Əsərləri
V cild
(1918 – aprel 1920)
Araşdırıb toplayanı, ərəb
əlifbasından latın əlifbasına çevirəni,
ön sözün müəllifi, lüğətin tərtibçisi
Şirməmməd Hüseynov
Transliterasiya redaktorları: professor Şamil
Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev),
Azərbaycan
Məclisi-Məbusanında
Birinci
iclas
Nikolayevski küçədə iki zirehli avtomobil
dayanmış, küçədə ingilis və Azərbaycan
fəxri qarovulu durub Bazarnı küçədən Persidskiyədək,
Nikolayevskidən şəhadətnaməsi olmayanı
buraxmıyorlar. Parlaman binasının qapısından
salonadək qarovullar durub, küçədən salonadək
xalılarla bəzənmişdir. Parlaman
binasının üstündə və lojada Azərbaycan
bayrağı vurulmuşdur. Tamaşaçılar
üçün təyin edilmiş yerlər doludurlar. Tamaşaçılar içində bir çox xanımlar
dəxi vardır. Ümumiyyətlə ruh
yüksəkligi hökmfərmadır.
İclas açılmadan əvvəl məbuslar və
sairləri dəstə-dəstə, topa-topa
yığışaraq əhvali-hazirə və
övzai-siyasiyyə həqqində danışıyorlar. Parlamanın vəzifəsi,
gələcək Məclisi-Müəssisan, hazırki
hökumət və sairə həqqində mübadiləyi-əfkar
icra olunur.
Diplomasi nümayəndələr lojalarında İran,
Dağıstan və Gürcüstan nümayəndələri
əyləşmişlərdir.
Nəhayət saət ikinin yarısında iclas
açılıyor. İclası Məhəmməd Əmin Rəsulzadə
cənabları nitqi-iftitahilə açaraq Azərbaycan
istiqlalının müxtəsər tarixindən,
elani-istiqlaldan əvvəlki haldan və rus istibdadından
incimiş, zənciri-əsarət altında əzilmiş və
bittəbii bundan dolayı rus hökumətinə nifrətlə
baxmaqda olan müsəlmanların və xüsusən Azərbaycan
türklərinin rus milləti və rus mədəniyyətinə
qarşı məhəbbət və dostluqdan başqa bir fikri
olmadığını qeydlə nəhayət Azərbaycanın
yaşamasına ətfi-kəmal ediyor. Bütün millətlərin
amal və gedəcək yolları bir olduğunu göstərərək
bu gün bu binada qaldırılmış olan bayrağın
enmiyəcəginə haman bu amillərin dəlil və azərbaycanlıların
şüarı olaraq istiqlal və hürriyyət uğrunda
göstərdikləri və göstərməgə hazır
olduqları fədakarlıqların bir istinadgah olduğunu,
paytaxtımızda bulunan müttəfiqlər nümayəndələrinin
də münasibat və rəftarını qeydlə diyor ki,
vicdani-bəşər heç vəqt böylə
zülmü işləməz ki, bizi bu səadətdən məhrum
qılsın. Binaənileyh natiq cənabları
azərbaycanlıları ittihad və ittifaqla
çalışaraq müstəqil yaşamağa qail,
müstəid və müstəhəqq olduğumuzu isbat etməgə
çağırıyor. (Nitq kəraətlə
gurultulu alqışla kəsiliyor).
Nitqinin axırında sədr cənabları bir sədr
ilə bir baş müavin seçməgi təklif ediyor. Beş dəqiqə
tənəffüsdən sonra “Müsavat” və bitərəflər
namindən Şəfi bəy Rüstəmbəyov sədrligə,
Əlimərdan bəy Topçubaşovun və baş
müavinligə Həsən bəy Ağayevin namizədligini
təklif ediyor.
Təklif ümumiyyətlə qəbul olunur.
Həsən bəy Ağayev sədr yerini tutaraq böylə
tarixi gündə bunca nəsibinə böyük şərəf
və ehtiram düşdügündən izhari-etimad edərək
seçənlərə təşəkkürünü bəyan
ediyor. Sonra müvəqqəti bir katib intixabı
lüzumunu qeydlə parlaman adətincə katibligə ən
cavan məbusu seçmək qaidəsini bəyan binayi-aliyə
Rəhim bəy Vəkilovun namizədligini təklif ediyor.
Təklif qəbul olunur.
Sonra Azərbaycanın hər yerindən və ümum
millətlər və siniflərdən alınmış olan təbrik
teleqraflarını qismən oxuyur. (Teleqraflar dünki
sayımızda dərc edilmişlərdi).
