Fantastik eşqin
gerçək duyğuları
Yaxşı
yadımdadır, “Amfibiya adam”a baxanda 12-13
yaşım vardı. Bu fantastik film məni
öz sehrinə salmış, sirli bir aləmə
götürmüşdü. Dönə-dönə
baxır, “doydum” demirdim. Qəlbimdə qəribə
hisslər dolaşırdı, elə bilirdim bu mənim
filmimdi, yalnız mənim. Ekrandakı
gözəl-göyçək, alagöz qıza
vurulmuşdum, onu hər kəsə qısqanırdım.
O vaxtdan mənim
dənizli, okeanlı dünyam başladı, hansısa bir dənizin,
okeanın İxtiandrı olmaq istəyi keçirdi xəyalımdan.
İstəyirdim köpək
balıqlarının qıc vurub qıcıldadığı
sularda o gözəl Quttierenin imdadına mən çatım,
onu mən xilas eləyim. Sən demə,
tay-tuşlarım da eynən mənim yaşadığım
hissləri yaşayırmışlar. Oğlanların
sayı qədər də “İxtiandr” vardı qəsəbədə.
Dərsdən
sonra qaçırdım köhnə çaxır zavodunun
yerindəki “şirəxana” deyilən hovuza, axşamacan sudan çıxmırdım. Su vur-tut iki adam boyunda olsa da, mənə elə gəlirdi əlçatmaz
dərinliklərdə üzür, hey üzürəm. Elə bilirdim bu kiçik-kiçicik hovuzdan
hansısa okeana yol açılır. Susuz
qala bilmirdim və məndən ötrü susuzluq
havasızlıq təki dözülməz idi. “Sucüllütü” deyirdilər mənə.
Bu söz ürəyimi yaralayırdı – məni “Amfibiya adam” çağıran yox idi...
“Amfibiya adam” bədii filminin bəyaz pərdəyə
çıxdığı vaxtdan yarım əsrdən
çox bir müddət keçib. Bu zaman kəsiyində
çox ekran əsəri yaranıb, populyarlığını
uzun müddət saxlamaq isə hər filmə nəsib olmur.
“Amfibiya adam” fantastik filmi bu gün də
ekranlardan düşmür, maraqla baxılır. Onun seyrçiləri, pərəstişkarları
arasında uşaqlar da var, böyüklər də, amma mən
deyərdim ki, bu, daha çox gənclərin, gəncliyin
filmidir.
Ötən əsrin 50-60-cı illərində fantastik ədəbiyyata
meyl artmışdı. Nəşriyyatlar oxucu tələbatanı
nəzərə alaraq, fantastik əsərlərin
çapına geniş yer verirdi. Təbii
ki, kinematoqraf da bu axından kənarda qala bilməzdi.
Aleksandar Belyaevin bu fantastik əsərinə rejissor
Vladimir Çebotaryov, demək olar ki, təsadüfən
müraciət edib. Romanda müxtəlif nəsillərin
nümayandələrini canlandıran mənfili-müsbətli
personajların simasında insanların həyata
baxışı, sevgi və məhəbbətə münasibətləri
canlı boyalarla təsvir edilir. Rejissor
bütün bunları filmdə də görmək istəyirdi.
Çebotaryov
belə bir əsərin indiyədək diqqətdən kənarda
qalmasının səbəbini yaxşı bilirdi, bilirdi ki,
fantastik filmin çəkilişi texniki baxımdan mürəkkəbdir
və bu üzdən də indiyəcən heç kim belə bir məsuliyyəti öz üzərinə
götürmək istəməyib. Bu işə
əl bulasa, nə kimi çətinliklərlə
qarşılaşacağı da ondan ötrü sirr deyildi,
üstəlik bu sahədə rejissorun təcrübəsi də
yox idi. Bunlar bir yana, aktyor seçimi
də müşkül məsələ idi, fantastik filmin
personajlarını hər aktyora etibar etmək olmazdı. Çebotaryovu düşündürən, narahat edən
bir qayğı da məhz baş rolların
oyunçularını tapmaq idi, xüsusən də
İxtiandr rolunun ifaçısını. İxtiandrı elə bir aktyor oynamalıydı ki,
fantastik hadisələrin dərinliyinə dala bilsin. Aktyorun zahiri görünüşü,
üzünün cizgiləri, ifadəsi, davranış
manerası əsərdəki personaja uyğun gəlməliydi.
