Qlobal siyasət güzgüsündə
Heydər Əliyev şəxsiyyəti
Heydər
Əliyevin anadan olmasından 91 il
ötür. Hər ötən il Heydər
Əliyev dühasının böyüklüyünü,
möhtəşəmliyini bir daha üzə
çıxarır. Zaman Heydər Əliyevin
siyasi baxışlarına daha dərin məna
qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə
çox möhkəm tellərlə bağlı olduğunu
daha aydın göstərir. Dövrümüzün
ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən
gözlənilməz dəyişikliklər və bütün
bu təlatümlərin fövqündə dayanan müasir
milli dövlətçiliyimiz Heydər Əliyev tərəfindən
əsası qoyulmuş siyasi kursun rasional əsaslar üzərində,
mükəmməl bir
məntiqdən - Heydər Əliyev zəkasından
yoğrulduğunu bir daha sübut edir. Böyük
siyasi mütəfəkkir kimi, Heydər Əliyevin keçdiyi
həyat yolu və bütöv bir xalqın gələcəyini
müəyyən edən uğurlu siyasi kursunun kökündə
dayanan səbəblər haqqında çoxsaylı dəyərli
əsərlər yazılmışdır. Bu araşdırmalarda Heydər
Əliyev yeni tarixdə xalqımızın yetişdirdiyi ən
böyük düha sahibi kimi xarakterizə olunur və bu şəksizdir. Lakin Heydər Əliyev şəxsiyyətinə təkcə
Azərbaycan kontekstində deyil, daha geniş miqyasda - XX əsrin
qlobal siyasi aynasında baxmaq, dünya siyasətinin
formalaşmasında mühüm rol oynamış siyasi xadimlərlə,
dövlət rəhbərləri ilə bir sırada nəzər
salmaq onun siyasi portretini daha önəmli cizgilərlə zənginləşdirmiş
olar. Məhz bu rakursda biz Heydər
Əliyevi bütün ömrü boyu müasir dünya siyasətinin
qaynar məkanında, onun yaradıcıları və yönləndiricilərinin
ön sıralarında görürük. Xüsusən
sovet dövrünün son illərində, kommunist ideologiyasının
agoniyası fonunda yürüdülən Qorbaçov siyasətinə
qarşı çıxması və heç kim
tərəfindən anlaşılmayan qeyri-müəyyən
bir siyasəti dəstəkləməkdən imtina etməsi
onu dövrün pozitiv siyasi perspektivlərini düzgün
müəyyən edə bilən yeganə sovet siyasətçisi
kimi tanıdır. Hadisələrin sonrakı
inkişafı da göstərdi ki, Sovet liderləri arasında
post-sovet məkanında müstəqilləşmə
epoxasının zərurətlərini duyan və siyasətdə
yeni yolun traektoriyasını dəqiqliklə cıza bilən,
yeni dövrün qüsursuz siyasi-ideoloyi kursunu ərsəyə
gətirən yeganə siyasətçi məhz Heydər
Əliyev oldu. Məhz bu baxımdan, öz dövrünün ən
xarizmatik dövlət xadimi və ən praqmatik siyasətçisi
kimi tanınan Heydər Əliyev ümumbəşəri dəyərlərin
daşıyıcısı missiyasına yüksələn
universal şəxsiyyət kimi regionun coğrafi sərhədlərinə
sığmayaraq ümumdünya kontekstinə
çıxır.