Teleqraflardan sonra hökumət rəisinə söz
verilir.
Fətəli xan Xoyski uzun gurultulu alqışlar
altında kürsi-xitabətə çıxaraq ibtida
böyük, əziz mübarək gün münasibətilə
parlaman əzasını hökumət namindən təbrik
ediyor. Sonra hökumətin məsuliyyət və fəaliyyətindən
bəhslə hər nazirin öz nəzarəti həqqində
müfəssəl bəyanat və məruzə verəcəgini
vəd ediyor. Kəndisi isə Azərbaycan hökumətinin
heyyən təşkilindən bu vəqtədək nə kibi
daxili və xarici şərait altında nə surətlə
çalışdığını, o vəqtki anarşi,
yolsuzluq, müxabirəsizlik, pulsuzluq, əskərsizlik və
ümumiyyətlə bir dövlət və hökuməti
yaşada biləcək amillərin ümumiyyətlə
yoxluğunu zikrlə hökumətin fəaliyyətini təsvir
ediyor və şükr eliyor ki, ən mühüm məsələlər
qüsurla da olsa həll edilmiş: pul kəsilmiş və əsl
Azərbaycan pulu bu yaxınlarda hazırlanacaqdır, yollar,
post-teleqraf münasibat və müxabiratı
açılmış, paytaxtımız hüquq və ədalət
bayrağı altında hüquqi tapdayanların əlindən
alınmışdır. Natiq həzrətləri türklərin
dəvəti qonşu millətlər və hökumətlər
ilə münasibatımıza və sairlərini açıq
təsvir etdikdən sonra diyorlar ki: şimdi artıq parlaman dəvət
olundu. Heç hökumət bundan sonra bir dəqiqə belə
iş başında qalmaq istəməz. Binaənileyh
hökumət istefa veriyor.
(Gərək Məhəmməd Əmin bəy və gərəksə
Xan Xoyski həzrətləri nitqlərinin təfsilatı
sabahkı nömrəmizdə olacaqdır).
Məhəmməd
Əmin bəy təklif ediyor ki, yeni hökumət təşkilinədək
sabiq hökumət məmləkəti idarəsiz buraxmayaraq
iş başında qalsın.
Təklif qəbul olunur.
Sədr etibarnamə, nizamnamə və təsərrüfat
komissiyaları seçmək lüzumunu göstərərək
namizədlər göstərilməsini təklif ediyor.
Bu namizədlər
göstəriliyor:
“Müsavat”
və bitərəflərdən: Şəfi bəy Rüstəmbəyov,
Məhəmməd Yusif Cəfərov, Abbasqulu Kazımzadə.
Sosialistlər
İttifaqı (müsəlman) tərəfindən: Məhərrəmov,
Səfikürdski, Hacınski.
“Hümmət”
firqəsindən: Qarayev, Camalbəyov və
Şeyxülislamov.
“İttihad”
firqəsindən: Vəzirov Zeynal bəy, Məhəmmədbəyov
və Qara bəy Qarabəyov.
Gürcülər, lehlər, yəhudilər və
almanlar nümayəndələri tərəfindən Qoxman,
Vanseviç və Tsixaqaya.
Rus
slavyanları tərəfindən: Mixaylov, Klınyevski və
Krınqo.
Namizədlər qəbul olunur.
Sonra “İttihad” firqəsi təklif ediyor ki, parlaman
güşadı münasibətilə siyasi məhbuslara əfvi-ümumi
elan olunsun.
Sosialistlər İttifaqı, Müsavat və Hümmət
bu təklifi təbrik ediyorlar. Əsas etibarilə
etiraz edən olmuyor. Fəqət bu təklifin
qanun layihəsi surətində təqdimi və müəyyən
bir komissiya, ya fraksiya tərəfindən verilməsi məsələsi
qaldırılaraq nəhayəti-ara ilə 5 nəfərlik bir
komissiyaya məhvəl edilməsi təhti-qərara
alınıyor.
Komissiyaya
aşağıda ismləri yazılan məbuslar daxil oluyorlar:
Müsavatdan
– Qardaşov
Sosialistlər
İttifaqından – Səfikürdski
Hümmətdən
– Ağamalov
Bitərəflərdən
– Əfəndiyev
İttihad
firqəsindən – Zeynal Tağıyev
İclas saət 5 radələrində qapanıyor.
Gələcək iclas düşənbə günü
saət 12-yə təyin ediliyor.
