“Sən
gündoğana getdin, əlində qızılgüllər...
...ELƏ ORDACA –
AYRILDIĞIMIZ YERDƏ QALDIM MƏN”
Şair Azər Abdulla ilə söhbətimiz boyunca nəsə
– anlaya bilmədiyim – qəribə bir əhval hakim kəsildi mənə. Kədər
desəm, kədər deyildi, bədbinlik heç deyildi. Amma ağrıdıcı, əzablı və eyni
zamanda xoş bir duyğu idi. Ürəyimdə
göynədici yanğı hissi, boğazımda qəhər
yumruğu ilə ayrıldım şairdən. Sonra anladım o duyğunun mahiyyətini – həyatın
faniliyini bir daha dərk etmişdim mükaliməmiz boyu.
Maraqlı burasıdır ki, bədbinləşmədim bu həqiqətin
bir daha bütüncə boyu ilə qarşımda
dayanmasından... Və yenidən əmin oldum
ki, həyatın faniliyini düşünmədən
İnsanca və İnsan üçün yaşamaq
lazımdır. Paskal yazır ki, zaman
axınının hər şeyi necə yuyub
apardığını hiss etmək çox dəhşətlidir.
Həmsöhbətimin isə zamanla bağlı
özünəməxsus düşüncələri var.
Paskalın nəzərdə tutduğu dəhşəti o
yaşamır. “Niyə”sini başa düşdüm:
yalnız və yalnız danılmaz həqiqəti müdrikcəsinə
dərk etmiş insan əbədiyyət və fanilik haqqında belə sakit,
işıqlı gözlərlə, təbəssümlə
danışa və nostalji anlada, nostalji yarada bilər...
“Nostaljini
bəzən sözlə ifadə etmək olmur...”
Hər
şey var nostaljidə . O, elə bir
duyğudur ki, bəzən adamı qanadlandırır, bəzən
qəzəb yaradır, bəzən ağrıdır. Əvvəllər ayrı cür
düşündüyün hadisələrə sonralar tamam
başqa gözlə baxırsan. Nostalji bütün duyğu üzvləri
ilə duyula, yəni səslə, ətirlə, rənglə,
təmasla alına bilər. Səslə bağlı bir məqamı
deyim: mən Zəngəzurda anadan olmuşam. Bizdə
Mığrı çayı vardı. Dənizin
kənarında olanda, onun qəribə uğultusunu eşidəndə
Mığrını xatırlayıram. O çay,
uşaq vaxtı yoldaşlarımla orda çimməyimiz,
daşların üstünə uzanmağımız, min oyun
çıxarmağımız yadıma düşür,
ürəyim sızıldayır. Çox qəribsəyirəm.
Yaxud, musiqi ilə bağlı nostalji
başqadır. Klassik musiqini çox sevirəm.
Muğamlarımız qədər də klassik
musiqini dinləyirəm. Üzeyir Hacıbəyova, Qara
Qarayevə, Şopenə, Motsarta, Bethovenə, Çaykovskiyə
qulaq asıram. Onların hər birində məni
fərqli duyğular sarır. Rənglə bağlı
da zəngin nostaljim var: yolda bənövşə
satıldığını görəndə, ilahi, yadıma
nələr düşür... Gəzdiyim
tarlalar, zəmilərin qırağı – biz ona mərz deyərdik
– təzədən gözlərimin qabağına gəlir.
Təkcə bir bənövşə mənə
bir ömür yaşadır. Bizdə bənövşənin
bənövşə rəngində olanı vardı, bir də
– ağ deməzdim – duman rəngində,
maviyə çalan bənövşə vardı. Onların hər biri mənə kəndimizi
xatırladır. Kəndimizdə təxminən
15 yaşına qədər yaşamışam. Ancaq indi görürəm ki, düşüncələrimin,
duyğularımın yaratdığı assosiasiyanın əksəriyyəti
həmin dövrlə bağlıdır. Elm
də təsdiqləyir ki, insan dünyanı daha çox
yeniyetmə vaxtına kimi qavrayır. Nostalji
ilə bağlı duyğuları bəzən sözlə
ifadə etmək olmur. Ümumiyyətlə,
duyğu üzvlərimiz bizə nostalji ilə bağlı nəsə
andıra bilər. Kədərli də ola
bilər, fəlsəfi də ola bilər. Bəzən
onları qələmə almaq da mümkün olmur. Elə hisslər var ki, onları söz şəklinə
salmaq olmur. Ətir, qoxu ilə bağlı
nostalgiya bir başqadır. Eyni
gülün qoxusunu hərə bir cür yaşaya bilər,
qızılgülün ətri hər kəsdə fərqli
hisslər doğurur. Bu çox qəribə
hissdi. Ola bilər ki, kiminsə qəribsədiyi
ətir bir başqasında ruh yüksəkliyi oyatsın.