Heydər Əliyevin siyasi fəaliyyəti, əsasən,
XX əsrin ikinci yarısı ilə bağlıdır. Bütövlükdə XX əsr
bəşər tarixində bir çox təlatümlü
hadisələrin baş verdiyi, iki dünya müharibəsinin
od ələdiyi, çoxsaylı milli dövlətlərin
meydana gəldiyi, siyasi və iqtisadi böhranların
qaçılmaz olduğu və eyni zamanda, dünya inkişafına təkan
verən proseslərin yaşandığı qlobal ziddiyyətlərlə
dolu dramatik yüzillik kimi səciyyələndirilir. Baş verən bütün bu proseslər
dünyanın bu günkü mənzərəsini ərsəyə
gətirməklə yanaşı həm də siyasətdə
aparıcı şəxsiyyətlərin dövlətlərin
və bütövlükdə bəşəriyyətin
taleyində nə qədər önəmli rol
oynadığını göstərdi. Bəşəriyyət
məhz tarixi şəxsiyyətlərin sayəsində ziddiyyətli,
odlu-alovlu dünyadan sabit və dayanıqlı dünyaya
keçid aldı. XX əsrin tarixi məhz
şəxsiyyətlərin tarixdəki rolu baxımından ibrətamiz
bir dövr oldu. Bu tarixi
Çörçilsiz, De Qollsuz, Kennedisiz, Mandelasız və
eləcə də Heydər Əliyevsiz təsəvvür etmək
mümkün deyil. Tarixi sınaqlar qarşısında
öz xalqlarını məhv olmaq təhlükəsindən
böyük siyasi məharət hesabına
çıxarmağa nail olmuş bu tarixi şəxsiyyətlər.
XX əsrin müxtəlif dövrlərində təkcə
öz ölkələrinin deyil, həm də regionun və bu
regionda yaşayan xalqların tarixində dönüş
yaratmağa nail olmuşlarXX əsrin böyük siyasi xadimlərindən
biri kimi tanınan Uinston Çörçil siyasi
karyerasının ən yüksək pilləsində
bütün bəşəriyyəti təhdid edən şər
qüvvə ilə - imperialist
işğalçılığının ən qəddar
forması olan faşizmlə üz-üzə qalmışdı. Faşist
Almaniyası artıq Britaniya şəhərlərini, paytaxt
Londonu bombalayırdı. Belə bir çətin
məqamda düşmənin amansız həmlələrinin
qarşısını almaq, təcavüzə məruz
qalmış xalqı ruh düşkünlüyündən
çıxarmaq, ümummilli müqavimət hərəkatını
formalaşdırmaq Britaniya hökumətinin
qarşısında duran ən başlıca vəzifə idi.
Məhz Çörçilin uzaqgörən
siyasi gedişləri və qətiyyətli siyasi duruşu nəticəsində
faşist Almaniyasına qarşı çox güclü
ingilis cəbhəsini formalaşdırmaq mümkün oldu.
Zaman və geosiyasi faktorlar baxımından fərqli
olsa da, hadisələrin kökündə dayanan səbəblər
və təhlükənin miqyası baxımindan müstəqilliyimizin
ilk illərində qarşılaşdığımız təhdid
və təhlükə ötən əsrin 40-cı illərində
Britaniyanın üzləşdiyi təhlükədən
çox da fərqlənmir.
Öz şovinist ideoloji
baxışlarına görə mənfur erməni millətçiliyi
faşist düşüncəsindən heç də geri
qalmır. Ermənistan rəhbərliyinin
Avropa Şurasının tribunasından azərbaycanlılarla
ermənilər arasında etnik uyuşmazlığın
mövcudluğunu iddia etməsi elə nasistlərin arilərlə
başqa millətlərin uyuşmazlıq düşüncəsinin
eynidir. Məhz buna görə Azərbaycanın
üzləşdiyi təcavüz və ermənilər tərəfindən
milli ayrı-seçkilik zəminində etnik təmizləmə
siyasəti artıq sadəcə milli təhlükəsizliyimizi
deyil, eyni zamanda bəşəri dəyərləri təhdid
edən, beynəlxalq hüquqa zidd olan təhlükəli
tendensiya xarakteri almışdı. Belə bir məqamda
erməni faşizminə qarşı ümummilli cəbhəni
formalaşdıra bilməsi məhz Heydər Əliyev şəxsiyyətinin
qüdrəti idi. Xüsusilə, ümummilli
liderimizin 1994-cu ilin aprelində düşmən
hücumlarının kəskinləşdiyi məqamda xalqa
müraciətini xatırlamaq yerinə düşər.
