DSMF-nin uğurlu
elektron xidmətləri
Son illərdə
qloballaşan dünyada
elektron dövlət anlayışı
əhatə dairəsini getdikcə genişləndirməkdədir. Elektron dövlət – dövlət
tərəfindən vətəndaşlara
göstərilən xidmətlərin
elektron formada təqdim edilməsidir. Bu vasitəylə dövlətin
xidmətlərinin, vətəndaşlara
ən asan və rahat yolla,
keyfiyyətli, sürətli
və etibarlı şəkildə təqdim
olunması əsas məqsəd kimi qəbul olunur. Elektron dövlət anlayışını daha
geniş mənada bu cür idadə
edə bilərik: Elektron dövlət anlayışı uzaqlıq
məfhumunun ortadan qalxmasıyla, dövlətin
vətəndaşa bir
internet bağlantısı qədər yaxın olması, bunun nəticəsində vətəndaşın
dövlət orqanları
qarşısında saatlarla
gözləməsini, məmur-vətəndaş arasındakı
olan bilavasitə münasibətləri heçə
endirərək yarana biləcək xoşagəlməz
halların qarşısını
alan bir anlayışdır.
Dövlətin tərəqqisi yolunda
əsas istiqamətin məhz elektron dövlətin qurulması
olduğunu dərk edən ölkəmiz İnformasiya-kommunikasiya texnologiyalarının
(İKT) uğurlu tətbiqinin
nəticəsində sosial
müdafiənin və
digər sosial sahələrin sürətli
inkişafına nail olub.
Ölkəmizin sosial müdafiə
sisteminin sığorta-pensiya
qolunu həyata keçirən Dövlət
Sosial Müdafiə Fondu (DSMF) vətəndaşlara
təqdim olunan elektron xidmətlərin uğurlu icrasını tətbiq etməkdədir.
Azərbaycan Respublikası
Prezidentinin “Dövlət
orqanlarının elektron
xidmətlər göstərməsinin
təşkili sahəsində
bəzi tədbirlər
haqqında” 23 may 2011-ci il tarixli Fərmanına əsasən,
Fond fəaliyyət istiqamətinə
uyğun olaraq, bir sıra elektron
xidmətlər göstərir.
Elektron xidmətin həyata keçirilməsinin inzibati
prosedurunu müəyyənləşdirən
texniki normativ hüquqi akt – inzibati reqlament hər bir elektron
xidmət üçün
DSMF tərəfindən hazırlanıb
və təsdiq edlib. Elektron xidmətlərin təşkili inzibati reqlamentlərə uyğun
həyata keçirilir.
İnzibati reqlamentlər Dövlət
Sosial Müdafiə Fondunun və onun yerli şöbələrinin
fəaliyyətini tam əhatə
edir.
DSMF tərəfindən göstərilən
elektron xidmətlərin
reyestri hazırlandıqdan
sonra Fondun rəsmi internet səhifəsində
və “bir pəncərə” prinsipi əsasında yaradılmış
“Elektron hökumət”
portalında istifadəçilərə
təqdim olunub. Beləliklə, Fond onun elektron
xidmətlərinin istifadəçiləri
olan digər dövlət orqanlarıyla,
fiziki və hüququ şəxslərlə,
o cümlədən vətəndaşlarla
etibarlı, təhlükəsiz
və ümumi şəkildə təmas
quraraq tam informasiya mübadiləsi aparmaq imkanı yaradıb.
Fond informativ və
interaktiv növ elektron xidmətlər göstərməklə, istifadəçilərin
həm sərbəst olaraq öz fəaliyyət sahəsinə
aid məsələlər üzrə
elektron formada məlumatlanma imkanını
təmin edir, həm də informasiya sistemlərinə
sorğuyla müraciət
edərək, müvafiq
informasiyanın və
ya hər hansı tələb olunan nəticənin əldə edilməsi üçün qarşılıqlı
məlumat mübadiləsi
təminatını reallaşdırır.
Ötən müddət ərzində
Dövlət Sosial Müdafiə Fondu öz rəsmi internet səhifəsində (www.dsmf.gov.az) və “Elektron hökumət” portalında
(www.e-gov.az) göstərdiyi elektron xidmətlərin sayını 19-a çatdırıb. Elektron xidmətin
göstərilməsində öz istifadəçiləri
üçün ən
əlverişli vəziyyətin
yaradılmasını, elektron
xidmətlərin keyfiyyətinin
yüksəldilməsini qarşısına
məqsəd qoyan
DSMF, bugün ölkədə
vətəndaşların ən
çox müraciət
etdiyi elektron xidmətləri reallığa
çevirib. 2013-cü il ərzində DSMF-nin həm öz
saytı, həm də “Elektron hökumət” portalı vasitəsilə
əhaliyə təqdim
etdiyi elektron xidmətlərdən ümumilikdə
700 min nəfərə yaxın
vətəndaş yararlanıb.
