70 yaşın nikbin və işıqlı hesabatı

 

Tanınmış publisist, əməkdar jurnalist Qədir Aslanın bugünlərdə 70 yaşı tamam olur. Qədir Aslan Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlib. BDU-nun jurnalistika fakültəsini bitirib. Sonra 20 il "Vardenis" rayon qəzetində məsul vəzifələrdə çalışıb. 1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq Bakı şəhərinə köçməli olub "İşıq" nəşriyyatında redaktor işləməyə başlayıb. Hazırda "Respublika" qəzetinin diaspor şöbəsinin müdiri vəzifəsində çalışır, milli diasporumuzla bağlı sanballı yazıların müəllifidir. O, ayrı-ayrı illərdə Ukrayna, Belorus, Moldova, Özbəkistan Azərbaycanlıları Konqresinin diplomlarına layiq görülüb.

"Qızıl qələm" mükafatı laureatı Qədir Aslan Azərbaycanın Milli Qəhrəmanları haqqında ilk kitab yazan publisistdir. Yubilyar  "Goranboy qartalları", "Göyçə şahidləri", "Borçalının qəhrəman oğlu", "XX əsrin Koroğlusu", "Səbailin şahin oğulları", "Oğuz yurdunun milli qəhrəmanları" kitablarının müəllifidir. Hazırda jurnalistin "Dünya azərbaycanlıları", "Sınıq körpüdən cəbhə bölgələrinə" kitabları nəşrə hazırlanır.

Yubilyarla söhbətimiz zamanı keçdiyi ömür yoluna nəzər saldıq, yaşantılarına arzularına şahid olduq.

Publisist doğulub-böyüdüyü, indi isə həsrət ünvanımıza çevrilmiş qədim yurd yerlərimizi belə xatırlayır: "Göyçə mahalı Aşıq Alının, Aşıq Ələsgərin diyarıdır. Gözümü açandan telli saz görmüşəm, dağların əhatəsində böyümüşəm. Uşaqlıq illərim Göyçə gölünün sahillərində keçib, o gölün ətrafında ayaq izlərim qalıb. Qarmonum olub, saz havalarının əksəriyyətini qarmonda ifa edirdim. Bir tərəfimiz Kəlbəcər idi, bir tərəfimiz Gədəbəy. Yay aylarında oralar xüsusilə cənnət olurdu: loğman təbiəti, buz bulaqların suyu, tərtəmiz havası heç unudularmı Göyçənin? İndi adı çəkiləndə belə, gözlərim dolur, doğmalarımızın məzarı orda qalıb. Hər gecə yuxumda o qəribsəmiş yerlərimizi görürəm. Göyçə ilə bağlı hərdən televiziyada gedən verilişlərə baxanda yüz dəfə ölüb-dirilirəm. qədər gözəl günlər yaşasam da, ürəyim doğulduğum torpaqdadır... İmkan ola, deyələr ki, Göyçəyə qayıdırsınız, torpağı öpə-öpə ayaqyalın gedərəm ora...Yazılarımın birində yazmışdım ki, harda qaldı Ələsgərim, İmanım,/ Düşünəndə yanır dinim, imanım. Aşıq Alının kəndinə -Qızılvəngə həmişə gedərdim. Orada yaşadığım müddətdə həmişə ermənilərin xəyanətini duymuşam, hiss edirdim ki, onlar əlaltından isə planlar hazırlayırlar. 1988-ci ildə məlum hadisələr başlayanda yanılmadığımı gördüm. Ata-baba yurdumuzu məcburi tərk eləməli olduq. Bir müddət indiki Göygöl (keçmiş Xanlar) rayonunda məskunlaşıb yaşadıq. Sonra Bakıya gəldim burada peşə fəaliyyətimi davam etdirdim. Qəlbimiz yurd yerlərimizlə bağlı nisgil içindədir, amma ümid var, su gələn arxa bir gələr. İnanıram ki, biz dədə-baba yurdlarımıza qayıdacağıq. Haqq-ədalət gec-tez qələbə çalacaq. Köç karvanları əvvəl-axır o yurd yerlərinə dönəcəklər. Biz bunu görməsək , övladlarımız mütləq buna şahid olacaq".