Ağdam, Tərtər, Füzuli rayonları istiqamətində
erməni qoşun birləşmələrinin aramsız
hücumlarını dəf etmək ümummilli səfərbərliyin
ən yüksək şəkildə təşkili zərurətini
yaratmışdı. Belə bir anda Heydər
Əliyevin soyuqqanlı və bir o qədər qətiyyətli,
xalqın vətənpərvərlik hisslərini
qığılcımlandıran müraciətindən sonra
qısa zaman ərzində cəbhədə əhəmiyyətli
dönüş yarandı, düşmən tapdağında
olan bir neçə qəsəbə və kəndlərimiz
işğaldan azad olundu. Cəbhədə
yaranan dönüş tez bir zamanda düşməni atəşkəs
sazişi imzalamağa məcbur etdi. Məhz
bu tarixdən başlayaraq, Azərbaycanda daha sistemli və vahid
mərkəzdən idarə olunan ordu quruculuğuna start
verildi.
Zaman-zaman
Azərbaycan dövlətçiliyinə qarşı qəsdlərin,
dövlət çevrilişi cəhdlərinin müstəqilliyimizin
və gənc dövlətimizin məhv olması təhlükəsini
ortaya çıxardığı anlarda Heydər
Əliyevin fövqəladə
çevikliklə öz qətiyyətli mövqeyini birbaşa
xalqa ünvanlaması və bir anda bütün xalqı təhlükəyə
qarşı birləşdirməyə nail ola bilməsi də
onun siyasi cəsarətinin və xalqla rəhbər arasında
qarşılıqlı inamın nadir nümunəsidir.
1994-cü ilin oktyabrında Xüsusi Təyinatlı Polis
Dəstəsinin xarici dövlətlərin
kəşfiyyat idarələri ilə birgə ölkəmizdə
dövlət çevrilişi cəhdinə qarşı Heydər
Əliyevin inamlı duruşu yaxın tariximizdə siyasi qətiyyət
nümunələrindən biridir. Oktyabrın
4-də axşam radələrində televiziya və radio ilə
xalqa müraciət edən Heydər Əliyev böyük
natiqlik nümunəsi göstərməklə dövlətçiliyimizin
təhlükə altında olduğunu açıq şəkildə
ifadə edərək milli maraqlarımızın müdafiəsi
naminə insanları Prezident Administrasiyasının
qarşısına səslədi. Qısa
zaman ərzində bu çağırışa səs verən
on minlərlə Azərbaycan vətəndaşı Prezident
Administrasiyasının qarşısına toplaşaraq
dövlətimizin müdafiəsi yolunda Heydər Əliyevlə
eyni mövqedə dayandığını ifadə etdi. Məhz belə bir fövqəladə həmrəyliyin
yaradılmasını təmin edən xalq-rəhbər birliyi
dövlət çevrilişinin qarşısını
aldı.
Örnək
gətirdiyimiz tarixi faktlar yenə də xalqların taleyinin müəyyənləşdiyi
həlledici məqamlarda tarixi şəxsiyyət amilinin nə
qədər önəmli rol oynadığını göstərir.
Bu kontekstdə Heydər Əliyev və Şarl De Qoll
kimi iki tarixi şəxsiyyəti birləşdirən
mühüm bir keyfiyyət - xalqlarının ən çətin
anlarında onları toplum olaraq səfərbərliyə
ruhlandıran müstəsna natiqlik qabiliyyətlərinin və
xalqın onlara sonsuz inamının olmasıdır. Məhz bu
keyfiyyət həmin tarixi şəxsiyyətlərin
uzaqgörən siyasi gedişlərinə uğur gətirərək
toplumun bir ideya ətrafında sıx birləşməsinə
rəvac vermişdir. Eyni zamanda, Şarl De
Qoll və Heydər Əliyev bir-birindən fərqli
situasiyalarda, lakin eyni müdrikliklə totalitar rejimlərdən
demokratik təsisatlara keçməyin tarixi
labüdlüyünü vaxtında dərk etmiş və bu
mütərəqqi prosesin təşkilatçıları
olmuşlar.
Bütün oxşarlıqlarla yanaşı, Heydər
Əliyev şəxsiyyətinin özünəməxsusluğu
da xüsusi əhəmiyyət kəsb edir. O, bir çox siyasətçi
müasirlərindən fərqli olaraq təkcə öz
dövrünün deyil, daha geniş zaman çərçivəsində
baş verən ictimai-siyasi proseslərin axarını müəyyən
edə bilən güclü siyasi iradə sahibi, yeni dünya
tarixinin rasional siyasətçisi, uzaqgörən bir dövlət
xadimidir. Heydər Əliyev təkcə Gələcəyi
görmür, həm də o Gələcəyi
yaradır: Sabaha doğru gedən yolu açır və insanları
o yolla getməyə səfərbər edir.
