Azərbaycan həqiqətləri

 

Dərbənd şəhərinin və Dərbənd səddinin tarixindən bəhs edən mənbələrin birində göstərilir ki, bu şəhərdə təzə tikilmiş kiçik bir otaq nəzərə çarpır. 1722-ci ildə rus imperatoru I Pyotr zahirən Səfəvilər səltənətinin himayədarı kimi, əslində isə işğalçılıq məqsədilə Qafqaza gələrək orada qalıb.

Qacarlar nəslindən olan tarixçi-coğrafiyaşünas alim maraqalı Məhəmmədhəsən xan Etimadüssəltənə daha sonra Dərbəndin ruslar tərəfindən işğalından bəhs edərək yazır ki, Bakıda qalanın yaxınlığında öldürülən rus sərdarının (Sisianovun -T.H.) ayağına ip bağlayaraq şəhərdə sürüdülər. Deyirlər ki, bu vaxt (1806-cı il) Bakıda olan Dərbənd valisi Əli xan bu işin hərəkətvericisi idi. O, oradan yubanmadan Dərbəndə qayıtmışdı ki, şəhəri rus hücumundan qorusun. Sonra rus qoşunları Dərbəndə tərəf hərəkət etdilər. Əli xan hünərlə onların qarşısını kəsdi. Axırda şəhərdəki ermənilər darvazaları açıb, şəhəri rus komandanına təslim etdilər. Dərbənd işğal olundu. Ermənilər isə hələ XVIII əsrin əvvəllərindən I Pyotrun planı ilə yerləşdirildikləri Bakı, Dərbənd və sair Xəzərsahili yerlərdə möhkəmlənməyə başladılar. Dərbənd xəyanət nəticəsində işğal olundu.

İllər keçdikcə tarixin atası Herodotun köçəri adlandırdığı erməni tayfaları dünyanın hər yerində özlərinə vətən yaratmaq iddiası ilə yaşamağa başladılar. Onların bu xülyalarından daha çox əziyyət çəkən türk xalqları, müsəlmanlar, xüsusən azərbaycanlılar oldu.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərlinin 2011-ci ildə ABŞ-da ingilis dilində, 2012-ci ildə "Elm və Təhsil" nəşriyyatında çapdan çıxmış "Azərbaycan həqiqətləri 1917-1920" əsəri Azərbaycan Xalq Cümhuriyyətinin və ermənilərin həmin dövrdə şimalı-cənublu Azərbaycanda törətdikləri soyqırımların tarixinə və bu kimi qlobal məsələlərin həllinə həsr olunub. Tarixi faktlarla zəngin olan bu kitabda erməni hərbi birləşmələri tərəfindən Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, İrəvan, Urmiya, Maku və Xoyda türk-müsəlman əhalisinə qarşı törədilən vəhşiliklər ətraflı, sənədlər əsasında şərh olunur və bu məlumatları həyəcansız oxumaq mümkün deyil. "Azərbaycan həqiqətləri 1917-1920" kitabının ingilis dilində nəşr olunmuş variantına ön sözdə ABŞ-Luisvil Universitetinin tarix üzrə professoru Castin Makkarti də əsərin faktlar əsasında yazıldığını göstərir və nümayişkaranə bildirir: "Bu mənbələr tarixdə ermənilərin soyqırıma məruz qaldığının əksini sübut edir".

XX əsrin əvvəllərində Bakının neft mədənlərində işləmək üçün Güney Azərbaycanından gələn çoxlu sayda soydaşlarımız bu qırğınlar zamanı həlak olmuşlar. Bu zavallılar bir parça çörək pulunu qazanıb öz ailələrinə göndərirdilər. Belə ağır həyatı yaşayanlar ölməz ədibimiz Abdulla Şaiqin "Məktub yetişmədi" hekayəsində də xatırlanırlar.

