Uğurlu dövlət siyasəti vətəndaş cəmiyyətinin möhkəmlənməsi və inkişafı üçün zəmin yaratdı

 

RAUF ZEYNİ: "AZƏRBAYCANDA QƏBUL EDİLƏN QANUNLAR VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFI ÜÇÜN VACİB BİR PLATFORMA, QANUNVERİCİLİK BAZASI FORMALAŞDIRDI"

Çağdaş dövrümüzdə ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin harmonik və sabit inkişafının təmin edilməsi, hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, dəstəklənməsi cəmiyyətin əsas hədəf və vəzifələrindən biri kimi çıxış edir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının inkişafı dövrü başlayıb. Bu yol heç də hər zaman rahat deyil, bir çox hallarda enişli-yoxuşlu olub. Üçüncü sektor təmsilçiləri öz inkişafında ən müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, nəticə etibarı ilə cəmiyyətdə özlərini təsdiqləyə biliblər. Vətəndaş cəmiyyəti institutları bu gün Azərbaycanda tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi kimi qəbul edilirlər. Artıq vətəndaş cəmiyyəti institutları cəmiyyəti irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə, atdığı addımlara ən müxtəlif formada dəstək vermək potensialına malikdirlər. Şübhəsiz ki, vətəndaş cəmiyyəti institutlarının bu səviyyəyə gəlib çıxmasında Azərbaycan dövlətinin, xüsusilə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi əməli tədbirlərin müstəsna əhəmiyyəti var. Bütün bu müsbət məqamların fonunda müəyyən problemlər və həllini gözləyən məsələlər var ki, bunlar da hələ ki, üçüncü sektorun qarşısında qət ediləcək yolun çox olduğunu deməyə əsas verir. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni ilə söhbətimizi də bu istiqamətdə qurduq.

- Rauf müəllim, QHT-lərlə dövlət orqanları arasındakı münasibətlərdən danışdınız. Bəs, QHT-lərlə özəl sektor arasındakı əməkdaşlıq hansı səviyyədədir?

- Dövlət orqanları ilə olduğu kimi, vətəndaş cəmiyyəti institutlarının özəl sektorla da əlaqələri vacib məsələlərdən biridir. Milli QHT Forumu yarandığı ilk gündən özəl sektorla, sahibkarlıq subyektləri ilə, ümumiyyətlə milli sahibkarlarımızla əlaqələrinin qurulmasını, sıx əməkdadaşlığını dəstəkləyən, istəyən, buna çalışan qurumlardan olub. MQF bu istiqamətdə əlaqələrin qurulması yönündə səylər göstərərək, mövcud əməkdaşlığın yaradılmasında mühüm rol oynayıb. Düzdür, QHT-lərlə özəl sektor arasında müəyyən münasibətlər var, amma hesab edirəm ki, bu yetərli deyil, zəifdir. Bu münasibətlərə əlaqədar müvafiq qanunların qəbul edilməsinin vacibliyini düşünürəm. Məsələn, xeyriyyəçilik fəaliyyəti ilə bağlı qanun qəbul edilməlidir ki, hər hansısa bir sahibkarlıq subyekti üçüncü sektorla əməkdaşlıqda daha maraqlı olsun. Əgər hər hansısa bir sahibkar vətəndaş cəmiyyətinə müəyyən qədər yardım edirsə, o vergidən də bir o qədər azad edilməlidir. Belə bir məqam beynəlxalq təcrübədə də var. Bu istiqamətdə beynəlxalq təcrübəyə dayanan müxtəlif üsullar tətbiq etmək mümkündür. Təbii ki, burada məqsəd özəl sektorla əlaqələri yüksək səviyyəyə çatdırmaq və onların bu məsələdə maraqlı olmasını təmin etməkdir. Düzdür, ölkəmizdə özəl sektorun ictimai sektora dəstək olması, QHT-lərin müxtəlif tədbirlərini, layihələrini maliyyələşdirməsi ilə bağlı müəyyən faktlar mövcuddur. Zənnimcə, bu və ya digər tədbirlərin maliyyələşdirilməsi əməkdaşlıq anlamına gəlməməlidir. Bu, sadəcə bəzi layihələrin həyata keçirilməsi deməkdir. Geniş əməkdaşlığın daha böyük proses olduğunu düşünürəm. Məhz özəl sektorun ictimai sektora güclü, əhəmiyyətli dəstəyi həm qanunvericilikdə, həm də real həyatda öz həllini tapmalıdır. Necə ki, biz dövlətlə sıx əməkdaşlıq edirik, özəl sektorla da bunu gerçəkləşdirə bilməliyik. Yalnız bu halda biz milli sahibkarların, milli burjuaziyanın da köməyi ilə milli vətəndaş cəmiyyəti qura bilərik.

 

- Vətəndaş cəmiyyəti və sosial-iqtisadi inkişafı paralel şəkildə necə analiz etmək olar?