Heydər Əliyevlə müqayisədə onunla eyni
zamanda SSRİ-nin siyasi elitasının ən yüksək pilləsində
qərarlaşmış siyasətçilər - Leonid Brejnev
və Mixail Qorbaçov bu gün siyasət tarixində ən
miskin fiqurlar kimi görünür. 18 il ərzində
Sovet İttifaqına rəhbərlik etmiş Leonid Brejnevi
retrospektiv baxımdan dəyərləndirməli olsaq, onu əslində,
Sovet İttifaqının durğunluq dövrünə qədəm
qoymasına zəmin hazırlayan siyasətçi kimi xarakterizə
etmək mümkündür. Leonid Brejnev başında dayandığı
siyasi rejimi yalnız mühafizəkar qaydalarla idarə etməyi
bacaran, dövlətin təkamül və tərəqqi
qanunlarını bilməyən, istənilən yeniliyi
yaxına buraxmayan tipik bir "homo-sovietikus" idi. Onun şəxsində bir siyasət adamı
üçün həyati vacib olan siyasi qətiyyət,
xarizma, zamanın reallıqlarını düzgün qiymətləndirmək,
ictimai-siyasi çağırışlara adekvat reaksiya vermək
qabiliyyətini görmək olduqca çətindir. Lakin
az sonra eyni siyasi piramidanın kifayət qədər nüfuzlu
və məsuliyyətli pilləsində dayanmış Heydər Əliyevin o
zamankı və sonrakı həyat yoluna nəzər
saldıqda tamamilə fərqli bir mənzərənin
şahidi oluruq. Heydər Əliyevin istər Azərbaycan
SSR-ə rəhbərlik etdiyi, istərsə də Sovet
İttifaqının rəhbərliyində təmsil
olunduğu zaman göstərdiyi siyasi əzmkarlıq və
yorulmaz siyasi fəaliyyəti ona həmkarlarından tamamilə
fərqlənən nadir şəxsiyyət imici
qazandırmışdı.
Bütün
siyasi karyerası boyunca Heydər Əliyevə qarşı
qısqanc münasibətin, zaman-zaman edilən xəyanətlərin
kökündə də məhz onun öz zəhməti ilə qazandığı
böyük nüfuzun "təhlükəsi"
dayanırdı. SSRİ-nin sonuncu rəhbəri
olmuş Mixail Qorbaçovun Heydər Əliyevə qarşı
qərəzli münasibəti bunun bariz nümunəsidir.
Malik olduğu keyfiyyətlərlə tutduğu siyasi vəzifənin
məsuliyyəti arasında dərin uçurum olan bu şəxsin
parlaq zəkaya malik bir şəxsiyyətə - Heydər
Əliyevə qarşı qərəzli münasibəti də
məhz o "təhlükə"nin
duyğusundan qaynaqlanırdı. Nahaq yerə deyilmir ki, zaman
tarix boyunca əsl həqiqətləri üzə
çıxaran, kimin kim olduğunu tam
çılpaqlığı ilə göstərən ən
dürüst mizan-tərəzidir. Tarixin üzə
çıxardığı ədalət və reallıq isə
bundan ibarətdir: Qorbaçov öz adını tarixə
böyük bir dövləti dağıdan, əli qana
bulaşmış cinayətkar bir şəxs kimi, Heydər
Əliyev isə Azərbaycan adlı məmləkəti yenidən
quran, onun müstəqilliyini əbədi və sarsılmaz edən
şəxsiyyət kimi yazdırdı. Bu da tarixin mizan-tərəzisi!
Sovet İttifaqının süqutundan sonra müstəqilliyini
bərpa edən dövlətlərin bugünkü
siyasi-iqtisadi durumu, regional və qlobal miqyasda tutduqları yer həmin
dövlətlərə başçılıq etmiş şəxslərin
seçdikləri siyasi xəttlə birbaşa
bağlıdır. Bunu post-sovet ölkələrinin
keçmiş rəhbərlərinin fəaliyyəti və həmin
ölkələrin bu günkü siyasi-iqtisadi durumuna nəzər
saldıqda daha aydın görmək mümkündür.