“Azərbaycan”,
8 qanuni-əvvəl (dekabr) 1918, ¹59
Məsrur
– elan, xatırlama
Müstəid
– istedadlı, bacarıqlı
Müstəhəqq
– layiq
Heyyən
– heyəti
Azərbaycan
parlamentində M.Ə.Rəsulzadənin açılış
nitqi
Möhtərəm
məbuslar! Azərbaycan Cümhuriyyətinin ilk
Məclisi-Məbusanını açmaq yövmi-səadəti,
siz möhtərəm məbusları təbrik etmək şərəfinin
öhdəmə düşməsi ilə müftəxirəm
(Alqışlar). Əfəndilər,
Rusiyada zühur edən inqilabi-kəbir digər həqiqətlər
arasında bir həqiqəti-bahirəyi dəxi elan etmişdi.
Bu həqiqət millətlərin həqqi-hürriyyət
və istiqlalı idi. Rusiya inqilabı təbiətində
mövcud olan ruhə sadiq qalaraq təbii yolu ilə inkişaf
etsəydi, millətlərin hüququnu təmin ilə muxtariyyətlərdən
mütəşəkkil azad və demokratik bir Rusiyayi bir an əvvəl təsis edəcək idi. O vəqt
təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati-siyasiyyələri
digər məhkum millətlərlə bərabər başqa bir
təriqdə cərəyan edəcəkdi. Millətlərə
kəndi müqəddəratlarının təyinini pək səmimanə
bir surətdə Rusiya Məclisi-Müəssisanından
gözlədilər. Fəqət Rusiyada
inqilab və demokratizm naminə zühur edən məkus bir
istibdad nə kibi xarablıqlar yaratdığını bilirsiniz.
İnqilab naminə hökmfərma olan anarşi
və millətlərin hüququ elanından sonra yeridilən
qatı mərkəziyyətçilik Zaqafqasiya millətlərini
kəndi başlarının çarəsinə baxmaya
sövq etdi. Zaqafqasiyadan Rusiya Məclisi-Müəssisanına
intixab olunan məbuslar kəndilərini vəkil edən cəmaətin
hüququnu Zaqafqasiya “Seymini” təşkil və onun
istiqlalını elan etməkdə gördülər.
Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən
seçilən vəkillərin Şurayi-Milli təşkilinə
sövq, bu Şurayi-Milli isə Azərbaycan istiqlalını
elan etmək zərurəti qarşısında qaldı. Azərbaycan
istiqlalı elan olundu. (Alqışlar).
Bu gün əqəliyyət təşkil edən millətlərin
nümayəndələri dəvət olunmaq üzrə
iştə bu məclis təşəkkül etmişdir. Bu məclis
ümumi seçki üsuli ilə toplanacaq Azərbaycan Məclisi-Müəssisanı
toplanıncaya qədər məmləkətimizin sahibi olacaq.
Burada Azərbaycanda bulunan bütün millətlərin,
təbəqələrin və müxtəlif cərəyanların
nümayəndələri olduğundan bu məclis vətənimizi
tamamilə təmsil edə bilər.
Əfəndilər, bilirsiniz ki, bizim Rusiya cəmaətinə
qarşı heç ədavət və nifrətimiz yoxdur. Bezar
olduğumuz Rusiya çarizm Rusiyası, Rusiya
istibdadıdır. Rusiyaya nifrətimiz
Rusiya istibdadı altında inləyən Rusiya cəmaətinə
nifrət demək degildir. Bizcə mənfur
olan, millətləri əzən və hüquqlarını
verməyən rəsmi Rusiyadır. Hər
bir millət müstəqil və hürr olmalı, hürr
olduqdan sonra digər millətlərlə ürək istədigi
kibi əqdi-ittifaq etməlidir. Bütün
dünya millətlərinin bir “Cəmiyyəti-Əqvam”
vücuda gətirməsi bizim ən müəzzəz fikirlərimizdəndir.
Bu “federasyon” cəbrlə degil, təbii bir meyl və
arzu ilə hasil olmalıdır. (Alqışlar).
Ərz etdim ki, biz Rusiya cəmaətinin də
düçar olduğu fəlakətdən
qurtarılmasını ürəklə istəriz. Biz Rusiya
hökumətinin həqiqi rus demokratiyası əlinə
keçməsi tərəfdarıyız. Çünki
Qafqasiya dağlarının şimalında təşəkkül
edən müstəbid və təcavüzkar bir hökumətə
biz laqeyd qala bilməriz. (Alqışlar).
Biz Rusiyanın səadətini istəriz. Rusiya cəmaətini sevəriz. Fəqət
kəndi istiqlalımızı da əziz tutarız. (Alqışlar). Cəbr ilə qəbul
etdirilən bir şeydə qətiyyən səadət olamaz.
