“Uğurlu dövlət
siyasəti vətəndaş cəmiyyətinin möhkəmlənməsi
və inkişafı üçün zəmin
yaratdı”
RAUF ZEYNİ: “AZƏRBAYCANDA QƏBUL
EDİLƏN QANUNLAR VƏTƏNDAŞ
CƏMİYYƏTİNİN İNKİŞAFI
ÜÇÜN VACİB BİR PLATFORMA,
QANUNVERİCİLİK BAZASI FORMALAŞDIRDI”
Çağdaş dövrümüzdə ictimai
həyatın demokratikləşdirilməsi,
insan hüquq və azadlıqlarının
qorunması, cəmiyyətin
harmonik və sabit inkişafının təmin edilməsi, hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri
kimi vətəndaş
cəmiyyətinin inkişaf
etdirilməsi, dəstəklənməsi
cəmiyyətin əsas
hədəf və vəzifələrindən biri
kimi çıxış
edir. Müstəqillik əldə etdikdən
sonra Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının
inkişafı dövrü
başlayıb. Bu yol heç də hər zaman rahat deyil,
bir çox hallarda enişli-yoxuşlu
olub. Üçüncü sektor təmsilçiləri
öz inkişafında
ən müxtəlif çətinliklərlə üzləşmələrinə
baxmayaraq, nəticə
etibarı ilə cəmiyyətdə özlərini
təsdiqləyə biliblər.
Vətəndaş cəmiyyəti institutları
bu gün Azərbaycanda tərəqqi
proseslərinin, novatorluğun,
modernləşmə təşəbbüslərinin
lokomotivi kimi qəbul edilirlər.
Artıq
vətəndaş cəmiyyəti
institutları cəmiyyəti
irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə,
atdığı addımlara
ən müxtəlif formada dəstək vermək potensialına malikdirlər. Şübhəsiz
ki, vətəndaş
cəmiyyəti institutlarının
bu səviyyəyə
gəlib çıxmasında
Azərbaycan dövlətinin,
xüsusilə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi əməli tədbirlərin müstəsna
əhəmiyyəti var. Bütün
bu müsbət məqamların fonunda müəyyən problemlər
və həllini gözləyən məsələlər
var ki, bunlar
da hələ ki, üçüncü sektorun qarşısında
qət ediləcək
yolun çox olduğunu deməyə əsas verir. Milli Qeyri-Hökumət Təşkilatları
Forumunun prezidenti Rauf Zeyni ilə
söhbətimizi də
bu istiqamətdə qurduq.
– Dövlətçiliyə
xidmət, milli maraqlardan çıxış
etmək vətəndaş
cəmiyyətinin fəaliyyətinə
məhdudiyyətlərin yaradılması
demək deyil. Təşkilatlarımız öz fəaliyyətlərində
bütün mənalarda
Azərbaycan vətəndaşının,
vətəndaş cəmiyyətinin
hüquq və azadlıqlarını qorumağı
özünün başlıca
missiyası kimi görür. Eyni zamanda
bütövlükdə fəaliyyətimizdə
ictimai nəzarəti həyata keçirməyə
borcluyuq. Hər hansı bir nöqsanlar varsa, onu üzə çıxarmalı və
onların həll olunması istiqamətində
müvafiq qurumlarla birgə iş aparmalıyıq. Bu da o deməkdir ki, biz müstəqil fəaliyyət göstərməliyik.
Heç
bir dövlət qurumu, hansısa məmur məcbur edə bilməz ki, biz fəaliyyətimizi məhdudlaşdıraq. Bu,
bizim mövqeyimizdir ki, dövlətçiliyimizi
və milli maraqlarımızı müdafiə
edək. Amma hər
bir təşkilatımızın
öz funksiyaları
var. Vətəndaşların hüquq və azadlıqlarının qorunması,
müdafiə edilməsi
o demək deyil ki, sən hansısa
məmura, dövlət
qurumuna qarşı çıxırsan, ona qarşı fəaliyyət
göstərirsən. Hesab edirəm ki, bu, düzgün düşüncə deyil.
