Əsərləri
V cild
(1918 – aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni,
ön sözün müəllifi, lüğətin tərtibçisi
Şirməmməd Hüseynov
Transliterasiya
redaktorları: professor
Şamil Vəliyev, elmi işçi Samir
Xalidoğlu (Mirzəyev)
(Əvvəli
ötən şənbə sayımızda)
Müstəqil bir cüzini təşkil elədigimiz
Qafqasiya öylə siyasi bir vəziyyət
qarşısındadır ki, buradakı cavan cümhuriyyətlər,
Azərbaycan da daxil olduğu halda ancaq ittifaq və yalnız
dostluqla rəftar edə bilər və böylə rəftar
edə bildikləri gündən etibarən xilas olurlar. Buna görə
də xarici siyasətimizin “əlhəmd”isini Qafqasiya
ittifaqı təşkil etməlidir. Siyasət
və iqtisadca su ilə havaya olduğu kibi möhtac
bulunduğumuz bu ittifaq xatirinə aramızdakı bütün
ixtilaflı məsələləri sülh, müsalimət,
mülayimət və qarşılıqlı güzəşt
və ən sonu hökm vasitəsilə həll etmək tərəfdarıyız.
Hər halda həqiqi və həyati mənfəətlərimizi
fəda etməmək şərtilə bu kibi məsələləri
qansız həll edən hökumət ən ziyadə himayə
edəcəgimiz hökumətdir.
Bizimlə həmdərd olan Gürcüstan, Ermənistan
dövlətləri ilə hüsni-münasibətimizin
könül arzu elədigi dərəcədə səmimiləşdirilməsini
şiddətlə arzu edəriz. Fəqət bununla bərabər
istərdik ki, Qafqasiya millətlərinin hürriyyət və
istiqlalına gələcək zərbəyə hər kəsdən
ziyadə və həpimizdən əvvəl məruz qalacaq
Şimali Qafqasiyalı qardaşlarımızın müqəddəratı
hər zaman nəzərimizdən uzaq qalmasın. Biləlim ki, orada “qəlyanaltı” edəcək
“bolşevik” burada “nahar” yeyəcəkdir. Bunu
qətiyyən unutmamalı, ona görə də tədarük
görməlidir.
Digər dövlətlərlə dəxi münasibata
girişmək, bilxassə yeni vücudə gələn
dövlətlər nəzdinə nümayəndələr
göndərib də onların nümayəndələrini nəzdimizə
cəlb etmək xariciyyə nəzarətimizin ilk dərəcədə
görüləcək işlərindən olmalıdır.
Xaricən böylə sülh və müsalimətlə
hərəkət edəcək hökumət daxilən də
hürriyyət, müsavat, ədalət və əmniyyət
təsisinə cəhd etməlidir. Həqqimizi isbat etmək
istehqaqımızı göstərmək nöqteyi-nəzərindən
dəxi daxili işlərimizi yoluna qoymaq, bütün idarələrimizi
tənzim etmək məcburiyyətindəyiz.
Böyük Rusiya inqilabından qazanılan söz,
yazı, vicdan, ictimai, ittifaq kibi əhli-vətən hürriyyətləri
tamamilə təhti-təminə alınmalı, Azərbaycan
müsalihəkar, hürriyyətpərvər bir hökumət
olmalıdır. Əgər bu günə qədər hərb və
inqilab əhvali-fövqəladəsindən naşi bu kibi məqsədlər
könül dilədigi kibi hasil olmamışsa bunun bir an əvvəl qövldən-felə gətirilməsinə
çalışmalıdır. Eyni səbəblə
bu vəqtə yalnız müsəlmanlardan təşəkkül
edən heyəti-vükəla dəxi ədalət üzərinə
müstənid müştərək bir hökumət şəklində
olmalıdır. Milləti-məhkumluq
acısını dadmış olan Azərbaycan türkü məhkum
millət yaratmaz. Azərbaycan Cümhuriyyəti
övladını ögey-doğmaya ayırmaz: erməni, rus,
yəhudi, gürcü, nemsə, polyak və sair azlıqda olan
millətlər Azərbaycan vətəndaşı qalmaqla bərabər
milli-mədəni muxtariyyətə malik olub kəndi
ümuri-məzhəbiyyə, milliyyə və mədəniyyələrini
kəndiləri idarə etməlidirlər.
