasında belə bir boşanma baş verdi.

 

Lakin Yason kiminlə yaxın olduğunu və uzun bir müddət ərzində onunla iş qurduğunu unutmuşdu. Medeya yeni evlənənlərə hədiyyə kimi özünün toxuduğu gözəl paltarı göndərdi. Gəlin sevinclə bu paltarı geyinib, əynində yoxladıqda, onu alov bürüdü və qız bir andaca diri-diri yandı.

 

Yason qisas almaq, Medeyanı cəzalandırmaq üçün əvvəlki evinə gəlib çıxdı. O, dəhşətli bir mənzərənin şahidi oldu – Medeya ondan doğulmuş öz uşaqlarını öldürmüşdü. Qadına əzab verən ağrı hissi o qədər böyük, dərdi o qədər güclü idi ki, onda qısqanclıq elə alovlanmışdı ki, onun üçün bütün həyat artıq öz mənasını itirmişdi. Ona yeganə bir fikir hakim kəsilmişdi ki, keçmiş ərinə daha ağrılı olan bir zərbə vursun.

 

Medeyasız, bu qadının məhəbbəti olmadan Yason üçün də elə bil ki, bütün həyat puç olmuşdu. Onu sevən, onun üçün hər şeyi edənə xəyanət etməklə sən öz şəxsi həyatının üstündən də xətt çəkirsən.

 

Medeyanın həyatında olduğu kimi bədbəxtlik apokaliptik miqyas kəsb etməsə də, digər mifik personaj Ariadna da oxşar taleyi yaşamalı olmuşdu. Mifik Krit çarı Minosun və Pasifayanın qızı, Fedranın bacısı olan Ariadna Teseyə vurulub, Minotavrı öldürməkdə və labirintdən xilas olmaqda ona kömək etmişdi.

 

Çarın arvadı Pasifaya öküzlə cinsi əlaqədə olmuş, bu yaxınlıqdan Minotavr (“Minosun öküzü” mənasını verir) adlanan, yarı insan, yarı öküz şəklində olan bir eybəcər məxluq doğmuşdu. Pasifiyanın əri onu labirintdə saxlamağa göstəriş vermişdi. Çar Minos qələbəsinə görə təzminat kimi hər il Afinadan ona verilən gənc afinalı oğlanları və qızları qidalanmaq üçün Minotavra ötürürdü. Ona görə də Afina çarının oğlu Tesey Minotavrı  öldürmək qərarına gəlmişdi. Bunu reallaşdırmaq isə digər bir çətinliklə də əlaqədar idi. Minotavrı öldürdükdən sonra labirintdən çıxmağın özü də müşkül bir məsələ hesab olunurdu. Bu işdə ona Ariadna köməklik göstərirdi, ona bir ucu labirintin ağzında bağlanmış sap kələfini verdi. Minotavrı öldürməyə gedəndə bu sap kələfdən çözələnirdi. Tesey Minotavr üzərində qələbə çaldıqdan sonra həmin sapın izi ilə labirintdən çıxa bildi. Ona görə də çətinlikdən çıxmağa kömək edən vasitələri “Ariadna sapı” adlandırırlar.

 

Tesey Ariadnanı özü ilə apardı və ona evlənməyi vəd etdi. Lakin Naksos adasında o, xəyanət edib, Ariadna yatan vaxt onu tərk etdi. Allah Dionis Ariadnaya qayğı göstərib, onu özünə arvad etdi. Medeya əhvalatında olduğu kimi, qaçılmaz ölümdən xilas etdiyi Tesey Ariadnaya sədaqətsizlik göstərdi, onu aldadıb, tək qoyub qaçdı.

 

Ariadnanın Medeyadan fərqli olaraq cadugərliyi olmasa da, Teseyə onun bəslədiyi acı hisslər bu xain adama baha başa gəlməməyə bilməzdi. Tesey Krit adasından qayıtdıqda, Afinada olan atası Egeylə şərtləşdiyinə uyğun olaraq, Minotavr üzərində çalınan qələbənin əlaməti kimi qayığının üzərində yelkən qaldırmalı idi. Tesey isə səhv edərək, qara yelkən qaldırmışdı. Egey oğlunun öldüyü barədə səhv bir nəticəyə gəldiyindən, özünü dənizə atıb öldürdü. Buna görə də həmin dəniz onun adı ilə Egey dənizi kimi tanınır.

 

Tesey amazonkalara qarşı yürüşdən onların çariçası İppolittanı özü ilə Afinaya gətirmişdi. Bu nikahdan onların İppolit adlı oğlu qaldı. Onun ikinci arvadı, Ariadnanın bacısı Fedra İppolitin ölümünün baisi oldu, analığı onunla intim yaxınlıq etmək istəmiş, İppolit isə buna razılıq verməmişdi. Hiddətlənən qadın ona böhtan atmışdı. Ahıl yaşlarında Tesey Afinanı tərk etməyə məcbur oldu, Skiros adasına çəkildi və orada da öldürüldü.