Ən başlıcası isə taleyin
hökmündən suda-quruda həyat sürməyə, sonda
yalnız okeanda yaşamağa məhkum olmuş bir gəncin
duyğularını, məhəbbətini, həyat eşqini
tamaşaçıya çatdırmaq idi. Bu isə aktyordan böyük bacarıq, ustalıq tələb
edirdi. Real qəhrəmanlardan fərqli
olaraq, fantastik qəhrəmanları tamaşaçıya
sevdirmək o qədər də asan deyildi. Çebotaryov bu rolda gözlərində dəniz
maviliyi, dəniz dərinliyi olan bir gənc görürdü.
Uzun axtarışdan sonra teatr institutunun birinci
kurs tələbəsi Vladimir Korenevin üzərində
dayandı. O, seçimində yanılmamışdı.
Sonradan mətbuatda yazırdılar ki, filmin
uğurlu alınmasında aktyor seçiminin əhəmiyyəti
danılmazdır. Vladimir Korenev və onun tərəf-müqabili
Anastasiya Vertinskaya gənc olsalar da, oynadıqları
rolların öhdəsindən bacarıqla gəldilər.
İstedadlı aktyor Mixail Kazakov da filmdə rol
almış, bədxah, xəbis Zurita obrazını
özünə məxsus bir ustalıqla yaratmışdı.
Filmin romantik müsbət qəhrəmanları da
vardı, onlara qarşı qoyulmuş rəqibləri də, yəni
mənfi obrazları da. Tamaşaçı müsbət qəhrəmanları
sevməli, onun keçirdiyi hissləri yaşamalı, elə
bir o qədər də mənfi qəhrəmanlara nifrət bəsləməliydi.
Bir növ, mövzuya klassik ənənəçilik
prinsipindən yanaşılmalıydı, yəni xeyirlə
şərin mübarizəsi və sonda xeyirin şər
üzərində qələbəsi. Bir də dəniz,
daha doğrusu, okean obrazını görürük filmdə,
ilk baxışdan lacivərd sularıyla insanı məftun edən,
yeri gələndə ağ köpüklü
nəhəng dalğalarıyla insanın üstünə gələn
və dərinliklərində min bir sirr gizlədən müəmmalı
okean obrazı.
Vladimir Korenevə dənizi sevdirməyə, ona dəniz
sevgisi aşılamağa gərək yox idi. O, 1940-cı ildə Qara dəniz
sahillərində – Sevastopol şəhərində, hərbi dənizçi
ailəsində doğulub. Korenev müsahibələrindən
birində deyirdi ki, mən dənizin vurğunuydum. Uşaq vaxtı qayıq modelləri düzəltməyi,
atamla hərbi gəmilərə getməyi çox
xoşlayırdım. Dəniz romantikası mənə
yaxın idi, dəniz mövzusunda çəkilmiş rəsm əsərlərinə
marağım vardı...
Çəkilişə başlamazdan əvvəl,
altı ay müddətində Vladimir və on altı
yaşlı həmkarı Anastasiya dalğıclıq
bacarığına yiyələnmək üçün ciddi
məşq keçdilər və onların səyi sayəsində
bir çox epizodlar dublyorsuz çəkildi. On beş-iyirmi
metr dərinlikdə çəkiliş aparmağın çətinliyini
və təhlükəli olmasını hamı yaxşı
başa düşürdü. Sualtı
çəkilişlər zamanı Vladimir Korenevin həyatının
təhlükədə qalan anları da olmuşdu. Belə səhnələrin çəkilişində
Korenevi sualtı idman üzrə çempion Anatoli İvanov əvəz
edirdi. Aktyorlarla yanaşı kinooperator Eduard Kozlovski də
çətinliklərlə az
qarşılaşmırdı. Filmdəki səhnələrin
canlı, inandırıcı təsviri bilavasitə onun
adıyla bağlıdır. Yeri gəlmişkən
deyim ki, Kozlovski ustalığının daha bir parlaq nümunəsi
tamaşaçıların çox sevdiyi “Səhranın bəyaz
günəşi” filmindəki işidir.
