Qadınlar zamanın yaddaş cədvəlində
Orucun üçüncü günü Ester öz
çariça xalatını geyinib, sarayın həyətində
dayandı. Çarın diqqətini cəlb edəndə, onu
otağına çağırtdı. O, içəri
keçdi. Çar ona “Nə olmuşdur?”
sualını verdikdə, onu da əlavə etdi ki, “Sən nə
istədiyini mənə de və sən ona malik olacaqsan.
Əgər bu imperiyanın lap yarısı da olsa”. Ester çarı və Hamanı özünün
hazırladığı axşam ziyafətinə dəvət
etdi.
Haman həmin ziyafətdən çox yaxşı əhval-ruhiyyədə
getdi, lakin ona baş əyməyən Mordexayı sarayın
qapısı ağzında görəndə çox qəzəbləndi. Mordexayı
asdırmaq üçün iyirmi iki metr
hündürlüyündə dar ağacı qurdurmuşdu.
Çar isə gecə yata bilmirdi, Mordexayın onu
öldürmək üçün düzəldilən qəsdi
açmasını yadına saldı. Ancaq o,
Mordexayı buna görə
mükafatlandırmamışdı.
Haman Mordexayı asmaq barədə xahiş etmək
üçün saraya gələndə, çar onu yanına
çağırdı və bir adamı şərəfləndirmək
istədiyini bildirdi. Haman güman etdi ki, bu adam elə
onun özüdür. Sonra çar əlavə etdi: “Bax,
gör çar şərəfləndirmək istədiyi
adamı necə mükafatlandırır!” Bundan sonra dedi: “Tez
get, xalat və at gətir, yəhudi Mordexayı şərəfləndirmək
üçün bu mükafatları ona verək”. Haman belə də etdi. Xalatı
Mordexaya geyindirdi və axırıncı atın belinə
qalxdı.
Çar və Haman Esterin öz xahişi əsasında
ikinci dəfə onun ziyafətinə gəldilər. Çar əvvəlki alicənab
sözlərini təkrar edəndə, Ester cavab verdi ki, əgər Əlahəzrət mənim
istəyimə görə nəyisə vermək istəyirsə,
mənim arzum özümün və xalqımın
yaşamasıdır. Xalqım və mən
qırılmaq üçün satılmışıq.
Bu qul olmağa satılmaqdan da betərdir. Mən sakit dayanacaq və zəhlənizi tökməyəcəyəm.
Çar Esterdən soruşdu ki, “Kim belə şeyi etməyə
cürət etmişdir? Haradadır o adam?” Ester cavab verdi ki, “Bizim düşmən, bizi təqib edən
bu bəd adam Hamandır!” Bu sözləri
eşidəndə Haman dəhşət içərisində
çara və çariçaya baxırdı. Çar qəzəblənib, otağı tərk
etdi. Haman özünü, Esterin hiddətindən
uzandığı divanın üstünə atıb, ondan mərhəmət
diləyirdi. Bu vaxt qəflətən otağa qayıdan
çar bunu görüb qışqırdı: “Bu həmin
adamdır ki, elə buradaca, mənim gözümün
qabağında, mənim sarayımda çariçanı
zorlamaq istəyir?”
Hərəm
xidmətçiləri Hamanın başını pərdə
ilə örtdülər, onlardan biri dedi ki, Haman hətta
öz evinin həyətində dar ağacı qurmuşdur ki,
Sizin həyatınızı xilas edən adamı ondan
asdırsın. Çar əmr etdi ki, “Hamanı
oradan asın!” Beləliklə, Mordexay
üçün qurdurduğu dar ağacından Hamanın
özü asıldı. Yalnız bundan
sonra çarın acığı soyudu.
Çar
Ksperks çariça Esterə Hamanın bütün
mülkiyyətini verdi. Çarın
yanına gəlməyə Mordexaya icazə verildi. O,
möhür üzüyünü də Mordexaya
bağışladı. O, çardan sonra rütbəcə
ikinci adama çevrildi və öz xalqına daha səylə
xidmət göstərməyə başladı.
Çarın göstərişi ilə hər bir şəhərdə
yəhudilərə özünü mühafizə etmək
üçün təşkilatlanmağa icazə verildi. Yəhudilər
öz düşmənlərindən qisas almaq imkanına malik
oldular. Kütləvi qırğından
xilas olma gününü onlar bayram kimi qeyd etməyə
başladılar və Purim yəhudilərin ən müqəddəs
bayramlarından biridir.
Tomris
Tarixin atası
sayılan Herodotun doqquz cildlik “Tarix” kitabında massagetlərin
çariçası Tomirisin Persiya çarı Böyük
Kir üzərində tam qələbə çalmasından bəhs
edilir. Böyük Kir Massaget
çarlığını ələ keçirmək istəyirdi.