Çünki səadət hürriyyət və
istiqlaldadır.
İştə bunun üçün əfəndilər,
müstəqil Azərbaycanı təmsil o üç
boyalı bayrağı Şurayi-Milli qaldırmış. Türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa əfkari-əhraranəsini
təmsil edən bu üç boyalı bayraq daima
başlarımızın üstündə ehtizaz edəcəkdir.
(Məbuslar yerlərindən qalxıyor, şiddətli
alqışlar mədid bir surətdə davam ediyor).
Mən buna iman edirəm. Mənim bu
imanımı millətlərin qəlbində doğmuş
olan əməl günəşi işıqlandırıyor.
Bu günəş bir daha üful etmiyəcək.
Bən vicdani-bəşəriyyətə
inanıyoram. Milyonlarla insan bahasına mal
olan qitali-ümumidən sonra vicdani-bəşər
qazandığı həqiqətləri asanlıqla əlindən
verməz. “Cəmiyyəti-Əqvam” fikri bu
gün hər kəscə qəbul edilmiş bir fikirdir. Bu bənə ümid veriyor. Qüvvətlə
inanıyoram ki, artıq milləti öldürmək, millətin
hüququnu paymali-zəval etmək qətiyyən mümkün
degildir. Qaliblər də, məğlublar
da millətlərin hüquqi təslim edilməlidir diyorlar.
(Alqışlar). Yaxında
açılacaq sülhi-ümumi konfransında bu fikir qətiyyən
hakim olacaq. Bu gün əhvalə hakim
olanlar müttəfiqlərdir. İngilis,
Amerika, Fransa dövlətlərinin bayraqlarında millətlər
təmini-hüquqi və “Cəmiyyəti-Əqvam”
şüarı yazılıbdır. Dövlətlərin
Bakıda bulunan nümayəndələri naminə general
Tomson Qafqasiya məsələlərinin sülhi-ümumi
konfransında həll olunacağını rəsmən elan
etmişlərdir.
Biz azərbaycanlılar bütün mövcudiyyətimizlə
kəndi müqəddəratımızı, kəndi
istiqlalımızı müdafiə və mühafizədə
israr edər, səbat və mətanət göstərirsək
heç şübhəsiz ki, Azərbaycan Cümhuriyyəti
payidar olur. Fəqət bunun üçün təkrar ediyorum səbat
və mətanət, fədakarlıq istər. İstər ki, biz kəndimizin istiqlala layiq
olduğumuzu isbat edəlim. Bu oldumu sizi təmin
edirəm ki, kimsə həqqimizi təslim etməmək cəsarətində
bulunamaz. Hanki vicdandır ki, istiqlalı istəyən
və ona ləyaqətini isbat edən bir milləti qəhr
etsin. (Alqışlar).
Əfəndilər, biz Qafqasiya əqvami ruhumda hər
zaman hürriyyət və istiqlal fikri hakim olmuşdur. Hürriyyət
fikrinin müməssili olan “Prometey” Qafqasiya dağlarında zəncirə
bənd edilmişdi. O, daima zəncirlərini qırmaq təşəbbüsündə
idi. “Prometey”in ruhu Qafqasiyanın bütün millətlərində
vardır. Qafqasiya millətlərinin
istiqlalı və bərabərlikdə müstəqil olaraq
yaşamaları bir xəyali-bəid degildir. Qardaş
millətimiz olan Şimali Qafqasiya, qapıbir qonşumuz ermənilər,
münasibati-dostanəmiz bütün cüziyyatə rəğmən
daima səmimi qalan gürcülər, bizə bir çox mədəni
xidmətləri toxunmuş rus cəmaətinin mühüm bir
qismi ilə əl-ələ verərək biz Qafqasiyanın
müqəddəratını qitə üzərində yaşayan
millətlərin arzusu vəchilə təmin edə biləriz.
(Sürəkli alqışlar. Diplomasi lojalarına müraciətlə təkrar
alqışlar).
Əfəndilər, bən buraya qədər sizə
ümidli sözlər söylədim. Buna iman ediyoram. Fəqət nəzərinizi əhvalın
ağırlığına dəxi cəlb etməzsəm vəzifəmi
hüsni-ifa etməmişəm deməkdir. Zaman ağır, gedəcəgimiz yol çox
tikanlı və arizəlidir. İləridə
bir çox müşkülat və maneələri dəxi
gözə almalıyız. Bu maneəli
yolları keçmək və sərmənzili-məqsudə
irmək üçün siz məbus əfəndilər bir
çox fədakarlıqlar ibraz etməli, təmsil etdiginiz
millətə səbat, mətanət göstərmək
üzrə bir nümunəyi-əmsal təşkil etməlisiz.