Filmin çəkiliş qrupu elə ilk günlərdən
texniki imkansızlıqdan yaranan bir sıra problemlərlə
qarşılaşmalı oldu. Sualtı epizodlarda
baş rolların ifaçıları müəyyən
çətinliklərlə rastlaşsalar da, Çebotaryov məhz
natura çəklişlərinə üstünlük verirdi
ki, bu da filmdəki hadisələri daha maraqlı və
inandırıcı edirdi. Texniki çətinliklərdən
biri də fauna və florası ilə çox da zəngin
olmayan Qara dənizdə okean mənzərəsi yaratmaq idi.
Köpək balıqları və delfinlərlə
bağlı epizodların çəkilişində xüsusilə
çoxlu problemlər üzə
çıxırdı. Havaların soyuması
da bir tərəfdən əngəl yaradırdı.
Bütün bunlara baxmayaraq, çəkilişlər müvəffəqiyyətlə
başa çatdı və “Amfibiya adam”
1961-ci ilin sonunda ekranlara çıxdı.
Film ilk nümayişdən tamaşaçıların rəğbətini
qazansa da, qəribədir ki, yuxarılardan amansız tənqid
atəşinə məruz qaldı. Müvafiq təşkilatlarda “Amfibiya
adam”ı ideoloji yükü,
ağırlığı olmayan bir kino lenti kimi görür,
rejissoru romandakı ideyadan uzaqlaşmaqda
günahlandırırdılar. Tənqid filmə
çox sərt yanaşırdı. 1962-ci
ildə İtaliyanın Triest şəhərində
keçirilən fantastik filmlər beynəlxalq
kinofestivalında “Gümüş yelkən” mükafatına
layiq görüləndən sonra tənqidçilərin bu
ekran əsərinə münasibəti dəyişdi. Əlbəttə, əsl sözü onlardan öncə
tamaşaçılar demişdi.
Filmə baxanlar, əlbəttə ki, onun musiqisinə
qiymət verməmiş deyillər, çünki musiqi filmin
ideya və məzmununa tam cavab verir. Təsadüfi deyil ki, “Amfibiya adam” ekranlara çıxandan sonra onun musiqisi
dillərdən düşmürdü. Filmdəki
mahnını konsertlərdə, stadionlarda, restoranlarda sevə-sevə
oxuyurdular. Rejissor Vladimir Çebotaryov
müsahibələrindən birində deyir ki, musiqini
sifariş verəndə biz Bakıda çəkilişdəydik.
Lent yazısını göndərdilər, dinlədim,
doğrusu, ürəyimə yatmadı. Çünki
melodiyada istədiyim romantika yox idi, o, filmin tələblərinə
cavab verəcək stildə, müasir ruhda
yazılmamışdı. “Lenfilm”dəki
etirazlara baxmayaraq, mən yeni bəstəkar axtarmalı oldum.
Leninqraddan tanıdığım Andrey Petrovu
Bakıya dəvət elədim. Çəkilmiş
materiallarını göstərdim. Çox
yaxşı ki, o, filmin ruhunu tuta bildi. Leninqrada
qayıdandan on gün sonra yazdığı musiqini mənə göndərdi. Bu, qeyri-adi, ecazkar musiqi nömrələriydi və
demək olar ki, bu filmlə bəstəkar Andrey Petrov çox
qısa bir müddətdə məşhurlaşdı, sevildi.