Herodot bu sahədə baş verən hadisələri yüz il sonra qələmə almışdır. Tomirisin şəxsiyyətinin və onun Kir üzərində
qələbə çalması əhvalatı antik dünyada
yaxşı məlum idi və əfsanəyə
çevrilmişdi.
Herodot məlumat verir ki, Kir Araz çayını
keçdikdən sonra (o, çayın Xəzər dənizinin
şərq tərəfində axdığını göstərir)
massagetlərin ərazilərinin içərilərinə
doğru bu günə qət edilən məsafədə irəlilədi. O, işğal etdiyi
Lidiyanın keçmiş çarı Krezin məsləhəti
ilə massagetlərə tələ qurdu. Perslər
xeyli şərab ehtiyatı olan düşərgəni tərk
edib, onu qorumağa yararsız bir hissə qoydular, əsas
qoşunlar isə geri – çaya tərəf çəkildi.
Massagetlər düşərgədəki
düşmənə qalib gəldikdən sonra, oturub
yeyib-içməyə başladılar, bol qidadan və şərabdan
məstləşib, yuxuya getdilər.
Perslər isə gəlib onlardan bir hissəsini öldürüb,
daha çoxunu isə əsir götürdülər. Əsir
götürülənlərin arasında çariça
Tomirisin oğlu, massagetlərə komandanlıq edən
Sparqanif də var idi.
Tomiris
bundan xəbər tutduqda Kirə məktub göndərdi: “Qana
susayan Kir,... mənə oğlumu qaytar və
hələ cəzalandırılmamış bu ölkədən
çıx get. Əgər sən bunu etməsən,
massagetlərin hökmranı olan Günəşə and
içirəm ki, sənə qan içirdəcəyəm,
baxmayaraq ki, sən heç doyan deyilsən”.
Əsir götürülmüş Sparqanif Kiri dilə
tutdu ki, onu buxovlardan azad etsinlər, bu baş verdikdə isə,
o, azad olan kimi özünü öldürdü.
Tomiris Kirin onun sözünə məhəl
qoymadığını görüb, bütün
qoşunlarını toplayıb, Persiya ordusu ilə
döyüşə girdi. Persiya
qoşunlarının çox hissəsi elə yerindəcə
məhv edildi. Kirin özü də həlak
oldu. Tomiris onun başını insan qanı
doldurulmuş şərab tuluğuna soxdu və bu sözləri
söylədi: “Oğlumu hiyləgərliklə tutub,
döyüşdə sənin üzərində qələbə
çalan məni diri ola-ola məhv etdin. Mən
isə sənə məhz hədə göndərdiyim qaydada
qan içirdəcəyəm”.
Daim
müxtəlif xalqlar, ölkələr üzərində qələbə
çalmağı ilə qürur duyan Kir həqiqətən
o, Lidiyanı, Babilistanı işğal etmişdı,
böyük imperiya yaratmışdı, gözləmədiyi
halda çariça olan bir qadınını sərkərdəlik
qabiliyyəti hesabına ağır məğlubiyyətə
düçar olmaqla yanaşı, həm də öz həyatını
itirdi. Tomiris isə həm də böyük
imperiyanın məğlubedilməz qoşunları üzərində
müqayisəyə gəlməyən bir qələbə
çalmışdı.
Qədim Romada əxlaq məsələsi
Qədim Roma bir vaxtlar əxlaqın möhkəmliyi, təmizliyi
ilə öyünürdü, lakin respublikanın artıq
üç əsrlik yaşı olanda bu şəhərdə
əxlaq pozğunluğu yayılmağa başladı. Bizim eradan əvvəl II əsrin
məşhur dövlət xadimi, 23 il ərzində
Senatda Karfagenin dağıdılmasına
çağırışlar edən Böyük Katon belə
xoşagəlməz metamorfozanın baş verməsində
öz nümunələri ilə vətəndaşlara mənfi
təsir göstərən mühacir yunanları
günahlandırırdı. Yunanlar Romaya təkcə
elm, ədəbiyyat, incəsənət gətirməmişdilər,
bu çox faydalı şeyləri çox zərərli təsirlər
də müşayiət etmişdi.
Sonralar aşağı əxlaq normaları siyasətçilərin,
dövlət xadimlərinin də həyatına yol
açdı.
Uyğun olub-olmamasından asılı olmayaraq
qız verib, almaqla qohumluq əlaqələri müasir dildə
deyilsə, siyasi inhisar əldə etməyin mühüm vasitəsinə
çevrildi. Qay Yuli Sezar arvadı
öldükdə, özünün də daxil olduğu triumvuratın
nüfuzlu üzvü Pompeyin uzaq qohumu olan Pompeyaya evləndi.
