Qadınlar zamanın yaddaş cədvəlində
(Bibliya qəhrəmanları)
Bibliyada məşhur İsrail çarları Davidlə
və onun oğlu Solomonla əlaqədar olan bir neçə
qadının davranışları təsvir edilir. Bunlardan biri
Virsaviya idi. Yerusəlimin əsasını
qoyan çar David yay vaxtı axşam isti olduğu
üçün sərinləməkdən ötəri sarayının
damında gəzirdi. Bu vaxt
qonşuluqdakı evin pəncərəsindən çimən
bir qadını çılpaq şəkildə gördü.
Bu həmin Virsaviya idi və çar ona vuruldu.
Qadın çox gözəl idi, David yanına
gətirdib, onunla intim yaxınlıq etdi. Virsaviya
hamilə olduğundan agah olanda Davidə xəbər göndərdi.
Çar onun əri, mənşəcə hett
olan Uriyalnı sıradan çıxarmaq barədə fikirləşdi,
onu yanına çağırıb, ondan cəbhədə
döyüşün necə getdiyini soruşdu. Çar
onu yenidən cəbhəyə göndərdi və göstəriş
verdi ki, onu ön cərgəyə
qoysunlar. Bu, onun öldürülməsi
üçün lazım olan bir şərait idi. Uriya bir neçə zabitlə birlikdə həlak
oldu.
Virusaviya ərinin həlak olduğunu eşitdikdə, ona
yas saxladı.
David qadını sarayına gətirtdi və
özünün arvadına çevirdi. Virsaviya
sonralar məşhur çar olacaq Solomonu doğdu və o,
David öləndə onun vəsiyyəti əsasında varisi
kimi taxt-taca yiyələndi. Beləliklə,
David başqasının qanuni arvadına sahib olmaq
üçün, onun ölümünə də bais oldu.
Davidin övladları da əxlaq məsələsində
yaxşı ad-san sahibi sayıla bilməzdilər. Oğlanlarından
biri Amnon özünün anadan ögey bacısı Tamara təcavüz
etmişdi.
Solomon müdrikliyinə görə ən məşhur
çar oldu, o, möhtəşəm Yerusəlim məbədinin
tikintisini başa çatdırmışdı. O, digər ölkələrdən
olan 700 prinsessaya evlənmişdi, onun həmçinin 300 kənizi
var idi. Bəlkə də bu şişirtmədir,
axı Solomonun hökmdarlığı dövründə
bolluq, yüksək maddi rifahın mövcud olması barədə
Bibliyanın iddiası da ingilislər demişkən, “wishful
thinking” – arzu olunanı həqiqət kimi qələmə verməkdir.
Axı Solomonun özünün tarixi şəxsiyyət
olmasının özü də təsdiqini
tapmamışdır.
Şeba çariçası (Quranda bu
çarıça Bilkis kimi, rus dilində isə
“üariüa Savskaə” kimi göstərilir) Solomonun
şöhrətini eşidib onu görməyə gəlmişdi. Digər mənbələrə
görə, onlar Yerusəlimdə eşq macəraları
yaşadılar və çariça ondan hətta oğul da
dünyaya gətirmişdi və onun sonralar Efiopiya
taxt-tacının sahibi olduğu güman edilir.
Bibliyanın “Yeni Vəsiyyət” hissəsində isə
İisusun, əxlaq pozğunluğuna görə bir
qadını daş-qalaq olmaqdan xilas etdiyi göstərilir. O, Mariya Maqdalina adlı
qadından yeddi şeytanı qovub
çıxarmışdı. İndi irəli sürülən
bir çox versiyalara görə, yazıçı Den Braun
bunu ilk dəfə “Da Vinçi kodu” romanında əsaslandırmağa
çalışmışdır, İisus Xristos bu qadına
evlənmiş, həmin izdivacdan onların övladları da
olmuşdu. Axı Mariya İisusun sadəcə tərəfdarı
hesab edilməməlidir, təsadüfi deyildir ki, o, dəfn
ediləndən üç gün sonra İisusun qəbrini
yoxlamağa gələndə, cəsədin orada
olmadığını görüb, bunu apostollara
çatdırmışdı. Sonra o, yenə
qəbrin ətrafına gələndə İisusun orada
dayandığını görmüşdü, bunu da eyni
qaydada şagirdlərinə xəbər vermişdi. Bu hadisələrin özü də müəyyən
suallar doğurmaya bilmir.
Bibliyada təsvir olunan qadınlar qədim yunan
mifologiyasını bəzəyənlərdən bir qədər
fərqlənirlər. Onlar ailə ilə yanaşı, vətənə,
doğma xalqına dərin sədaqət hissləri bəsləmələri
ilə seçilirlər. Axı vətənin
ağır günlərində, yəhudilər Babilistan əsarətinə
məruz qaldıqda ən dəhşətli günləri,
hadisələri yaşamaq onların qismətinə
düşmüşdü. Bibliyanın
“Şikayətlər” (“Ağı demək”) kitabında b.e.ə.