Belə bir müqayisədə də Heydər
Əliyev siyasəti öz möhtəşəmliyi ilə
üzə çıxır. Həm də
bir faktı nəzərdən qaçırmaq olmaz ki, Azərbaycanın
yerləşdiyi geopolitik məkan digər post-sovet ölkələrindən
mürəkkəbliyi və həssaslığı ilə fərqlənir.
Bu gün Gürcüstanın
düşdüyü geopolitik çıxılmazlıq
sindromu, aqressiv şəkildə şimal qonşusunun təcavüzünə
uğraması və demək olar ki, müdafiəsiz
qalması bu ölkənin sabit və tarazlı siyasətə
nə qədər ehtiyacı olduğunu bir daha göstərir.
Yəqin ki, əgər zamanında ölkədə milli
müstəqillik siyasətinin əsası düzgün
qoyulsaydı, orada
da dövlətin sabit və dayanıqlı inkişafı təmin
edilmiş olardı. Ermənistana gəldikdə isə,
regionda Rusiyanın forpostu funksiyasını kölə
sadiqliyi ilə yerinə yetirən, ümumiyyətlə,
heç zaman öz mükəmməl dövlətçiliyini
qurmamış və yəqin ki, heç zaman da buna nail
olmayacaq bu ölkədə heç bir müstəqil siyasətdən,
"parlaq gələcək" vəd edən siyasi
düşüncədən, ənənədən
və liderlik institutundan danışmaq mümkün deyil.
Görünür, bu çürük siyasətin, daha
doğrusu, siyasətsizliyin, öz ölkəsini böyük fəlakətlərə
sürüklədiyini nə Ermənistan
hakimiyyəti, nə də erməni xalqı əməlli-başlı
dərk edir. Lap yaxın dövrdə Qərblə Şərq
arasında geo-politik çəkişmələrin
qurbanına çevrilmiş Ukraynanın da durumu heç
ürəkaçan deyil. Bu dövləti 20 ildən çox
müstəqillik dövrü ərzində idarə etmiş siyasətçilər
tərəfindən yürüdülən siyasi
kursun dəyəri, daha doğrusu, dəyərsizliyi bu gün
göz qabağındadır. Bütün bu illər
ərzində formalaşan kövrək siyasi vəziyyət,
xaotik siyasi gedişlər fonunda daim tənəzzülə gedən
iqtisadi durum və davamlı hakimiyyət dəyişmələri
bu gün Ukrayna dövlətçiliyinin mövcudluğunu belə
təhlükə altına almışdır. Bir çox cəhətlərinə görə hadisələr
Azərbaycan- Ermənistan münaqişəsini də
xatırladır.Lakin ən böyük fərq ondan ibarətdir
ki, cərəyan edən dramatik hadisələrin səhnəsində
bu hadisələri cilovlayıb dayandırmağa və
bütün vətəndaşları Ukrayna xalqının
milli maraqları ətrafında birləşdirməyə
qadir olan siyasi lider yoxdur. Ukrayna
xalqının avtoritarizmdən qurtulduğu bu həssas məqamda
Ukraynaya məhz onların "Heydər Əliyevi" hava və
su kimi lazım idi.
Sovet İttifaqı dağıldıqdan sonra Rusiya da
yenidən özünü tapmaq, etimadlı tərəfdaş
qismində sivil və beynəlxalq hüquq normalarına əsaslanan
yeni siyasi xətt seçmək şansı
qazanmışdı. Lakin Boris Yeltsinin gələcək prosesləri
düzgün qiymətləndirməyə yetməyən siyasi
savadsızlığı və
sonrakı dövrlərdə də bu dövlətin gələcək
inkişafının kökündə dayanmalı olan milli ideyanın hələ də
tapılmaması bu gün
Rusiyanı irəli getdiyində də, geriyə
döndüyündə də məğlubiyyətə
aparıb çıxaracaq bir duruma salmışdır. Bu gün neo-avrasiyaçılığı yeni
imperialist siyasətin mərkəzi xəttinə çevirən
və bu ideyanın reallaşmasına uğursuz cəhdlər
edən Rusiya beynəlxalq sistemi kifayət qədər dərindən
çalxalamaqla, özünə və bütün beynəlxalq
birliyə ciddi ziyan gətirməkdə və öz
xalqını daha böyük fəlakətlərə
sürükləməkdədir.