Hər kəsin nostaljisi fərdidir. Kimsə deyib-gülür, amma biz nə bilirik, bəlkə
onun içindən qara qanlar axır?! Hər bir yerin
özü ilə bağlı xatirələri var. Tələbə
vaxtı üç il – 1959-62-ci illərdə
İrəvanda yaşamışam. Ora ilə
bağlı ayrıca nostalgiyam var. Yazının özü də
yada düşən şeylərdir, nostalgiyadır. Başın qarışır, əlin yazır, amma
özün fikrən, xəyalən keçmişə gedirsən.
Biz gələcəyi bilmirik axı, bildiyimiz
ancaq keçmişdi. Bu gün yoxdu, ancaq keçmiş
var. Bax, bu an keçdi, keçmiş oldu.
Gözümü qırpdım və indiki an
da keçmişdə qaldı, elə deyilmi? Bir
andan, bir dəqiqədən sonra nələr
olacağını bilmirsən. Mən görmüşəm
– siz görməyəsiniz – görürsən ki, biri ilə
göz-gözə
baxıb danışdığın yerdə
canını tapşırır, keçinib gedir. Hansı tərəfə fırlatsan, nostalgiya ona
görə dəyərlidir ki, daha çox insanın gənclik
dövrü ilə bağlı olur. Yaşanan
bütün anlar sonra nostaljiyə çevrilir. Mənim fikrimcə, nostalji – itirdiyimiz şeylərdi.
Sonralar bunları ancaq düşünə və sadəcə,
beynində, ruhunda yaşaya bilərsən...
“Bacılarım,
hardasınız, harda...”
Uşaq vaxtı qırmızıyanaq, ərköyün
uşaq olmuşam. Müharibə vaxtı bir erməni məni
yolun qırağında görüb demişdi ki, bu heç
müharibə dövrünün uşağına oxşamır.
Yadıma gəlir, bacılarım, anam bir
şey tapanda bölürdülər, öz paylarını da
mənə verirdilər. İndi özümə
acığım tutur ki, mən niyə onda başa
düşmürdüm, niyə onların payını da
yeyirdim...(kövrəlir)
Üstünüzdən,
başınızdan ovuc-ovuc
Yığıb
atdığınız pıtraqlar, qılçıqlar
Topuğunuzu
qançır edən,
Dizinizə
batan sarı qanqalların
Zəhərli
tikanları
Neçə
illərdi qəlbimi deşir,
Ruhumu
incidir,
Bacılarım,
hardasınız, harda,
Gəlin,
artılayın o pıtraqları,
O
qılçıqları...
Mənim
doğulduğum yer yoxdu indi, bizim deyil... Ora ancaq
xəyalən gedə bilirəm. Neçə
dəfə ağlıma gəlib ki, durum Tiflisdən sərhədi
vurub keçim doğma torpaqlarımıza. Axı mənim
doğmalarım o torpaqlarda yatır... (kövrəlir)
Təkcə məzardan söhbət getmir.
Demirəm ki, elə bircə gedib atamın qəbrini
qucaqlayım. Orada dərələr, dağlar, daşlar
var, ağaclar vardı... Bilmirəm, indi o ağaclar qalıb,
ya yox... Yadıma düşəndə, vallah, bütün bədənim
əsir...
Bizlər
gələndən bəri
Qarlı dağlar darıxırmı?
Axar sular
dalımızca
Dayanıbmı, axırmı?
Dönükmü
çıxdı arılar,
Gavurlara bal daşıdı?
Dərdlərimiz
qosqocaman
Dağlarımızın
yaşıdı..
Hər
görəndə salam verib
Salavat
çəkdiyim dağlar,
Küskün
məzarlar başında
Kimsəsiz
ruhlar ağlar...
“Sonralar o
ağacın həsrətini nə qədər çəkdim...”
Bakıya 1962-ci ildən gəlmişəm. Bakının
da özünəməxsus nostalgiyası var ürəyimdə.
“Fəvvarələr bağı” sonralar yenidən
düzəldilib, çox gözəldi, müasirdi,
sözüm yox. Ancaq 60-70-ci illərdə
ora “Parapet” deyərdilər. Yabanı
meşə kimi təbii idi. Orda
başdan-başa yamyaşıl tənəyə
bürünmüş azman qovaq ağacı vardı.
Yelli havalarda tənəyin az qala yerə dəyən
ətəyi yellənirdi. Həmin qovağa gendən
baxanda zərif qamətli, çadralı gəlinə bənzəyirdi.
Sonralar o ağacın həsrətini nə qədər
çəkdim... “Görəsən?..”
adlı hekayəmdə (çap olunmayıb) o qovağın
obrazını bacardığım qədər cızandan
sonra nisbətən sakitləşdim... Hər dəfə
Kukla Teatrının yanından ötəndə gözəl
yazıçı, həm də o teatrın çox
istedadlı artisti Şahmar Hüseynovu xatırlayıram.
Dəniz qırağına – Milli Parka yolum
düşəndə Qız Qalasına yaxın bir yerdə
palıd ağacının yanından ötəndə
mütləq Natiq Səfərov yadıma düşür.
Bir dəfə həmin yoğun gövdəli palıdın
yanından ötəndə: “- Natiq, bir ovxarlı balta verib desələr,
o palıdı tezdənnən günortayacan kəsib yerə
uzatsan, Qarabağ ışğaldan azad olacaq, bacararsanmı?”
