Unudulmuş şairin dəyərli poetik irsi

 

 

İyirminci əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında diqqətəlayiq nəsr və poeziya nümunələri ilə özünəməxsus yer tutan Nemət Bəsirin (1889-1942) ədəbi irsi, təəssüf ki, indiyədək lazımınca öyrənilməyib, yalnız tək-tək kitab və məqalələrdə onun bəzi əsərlərindən qısa şəkildə söz açılıb. Halbuki  N. Bəsir  1910-30-cu illərin ədəbi prosesində yaxından iştirak edib, dəyərli bədii publisistik əsərlər yazıb.

Nemət Bəsir (Hacıyev) Balaxanıda doğulub, ilk təhsilini burada alıb, erkən yaşlarından ədəbiyyata maraq göstərib. Dövrün böyük satiriki M. Ə. Sabir 1910-cu ildə  Balaxanıda işlərkən gənc Nemət  ustadın diqqətini cəlb edib. Bir məlumata görə, "Bəsir" (mənası: açıqgözlü, fərasətli) təxəllüsünü Nemətə məhz Sabir verib. Sabirin əsərlərindən ilham alan Nemət bir sıra satirik şeirlər yazıb, eyni zamanda, ciddi məzmunlu poetik nümunələr, həmçinin təsirli lirik şeirlər qələmə alıb, çoxsaylı bədii-publisistik əsərlərini "Tərəqqi", "İttifaq", "Molla Nəsrəddin", "Məlumat", "Yeni füyuzat", "Səda", "Babayi-Əmir", "Qurtuluş" digər mətbuat orqanlarında müxtəlif imzalarla (Nemət Bəsir, Nemət Həqir, Balaxanılı s.)  dərc etdirib. Onun şeirlərinin bir qismi Bakıda çap olunmuş "Fəryad" (1910) , "Rümuzat" (1915) adlı kitablarında toplanıb. İstedadlı sənətkarın  sentimental-romantik səciyyəli "İki nakam" romanı (1916) da  ideya-bədii məziyyətləri ilə maraq doğurur.

Vətənin xalqın üzləşdiyi sosial-siyasi problemlərə həssas münasibət, fanatizmin, cəhalətin tənqidi, zəmanədən şikayət, məmləkəti abad azad görmək amalı, istiqlala qovuşmaq duyğusu, eləcə kövrək ovqatın lirik-romantik təcəssümü şairin qələmindən çıxmış poetik örnəklərdə mühüm yer tutur. Tənqidi-satirik əsərləri ilə Sabir ənənələrinə bağlı olan şair lirik şeirləri ilə dövrün romantik sənətkarlarının ədəbi platformasına yaxınlaşırdı. Şeirləri ilə tanışlıq deməyə əsas verir ki, Nemət Bəsir rəngarəng yaradıcılıq axtarışları aparıb, əsərlərinin  dolğunluğuna, mükəmməlliyinə ciddi səy göstərib. Vətənpərvər  ədib repressiya qurbanı olub.

İndiyədək N. Bəsirin yaradıcılığı haqqında müxtəlif jurnallarda bir neçə məqalə dərc etdirmişik. Onun bədii əsərlərini toplayıb çapa hazırlayırıq. Təvəllüdünün 125 ili tamam olan unudulmuş şairin bir neçə şeirini hörmətli oxuculara təqdim edirik. Həmin nümunələr Nemət Bəsirin "Rümuzat"  kitabından (Bakı, Orucov qardaşlarının mətbəəsi, 1915) götürülüb.

 

RUHUM

 

Bilməm, üçün cahanda böylə

Könlüm yürüyor bəlayə doğru?

Böylə gedişin sonu, yəqinəm,

Yeksər gedəcək fənayə doğru.

Qismət banamı bir oldu möhnət?

Aləm gediyor səfayə doğru.

Yoxmu, əcəba, bu sirrə məhrəm?

Ruhum uçuyor səmayə doğru!

 

Əfkarımı həp pozub təzəllüm,

Bu xalqda yox nədən mürüvvət?

Məzluma olur bu gün təəddi,

Zalımlaramı verildi nüsrət?

Aləm , fəqət, inan, bu işdən,

Zalımdan edib həzar nifrət.

Axtarmadadır bir özgə aləm,

Ruhum uçuyor səmayə doğru!