"Azərbaycan həqiqətləri 1917-1920" kitabında dünyanın möhtəşəm memarlıq abidələri sırasında özünə xüsusi yer tutmuş "İsmailiyyə" binasının (İndiki Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) yandırılması ilə əlaqədar faktlar açıqlanmış, bu cinayətin bilavasitə "Daşnaksütyun" partiyasının üzvü Tatevos Əmirov tərəfindən törədildiyi göstərilmişdir.

Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin də Bakı, Şamaxı və Qubada ermənilərin törətdikləri soyqırımı tarixindən bəhs edən əsərləri zəngin arxiv sənədləri əsasında yazılıb.

Hal-hazırda Bakının mərkəzində 1918-ci il martın 18-də yandırılmış "İsmailiyyə" binası ilə yanaşı vaxtılə H.Z.Tağıyevin Qızlar məktəbi olmuş Azərbaycanın mənəvi sərvət xəzinəsi, xüsusi qayğı ilə qorunan Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu yerləşir. Bu qiymətli xəzinənin ilkin tarixi 1924-cü il Ümumazərbaycan Diyarşünaslıq  Muzeylərinin I Qurultayından başlayır.

 

Tarixə dair türkdilli mənbələrdə Azərbaycan xalqının mübarizə tarixi, torpaqların işğalı, düşmənlərin hiyləsi, qətlə yetirilmiş görkəmli sərkərdələrin həyatı təsvir olunur. Məhəmməd Zəkinin "Məqtul şahzadələr" əsərində şəhid olmuş Türkiyə sultanları və Azərbaycan torpaqlarının bütövlüyü yolunda illərlə mübarizə aparmış görkəmli sərkərdələr Şeyx Səfiəddin Ərdəbilli, Şeyx Heydər, Uzun Həsən, Şah İsmayıl Xətai də xatırlanır.

Qafqazda Qacar dövlətinin konsulluğunun mütərcimi işləmiş Mirzə İsmayıl xan İbrahimzadə Təbrizinin 1907-ci ildə Bakıda nəşr olunmuş "Yadigar" əsəri isə Azərbaycanın 1905-1907-ci illər siyasi həyatına aid məlumat verir və "İrandan Qafqaz ermənilərinə" adlı məqaləsi əsrin əvvəllərində baş vermiş qırğınlardan, ermənilərin Bakıda və digər yerlərdə törətdikləri soyqırımlardan bəhs edir. Bu gün də davam edən erməni təcavüzünü düşünərək məqaləni olduğu kimi, latın əlifbasına çevirərək dərc edirik.

________________

İrandan Qafqaz ermənilərinə

 

Teleqraflar və bəəd qəzetələr Qarabağ erməni və müsəlmanların arasında yenidən zühür etmiş müharibənin təfsilini İrana yetişdirdilər. Böylə bir qəmfəza və vəhsətəngiz əhvali oxuduqda qocanın və cavanın ürəyindən bir ahi-cigərsuz təzədən bülənd oldu. Bakıda erməni-müsəlman arasında fevral ayında vaqe olan bəladan indiyə qədər iyirmi ay keçir və bu tulani müddətdə bu mərəzi-səbüləlac hər vaxt Zaqafqaziyanın bir şəhərinə sirayət edib, o biri şəhərinə keçibdir və bəzi şəhərlərdə təkrarən vüqu bulur. Sülh və səlah komisyonları bu qırğın mərəzini tədavi etməkdən aciz qalmaqlarından böylə görünür ki, bu məzər artıq şiddətli bəladır. Binaənileyh, ehtimal var ki, sərhəddə karantindən də keçib cənubi şəhərlərin erməni və müsəlmanları arasında dəxi sirayət edə bilər. Demək olur ki, hətta bizim vətəni-əzizimizə dəxi keçmək əlamətləri görünməkdədir.