Keçmişin məşum tərkəsi olan erməni-müsəlman
hadisati-əliməsinə bir daha meydan verilməmək
üçün hökumət hər növ fədakarlığa
təhəmmül etməli, bu yurd dağıdıcı ədavətin
izaləsinə səy etməlidir. Bu xüsusda qəti və
bitərəfanə qərar və tədbirlər ilə
hökumət mart və sentyabr hadisələri kibi fəngir
hadisələrin bir daha təkrar edilməyəcəgi həqqində
həqiqi təminat verməlidir.
Bütün aləmi istila edən demokratik cərəyanın
yol alıb getdigi böylə bir zamanda Rusiya inqilabi-kəbiri
kibi müdhiş bir ixtilal məşiməsindən doğmuş
bir cümhuriyyəti təsis və idarə edəcək
hökumət daxili siyasətində hər şeydən ziyadə
demokrasi sinfinə köylülərlə əmələlərə
istinad etməlidir. Fövqəladə bir surətdə
bahalaşan məişətin ən ağır yükü
millətin əksəriyyəti-əziməsini təşkil
edən bu iki sinfin omuzundadır. Binaənileyh əkinçiyə
yer, əmələyə iş verilməlidir. Yeri biz necə veriyor, iş üçün nə
düşünüyoruz deyə vaqe olan firqə
proqramını nəql ediyoruz:
Topraq məsələsi
32) Xəzinəyə,
sabiq padşaha və padşah nəslinə mənsub xanədanə:
öylə də mülkədarlarla xüsusi maliklərə
məxsus olan bütün topraqlar pulsuz və əvəzsiz
olaraq zəhmətkeş və rəncbər xəlqə veriləcəkdir.
33) Bu surətlə
zəhmətkeş və rəncbərlərə veriləcək
topraq onların kəndi mülkiyyətinə verilib haman yer üzərində bütün
hüquqa malik olacaqlardır.
34) Hər
bir əldə qalacaq və ya bulunacaq toprağın ən
çox miqdarı qanunən təyin olunub ondan artıq kimsəyə
topraq sahibi olmaq həqqi verilməyəcəkdir.
35)
Toprağın pulsuz və əvəzsiz surətdə rəncbərlərə
verilməsi üzündən xəsarətdidə olan xüsusi
maliklərə gördükləri ziyan müqabilində xəzinə
tərəfindən mütərəqqi gəlir vergisi əsasilə
varlı siniflərdən alınan vergi yolu ilə hasil
olmuş xüsusi bir məbləğ (fond) hesabına olacaq
mükafat veriləcəkdir.
36)
Mülkiyyət toprağın üzərinə olub
altındakı mədəniyyat isə beytülmala (muxtariyyət
xəzinəsinə) məxsusdur ki, nə surətlə istifadə
olunması dövlət tərəfindən qoyulacaq xüsusi
nizam və qanuna bağlıdır.
37)
Meşələr, cəngəllər, göllər, duzlaqlar və
axar sular ümumidir. Onların idarəsi məhəlli
idarələrin əlində olub xüsusi adamların onlardan
faydalanmasının tərtibi dəxi məzkur idarələrə
bağlıdır.
İşçi
məsələsi
İşçiləri
zəhmətin ağır məşəqqətindən
bilnisbə rahət etmək üçün firqə
aşağıdakı maddələri tələb ediyor:
38) Hər
bir muzdur, qulluqçu, əmələ və fəhlə
üçün iş günü səkkiz saətdən
artıq olmamalıdır.
39) Hər
bir muzdur, qulluqçu, əmələ və fəhlə
üçün erkək-qadın fasiləsiz olaraq həftədə
24 saətlik istirahət müddəti qanunən müqərrər
olunuyor.
40) Qanunən
müəyyən olan iş günündən artıq işləmək
qaidəsi tamamilə mən edilməlidir.
41) Gecə
qulluğu axşam saət 9-dan saət 6-ya qədər
yasaqdır. Fəqət işin texnikası tələb
elədigi təqdirdə və əmələ təşkilatı
tərəfindən caiz görüldügü halda gecə
xidməti görülə bilər.
42) 16
yaşına qədər məktəb sinnində olan
balaların çalışdırılması məmnudur. 16
yaşından 18 yaşına qədər olan cavanların
iş günü isə 6 saətdən artıq olamaz.
43)
Qadınları səhhət və vücudlarına zərərli
olan işlərdə çalışdırmaq məmnudur. Hamilə olan qadın xidmətkarlar
doğduqlarından 4 həftə əvvəl və 6 həftə
də sonra xidmətdən azad edilib və bu azadlıqları
müddətində dəxi muzd və məvaciblərini
tamamilə alacaqlardır.
