Pərvinin "Balerin" kitabı türk dilində nəşr olunub

 

BUGÜNLƏRDƏ ƏSKİŞƏHƏRDƏ KİTABIN İMZA GÜNÜ KEÇİRİLİB                               

 

Bu yaxınlarda yazıçı Pərvinin Türkiyədə "Balerina" kitabı işıq üzü görüb. Kitabı türk dilinə tərcüməçi, şair İmdat Avşar çevirib.

Hekayələr toplusuna Xalq yazıçısı Anar "Pərvinin dünyası" adlı önsöz yazıb: "Hər bir yazıçının - əlbəttə əgər o sadəcə yazı yazan deyilsə, doğrudan da əsl yazıçıdırsa - öz dünyası olur. O, bu dünyaya insanlar gətirir - əsərlərinin personajlarını. Bu personajlarla birgə sevinir, qüssələnir, aşiq olur, darıxır, inanır aldanır... Gənc nasir Pərvinin öz dünyası var. Bu dünyanı bir sözlə səciyyələndirmək olsaydı, mən "işıqlı" sözünü seçərdim, Pərvinin dünyası işıqlı dünyadır, nurlu duyğularla dopdolu dünyadır".

Xalq yazıçısı Pərvinin uğur qazanmasında əsas səbəbləri belə izah edib: "...orijinal istedad, iti ağıl fantastik, yorulmaz zəhmətkeşlik. Bunlara dördüncü bir keyfiyyəti - fenomenal yaddaşı da əlavə etmək olar. Pərvin "525-ci qəzet"də çoxəsrlik poeziyamızın "Yüz gözəl  sevgi şeirini" təqdim edir. Seçdiyi şeirlərə verdiyi şərhlər o qədər dərin mənalıdır ki, sanki həmin örnəklərlə tən gələn  onların   nəsr variantını yaradır, psixoloji nəsr vasitəsiylə onların daha  dərin qatlarına varır, bu şeirlərdən öz dünyagörüşünə, öz duyğularına uyğun  nəticələr çıxarır oxucuları da bu əbədi nümunələri  yeni  gözlə oxumağa çağırır, onları məhəbbətin bu əsərlərdə əksini tapmış ən müxtəlif çalarları barəsində düşünməyə vadar edir...".

Kitabda yazıçının "Qar yağacaq", "Samir üçün", "Şərq şirniyyatı", "Eeeh...Dayan!", "Gucci Fatoş", "Mən...Yuxu...Cənnət", "Sevimli...zərif...mənim", "Professional", "Fiona", "Turbo Tima", "Çarəsiz yalan" "Balerina" əsərləri yer alıb.

Nəşrdə yazıçının yaradıcılığının məziyyəti haqqında görkəmli söz adamlarının fikirləri öz əksini tapıb.

"Pərvinin ilk maraqlı ədəbi əsəri, "Qar yağacaq" adlı hekayəsi oldu. Bu hekayədəki zəngin təəssüratlar, onun insan psixologiyasının dərininə enmə bacarığı yaxşı sonluqla bitən maraqlı olaylar seriyası oxuculara yeni bir yazarın gəlişini xəbər verəcək qədər güclüydü". Bu fikirlər Yazıçılar Birliyinin katibi Rəşad Məcidin "Pərvin haqqında" yazısındandır.

Şair, tərcüməçi İmdat Avşar isə Pərvini, Natəvandan bəri davam edən, azərbaycanlı qadın ədəbiyyatçılar zəncirinin günümüzdəki ən güclü halqası kimi səciyyələndirib.

Xalq şairi Sabir Rüstəmxanlı Pərvinin povest hekayələrində Bakı həyatının,  Abşeron ruhunun hakim olduğunu vurğulayıb: "Lakin onun yazılarındakı Bakı meyxanaçıların Bakısı deyil. Onun əsərlərindəki Bakı ənənələrə, ocağa, ailəyə bağlı olan yüksək əxlaqı, tərbiyəsi, sədaqəti, gözütoxluğu ilə fərqliləşən demokratik çəkişmələrin, başsız axınların, qərb təzyiqlərinin poza bilmədiyi Bakıdır".

Professor Qəzənfər Paşayev Pərvinin geniş dünyagörüşünə, ədəbiyyat biliklərinə   yeni sözlər söyləmə bacarığına malik olmasından məmnunluğunu ifadə edib.

Tənqidçi Vaqif Yusifli Pərvinin əsərlərində insanların  həyatda nələrisə itirmələrinə rəğmən içlərini hər zaman işıqla dolu olmasından söz açıb.

"Fərqli hekayələrindən anlaşılır ki, Pərvinin qəhrəmanlarındakı həyat eşqi yaşama sevinci çox güclüdür. Onlar mənalı yaşamağa, təmiz duyğularına sadiq qalmağa daha çox önəm verirlər". Bu düşüncələri isə Pərvinin yaradıcılığı haqqında dosent Nəcəf Nəcəfov qələmə alıb.

Yazıçı İlqar Fəhmi həmkarının yaradıcılığı haqqında belə düşünür: "Pərvinin hekayələrinin üstün cəhəti adi hadisələrin dəyişkən ruh hallarının doğru olaylar üzərinə zərgər dəqiqliyi ilə oturdulmasıdır. Bu hekayələrdə oxucunu yora biləcək gərəksiz heç bir şey gözə çarpmır".

Dillər Universitetinin doktorantı Xəyalə Əfəndiyeva Pərvinin təhkiyə dilinin hər bir əsərin ruhuna, yaratdığı qəhrəmanın xarakterinə uyğun olduğunu psixoloji xarakteri daşıdığını önə çəkib.

Tənqidçi Elnarə Akimova "Balerina" əsərini sözlə səsin, işıqla rəngin qovuşmasından yaranan onların əl-ələ verib uçuşuna yardım edən duyğusal bir həyat hekayəsi kimi səciyyələndirib: "Pərvin söz vasitəsilə kül olan arzuların insana yaşatdığı acıların rəsmini çəkir".

Xatırladaq ki, bugünlərdə, mayın 5-dən 10-dək Əskişəhərdə keçirilən I Türk dünyası Kitab Sərgisi Günlərində "Balerin"in imza günü olub kitab oxucular tərəfindən maraqla qarşılanıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.-2014.- 15 may. - S.7.