Qədir Aslan jurnalistlik fəaliyyətinin maraqlı məqamlarını da oxucularımızla bölüşüb: "1992-ci ildə 7 nəfərə ilk dəfə olaraq Milli Qəhrəman adı verdilər.  Həmin vaxt məni yerimdən cəbhə bölgəsinə-Goranboya göndərdilər. Hətta tankın içində müsahibə götürürdüm. Sonra Milli Qəhrəmanlarımız haqqında ilk kitabı qələm aldım. 14 ilə yaxındır ki, "Respublika" qəzetində çalışıram. Milli diasporumuzun təşəkkül tapması ilə bağlı dünyanın müxtəlif diaspor təşkilatları ilə sıx əlaqələrimiz var, işlədiyim müddətdə bu mövzuda bəlkə minə yaxın yazı qələmə almışam. Hesab edirəm ki, diasporumuz xeyli güclənib, həqiqətlərimizi dünyaya yayan müdafiəsində dayanan mütəşəkkil qüvvəyə çevrilib. Həmişə çalışıram ki, yazılarımda xüsusən Qarabağ mövzusunu, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı temaları diqqətdə saxlayım. Bunu özümün mənəvi borcum hesab edirəm. Peşə təcrübəm boyu hər cür situasiyalarla qarşılaşmışam. Elə olub ki, yazını sabaha çatdırmaq üçün gecəni yatmamışam, yaxud cəbhənin ən qaynar bölgəsində ölümün bir addımlığında reportajlar hazırlamışam. Öz peşəmə ürəkdən bağlıyam,  məni yaşadan da budur".

Müsahibim yaşadığı qazanclı-itkili ömründən razıdır, heç nəyə baxmayaraq insanı həmişə arzuların yaşatdığına əmindir: "Köhnə kişilər deyir ki, fani dünyada qazanılan ən qiymətli var-dövlət yaxşı dostlardır. Bu baxımdan bəxtim gətirib. 70 illik ömrümdə çoxlu dostlar qazanmışam. Dünyanın neçə-neçə ölkəsində diasporumuzu layiqincə təmsil edən dostlarım var. Xalqımdan, hökumətimizdən, dövlətimizdən çox razıyam. Prezidentimiz cənab İlham Əliyevə çox minnətdaram, zəhmətimi qiymətləndirib, məni Əməkdar jurnalist adına layiq görüb, indiyədək müxtəlif mükafatlarla almışam. 70 illik ömrümdə qazanclarla yanaşı itkilər olub təbii ki. 42 yaşında həyat yoldaşım dünyasını dəyişib, 70 illik ömrümdə bu hadisəni ürəyimi indiyədək didib-parçalayan ən ağır itkim hesab edirəm. Qardaşımı itirmişəm. Bu qədər ağır itkilərdən məni sınmağa, yıxılmağa qoymayan uşaqlarım, nəvələrimdi. 3 oğul, bir qız atasıyam. Övladlarımdan da çox bəlkə nəvələrimə bağlıyam. Sabah-axşam ətrafımda onları görməsəm, pərvanə kimi ətrafımda fırlanmasalar özümə yer tapa bilmirəm. Sevinirəm ki, övladlarımdan yolumu davam etdirən var. Oğlum Möhsün hələ uşaqlıqdan həmişə yazılarıma baxırdı, necə yazmağımla maraqlanırdı. Sonra sənət seçimi vaxtı tərəddüd eləmədən jurnalistliyi seçdi. Qızım Esmira Aslanova da uzun illərLiderteleviziya kanalının Ukrayna Şərqi Avropa üzrə müxbiri olub.  Hazırda da Türkiyədəki diasporumuzun ən fəallarından biridir. İnsanı arzular yaşadır. Arzum budur ki, ölkəmizdə əmin-amanlıq olsun, sabitlik olsun. Xalqımızın həyat tərzi daha da yaxşı olsun. Bundan sonra da yeni insanlarla görüşməyi arzulayıram, oxucularıma  yeni kitablarımı təqdim etmək istəyirəm. Yeganə istəyim budur ki, ömrüm olduqca bu qələm əlimdən yerə düşməsin".

 

S.MÜRVƏTQIZI

 525-ci qəzet.-2014.- 16 may. - S.8.