Beləliklə,
Heydər Əliyevdən başqa vaxtilə Sovet
Politbürosunun tərkibində olmuş bütün siyasətçilərin
adlarını
Əlahəzrət Tarix qısa müddət ərzində
yaddaşlardan sildi. Onlardan heç birinin siyasi
irsi və siyasi kursu yeni, müstəqil bir dövlətin həyat
yoluna çevrilmədi. Dünya inkişafının perspektivini aydın görən, ona doğru
addımlayan və ölkəsini, xalqını ona doğru
istiqamətləndirən Heydər Əliyevin uzaqgörən
siyasəti isə müasir Azərbaycanın dünya birliyinə
təbii inteqrasiyasını təmin edərək onun müstəqilliyini əbədi
və dönməz etdi. Bu siyasət, hər
şeydən əvvəl, uzunmüddətli sabitliyin bərqərar
olunmasına yönəlmişdir; bu siyasət zaman çərçivəsi
ilə məhdudlaşmır - gələcəyə hədəflənmişdir;
bu siyasət geopolitik maraqları toqquşdurmur, əksinə,
həmin maraqların Azərbaycanın milli mənafeləri ilə
uzlaşan ideal harmoniyasını yaradır. Məhz bu
siyasət hələ uzun illər Azərbaycanın daxili və
xarici siyasət doktrinasının özəyini, milli
inkişafımızın təməlini təşkil edəcəkdir.
Məhz bu cəhətləri Heydər Əliyev
siyasətini qlobal siyasət səviyyəsinə yüksəldir
və onun özünü isə dünya miqyaslı şəxsiyyətə
çevirir.
Heydər Əliyev Azərbaycan xalqının
rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini
hər şeydən üstün tutan vətənpərvər
lider idi.
Xüsusilə, ömrünün son on ilində Heydər Əliyevin fəaliyyəti
hətta bir insan ömrünə sığmayacaq qədər
zəngin oldu. Xarici ölkələrə etdiyi
davamlı səfərlərlə, daxili və xarici siyasətimizin
dayaqlarını yaratmaqla, ümumən, bütün ölkənin
yenidən qurulmasına rəhbərlik etməklə, Heydər
Əliyev Yeni Azərbaycanın əsasını qoydu.
İstənilən xarakterli böhrandan sabitliyə
keçidin uzunmüddətli və ağrılı proses
olduğu şübhəsizdir. Heydər
Əliyevin siyasi dühasının böyüklüyü isə
onda idi ki, uzaqgörən siyasi gedişləri ilə
bugünkü sürətli inkişafımızın
kökündə dayanan sabitliyi qısa zaman kəsiyində bərqərar
etməyə nail oldu. Gərgin iş rejiminin səhhətində
problemlər yaratmasına baxmayaraq, Azərbaycan uğrunda
yorulmaz fəaliyyətini bir an belə
dayandırmadı. Yalnız Heydər Əliyevin
güclü qətiyyəti, ölkəmizin maraqlarına xələl
gətirə biləcək məsələlərdə
tutduğu prinsipial mövqeyi Azərbaycana beynəlxalq miqyasda
yanaşmanı dəyişdi. ATƏT-in
Lissabon sammitində ölkəmizin ərazi
bütövlüyünün yekdil şəkildə dəstəklənməsi
artıq Azərbaycanın dünya birliyi tərəfindən
suveren dövlət kimi qəbul edilməsinin əyani
nümayişi oldu. Məhz onun yorulmaz səyləri
nəticəsində Azərbaycan konservativ, tipik post-sovet
ölkəsi kimi deyil, beynəlxalq və regional müstəvidə
sabit və davamlı inkişaf vəd edən bərabərhüquqlu
tərəfdaş kimi tanınmağa başladı.
Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında xidmətləri, regionda sabitliyin bərqərar
olunmasında oynadığı rol bir çox
tanınmış dövlət adamları tərəfindən
də aydın şəkildə ifadə olunmuş və
yüksək qiymətləndirilmişdir. ABŞ-ın keçmiş
prezidenti Corc Buş ümummilli liderimiz haqqında deyirdi:
"Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində
ən əsas şəxsiyyət olmuşdur. Onun
mövqeyi və göstərdiyi səylər Azərbaycanın
iqtisadi inkişafını möhkəmləndirən
böyük həcmli xarici sərmayələrin cəlb
olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının
həyatını yaxşılaşdırmış və Azərbaycanın
XXI əsrə müasir dövlət kimi daxil olmasına şərait
yaratmışdır". Bu fikirlər
Heydər Əliyev tərəfindən yürüdülən
siyasətin ölkə daxilində sabitliyə və iqtisadi
inkişafa təkan verdiyini ifadə etməklə
yanaşı, ümummilli liderimizin bütövlükdə
regional müstəvidə kəsb etdiyi sülhyaradıcı
və qlobal inteqrasiyaya yol açan fəaliyyətinin əhəmiyyətini
bir daha təsdiqləyir.
Böyük
Britaniyanın keçmiş baş naziri Toni Bleyer də Heydər
Əliyev haqqında fikirlərini bölüşərkən
sabitlik faktorunu xüsusilə vurğulayır: "Heydər
Əliyev Azərbaycanın böyük lideri idi. O,
böhranlar dövründə öz ölkəsinə sabitlik
gətirdi. Azərbaycan xalqı onun qoyduğu
irs ilə fəxr edə bilər".
Türkiyənin
baş naziri Rəcəb Tayyib Ərdoğan Heydər
Əliyev şəxsiyyətinə Azərbaycan, region və
ümumdünya kontekstində yanaşaraq bildirir: "Heydər
Əliyev Azərbaycanın xoşbəxtliyi və
firavanlığı, bölgədə və dünyada
sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə
türk və dünya tarixində şərəfli yer
tutmuşdur". Doğrudan da, Heydər
Əliyev öz xalqının tarixi köklərinə
bağlı olan elə bir şəxsiyyətdir ki, o,
bütün siyasi fəaliyyəti ərzində türk
dünyasının birliyinə, bütövləşməsinə
və vahid güc mərkəzinə çevrilməsinə
böyük inam bəsləmiş və bu prosesin də
davamlı inkişafına çalışmışdır.
Yeni türk yüzilliyinin rəmzi başlanğıcı kimi, məhz Heydər
Əliyevin təşəbbüsü ilə 2000-ci ildə
Bakıda təşkil olunmuş Türk Dövlətləri
Başçılarının Zirvə Toplantısı və
bu Toplantının sonrakı illərdə artan ideya-praktik nəticələri
onun türk dünyasının birliyi naminə göstərdiyi
xidmətin parlaq nümunəsidir.
Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir
ki, istənilən aspektdən yanaşdıqda onun intəhasız
fəaliyyətinin geniş okeanına çıxa bilirsən. Öyrənildikcə
öyrənilən, heç zaman tükənməyən Heydər
Əliyev irsi, onu müasiri olduğu digər dünya siyasətçilərindən
fərqləndirən siyasi dühası, onun yaradıcı zəkası
hələ uzun illər çoxtərəfli
araşdırmaların mövzusu olacaq. Və
hər zaman bu şəxsiyyətin tarixdə
oynadığı əhəmiyyətli rol daha dərin məzmunda,
daha geniş panoramda və daha konseptual şəkildə
açılacaq. Amma bir həqiqət heç zaman dəyişməyəcək:
Heydər Əliyev müasir Azərbaycanımızın
qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət,
sülhpərvərlik və humanizm ideyalarına əsaslanan
geniş spektrli fəaliyyəti ilə bəşər
tarixinin yetişdirdiyi nadir şəxsiyyətlərdəndir!
Cavanşir Feyziyev
Milli Məclisin deputatı
Fəlsəfə doktoru
525-ci qəzet.-
2014.- 8 may.- S.2;4.