Bu nümunəyi göstərəcək iqtidar
və istedada malik oldunuzsa, yolun yarısı gedilmiş deməkdir.
Əvət, əfəndilər, bu gün firqə
ehtirasları, şəxsi qərəzləri və
bütün bu kibi vətən və millət qayəsi
qarşısında səqil qalan qərəzlər
atılmalı, vətən qayğısı və millət
duyğusu hər şeydən yüksək tutulmalıdır. (Sürəkli
alqışlar).
Əfəndilər, bu gün Azərbaycanın
paytaxtında Məclisi-Məbusan iftitahındayız. Azərbaycan
bir atəş mənbəyidir. Vətənimiz
hər zaman kəndi sinəsində bir atəşi-müqəddəs
bəsləmişdir. Bu atəş əski
zamanlardan bəri həqiqətpərəstlərə rəhbər
bir şöləyi-ümid və iman təşkil eləmişdir.
O atəş ki, bu gün də sərvət və saman səbəbi
və baisi-təməddündür. Qəvi bu atəş Azərbaycan
övladının sinələrinə dolsun, milyonlarla ürəyi
yaxan bu atəş əbədiyyən sönməz bir məşəl
təşkil edib də hürriyyət və istiqlala doğru
getdigimiz maneəli yolları işıqlandırsın! (Sürəkli və mədid alqışlar).
“Azərbaycan”,
9 qanuni-əvvəl (dekabr) 1918, ¹60
Məsun
– toxunulmaz
Məkus
– tərsinə dönmüş
Müəzzəz
– əziz
Mədid
– uzun
Üful –
qürub
Təmin
– xatircəm
Bəid –
uzaq
Səkil
– çirkin
Bütün Azərbaycan vətəndaşlarına!..
Millətdaşlar,
vətəndaşlar!..
Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanının
açıldığı münasibətilə sizləri təbrik
ediyoruz.
Təbrik ediyoruz Azəri türklərini ki, ürəklərinin
dərin guşələrində əzizlədikləri
böyük amalları hasil olubdur.
Təbrik ediyoruz müsavat məfkurəsi ilə mənus
olan millətdaşlarımızı ki, bu gün onlar Azərbaycan
fikrinin qövldən-felə keçməsini göstərən
bir böyük vəqeyi dəxi seyr ediyorlar.
Təbrik ediyoruz firqəçi yoldaşları ki,
qaldırdıqları Azərbaycan bayrağı bu gün millət
vəkillərinin başları üzərində pərçəməndaz
oluyor.
Təbrik ediyoruz bütün vətəndaşları ki,
həqq, ədalət və müsavat nigəhbanı olan bir
müəssisəyi-hürriyyət təşkil olunuyor.
Əvət, böyük fikrin, fikri-istiqlalın, Azərbaycan
hürriyyət və istiqlalının arzukeşləri
sevinsin, bu arzu yolunda şəhid düşən, bu arzu ilə
ölən millətdaş və vətəndaşların da
ruhu şad olsun.
Azərbaycan Məclisi-Məbusanı
açılıyor. Fəqət vətəndaşlar, biliniz
ki, bu gündən bizə böyük və olduqca
müşkül imtahan günləri başlayır. Azərbaycan Məclisi-Məbusanı bizə bir
imtahandır. İmtahan göstərməliyiz,
həddi-rüşd və büluğə yetmiş vətəndaşlar
olduğumuzu isbat etməliyiz. Bu imtahanı
millətin vəkilləri, vəzirləri verdikləri kibi
millət özü də bu imtahana girməlidir. Millət Məclisinin dalında durmaz, onun qərarlarına
tabe olmaz, onun ehtiramını saxlamazsa, biliniz ki, vətəndaşlar,
Məclis özü-özünə heç bir şey edə
bilməz.
Bu gün hər şeydən əvvəl Azərbaycan
istiqlalını qurtarmaq lazım, çünki olduqca
ağır bir vəziyyət, müşkül bir əmr
altındayız. Bunun üçün də daxili
nizaları şiddətləndirməyərək bütün
firqələr birləşməli, Vətən və
Hürriyyəti-Vətən naminə birləşməlidirlər.
Beşinci ilə varan millətlər qovğası indi
xitamə iriyor. Bu müharibənin nəticəsində o
müharibə qədər müəzzəm bir hadisə
zühur ediyor.