- Məsələlərə konseptual yanaşdığımız təqdirdə sosial-iqtisadi inkişafın birtərəfli olmamasının vacibliyini söyləyə bilərik. Sosial-iqtisadi inkişaf həm də paralel olaraq vətəndaş cəmiyyətinin inkişafı deməkdir. Ölkəmizdə dövlət sektoru ilə bərabər özəl sektor da inkişaf edib. Amma özəl sektorun müəyyən problemləri də var. Bunlarla yanaşı oyektivlik naminə üçüncü sektorun da inkişaf etdiyini deyə bilərik. Lakin dövlət və özəl sektorla müqayisə apardıqda QHT-lərin bunların ikisindən də geridə qaldığını görürük. Əgər biz QHT-lər olaraq dövlət sektoru ilə rəqabət aparmaq, birgə proqramlarda işləmək, eləcə də paralel olaraq ona layiqli partniyor olmaq istəyiriksə, deməli vətəndaş cəmiyyətinin inkişafı da bu sektorlarla, həmçinin sosial-iqtisadi inkişafla bərabər getməlidir. Mərkəzdə QHT-lərin yüksək inkişaf etdiyini söyləsək də, region QHT-ləri üçün bunu deyə bilmirik. Həqiqətən də, regionlarda üçüncü sektor çox zəifdir. Biz regionlarda vətəndaş cəmiyyəti institutlarını inkişaf etdirməliyik. Bu, bizim müqəddəs borcumuzdur. Etiraf etməliyik ki, hazırda müəyyən yad ünsürlər, missionerlər regionlarımıza gələrək öz fəaliyyətləri, maliyyə imkanları ilə çirkin niyyətlərini həyata keçirmək üçün vətəndaşlarımızı cəmiyyətlərinə üzv etməyə, oyunlarının alətinə çevirməyə çalışırlar. Fikrimcə, regionlarımızda vətəndaş cəmiyyəti inkişaf etsə, güclü olsa, belə hallar baş verməz və insanlarımız buna tutarlı cavab verərlər. Bax biz bunu da nəzərə alaraq bütüb regionlarımızda vətəndaş cəmiyyətinin inkişafına var qüvvəmizlə çalışmalı, ona geniş yer verməliyik. Buna yerli icra hakimiyyəti orqanlarında var qüvvəsi ilə çalışmalıdırlar. Onlar da regionlarında vətəndaş cəmiyyətinin, özəl sektorun inkişafında maraqlı olmalıdırlar. Bu, yeni iş yerlərinin açılması ilə yanaşı, gəlir baxımından da dövlətə xeyirli addım olar. Vətəndaş cəmiyyətini də, QHT-ləri də, bütövlükdə cəmiyyətimizin mənəvi durumunu da bir kənara qoymaq olmaz. Biz əgər öz uşaqlarımızı, gənclərimizi, insanlarımızı lazımi səviyyədə ölkəmizin vətəndaşlına çevirə bilməsək, lazımi səviyyədə vətəndaş cəmiyyəti yarada bilmərik. Ona görə də regionlarda bu məsələyə dəstək verilməli, şərait yaradılmalıdır ki, yerlərdə üçüncü sektorun inkişafı geniş miqyasda həyata keçirilsin. Əks təqdirdə biz Azərbaycanın, dövlətçiliyimizin maraqlarına zidd ünsürlərlə qarşı-qarşıya qalırıq. Nəticədə isə acınacaqlı hallarla üzləşə bilərik.

- Sosial problemlərin həllində QHT-lərin oynadığı rol nədən ibarətdir? Bu məsələlərdə üçüncü sektor təmsilçiləri nə dərəcədə iştirak edir?

- Ölkəmizdə sosial yönümlü, bu istiqamətdə fəaliyyət göstərən xeyli sayda QHT var. Onlar həm QHT-lərə Dövlət Dəstəyi şurasının, həm də ayrı-ayrı nazirliklərin maliyyə dəstəyi ilə sosial sahədə xeyli layihələr həyata keçirirlər. Bura əlil uşaqların sosial vəziyyətindən tutmuş, günərzi qayğı mərkəzlərinin yaradılmasına qədər ən müxtəlif istiqamətlər üzrə layihələrin həyata keçirilməsi daxildir. Yəni QHT-lərimiz bütün sosial spektrlərdə layihələrin həyata keçirilməsində fəal iştirak edirlər. QHT-lər yerli donorlarla yanaşı xarici donorlar hesabına da sosial problemləri olan vətəndaşlara bu sahədə yardımlar edilir.

Həqiqətən də bu gün cəmiyyətimizdə valideyn himayəsindən məhrum olan uşaqlarla (biz həm də buna atılmış uşaqlar deyirik) bağlı problemi mühüm yer tutur. Hazırda beş mindən çox valideyn himayəsindən məhrum olan uşaq var. Məhz QHT-lər atılmış uşaqlara yardım, onların mövcud problemlərinin həlli məqsədi ilə mühüm iş aparırlar. Bu məsələ ilə bağlı həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə, həm də digər əlaqədar strukturlarla geniş əməkdaşlıq edirik. Humanist və xeyriyyəçilik tədbirlərin keçirilməsi, kimsəsiz insanlara müəyyən yardımların göstərilməsi, qaçqın və məcburi köçkünlərə yardımların edilməsi bu əməkdaşlığa daxil olan məsələlərdəndir. QHT-lərimiz eyni zamanda şəhid, əlil alilərin sosial problemləri, qayğıya ehtiyacı olan insanlara yardımların edilməsi məsələsində fəallıq nümayiş etdirirlər. Bu insanların pulsuz kurslara cəlb edilməsi, müəyyən bilik və bacarıqların öyrədilməsi baxımından da mühüm işlər aparırıq. Eyni zamanda bu sahədə fəaliyyət göstərən QHT-lərimiz müntəzəm olaraq monitorinqlər aparır və sosial problemləri aşkarlayırlar. Üzə çıxarılan problemlər müvafiq qurumlara təqdim edilir. Nəticədə isə aidiyyatı qurumlar bu problemlərin həlli istiqamətində müəyyən addımlar atırlar. Hesab edirəm ki, bütün bunlar üçüncü sektorun sosial problemlərin həllində oynadıqları mühüm roldur. Gələcəkdə biz bu sahədə işlərimizi daha da genişləndirmək və qayğıya ehtiyacı olan insanların problemlərin həllində bir qədər də yaxından iştirak edəcəyik.

 

(Ardı var)

 

Aqil LƏTİFOV

525-ci qəzet.-2014.- 20 may. - S.6.