Onun musiqisinin səsi-sədası haralarda
eşidilmədi? Andrey Petrov istedadlı bəstəkar
idi, qalırdı ondakı potensialı üzə
çıxarmaq missiyası, onu da “Amfibiya adam”
yerinə yetirdi.
“Amfibiya adam” yalnız musiqisiylə deyil, janrı,
mövzusuyla da ölkənin kino tarixində yeni bir addım,
yeni bir səhifə idi. Film yaradıcı
kollektivə, o cümlədən baş rolların gənc
ifaçılarına və rejissor Vladimir Çebotaryova
şöhrət qazandırdı. Onlar bu
şöhrətə layiq idi. “Amfibiya adam”
yaddaqalan, bu gün də maraqla baxılan kino əsəri kimi
öz ekran həyatını yaşamaqdadır.
Tələbəlik həyatının ilk günlərindən
populyarlaşması Vladimiri yalnız tamaşaçılara
deyil, eyni zamanda, müəllimlərinə, tələbə
yoldaşlarına da sevdirdi. Korenevi milyonlara sevdirən
nə idi? Hər şeydən əvvəl,
səmimiliyi, roldakı sərbəstliyi, obraza girmək
bacarığı, qəhrəmanın yaşadığı
hissləri tamaşaçıya çatdıra bilmək
qabiliyyəti. Elə ona görə də
tamaşaçı “Amfibiya adam” filmindəki fantastik bir qəhrəmanı
– İxtiandrı az qala reallıq kimi qəbul
edir.
“Amfibiya adam”dan sonra Korenevin kinoda elə də parlaq rolu
olmayıb. Daha çox teatr yaradıcılığına
üstünlük verən aktyor 1998-ci ildə Rusiyanın xalq
artisti fəxri adına layiq
görülüb.
Korenevlər ailəsini aktyorlar ailəsi
adlandırırlar. Hələ 1960-cı ildə birinci kursda oxuyarkən
Vladimir gələcək həyat yoldaşı Alla
Konstantinovayla tanış olmuşdu. Alla ondan iki kurs yuxarıdaydı. Tezliklə onların birgə teatr həyatı və
birgə ömür yolu başladı. Onlar bu günədək
qızları İrina ilə birgə Stanislavski adına teatrda çalışırlar. Vladimir Borisoviç teatrın aparıcı
aktyorlarındandır və demək olar ki, hər axşam səhnəyə
çıxır. Tamaşaçılar
onun hər çıxışını maraqla
qarşılayır, onun qəhrəmanlarını sevirlər.
Aktyor özü də deyir ki, kino telefon məhəbbətinə
bənzəyir, sevgilinin üzünü görmürsən,
teatrda isə aktyor tamaşaçıyla üz-üzə,
göz-gözədir.
“Amfibiya adam” Bakı tamaşaçılarına, necə
deyərlər, bir köynək yaxındır, ona görə
ki, filmin çox epizodları paytaxtımızda çəkilib.
Ümumiyyətlə, Bakı kinogenik şəhərdi,
burada çox filmlər çəkilib, şəhərin
köhnə küçə və xiyabanları aktyorların
özünü ifadə etdiyi natura pavilyonu olub bir növ.
Dekorasiyalar qurmaqla İçərişəhərin
mənzərəsini Latın Amerikası şəhərinə
bənzətmək elə də çətin deyildi. Bakının o vaxtkı mənzərəsi,
müğənni qızın “Ey moryak! Tı
slişkom dolqo plaval...” – deyib oxuduğu məşhur “Nərgiz”
kafesi adamda nostalji hissləri oyatmaya bilmir. “Amfibiya adam” filminin çəkilişi
üçün məhz Bakının seçilməsi təsadüfi
deyildi.
Bu, Koronevin Bakıya ilk səfəri, Quttiere rolunun
ifaçısı Anastasiyanın isə ikinci gəlişi
idi. 1946-cı ildə Azərbaycan Dövlət
Filarmoniyasında məşhur müğənni-şanson
Aleksandr Vertinskinin konsertinə şəhərin yüksək
zümrəsindən olanlar, musiqisevərlər gəlmişdilər.