Pompey də öz növbəsində Sezarla
ittifaqını möhkəmləndirmək üçün
onun yeganə övladı olan Yuliyaya evləndi. Cavan qızın əri onun atasından da altı
yaş böyük idi.
Qay Yuli Sezar qadınlar üçün olan bayram
keçiriləndə, arvadının otağına qadın
paltarında bir kişinin daxil olması barədə söhbətləri
kəsmək üçün Sezarın arvadının
şübhədən kənar olduğunu bildirmişdi.
Sezar b.e.ə.
48-ci ildəki Farsala döyüşündən sonra, məğlub
olub qaçan Pompeyin arxasınca, onu tutmaq üçün
Misirə gələndə, burada öz azyaşlı
qardaşının arvadı hesab edilən çar
qızı gözəl Kleopatraya aşiq olmuş, onu ölkəsinin
taxt-tacının sahibi etmişdi. Onların məhəbbətinin
nişanəsi kimi oğulları Sezarion dünyaya gəlmiş,
Kleopatranın özünü intihar etməsindən sonra,
Avqust öz keçmiş hamisinin yeganə oğlunun
öldürülməsinə də razılıq vermişdi.
Kleopatra Sezarın ölümündən sonra Şərq
ərazilərini idarə edən Mark Antoni ilə daha gur və
ehtiraslı eşq macərası yaşamışdı. Onlar ilk dəfə
Kleopatra Kind çayı ilə Mark Antoniyə qonaq gələndə,
bir-birinə vurulmuşdular. Antoni 40-cı
ildən Avqustun bacısı Oktavianın əri olmasına
baxmayaraq, Misirdə Kleopatraya evləndiyini elan etdi və
onların əkiz övladları oldu.
Kleopatra Antoniyə elə vurulmuşdu ki, Misirdə onun
böyük nüfuz sahibi olması üçün hər
vasitəyə əl atırdı. Bir dəfə o, təklif
etdi ki, Nildə balıq ovuna çıxaq, axı Mark Antoni hələ
bu gəzintinin ləzzətini görməmişdi. Antoninin isə bu işdə hansısa bir səriştəsi
yox idi. Sarayda ciddi hazırlıq
görüldü. Antoni öz yaxın
adamlarına tapşırdı ki, o, qarmağı atanda onlar
suyun altında əllərindəki balıqları onun
qarmağına taxsınlar. Aleksandriya ətrafında
Nildə gəmidə gəzinti olduqca maraqlı idi.
Antoni qarmağını sudan
çıxaranda, tutulmuş balığı görən
Kleopatra çox sevindi, o, Antoninin tutduğu balıqları
sevinclə əyanlarına göstərir, onun bütün sahələrdə
istedadlı olduğunu nümayiş etdirmək istəyirdi.
Bir
neçə gündən sonra Kleopatra sabah
yenə balıq ovuna çıxacaqlarını elan etdi. Antoninin adamları hazırlıq gördükdə,
mətbəxin bir cavan xidmətçisi yaxşı qəvvas
olduğunu əsas gətirib, onu da gəzintiyə
aparmağı xahiş etdi. Çayda
balıq ovu başlananda Antoninin qarmağında duzlu balıq
çıxdığını görən bir saray adamı
bərkdən gülməyə başladı. Mətbəx xidmətçisi mətbəxdən
götürdüyü duzlu balıqlardan birini, birinci olaraq
Antoninin qarmağına taxıbmış. Misirdə isə duzlu balıq istehsal etmirdilər, bu
ərzaq indiki Türkiyə ərazisində yerləşən
Vifiniyadan gətirilirdi.
Əyanın bərkdən gülüşünü
eşidən Kleopatra yaxınlaşıb, tutulan duzlu
balığı gördükdə çox pərt oldu. Lakin özünü itirməyərək
göyərtədə olanların hamısı eşitsin deyə
ucadan dedi:
– Siz
şəhərlər tutmağa, ölkələr, ərazilər
işğal etməyə öyrəşmisiniz. Balıq tutmaq sizin yox, bizim kimi öləri
adamların işidir.
Kleopatra müdrikliyi hesabına Antonini biabır olmaqdan
qurtardı, həm də saray adamlarına bildirdi ki, özlərini
belə böyük adamla müqayisə etməyə cəsarət
etməsinlər.
Kleopatra həm də çox savadlı və
ağıllı qadın idi, çox sayda dil bilirdi. O, ölkəsinin həqiqi
vətənpərvəri idi. Misirin müstəqilliyini
qoruyub saxlamaq üçün, buna təhlükə törədən
yadellilərə bədənini təslim etmək kimi ləyaqətinə
xələl gətirən əməldən də çəkinmirdi.
Ona görə də, yalnız b.e.ə. 30-cu ildə
Kleopatra özünü intihar etdikdən sonra Misir Roma
imperiyasının tabeliyinə keçdi.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-2014.-
17 may. - S.23.