Millətlər hürriyyət və istiqlal
bayrağı açıyor. İstibdadlar
yıxılıyor. Dünya xəritəsi
yeni hökumətlərlə boyanıyor.
Millətlər azad və müstəqil olacaq. Dünya azad millətlərdən
ibarət bir “Cəmiyyəti-Əqvam” şəklinə girəcək!
Millətlərin
hürriyyəti, millətlərin cəmiyyəti!
İştə
bu günün siyasəti, bu günün şüarları!
Paytaxtımızda bulunan müttəfiq dövlətlərin
bayraqlarında dəxi bu cümlələr
yazılıbdır.
Müttəfiqlər bu gün bayraqlarında
yazılı bulunan bu şüarı bilfeil həqqimizdə tətbiq
etməmişlərsə də, bilmisal bunun sülhi-ümumi
konfransında həll olunacağını rəsmən elan
etmişlərdir.
Sülhi-ümumi konqresi, vətəndaşlar, istiqlal
paylıyacaq – deyə düşünülməsin. Çünki
bu kəndisini aldatmaq olur. Konqres israr və istehqaqla istənilən
istiqlalları təsdiq edəcək!
Bunun üçün çalışalım. Hər növ
şəxsi mənfəətlərin üstünə
çıxalım, özümüzü unudalım, millətimizi
düşünəlim, məclisimizlə müttəhid
olalım, işlərimizi, idarələrimizi yoluna qoyalım.
O zaman əmin olalım ki, həqqimizi alırız!
Vətəndaşlar!
“Cəmiyyəti-Əqvam” 5 sənəlik qital nəticəsində
millətlərin vicdanından doğmuş öylə aləmləri
işıqlandırıcı bir günəşdir ki, feyzi
bütün aləmə şamildir.
Çalışalım,
səy edəlim, qardaşlar ki, Azərbaycan üfiqi bu günəşin
üzünə hail olacaq buludlar və dumanlarla örtülməsin!
Bu isə bizim əlimizdədir.
Bunun üçün bütün firqələr müttəhid
olmalı, bütün təbəqələr təhəmmül
etməli, Məclisi-Millinin dalında Səddi-İskəndər
kibi durmalıdır.
İştə vətəndaşlar, bu gün Azərbaycan
Məclisi-Məbusanının açıldığı
gündə sizi fədakarlığa, ittihada dəvət
ediyoruz.
Müttəhid və fədakar olalım, tainki:
Yaşasın
Azərbaycan Cümhuriyyəti!
Yaşasın
Cəmiyyəti-Əqvam!
Türk Ədəmi-Mərkəziyyət
firqəsi “Müsavat” Mərkəzi Komitəsi
“Azərbaycan”,
10 qanuni-əvvəl (dekabr) 1918, ¹61
Nigəhban
– gözətçi
Rüşd
– doğru yol tapma
Büluğ
– yetginlik
Niza –
çəkişmə, tutuşma
Pərçəməndaz
– dalğalanmaq
Azərbaycan
Məclisi-Məbusanında Türk Ədəmi-Mərkəziyyət
“Müsavat” firqəsi Məclisi-Məbusan şöbəsinin
bəyannaməsi
Məhəmməd
Əmin Rəsulzadə: Möhtərəm məbuslar! Türk
Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsinin Məclisi-Məbusan
şöbəsi tərəfindən hüzurunuza ərz etməliyəm
ki: “Müsavat” firqəsi bu vəqtə qədər gərək
Rusiya Məclisi-Müəssisan seçkilərində, gərək
Zaqafqasiya “Seym”ində bitərəf adilə məruf olan
müstəqilüləfkar cəmaət xadimləri ilə
bir fraksiyon təşkil edərək onlarla birlikdə hərəkət
etmişdir. Bu gün isə firqə müstəqil
bir fraksiyon şəklində hüzurunuza çıxaraq məruzatda
bulunuyor.
Möhtərəm məbuslar, yəqin ki, siz “Müsavat”
firqəsinin bu hərəkətində bir tərzi-hərəkət
dəyişikligi görürsünüz, həqqa ki, öylədir. Əcəba, bu böyük
Məclisi quran müxtəlif firqələrdə proqram dəyişikligi
görmüyormusunuz?!..