Aleksandr Vertinski səhnəyə kiçik
qızları Marianna və Anastasiya ilə birlikdə
çıxdı, şeir söyləyib konserti açdı.
Anastasiyanın Bakı ilə ilk
görüşü belə oldu. Bəlkə də bu
xatirələr üç-dörd yaşlı Nastyanın
yadına-yaddaşına həmişəlik həkk olmuşdu
və on üç il sonra Bakıya
çəkilişə gələndə, heç
şübhəsiz, atalı günlərini, bu şəhərdə
keçirdiyi o qayğısız anları
xatırlamışdı.
Anastasiya Vertinskaya aktrisalığa kinodan gəlib. İlk rolunu
Qrinin “Al yelkənlər” əsəri əsasında çəkilmiş
filmdə oynayıb. O, Assol obrazını sevmiş və
tamaşaçılara da sevdirə bilmişdi. Məhz
ilk uğurlarına görə də Anastasiya rejissorların
diqqətini çəkməyə başlamışdı.
Onu bir-birinin ardınca yeni rollara dəvət
edirdilər.
1963-cü
ildə Anastasiya Şukin adına teatr institutuna daxil
oldu. On doqquz yaşlı qız instituta artıq
parlaq bir sənət ulduzu kimi gəlmişdi, necə deyərlər,
şəfəqi göz qamaşdırırdı. O,
milyonların tanıyıb sevdiyi, pərəstiş etdiyi
aktrisaydı. Əlbəttə, gənc
yaşlarında belə şöhrət qazanmaq hər kəsə
nəsib olmur. Kursda ona vurulan oğlanlar, həsəd
aparan qızlar çox idi. Anastasiya sanki
bütün bunları görmürmüş kimi davranır,
burnunu dikəldib özünü dartmırdı, demək istəyirdi
ki, baxın, mən də sizin kimi adi bir tələbəyəm.
Anastasiyanın zahiri görünüşü də
aktrisalıq sənəti üçün çox uyğun
idi: zərifliyi, məsum baxışı, ifadəli
çöhrəsi onu impressionist rəssamların fırçasından
çıxmış gözəl qızlara bənzədirdi.
1964-cü ildə “Hamlet” filminin ekranlara
çıxması kino sənətində hadisə kimi
qarşılandı. Filmdə tanınmış sənətkarlar: Smoktunovski, Mixail Nazvanov,
Yuri Qolubev və başqaları çəkilmişdi. Ofeliya rolunda isə Anastasiya Vertinskaya idi. Ofeliyanı oynamaq hansı qızın arzusu deyildi?
Ən başlıcası budur ki, Anastasiya
Ofeliyanın həyatını yaşaya bilmişdi. Üç ildə bir-birinin ardınca üç
filmdə oynamaq o dövr üçün əsl sensasiya idi və
belə xoşbəxtlik az-az sənətkara müyəssər
olurdu. Belə baxanda, Nastyanı bəxti gətirmiş
aktrisa adlandırmaq olardı. O özü “Hamlet”dəki
rolunu daha çox bəyənirdi, öz üzərində
yorulmadan çalışır, oxuyur, öyrənir, sübut
eləmək istəyirdi ki, möcüzə yaratmaq insanın
öz əlində, əməlindədir. Hər
halda, Ofeliya onun yaradıcılıq həyatında daha bir
sınaq idi və aktrisa bu sınaqdan da üzüağ
çıxa bilmişdi. Film beynəlxalq
festivallarda yüksək qymətləndirildi və gənc
aktrisanı xarici ölkələrdə də tanıtdı.