586-cı ildə Yerusəlimin viran qoyulmasından sonra
xalqın necə dəhşətli günlər
keçirdiyi, qadınların aclıqdan qida kimi istifadə
etmək üçün sevimli övladlarını qazanda
qaynatdıqları təsvir edilir. Babilistanlıların əsarətini
yaşamış bir xalqın qadınları da, bu dəhşətlərin
meydana gəlməsinə laqeyd yanaşa bilməzdilər,
onlardan bəziləri yadelli işğalçılara
qarşı qızğın mübarizə nümunələri
göstərməklə yanaşı, öz xalqının
mövcudluğuna, həyatına təhlükə
yarandıqda özlərinə qarşı olan ölümcül
təhlükəyə də məhəl qoymadan fədakarlıq
göstərir, cəsarətləri və igidlikləri ilə
xalqını hətta məhv olmaqdan xilas etməyi
bacarırlar.
Apokrif (dəqiq olmayan) sayılan Bibliyada yəhudi dul
qadın Yudifin qəhrəmanlığı barədə
maraqlı bir əhvalatdan bəhs edilir. Bu qadın
doğma şəhərini babilistanlıların hücumundan
xilas etmişdi, ona görə də onu İudeya qəhrəmanı
və yəhudi xalqının qədim zülmkarlarına
qarşı mübarizə simvolu kimi qəbul edirlər.
Babilistan qoşunları bu qadının doğma şəhərini
mühasirəyə aldıqda, o, bəzənib, düzənib,
düşmənin düşərgəsinə yollandı. Burada o, sərkərdə
Olofernin diqqətini cəlb etdi. Bu hadisə
b.e.ə. 589-cu ildə baş vermişdi.
Olofern şəhəri mühasirəyə alanda buraya
içməli suyun daxil olmasının
qarşısını kəsmişdi. Bu şəhər
əhalisini tədricən yaxınlaşan ölümə məhkum
edirdi. Yəhudilər Oloferni öz
allahları ilə qorxutmağa çalışdılar.
O, buna məhəl qoymadı, çünki çar
Nabuhadonosordan başqa heç bir allahı
tanımırdı.
Yudif
şəhər ağsaqqallarının köməksizliyini
görüb, özü doğma şəhərini xilas etmək
istədi. Ona görə də gözəl
paltar geyinib, düşmən döyüşçülərinin
düşərgəsinə gəldi. Özünü
öncəgörən bir qadın kimi qələmə verib
dedi ki, onların hərbi rəislərinə şəhəri
tutmağın asan yolunu göstərmək istəyir. Sərkərdə
Olofern isə artıq onun gözəlliyinə və
müdrikliyinə valeh olmuşdu, ona görə də Yudifə
düşərgədə qalmağa icazə verdi.
Qadın orada üç gün yaşadı, hər
gün dərəyə düşüb, oradakı bulaqda
çimirdi. Dördüncü gün Olofern ziyafət təşkil
edib, Yudifi də bu məclisə dəvət etdi.
Qadın o qədər onun xoşuna gəlmişdi ki, onunla
hökmən intim yaxınlıq etməyə can
atırdı. Lakin çox şərab
içdiyindən sərxoş olub yatdı, nökərlər
onun çadırından uzaqlaşdıqda, Yudif Olofernin
öz qılıncı ilə onun başını kəsdi.
Sonra Yudif şəhərə qayıdıb, sərkərdənin
kəsilmiş başını şəhərlilərə
göstərdi, axırıncılar isə bu başı qala
divarından asdılar. Olofernin qətlindən sonra onun
döyüşçüləri qaçmağa üz
qoydular və beləliklə, Yudifin şəhəri
işğaldan xilas oldu.
Bundan sonra Yudif bir dul qadın kimi çoxlu təkliflər
alsa da, bir daha nikaha girmədi və uzun ömür
yaşadı.
Sadə bir qadın bütün şəhərlilərin
bacara bilmədiyi bir işi görmüşdü, ona görə
də xilaskar kimi öz xalqının tarixinə
düşdü. Böyük italyan rəssamı
Corcone bu qadını “Yudif” tablosunda əks etdirmişdir.
Bibliyanın digər bir qəhrəmanı, adını
daşıyan kitabın da orada yer aldığı Ester cəsarəti
ilə əslində bütün xalqını məhv olmaqdan
xilas etmişdi. Persiya çarı Böyük Kir yəhudiləri
Babilistan əsirliyindən azad edib, Yerusəlimi bərpa etməyə
icazə vermişdi. Ona görə də yəhudilər
Persiya çarına özlərinin xilaskarı kimi
baxırdılar. I Daradan sonra gələn
çar I Kserks ölkəni Suzadan idarə edirdi. Burada yaşayan Mordexay adlı yəhudinin Ester
adlı gözəl, yaraşıqlı bədənə malik
olan əmisi qızı var idi. Valideynləri
öldükdən sonra onu Mordexay öz qızı kimi
böyütmüşdü.