Biz yaxın məqsədlərimizdən biri olan Azərbaycan
muxtariyyətini tələb edərkən həm sağdan, həm
də soldan hücumlara düçar oluyorduq. Sağdakılar bir nöqtədən,
soldakılar da başqa bir nöqtədən Azərbaycan
muxtariyyətini inkar ediyordular: sağdan diyordular ki, – Azərbaycan,
Azərbaycan deyə-deyə müsəlmanları
parçalıyor, türklük bayrağı qalxızırkən
– nəuzubillah – İslama rəxnə vuruyorsunuz. Soldan dəxi iddia ediyordular ki, Azərbaycan davası
bizi inqilabçı və hürriyyətpərvər Rusiya
demokratiyasından ayırıyor, xan və bəy hökuməti
düzəltməgə səbəb oluyor.
Fəqət bu gün nə görüyorsunuz? Onlar da, bunlar
da azərbaycançı, Azərbaycan istiqlalını, bizim
bu, dünki münəqqidlərimiz, bu gün olunca qüvvətləri
ilə, bir baxışda hətta bizdən daha ziyadə bir
şiddətlə müdafiə ediyorlar. Biz bununla əlbəttə
ki, iftixar edəriz!
Azərbaycan
muxtariyyəti şüarını ilk dəfə
ortalığa atan Türk Ədəmi-Mərkəziyyət
“Müsavat” firqəsi – bu gün 5 ilə yaxın aləmşümul
bir döyüşdən sonra qalib və məğlub,
bütün zehinlərdə yerləşmiş “Cəmiyyəti-Əqvam”
fikrinə inanmışdı. “Müsavat” firqəsincə
bu cəmiyyət milli dövlətlərin ittifaqından ibarət
olmalı, bu dövlətlər də ədəmi-mərkəziyyət
və muxtariyyət əsasları üstündə
qurulmalıdı.
Bu idrakatə
ürəgi ilə inanan firqəmiz Rusiya inqilabının bəlli
aylarında Petroqrad mərkəziyyətinə şiddətlə
arzukeş olan sosialist cərəyanlarına
uymadığı kibi, əksər zehinləri tutan və bir
növ ruh xəstəligi kibi şiddətli surətdə
sirayət edən “ilhaqçılıq” mərəzinə də
mübtəla olmadı. Öz-özünə
sadiq qalaraq həmişə ədəmi-mərkəziyyətçi
qaldı.
Əvvəla ədəmi-mərkəziyyət, sonra
muxtariyyət, daha sonra cərəyanə tabeən istiqlaliyyət
tərəfdarı, daima Azərbaycan məfkurəsinin
müdafei olan firqəmiz üçün bu gün o
böyük məqsəd hasil olmuşdur. Çünki
artıq nə sağlar, nə də sollar Azərbaycanı
inkar degil, var qənaətləri ilə isbat ediyorlar. Çünki artıq Azərbaycan fikri üzərinə
müsəlman firqələri arasında ixtilafi-nəzər
yoxdur. Çünki artıq cəmaətimizin
zehnində Azərbaycan istiqlalının fikri yer tutmuş,
yerləşmişdir. Çünki
üç rəngli o müəzzəz bayraq artıq siyasətən
həpimizi birləşdirmişdir.
Əvvəlcə firqə Azərbaycan fikrini yalnız
xaricdə degil, daxildə də isbat etmək məcburiyyətində
idi. Bu gün isə firqəmiz daxilən isbat olunmuş
müstəqil bir Azərbaycanın Məclisi-Məbusanında
bulunuyor. Şimdi firqə felən
mövcud olan Azərbaycan istiqlalının hüquqca möhkəmləşməsi,
xaricdə müdafiəsi, daxildə də təşkili
üçün çalışmalıdır. Əgər bu vəqtə qədər “Müsavat”
başlıca məqsədi olan Azərbaycan fikrinə maddi bir
vücud qazandırmaq niyyətilə sabit bir mərkəz
vücudə gətirmək üçün bu məsələdə
kəndisilə müttəfiq bulunan bitərəflərlə
bir qəlibdə bulunuyordusa, şimdi artıq buna ehtiyac yoxdur.
Azərbaycan hər kəs üçün
müdafiə olunur qüdsi və müştərək bir
sitareyi-ümid halına gəldikdən sonra təbiidir ki, mərkəzi-məbusan
təbdil, proqramlarda tələblər təqdim etməlidir.
Firqə
proqramımız ilə tanış olanlar
biliyorlar ki, biz federalist, türkçü və demokratız.
Məsləkimiz milli-demokrat məsləkidir.
Demokratlığımız radikalizm dərəcəsinə
qədər varıyor.