Anastasiya deyirdi ki, Smoktunovski kimi sənətkarla tərəf-müqabil
olmaq mənə çox şey verdi, mən
onun sənət mətbəxinə yaxından bələd
olanda bildim ki, aktyorluq yalnız peşə deyil, o, sirlərlə,
müəmmalarla dolu nəsə bir mistikadır. Ofeliyadan sonra mən qəti əmin oldum ki, kino, teatr
mənim taleyimdir, mən bu yolu tutub getməliyəm.
Rejissorlar ondakı potensial imkanlara güvənirdilər,
bilirdilər ki, gənc aktrisanın daha böyük
uğurları hələ irəlidədir.
Teatr institutunda oxuduğu vaxt tale onun üzünə daha
bir qapı açdı, Sergey Bondarçuk onu “Hərb və
sülh” kinoepopeyasında Liza Bolkonskaya roluna dəvət etdi. Liza rolu epizodikdir, amma
Anastasiya bu rolu elə ustalıqla oynamışdı ki, tənqidçilər
aktrisanın oyununu az qala baş rollarla bir
sırada tuturdular. Aktrisa müsahibələrinin
birində deyir ki, çox yerdə məni məşhur
Aleksandr Vertinskinin qızı kimi qəbul edirdilər, ya da tərifləyirdilər
ki, sən gözəlsən. Mən bu fikirlərlə
barışmırdım, çünki kimin qızı
olmağım, gözəlliyim mənim xidmətim deyildi.
İstəyirdim desinlər ki, sən
yaxşı aktrisasan, bax, bu olardı mənim xidmətim.
70-80-ci illərdə teatrla kino Anastasiya Vertinskayanın
yaradıcılığında bir vəhdət təşkil
edirdi. Bu paralellik aktrisanı yormurdu, teatrda oynaya-oynaya filmlərdə
də çəkilirdi. O 1980-ci ildə
ekranlaşdırılan “Ovod” filmindəki Cemma obrazıyla
Andrey Xaritonovla tərəf-müqabil oldu. Rejissor
Leonid Pçyolkinin Cek Londonun əsəri əsasında
ekranlaşdırdığı “Oğurluq” filmində isə
aktrisa yenidən Smoktunovski ilə birlikdə baş rolda
çəkildi. Yeni filmlər ona yeni də
uğurlar qazandırdı.
Georgi Daneliyanın “Qəm yemə” filminə ilk dəfə
baxanda mən Anastasiyanın Meri roluna çəkilməyini
onun ana tərəfdən gürcü qarışığı
olması ilə əlaqələndirirdim. Fikirləşirdim
ki, əlbət, rejissor buna xüsusi məna verib. Çox sonralar oxuduğum bir yazıda bu suala cavab
tapdım. Daneliya yazırdı ki, Revaz
Qabriadze ilə mən Anastasiyada gürcü qanı
olduğunu unutmuşduq, ssenarini oxuyanda, sadəcə, belə
qərara gəldik ki, Merini məhz Vertinskaya oynamalıdır.
Ona görə ki, qəhrəman gözəl, kübar bir
qız idi və Nastya bu rola çox uyğun gəlirdi...
“Qəm yemə” sovet prokatında ən çox göstərilən
filmlərdən biriydi. Kino tənqidçiləri bu ekran əsərinin
uğurlarından az yazmır,
Anastasiyanın müvəffəqiyyətli oyununu dönə-dönə
qeyd edirdilər...