 

Ey vah! qəm, zülmü zillət

Haqqımda olur, tərəhhüm olmaz.

Birəhmlərin əsiriyəm mən,

İahi, sevən neçün tapılmaz?

Məni-zarə qılan cəfavü zülmü

Dünyada yəqin səfa da bulmaz.

Yada salınız məni dəmadəm,

Ruhum uçuyor səmayə doğru!

 

Dünya, əcəba, oldu böylə,

Qəddarların olub məkanı?

Artıq dözəməm bu zülmə qarşı,

Naləm bürümüş bütün cahanı.

Ahım üçün yaxıbü yaxmaz

Yıldızları, həp bu asimanı?

Durmaqdamıdır bütün fərahəm?

Ruhum uçuyor səmayə doğru!

 

Bərhəm qılınıb nişati-eyşim,

Olmuş hər işim büsati-matəm.

Ruhummu? Nəmi? Çapıq cəfadan,

Qəlbimdən uçan nədir , bilməm.

Yormuş dilimi qəmü müsibət,

Bunca yetişir, bəlayə dözməm,

Təng olmadadır bana bu aləm,

Ruhum uçuyor səmayə doğru!

 

etdim, əcəba, cahanda bilməm,

Oldum bu qədər zəlil, müztərr.

Olmaqda bana zəmanə zülmü,

Aya, üçün bütün sərasər?

Bir bəhrdəyəm, uzaq səvahil,

Girdabi-qəmdə, əvət, şinavər.

Hərdən görünür kənar, hərdəm

Ruhum uçuyor səmayə doğru.

 

ƏFSUS!

 

Əfsus, keçdi qəhr ilə fərxəndə çağımız,

Söndü cəfa yeliylə işıqlı çırağımız.

Bilməm sirridir ki, cahan növbahar ikən

Əsdi səmumi-zülm, xəzan oldu bağımız.

 

Olduq düçari-qəhrü ələm bu zəmanədə,

Bağlandı zülm əliylə bizim əl-ayağımız.

 

Düşdük, əzildik, olmadı bir mehriban bizə,

Olsun bu qəmli gündə İlahi dayağımız.

 

Vəhdət zamanıdır, edəlim birlik, ey oğul,

Yaxsın nifaq sancağını ittifaqımız.

 

Azadəlik yolunda gərək can fəda edək,

Ta qanımızla cümlə boyansın soqaqımız.

 

ŞƏRQİ

 

Tutdu dünyanı ahü fəğanım,

Sanki canım yaxıldı odlarə.

İşbu mövqedə dil alovlandı:

"Aqibət narə yandı biçarə..."

 

Yaşamaq istəyir dil azadə,

Səsləyir iştə xəlqi imdadə.

Olmadı bir yetən fəryadə,-

"Aqibət narə yandı biçarə..."

 

Könlümün xanəsi  olub bərbad,

Olmada qəhrü qüssədən azad.

Ediniz siz bu misranı dəryad:

"Aqibət narə yandı biçarə..."

 

İTHAF

 

Verdi fərəh fələk yenə əğyarə təzədən,

Döndərdi yasa eyşi bütün yarə təzədən.

 

Bilməm, sirridir ki, fələki-kəcmədarənin

Olmaqdadır cəfaləri qəmxarə təzədən?

 

"Sabir"  yarası Səhhətə üz qoymamış hənuz

Dəydi yaralı qəlbimizə yarə  təzədən.

          

Tofiq*  fərağı qıldı bizi zarü dilkabab,

Yaxdı bu qəmli könlümüzü narə təzədən.

 

  oldu zaval buldu o xurşidi-mərifət?

Döndərdi mülki-Qafqazı şəbi-tarə təzədən?

 

Aldı fələk o mürşidi bizdən cəfa ilə,

Qoydu cahanda kim, bizi avarə təzədən.

 

Bu qəmlə mən həmişə gərək ahüzar edəm,

Ta qanı sinəmin edə fəvvarə təzədən.

 

*  Bu şeir məşhur tənqidçi ədəbiyyatşünas Abdulla Surun (Tofiq) 1912-ci ildə vaxtsız vəfatı ilə əlaqədar yazılıb.

 

Hüseyn HƏŞİMLİ

filologiya üzrə elmlər doktoru,

əməkdar elm xadimi

525-ci qəzet.- 2014.- 8 may.- S.7.