Çarın bir bəyanatı əsasında çox
sayda gənc qız Suzaya gətirildi, onların arasında
Ester də var idi. O da çar sarayına aparıldı və ona hərəmxanada
yaxşı yer verildi. Mordexayın məsləhəti
ilə Ester özünün yəhudi olduğunu sirr kimi saxladı.
Qızlara
yaxşı xidmət bir il davam edirdi, ondan
sonra onlardan hər biri çar Kserksin yanına gətirilirdi,
bu qaydaya görə Ester də kənizə çevrilə
bilərdi. Bu qızı görən hər kəs
ona valeh olurdu. Nəhayət, Ester çar
sarayına, Kserksin yanına gətirildi. O, başqa
qızlardan daha çox çarın xoşuna gəldi. Kserks çariçaya məxsus olan tacı onun
başına qoydu və onu sarayında çariça etdi.
Sonra çar Esterin şərəfinə böyük ziyafət
verdi, bütün imperiyada bayram elan etdi.
Çar Mordexayı da icra vəzifəsinə təyin
etdi. Ester isə hələ də özünün yəhudi
olduğunu bildirmirdi.
Saraydakı iki yevnux- hərəm xidmətçisi çara düşmənçilik hissi bəslədiklərindən qəsd hazırladılar ki, onu qətlə yetirsinlər. Mordexay bunu öyrənib çariça Esterə dedi, o, isə öz növbəsində Mordexaydan öyrəndiyini çara çatdırdı. İstintaq aparıldı və məlumatın doğru olduğu öz təsdiqini tapdı.
Elə bu vaxtlar çar Kserks Haman adlı bir adamı baş nazir təyin etdi. Hamı Hamana baş əyir və onun qarşısında diz çökürdü. Mordexay isə bu qaydanı icra etməkdən imtina etdi, bununla o, əslində çarın göstərişinə də məhəl qoymurdu. Bunu onunla izah edirdi ki, “mən yəhudiyəm, ona görə də Hamana baş əyə bilmərəm”. Haman isə onun belə davranışından çox qəzəblənmişdi, yəhudi olduğuna görə Mordexayın tək özünü cəzalandırmaq istəmirdi. O, plan cızmışdı ki, bütün Persiya imperiyasındakı yəhudilərin hamısını öldürtsun. Yaxın günlərdə bu qəsd həyata keçirilməli idi. Esterin hesabına kütləvi qırğın qəsdi baş tutmadığına görə yəhudilər bu qəsdin həyata keçirilməsi üçün təyin olunan həmin günü sonralar “Purim” bayramı kimi qeyd etməyə başladılar və bu ənənə bu gün də davam edir.
Haman çara dedi ki, əgər Əlahəzrətin fərmanı olsa, onların hamısını qətlə çatdıraram. Bu qırğından saray xəzinəsinə də çox miqdarda gümüş gələcəkdir. Çar öz üzüyü ilə belə bir dekreti möhürlədi və bütün yəhudi xalqını düşməninin quduz ixtiyarına verdi. Hamana isə dedi ki, “xalq da, onların pulu da səninkidir, necə istəyirsənsə, eləcə də et”. Bəyanat bütün vilayətlərə göndərildi, bu sənədə görə yəhudilərin hamısı – cavanlar və qocalar, qadınlar və uşaqlar öldürülməli idilər. Suza şəhəri qarışıqlığın ağuşuna düşəndə çar və Haman içki içməkdən həzz alırdılar.
Mordexay bunu öyrəndikdə, dərddən paltarını cırdı. O, bir saray hərəm xidmətçisi vasitəsilə Esterə hər şeyi çatdırdı. Axı bütün yəhudilər öldürülsə, Haman saray xəzinəsinə böyük məbləğdə pul daxil olmasını da vəd etmişdi. Əmisi qızından xahiş etdi ki, çarın yanına gedib, bunları ona çatdırsın və öz xalqına mərhəmət göstərməsini yalvarsın. Hərəm xidmətçisi Mordexayın xahişini yerinə yetirdi. Əmisi oğlu Esterə xəbərdarlıq etmişdi ki, sən çar sarayında olsan da, təhlükəsiz olacağını düşünmə, sən sakit dayansan, onda yəhudilərə göylərdən kömək gələcəkldir. Axı sən çariçasan, xalqının taleyinə laqeyd qalmamalısan.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2014.- 9 may.- S.23.