44)
Qadın əmələ və fəhləsi olan hər bir
fabrika, zavod və sair kəsbxanalar yanında südəmər
uşaqlara məxsus tərbiyəxanalar yapılacaq, uşaq əmizdirən
ana-qulluqçular hər 3 saət arasında yarım saətdən
az olmamaq şərtilə xidmətdən
azad ediləcəkdir.
45) Tamamilə
və ya qismən işləmək qabiliyyətini itirmiş
olan əmələlər dövlət tərəfindən
xüsusi bir fond (sərmayə) hesabına sığorta
olunacaqlardır. Bu fond dəxi sərmayədarlardan
alınan xüsusi bir vergi hasilatından əmələ gələcəkdir.
46) Muzd və
məvacib müqabilində nəqd əvəzinə cins vermək
qaydası tamamilə mən ediləcək, muzd və ya məvacib
isə həftədə bir dəfə iş müddəti əsnasında
veriləcəkdir.
47) Cərimə
xarab olan və ya bəgəniləməyən mətain
mayasını qaytarmaq və sairə kibi hər növ ittifaq
və səbəblərdən ötrü olsa da fəhlələrin
həqq və hesabından pul çıxmaq qaidəsi
kökündən mən edilməlidir.
48) Hər
növ emalatxanə, kəsbxanə, fabrika, zavod və sairəyə
kifayət edəcək qədər fabrika müfəttişləri
(inspektorlar) təyin edilməlidir. Dövlətə
məxsus olan sənaətxanələr, xadimə və
qulluqçusu olan kəsbxanələr dəxi bu müfəttişlərin
nəzarətinə tabedirlər. Bu cümlədən
olaraq ev qulluqçuları ilə nökərlər
dəxi fabrika müfəttişliginə tabedirlər. Qadınların çalışdığı yerlərə
qadın müfəttişlər təyin olunmalıdır.
Fabrika, zavod və zəhmətin müdafiəsinə
məxsus nəşr olunan qanunların kamilən yerinə
yetirilməsinə baxmaq üçün əmələlər
tərəfindən seçilmiş vəkillər dəxi
iştirak etməlidirlər. Bu vəkillərə
dövlət tərəfindən maaş
veriləcəkdir. Əmələlər tərəfindən
seçilən bu vəkillər əmələyə verilən
materiallara onların (brakovka) yaramazlığa, ələlümum
işin nəticəsinə nəzarət etməlidirlər.
49)
Sahibkarlar tərəfindən əmələlərə məxsus
olaraq verilən evlərlə mənzillərin səhhətə
müvafiq olub-olmamasına, məzkur otaqların daxili səliqə
və tərtibatına və onların kirayə verilmək
şəraitinə baxmaq və həmçinin iş sahiblərinin
əmələlərin ev işlərinə
müdaxilə etmələrinə meydan verməmək
üçün bu mənzillər məhəlli idarələr
tərəfindən təftiş olunub nəzarət altına
alınmalı, bu nəzarətə əmələlərin vəkilləri
də iştirak etməlidirlər.
50) Hər
bir kargah, fabrika və emalatxanə müntəzəm surətdə
iş sahiblərinin nüfuzundan azad səhiyyə nəzarətləri
təsis olunmalıdır. İş sahiblərinin
hesabına olaraq əmələlərə müftə dərman
verilməli və azarlandıqları müddətcə məvacibləri
dəxi özlərinə yetişməlidir.
51) Səy
və zəhmət qanununu sındıran iş sahibləri
cinayət qanunu mövcibincə məsuliyyətə
alınmalıdırlar.
52) Hər
bir kargah və kəsbxanədə yarısı iş sahiblərindən,
yarısı da əmələlərdən ibarət
xüsusi mühakimə heyətləri təşkil
olunmalıdır.
53) Yerli və
xaricdən gəlmə əmələ və işçilərə
qulluq tapmaq üçün kontorları (məsai birjası) təsis
etmək işi məhəlli idarələrə həvalə
olunmalı, bu kontorlarda əmələ təşkilatı tərəfindən
seçilmiş vəkillər dəxi iştirak etməlidirlər.
Millətin özəgini təşkil edən xəlq
baxımsızlıq üzündən müsri xəstəliklərə
tutularaq minlərlə qırılıyor. Təbiidir ki,
tədabiri-səhiyyə imdikindən daha ziyadə bir ciddiyyətlə
əxz olunmalıdır.