– soruşanda Natiq ayaq saxlayıb
palıdı diqqətlə gözdən keçirdi, siqaretindən
bir qüllab vurub: “- Azər, onda Qarabağ heç vaxt azad
olmayacaq” – dedi təəssüflə. Kukla Teatrının, o
palıdın yanından yolum düşəndə Natiq,
Şahmar və heç vaxt qayıtmayacaq o çağlar
üçün burnumun ucu göynəyir...
lll
Bir
quşuydum,
Qanad açıb uçurdum.
Tutdular anam, tutdular məni.
Bir qəfəsə
atdılar,
Ayırdılar
yerdən anam,
Göydən anam.
Günlər
ötdü,
göylər üçün ağladım,
aylar
ötdü
uçmaq üçün ağladım.
Boşladılar
bir gün məni,
Uçammadım
anam,
uçammadım...
“Qobustan”la bağlı yaşadıqlarım da mənə
çox əzizdir. Orada ən balaca vəzifədə işləməyimə
baxmayaraq o dövr mənim üçün o qədər əvəzedilməz
idi ki... “Qobustan”ın bir dövrü vardı
ki, bütün respublika tanıyırdı onu. Onda
başqa iş yerlərinə də gedə bilərdim. Ancaq
“Qobustan”dakı mühit, kollektiv o qədər doğma idi, oranı qoyub gedə
bilmirdim. Ailəli idim, maaş da az idi, ancaq “Qobustan”a o qədər həvəslə
gedirdim ki... 20 il orada çalışdım. Başqa
yerdə çap olunmayanlar üz tutub “Qobustan”a gəlirdilər.
O toplunu elə sanballı eləyən Anarın nüfuzu idi. Oraya ağsaçlı professorlar gəlirdilər,
Anar müəllimə nə qədər ehtiramla
yanaşırdılar. Elə bil, Anar
müəllim ağsaqqal idi, halbuki Anar müəllim onda gənc
idi. Bəlkə bir az şişirdirəm,
amma internetin sənətlə bağlı məlumatlandırma
işini o dövr üçün “Qobustan” yerinə yetirirdi. Yəni, bu jurnalda mədəniyyət, incəsənət
və ədəbiyyata aid nə qədər desən, zəngin
və dolğun material tapmaq olurdu. Orada mərhum
Tofiq Abdinlə illər boyu birgə
çalışmışıq. Onunla
bağlı o qədər xatirələrim var ki...Tofiqin 60
yaşı olanda bir portret oçerk yazdım. Deyirdim ki, yəqin o yazıya görə mənimlə
düşmən olacaq. Tofiqdən başqa heç bir
tanınmış adam o yazını o
cür qəbul eləməzdi və şübhəsiz, mənimlə
düşmən olardı. Amma o, geniş ürəklə
qarşıladı. Düzdür, əvvəlcə xəfifcə
incidi, ancaq sonra dedi, yaxşı eləmisən yazmısan,
düz yazmısan. Bir ara – 10 il Tofiqlə
küsülü olmuşuq, o məni
danışdırırdı, mən barışmırdım
onunla. Tofiq təmizqəlbli uşağa bənzəyirdi.
Ədəbiyyatımızda da,
jurnalistikamızda da ayrı bir insan idi Tofiq Abdin. Bənzərsiz, heç kimə oxşamayan xarakteri
vardı.
Əslində
heç nə qalmır insandan
Sonsuz zaman baxımından yanaşsaq, belədir. İndi Şumer
sivilizasiyasından danışırlar. Axı
Şumerdən qabaq da sivilizasiyalar mövcud olub, ondan nə xəbərimiz
var? Nə vaxtsa Füzuli də yox olacaq,
Şekspir də. Dərindən
düşünəndə görürsən ki, zaman
keçir və heç nə qalmır. Bəzən
deyirlər ki, ədəbiyyatda, sənətdə qalıb
yaşamaq olur. Ancaq bu da nisbidir. Sadəcə
olaraq, fiziki ömürlə müqayisəli götürsək,
ədəbiyyatda, sənətdə bir az
artıq yaşamaq mümkündür. Hər
yerdə insanların guya dünyada iz qoyub getmək
üçün necə çalışdıqlarını
görürəm. Amma vallah, dərindən
fikirləşəndə, bunlar hamısı müvəqqətidi.
Bununla belə, insan yaşadıqca bu müvəqqətiliyi
düşünməməlidir, ömrünü fəal,
faydalı yaşamalıdır. Doğulmusan, deməli,
fursət verilib sənə, həyat, dünya nə qədər
fani olsa da, o fürsəti dolğun, layiqli yaşamalısan...
Günlərin
bir günü
Bir divarın dibində
Özünü günə verən,
Başıqarlı,
Belibükük
qocaya
desələr ki,
Azərdir,
İnanma.
Sən gündoğana getdin –
əlində
qızılgüllər,
elə ordaca,
ayrıldığımız
yerdə qaldım mən...
Sevinc Mürvətqızı
525-ci qəzet.-
2014.- 9 may.- S.20.