80-ci illərin əvvəlləri idi. Asiya, Afrika və Latın
Amerikası Ölkələrinin Beynəlxalq Daşkənd
kinofestivalında türkiyəli prodüser Sabah Duru məni
Nikita Mixalkovla tanış etdi. Mixalkov 14-15
yaşındakı qamətli yeniyetməni mənə göstərib
dedi ki, bu, oğlum Stepandır... Tədbirlərdə,
ziyafətlərdə tez-tez rastlaşırdıq. Stepan ingiliscə sərbəst
danışdığından, xaricilərlə söhbətlərdə
hər kəsin köməyinə yetişirdi, bir növ, tərcümanlıq
edirdi. Gənc də olsa,
davranışından, özünü aparmasından hiss
olunurdu ki, yaxşı tərbiyə görüb. Sabah
Duru mənə bir “sirr” də açdı, dedi Stepanın
anası da məşhur aktrisadır, Anastasiya
Vertinskayadır... O vədə sənət adamlarının
şəxsi həyatı, bir növ, pərdə arxasında
qalır, mətbuatda bu haqda söhbət
açılmırdı. Nikita Mixalkovla Anastasiya
Vertinskaya hələ tələbə ikən evlənmişdilər,
bir övladları olmuş, üç ildən sonra
ayrılmışdılar. Bu
ayrılıqdan söhbət düşəndə Anastasiya
günahın çoxunu öz boynuna götürür, deyirdi
ki, Nikita məni daha çox evdar qadın kimi görmək istəyirdi,
mənsə sərbəstlik axtarır, azad-asudə olmaq istəyirdim.
Bax, burda bizim fikirlərimiz ayrıldı və bu da
boşanmaya gətirib çıxardı...
Stepan atasının himayəsində qaldı. O, valideynlərinin yolu ilə getmədi, biznesmen oldu. Hal-hazırda reklam işlərinə rəhbərlik edir, restoranları var. Sənətdən uzaqlaşmış Anastasiya Vertinskaya oğlunun biznesində ona gömək eləyir, nəvələrinin tərbiyəsilə məşğul olur. Sənətdən uzaqlaşmağına peşman deyil, özünün dediyi kimi, bu yaşda hansısa bir yelbeyin qarı və ya qatil anası rolunu oynamaq istəyi yoxdur...
Zaman öz hökmünü göstərir, bir vaxtlar gözəlliyilə hamını məftun edən gənc Anastasiyanın göyçək, saf və məsum çöhrəsi neçə-neçə kino personojlarının simasında, o cümlədən “Amfibiya adam”dakı Quttiere obrazında yaşayır. Quttiere aktrisanın özünün də sevdiyi obrazdır. Bəlkə də, hansısa xüsusiyyətlərinə görə onun öz oynadığı personaja həsəd apardığı anlar da olub. Filmin çəkilişi bitdikdən sonra o demişdi: “Quttieredən ayrılmaq mənə ağırdır...”. Bəli, filmin böyük uğur qazanmasında, heç şübhəsiz, Anastasiya Vertinskayanın da öz payı var, hətta əvvəzsiz payı var. Onun ekran qəhrəmanına hələ də vurulurlar. Nəsillər dəyişir, Anastasiyanın Quttieresinə olan sevgi, məhəbbət isə dəyişmir...
“Amfibiya adam” altmışıncı illər romantikasının himniydi. Bu film zamanı qabaqlamaq eşqiylə yaşayan, min bir həvəs və ümidlə gələcəyə baxan insanın utopik düşüncəsinin, təxəyyülünün məhsuludur. “Amfibiya adam” uşaq dünyasına yeni bir oyun bəxş eləmişdi və hər kəs də bu oyunun İxtiandrı olmaq istəyirdi. Bu film gənclərə sevgi-məhəbbət hissləri aşılayır – İxtiandr sevgisi, məhəbbəti. Fantastik eşqin fantastik duyğuları... Korenev deyir ki, “Amfibiya adam” filmindəki rolum, sualtı çəkilişlər, dərinlikdəki ecazkar mənzərələr dənizi mənə daha da sevdirdi. Suyun altındakı sakitlik, ünsüzlük məni məftun eləmişdi...” Əslində, bu film dənizi yalnız Vladimir Korenevə yox, həm də milyonlarla tamaşaçıya sevdirmişdi. Qızlar dəniz sahilinə gəlib, hündür qayalıqdan ağ köpüklü dalğaları seyrə dalır, inanırdılar ki, mavi sularda mavi gözlü oğlan – Amfibiya adam yaşayır...
Kamil Əfsəroğlu
525-ci qəzet.-
2014.- 9 may.- S.28-29.