Biz bütün sahələrdə öz fəaliyyətimizi göstəririk,
təşkilatlarımız üzərlərinə düşən
funksiyaları azad şəkildə yerinə
yetirirlər. Bu fəaliyyətlə bağlı
da təşkilatlarımız
müxtəlif hesabatlar
hazırlayırlar. Həmin hesabatları
həm beynəlxalq, həm də yerli qurumlara təqdim edilir. Bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirmək niyyətindəyik.
– Rauf müəllim, QHT-lərin Qarabağla bağlı mövqeyi və fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
– Biz, MQF olaraq, bu məsələyə
xüsusi həssaslıqla
yanaşırıq. Bugünə kimi Foruma üzv
olan təşkilatların
fəaliyyətində əsas
istiqamətlərdən birini
Azərbaycan torpaqlarının
işğaldan azad edilməsi, ermənilərin
ərazilərimizi tərk
etməsi, qaçqın
və məcburi köçkünlərin öz
yurd-yuvalarına qaytarılması,
erməni vəhşiliklərinin
dünya ictimaiyyətinə
çatdırılması təşkil edib və edəcək. Bu istiqamətlərdə üçüncü sektor
təmsilçilərinin doğurdan
da mühüm fəaliyyətləri olub
və bu fəaliyyət davam etdirilməkdədir. Mövzu ilə
bağlı QHT-lərin
fəaliyyəti ictimaiyyət
tərəfindən də,
dövlət tərəfindən
də müsbət dəyərləndirilir. Amma etiraf
etmək lazımdır
ki, bütün bu fəaliyyətə baxmayaraq, 20 ildən artıqdır, torpaqlarımız
işğal altında
qalıb. Torpaqlarımızı itirsək də, hələ ki, ümidimizi itirməmişik.
Yəni torpaqlarımızın işğaldan
azad ediləcəyinə
inanırıq. Ümidvarıq ki, dövlət başçısının bu
istiqamətdə apardığı
uğurlu siyasət məhz torpaqlarımızın
işğaldan azad edilməsi ilə yekunlaşacaq. Xalqımızın səbrinin də tükənmə anı
var. Hesab edirəm ki, Minsk Qrupu, digər beynəlxalq təşkilatlar Qarabağ
münaqişəsinin həll
olunması istiqamətində
əməli işlər
görməlidirlər. Görəsən, beynəlxalq təşkilatlar,
güclü dövlətlər
beynəlxalq hüquq normaları çərçivəsində
nə vaxt öz vəzifələrini
icra edəcəklər?
BMT tərəfindən qəbul edilən 4 qətnamə nə üçün icra edilmir? Nəyə görə başqa
ölkələrlə bağlı
qəbul edilən qərarlar dərhal icra edilir, amma
bizim haqlı məsələmizlə bağlı
qəbul edilmiş bu qətnamələr icra edilmir? Maraqlıdır ki, işğalçı
ölkə olan Ermənistan heç bir beynəlxalq hüquq normalarını nəzərə almır,
məlum BMT qətnaməsinə
məhəl qoymur.
Bu məqama biz vətəndaş cəmiyyəti
olaraq qəti etirazımızı bildiririk.
Dəfələrlə bu məsələ
ilə bağlı bəyanatlar vermişik.
Bu sahədə işimiz
bununla yekunlaşmır,
daha geniş iş aparmağa məcburuq.