 

Yunan mifologiyasının qəhrəmanları olan qadınlar təcavüzə, xəyanətə də məruz qalırdılar, lakin talelərinə düşən bədbəxtliklər onları heç də bütünlüklə sıradan çıxara bilmirdi. Onlarda həyat eşqi güclüydü, bir qayda olaraq ən çətin anda da bədbinliyə qapılmırdılar, sınaqların ağırlığına baxmayaraq ruhdan düşmür, yeni şəraitdə də özlərini təsdiq etməyi bacarırdılar. Ona görə də min illər keçsə də, bəşəriyyət bu örnək ola biləcək şəxsləri unutmur, onların müsbət əməlləri, fədakarlıq nümunələri, bir ibrət mənbəyi kimi yaşamaqda davam edir. Onlar həm də öz məhəbbətlərinə, ehtiraslarına hər şeyi qurban verməyə hazır idilər.

 

Mifologiyanın Yunanıstan ərazisində yaşayan əhalinin davranışının əyri yola düşməsinə təsir göstərməsini də inkar etmək olmaz. Axı yunan allahları insanlara əxlaqi təmizlik barədə heç bir yaxşı nümunə göstərməmişdilər, əksinə, onlar əxlaq qaydalarının zəifləməsi yollarına daş döşəmişdilər.

 

Bəzi ərazilərdə isə adamlar əxlaqın təmizliyinə nail olmağı bir məqsəd kimi qəbul etməyi heç lazım da bilmirdilər. Məsələn, Spartada gənc qızlar çılpaq şəkildə oğlanlarla güləşir, idmanla birgə məşğul olurdular. Beləliklə, qızlar sərbəstliyə öyrənirdilər, həm də fiziki möhkəmlik qazanırdılar. Onlar ərə getdikdən sonra da öz sərbəstliklərini qoruyub saxlayırdılar, əxlaqın saflığı boyunduruğuna tabe olmurdular. Kişilərlə cinsi əlaqəyə girdikdə hansısa süni məhdudiyyətləri tanımaq istəmirdilər, istənilən kişi ilə yaxınlıq etməkdə özlərini tam azad hiss edirdilər.

 

Sparta qadınları onunla öyünürdülər ki, bu sərbəstlik hesabına vətənlərinə belə cəsarətli və sədaqətli oğullar doğurlar. Axı zəif doğulan və ya xəstə körpənin böyüməsinə və fiziki möhkəmliyinə əminlik olmadıqda, ağsaqqalların qərarı ilə belə uşaqlar həyata lazımınca göz açmamışdan öldürülürdülər.

 

Sparta qadınları öz oğlanlarının ölümcül fədakarlıqlarından qürur duyurdular və onları döyüşə yola saldıqda, yeganə xeyir-duaları bu olurdu ki, “ya qalxanla, ya da qalxanın üstündə qayıt!” Bu o mənanı verirdi ki, ya düşmən üzərində çalınan qələbə ilə qayıt, yaxud da qəhrəmancasına həlak olmaq yolunu seç. Spartalı analar oğlanlarının meyidi döyüş cəbhəsindən gətirildikdə yaranın arxadan vurulduğunu gördükdə, cəsədi qəbul etməkdən və dəfn etməkdən imtina edirdilər. Çünki belə yara həlak olanın döyüş cəbhəsindən qaçmasının və biabırçılığının işarəsi hesab olunurdu.

 

Həqiqətən də spartalıların qəhrəmanlıqları tarixin səhifələrini bəzəyən ən unudulmaz əhvalatlardır. Bizim eradan əvvəl 480-ci ildə Fermopil keçidində Persiya çarı Kserksin 200 min nəfərlik ordusuna qarşı vuruşan 300 spartalı xeyli müddət düşmənin yolunu kəsdi və axırda bir nəfər kimi qəhrəmanlıqla həlak oldular.

 

Persiya sərkərdəsinin elçisi onları döyüşçülərinin çoxluğu ilə qorxutmaq üçün “nizələri göyə qaldırsaq, Günəşin qabağını tutarıq” sözlərinə, spartalılar istehzalı şəkildə, özlərinə məxsus lakonik qaydada cavab vermişdilər: “Nə eybi vardır, kölgədə də vuruşarıq”. Onlar həqiqətən də daim ölüm kölgəsi altında vuruşdular, həlak olsalar da, bəşəriyyətə qorxmazlıq və misli görünməmiş qəhrəmanlıq nümunəsi qoyub getdilər.

 

Sparta döyüşçülərinə başçılıq edən çar Leonid yaxşı demişdi ki, təbiət bizə həyat bəxş etmişdir, onu şərəfli və ya şərəfsiz yaşamaq isə bizdən asılıdır. Bu ölkənin qadınları kişilərdən fərqli olaraq döyüşdə vuruşmurdular, lakin onlar dünyaya belə igid insanlar gətirirdilər. Spartalıların qəhrəmanlıqlarından, heç şübhəsiz, onlara da pay düşür.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2014.- 3 may.- S.23.