İaşə
(ərzaq) məsələsinin islahı, bu xüsusda ən təsirli
bir çarə ola bilər. Fəqət bunun üçün də yolların tərtib
və əmniyyəti, başqa millətlərlə ticarət
mübadiləsinin təshil və əmniyyəti əlzəmdir.
Məarif daha ziyadə yapılmalı və daha ziyadə
milliləşməlidir. Köylər məktəb şəbəkələri
ilə, şəhərlərdə darülmüəlliminlərlə
dolmalıdır. Dövlət müəssisələri
ilə təhrirati-rəsmiyyənin mümkün olduqca milliləşməsinə
cəhd etməlidir.
Əlbəttə unutmuyoruz ki, hökumət eləmək
bir tərəfdən xəlqin etimadını qazanmaqla olursa,
digər tərəfdən dəxi cəbri-qüvvəyə
istinad etməklə olur. Bunun üçün də əskəri
təşkilata son dərəcədə əhəmiyyət
verməlidir. Dövlətin xaricən
müdafiəsi daxilən də müsaliməti bunu iqtiza
ediyor. Xidməti-əskəriyyə
bütün xəlq təbəqələrinə müsavi surətdə
təhmil olunmalıdır.
Dövlət
büdcəsinin ağırlığı onsuz da ağır
bir həyat keçirən xəlqin üzərinə degil,
daha ağ gün və daha zəngin siniflərə
təhmil olunmalıdır.
Yeni
qurulacaq hökumətdən daxilən və xaricən bu
proqram daxilində fəaliyyət istiyəcək Məclisi-Məbusan,
eyni zamanda kəndisi dəxi bizzat Azərbaycan Məclisi-Müəssisanını
dəvət eləmək üçün imdidən təşəbbüsdə
olmalı, qanuni-intixab yazılması üçün bir an əvvəl məxsusi bir komisyon
ayırmalıdır.
Bayaqdan bəri zikr etdigim mətləbləri məmləkətin
istiqlalını müdafiə və millətin həyatını
mühafizə etmək əzm və qəviyyəsilə təşəkkül
edəcək bir hökumətdir ki, vücuda gətirə bilər. Böylə
bir hökumət yalnız içində bulunduğumuz şəraiti-hazirəyə
görə tərəqqipərvər bir koalisyon surətilə
təşəkkül edə bilər.
Bu surətlə qurulacaq hökumət firqə və
milliyyət etibarilə müştərək olmalı və
hər bir cəhətcə parlaman hüzurunda məsul
bulunmalıdır. Yalnız böylə bir üsul ilə təşkil
olunacaq hökumətdir ki, əlbirligi ilə xilasına borclu
olduğumuz vəziyyəti qurtarıb hürriyyət və
istiqlalımızı təmin ilə bizi həm Məclisi-Müəssisan
hüzuruna çıxarar, həm də
istiqlalımızın beynəlmiləl təsdiqini
asanlaşdırar.
“Azərbaycan”,
12 qanuni-əvvəl (dekabr) 1918, ¹63
Təbdil
– dəyişdirilmiş
Həqqa
– doğrusu ki
Müddə
– tələb edəni
Sitarə
– ulduz
Əqsa –
uzaqda olan
Bismilə – “bismillah”ın ixtisarıdır.
Müzahirət
– yardım, kömək
Cüzi –
hissə
Mülayimət
– mülayimlik
İstehqaq
– haqlı olma
Müsalihə
– barışıq
Müstənid
– sübutlu, əsaslanan
Fəngir
– hiyləgər
Mən –
qadağan
Məmnu
– qadağan
Müsri
– yoluxucu
Əxz – əldə
etmə
Təshil
– asanlaşdırma
Təhmil
– yükləmə, yüklədilmə
Qəviyyə
– qüvvətli, mətin
Hadisələrin
mənası
Dünya müharibəsində üz-üzə gələn
böyük dövlətlərdən İngiltərə,
Fransa və Amerika zümrəsi nəhayət qalib gəldi. Rusiya, Avstriya, Almaniya
zümrəsi isə məğlub oldu. Yalnız
məğlubiyyətlə qalmadı. Bu
dövlətlər daxilində inqilablar zühur etdi.
Bu hadisələrin mənasını anlamaq lazım. Çoxları
diyorlar ki, inqilab çıxdı, çünki məğlub
oldular. Bəziləri də diyorlar ki, məğlubluqlarına
bais olan səbəb, inqilablarına bais olan səbəbin
eynidir.
Əcəba, bunların hankısıdır? Nədir bu əqlləri
heyran buraxan hadisələrin səbəbi?