Eyni zamanda üçüncü sektor olaraq Minsk Qrupunun səmərəsiz və nəticəsiz fəaliyyətini qəbul etmirik. Hesab edirik ki, bütün bu fəaliyyətlər Azərbaycan xalqının, habelə ictimaiyyətimizin başının qatılması və yuxuya verilməsi üçün bir oyundur. Bizə belə bir fəaliyyət deyil, səmərəsi olan, torpaqlarımızı işğaldan azad edən, sülhə səbəb olan, erməni vəhşiliyinə son qoyan fəaliyyət lazımdır. Bu fəaliyyət varsa, həmsədrlərin işi davam etdirilsin. Yox əgər belə bir fəaliyyət olmayacaqsa, onlar bundan sonra da indiyədək olan nəticəsiz işlərini davam etdirəcəklərsə, o zaman Minsk Qrupu bizə lazım deyil. Belə olan təqdirdə Azərbaycan nəhayət ki, beynəlxalq hüquq normaları çərçivəsində torpaqlarını işğaldan azad etmək hüququndan istifadə edəcək. Bu məsələdə anti-terror koalisiyası təşkilatları Azərbaycana dəstək verməlidirlər. Çünki biz terroristləri və işğalçıları ərazilərimizdən çıxarmaq istəyirik, başqa dövlətin ərazisini işğal etmirik. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayır ki, İrəvan, Zəngəzur, Göyçə bizim dədə-baba, tarixi torpaqlarımızdır və bu ərazilərdə Ermənistan dövləti qurublar və biz ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Biz işğal altında olan torpaqlarımızla yanaşı, tarixi ərazilərimiz uğrunda da mübarizə aparmalıyıq. Bununla bütün beynəlxalq aləmi məlum həqiqətlərdən xəbərdar etməliyik. Bizim beynəlxalq haqlarımız var və Azərbaycan dövləti buna əməl etdiyi kimi, başqa ölkələri də buna riayət etməyə çağırır. Əgər Qarabağ problemi beynəlxalq hüquq normaları, sülh danışıqları çərçivəsində həll edilmirsə, regionda ən qüdrətli orduya sahib olan Azərbaycan öz güclü ordusundan istifadə edərək torpaqlarını işğaldan azad etməyə tam qadirdir. Bizim vətəndaş cəmiyyəti olaraq fikrimiz bundan ibarətdir ki, Azərbaycan 25 ildir ki, üzərinə düşən bütün güzəştləri edib və bundan sonra hansısa güzəştə gedilməməlidir. Əgər aidiyyəti təşkilatlar fəaliyyətlərində ciddi dönüş etməsələr, biz vətəndaş cəmiyyəti olaraq daha ciddi iş aparacağıq və Azərbaycan ictimaiyyəti məsələ ilə bağlı öz sözünü deyəcək. Artıq yetər. Bir xalq torpağını işğaldan azad etmək üçün daha neçə il gözləməlidir? Bu nə qədər ədalətsiz bir vəziyyətdir. Bu ədalətsizliyə dərhal son qoyulmalıdır.
– QHT-media münasibətlərini necə qiymətləndirirsiniz?
– Biz QHT-lər olaraq media ilə münasibətlərdən çox razıyıq. Əslində vətəndaş cəmiyyətinin bu yerə gəlib çatmasında, əldə etdiyi nailiyyətlərdə medianın xüsusi xidmətləri olub. Təbii ki, bu belə də olmalıdır. Çünki media ilə QHT-lərin hər biri vətəndaş cəmiyyəti institutunun üzvləri olaraq daha sıx əlaqədə olmalıdırlar. Ona görə də bu illər ərzində bizə təmənnasız xidmət göstərdiyinə görə media orqanlarına dərin minnətdarlığımı bildirirəm. Bütün bunlarla yanaşı media ilə əlaqələri daha da genişləndirməyi düşünürük. Ümidvaram ki, gələcəkdə media ilə əlaqələrimiz daha da gücləndiriləcək. Bizim ümumi fəaliyyətimizin qayəsini güclü, qüdrətli Azərbaycan dövlətinin qurulması təşkil edir. Sevindirici haldır ki, artıq güclü dövlətimiz təkcə burda deyil, xarici ölkələrdə də mühüm tədbirlər həyata keçirir. Təbii ki, güclü dövlətimiz torpaqlarımızı işğaldan azad etməklə yanaşı, daha böyük nailiyyətlər əldə edəcək.
Aqil LƏTİFOV
525-ci qəzet.- 2014.- 24 may.- S.30.