Millətin qüvvətli bir cəhəti-cameəsini
yalnız dində degil, xəlqin “dili dilimdən, dini dinimdən”
– deyə kəndinə məxsus sağlam hədislə dərk
elədigi düsturda görüyoruz. Bu mülahizə ilə
biz məfkurəmizdə böyük türk millətini bir
gün gəlib də bir türk federasyonu qurmaqla bütün
görmək istəriz. Bu ittihadın mədəniyyəti-bəşəriyyə
sərgisinə qiymətdar bir hərs (kültür) bəxş
edəcəginə əminiz. İştə
məqsəd əqsamızın digər dərəcəsi.
Fəqət bu məqsədlərin
fövqündə ülvi bir məqsədimiz daha vardır ki,
o da bütün cahan federasyonu və “Cəmiyyəti-əqvam”dan
ibarətdir.
Bunun bir müqəddiməsi olmaq üzrə Rusiya
inqilabı zamanında yazılan firqə proqramımız
Rusiyada milli və məhəlli muxtariyyətlər əsası
üzərinə qurulu Qoşma Xəlq Cümhuriyyəti
üzərində israr ediyordu. Müsaid bir zamanda, mətlub
şərtlər altında təkrar böylə bir ittifaq əqd
eləmək bizcə yabançı bir fikir degildir. Bilxassə ki, proqramımız vəchilə muxtariyyətlərini
tələb etdigimiz Türküstan, Qırğızıstan,
Başqırdıstan, Volqaboyu və Krım türkləri ilə
biz bu surətlə təkrar əlaqə və irtibat peyda edə
biləriz. Müstəqil Azərbaycan digər
müstəqil Rusiya millətləri ilə azadanə bir surətdə
bağlaşaraq qoşma bir hökumət vücudə gətirə
bilər. Yalnız bu qədər var ki,
ittifaqı azərbaycanlılar degil, Azərbaycan yapa bilər.
Vəziyyəti-beynəlmilliyəmiz
aydınlaşmayınca, kəndi həqqimizi kəndimiz təyinə
səlahiyyətdar olduğumuzu Rusiya ilə bərabər
bütün cahan mədəniyyəti qəbul etməyincə
toplanacaq sülh konfransında dilədigimiz istiqlal təsdiq
olmuyunca – bir kəlmə – hürriyyətimiz beynəlmiləl
bir təminata alınmayınca bittəb heç bir ilhaqdan,
heç bir federasyondan bəhs olunamaz.
Azərbaycan
məsələsi, kim nə deyirsə-desin
artıq beynəlmiləl bir məsələdir. Müstəqil Azərbaycanın xaricən müdafiəsi,
hüquqən təsdiq etdirilməsi yenidən düzələcək
hökumət məramnaməsinin baş sətrini təşkil
eləməlidir. Məclisimiz
açıldığı gündə söylənmiş
“bir dəfə yüksələn bayraq endirilməz!”
sözü dildə degil, işdə də görülməlidir.
Bu xüsusda ciddi çalışmaq əzmində
bulunan hökumət vəziyyətə hakim bulunan müttəfiq
dövlətlərin həqqimizdə göstərdikləri
dostanə təvəccöhdən son dərəcə istifadə
edə bilər. Amerika rəisi-cümhuri
Vilson əsasları Azərbaycan kibi kiçik məmləkətlərin
də böyük məmləkətlər dərəcəsində
həqq və ehtibara malik olacaqlarını elan eləmişdir.
Amerika rəisi-cümhurinin elan etdigi əsaslara
iştirak edən İngiltərə ilə Fransa düvəli-müəzzəmələri
dəxi qurulacaq sülh konfransında millətlərin kəndi
müqəddəratlarını həll etmək ixtiyarında
olduqları düsturunun hakim olacağını elan etmişlərdir.
Buna əlavə olaraq paytaxtımızda əmniyyət
və asayiş təmini üçün müsafir olaraq gələn
müttəfiq ordusu komandanı general Tomson Qafqasiya məsələlərinin
sülh məclisində həll olunacağını rəsmən
bəyan etmişlərdir. Böylə
müsaidkar bir əsəri-təvəccöhi istifadə etmək
və bir vəsilə ilə bütün cahan mədəniyyət
hüzurunda, bilxassə düvəli-müttəfiqə məhafilində
müstəhəqq-istiqlal olduğumuzu isbat eləmək Azərbaycan
hökumətinin “bismilə” siyasətini təşkil eləməlidir.
Bu məsələdə qəvi bir əzm və
sarsılmaz bir səbatla hərəkət edəcək
hökumət hər hankı firqəyə mənsub
olursa-olsun hər növ müavinət və müzhirətimizə
əmin olsun.
(Ardı var)
Məhəmməd Əmin Rəsulzadə
525-ci qəzet.-2014.-
17 may. - S.26-27.