“Elektron hökumət”
portalının statistikasına
əsasən ən çox istifadə olunan elektron xidmətlərin siyahısına
məhz Dövlət Sosial Müdafiə Fondunun elektron xidmətləri liderlik edir. Bu xidmətlərin sırasına
“Sığortaolunanlara məlumatların
verilməsi”, “Sığortaedənin
uçot nömrəsinin
öyrənilməsi”, “Pensiya kalkulyatoru”, “Pensiyaçıya məlumatların
verilməsi” daxildir. Bundan başqa, “Məcburi dövlət sosial sığorta haqlarının
onlayn ödənişi”
elektron xidməti də ən çox müraciət edilən xidmət olub və bu
xidmət vasitəsilə
560 976 ödəniş həyata
keçirilib. Elektron
hesabat xidmətindən
istifadə qaydaları
və xüsusi proqram təminatı DSMF-nin saytında yerləşdirilib, “məcburi
dövlət sosial sığortası üzrə
hesabatların” (B1, B2) və
“məcburi dövlət
sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında
məlumat”in (B3) elektron
formada hazırlanması
üçün istifadəçi
təlimatlarında əhatəli
şəkildə izah
olunub.
Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan,
sığortaedənlərdən hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş
edən, mühasibatlığı
avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri,
fərdi sahibkarlıq
fəaliyyəti ilə
məşğul olan şəxslər isə
DSMF-nin yerli şöbələrində yaradılmış
“Yardım masaları”nın xidmətindən
yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər. “Yardım masaları”nın fəaliyyətinin genişləndirilməsi
ilə bağlı kiçik ödəniş
edən sığortaedənlərin
elektron hesabatlarının
sayının daha da artacağı gözlənilir.
Ölkəmizdə 2013-cü ilin 11 iyul tarixindən
başlayaraq MDB məkanında
ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış
qaydada vahid mərkəzdən təyinatına
başlanılması pensiya
sistemində uğurlu
informasiya texnologiyaların
tətbiq edilməsinin
təzahürü hesab
olunmalıdır. Yaşa görə əmək
pensiyası hüququ əldə etmiş hər bir vətəndaş
“190-0 Çağrı Mərkəzi”nə
zəng vuraraq hər hansı sənəd toplamadan real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilir.
Əmək pensiyası təyinatı
aparılan hər vətəndaşa bir neçə dəqiqə
ərzində ona təyin olunan pensiyanın məbləği
və öz plastik pensiya kartını ala biləcəyi
müvəkkil bankın
filialının ünvanı
bildirilir.
Elektron xidmətlərin
göstərilməsi zamanı
Fondun əldə etdikləri fərdi və digər məlumatların mühafizəsi
tam şəkildə təmin
olunub. Qeyd edək ki, hazırda Fondun məlumat bazasında ölkə əhalisinin təxminən 40 faizi haqqında məlumat toplanıb. Fərdi uçot sistemində
qeydiyyatdan keçən
sığortaolunanların sayı
2 739 808 nəfər, əmək
pensiyaçısı olan
şəxslərin sayı
isə 1 281 706 nəfər
təşkil edib.
Dövlət Sosial Müdafiə
Fondunun fəaliyyətində
İnformasiya-kommunikasiya texnologiyalarının
geniş tətbiqi, vətəndaş
və Fond arasında bir-birinə olan münasibətdə etibarlılığın,
inamın artmasına,
vaxt itkisinin qarşısını almasına,
kağız asılılığının
və istifadəsinin azalmasına, bürokratik maneələrlə üzləşmə
hallarının heçə
endirilməsinə səbəb
olub. Sığorta-pensiya sistemində şəffaflığı
əlində rəhbər
tutan Fond bugün elektron xidmətlər vasitəsiylə pensiyaçılar
və sığortaolunanlar
üçün müasir
və çevik bir sistem yaradaraq,
onların ixtiyarına
verib. Dövlətimizin
inkişafı adına
görülən bu işlər isə yalnızca təqdir olunmalıdır.
Ayxan MƏCİDOV
525-ci qəzet.-2014.-
17 may. - S.13.