Bu iki bədbəxt millət istə iyirmi aydır ki, bicəhət, bisəbəb bir-birlərini vəhşikaranə bir tərz ilə öldürüb-qırmaqdadır. Bütün Zaqafqaziya ölənlərin qanı, anaların və bacıların əşki içində qərq olubdur. Bu iki millətin böyükləri və rəisləri öz millətlərinə nəsihət eləmək və ədavət tozunu silmək və bu qırğına bir xitam çəkmək əvəzinə bəziləri (erməni rəisləri kimi) milləti daha da iqva (azdırmaq - T.H.) və iğfal (aldatmaq - T.H.) ediyorlar və bəziləri heç bir əlac aramyıb, tən qəzaya verirlər. Və buna görə düşmənçilik odu alovlanıb hər yerə yayılır.

Və bu odda yanan Qafqaz müsəlmanları içində qürbətdə həsrətlə çörək qazanan əlsiz-ayaqsız İran camaatı dəxi yanmaqdadır və əhli-əyalı üçün cəm etdiyi əşya tələf olmaqdadır. Yerdə qalan iranlılar isə bihəmeçiz vətənə övdət edib, qardaşlarının nahaq yerə qurbani-hiylə və təzvir olduqlarını qanlı yaş ilə xəbər verirlər və hamının qəlbini dağdar edirlər.

İranlılar məmurini-dövlət və rişsefidlər vasitəsilə iranlıları öldürmək səbəbini ermənilərdən neçə dəfələrlə xəbər aldılar. Ermənilər dedilər ki, iranlılar ilə heç bir işimiz yoxdur. Bizim xüsusiyyətimiz fəqət Qafqaz müsəlmanları ilədir və burada itranlılar səhvən öldürülübdülər. Bunu deyib ermənilər üzr istədilər və izharı-dilsuzi etdilər.

İranlılar cavab verdilər ki, bizlərdən ötəri Qafqaz müsəlmanları ilə iranlılar arasında heç bir fərq yoxdur, biz hamımız bir milləti-vahidik. Məəhaza, səbr edib sükut ixtiyar etdilər. lakin Bakı müharibəsindən sonra sair şəhərlərdə başlanan davalardan açıqca məlum oldu ki, ermənilərdən ötəri iranlı və qafqazlı birdir; təki öldürdükləri müsəlman olsun. Və hesabından məlum oldu ki, Qafqazda öldürülən iranlıların ədədi yerli müsəlmanlarınkindən artıqdır.

 

Məsələn, Tiflisdə və Bakıda öldürülənlərin hamısı yalnız bir İran müsəlmanlarından ibarət idi. Çünki bunlar yaraqsız və ehtiyatsız olduqlarına görə xain düşmənin əlinə tez-tez düşürdülər...

Şimdi qoy Qafqaz erməniləri bilsinlər ki, daha bundan sonra biz iranlılar onların hiyləli və namərd sözlərinə bavər etmiyəcəyiz və qardaşlarımızın da gözləri qanlı yaş ilə vətənimizə övdət etməyinə səbr etmiyəcəyiz… Biz razı ola bilmərik ki, erməni əlində bizim qövm və qardaşlarımız əbəs yerə qürbətdə can qoysunlar!

Əlan erməni hiyləsi və doruyəliyi bizə öylə əyan və aşkardır ki, biz bundan sonra onların təməllüğünü və namərdlərə mənsub gülüşlərini qəbul etmiyəcəyiz. Bizlər müsəlmanız, bizlərdə rəhm çoxdur. Lakin bizim bədənimizdə islam qanı hərəkət etməkdədir və bizlər də öz təklifi-milliyyəmizi xain və namərdlər ilə bundan sonra əda etməyə naçar və məcbur olacağız.

Bu sözlər hədə və qorxu deyildir!

Bu xəbərdarlıqdır ki, biz bir nəcib və mərd bir islam ünsürü olduğumuza görə qabaqca aşkar etməyi özümüzə qərz bilirik. Qoy "Mşak" və "Altik" adlanan erməni qəzetləri bu sözləri "İrşad"dan tərcümə edib, bütün Qafqaz ermənilərinə bildirsinlər. Vəssalam!  

 

Tahirə HƏSƏNZADƏ

tarix elmləri doktoru

525-ci qəzet.-2014.- 15 may. - S.4.