Dövlət, insanların müxtəlif şəkillərdə
bulunan cəmiyyətlərindən birisidir. Cəmiyyətin
tərəqqisi vardır. Bu tərəqqi
müəyyən qaidələrə və qanunlara tabedir.
Müəyyən bir şəkli-siyasiyyəyə
girincəyə qədər cəmiyyət müxtəlif
hallar keçiriyor. Fəqət hər
hankı halda olursa-olsun, cəmiyyətin özünəməxsus
daxili təzadları vardır. Təzadlar ictimai
olduğu kibi, siyasi də ola bilər. Siyasi təzadların da ənvai vardır. Bu təzad sinfi də olur, milli də.
Hərbi-ümumiyə iştirak edən böyük
dövlətlərin bünyələrində müxtəlif
təzadlar vardır. Bunların həpsində müştərək bir təzad
vardı: ictimai müsavatsızlıq. Məmləkətin
məhsulatı Avropa dövlətlərindən heç
birisində daha müsavat üzrə təqsim edilmiyor. Sosializm heç yanda tətbiq olunmamışdır.
Dövlətli-kasıb, tox-ac davası hala
hökmündə baqidir. Bu təzad
İngiltərədə də, Fransada da, Almaniya, Avstriya və
Rusiyada da mövcud idi və hala dəxi mövcuddur.
Bundan keçdikdən sonra bir də siyasi təzad
vardır. Siyasi təzad millətin tərəqqiyati-ictimaisi ilə
malik olduğu şəkli-hökumət arasında hasil olur.
Əhalinin müstəhsil qismi, demokrasi sinfi
idrak sahibi olur. Tərəqqi edər,
gözü açılır, sinfi ehtiyaclarını dərk
edər. Buna müqabil siyasi şərait və
hürriyyətlər istər, istədigi siyasi şəraiti
hasil etməyincə əfkari-ümumiyyə ilə hökumət
və tərzi-hökumət arasında bir ixtilafdır
çıxar ki, bu da siyasi bir təzada bais və fürsət
hasil olunca böyük bir böhrana səbəb olur.
Rusiyada yeni həyata girmiş, fəal, münəvvər
bir burjua sinfi vardı. Rusiya demokratiyası inqilabpərvəranə
fikirlərlə pərvəriş tapıyordu. Qüvvətli parlaq bir ədəbiyyat, mütəfəkkir
və münəvvər ürəfa vücudə gəlmişdi.
Əfkari-ümumiyyə başqa bir məcrada
axırdı. Məmləkət dərəbəylikdən
qalma qəliblərə sığmıyor, hürriyyəti-siyasiyyə
tələb ediyordu. Halbuki çarizm haman
əski üsul ilə duruyordu. Hökumət məmləkətin
münəvvər və fəal əsnafına degil, köhnəpərəst,
mürtəce dvoryanstvoya istinad ediyordu. Ruhla
qəlb arasında bir təzad vardı. Ruh-qəlbə
sığmıyordu.
Almaniya da öylə idi. Almaniyada olduqca qüvvətli,
mütəşəkkil bilikli, bacarıqlı bir xəlq,
dünyanın müəzzəm və müntəzəm bir təşkilata
malik mücərrəb əmələ firqəsi varkən
hökumət aparatı feodal halı ilə yaşayan əskəri
bir firqənin əlində, iqtidar yarım dərəbəgi
hökmündə bulunan xanədanlarda idi. İntixabi-ümumi yox, məsuliyyəti-vüzəra
yox idi. Demək ki, burada da ruhla qəlb
arasında siyasi bir təzad vardı. Yalnız
alman sisteminin intizamı bu təzadın Rusiyada olduğu qədər
məhsus olmadığına səbəb oluyordu.
Avstriya kəza bu dərdə mübtəla idi. Şu qədər var ki,
Avstriyanın Almaniyadakı demokrasi cərəyanından daha
şiddətli bir böhrani-siyasiyyədən başqa digər
bir bəlası dəxi vardı: milli təzad. Avstriya
müxtəlif millətlərdən təşəkkül
etmişdi. Bu millətlər kəndi həqlərini
tələb ediyorlardı. Hissi-milli, həqqi-milliyi
arıyorlardı. Halbuki Avstriya-Macarıstan
səltənəti bu hisslərin fövqündə mətbu və
nazim rolunu oynuyordu. Demək ki, millətlə
dövlət arasında bir təzad, bir mübarizə
vardı.
Bu dərd ilə Avstriya yalnız degildi. Rusiya da bu dərddə
idi. Rusiya da onun kibi qurama bir hökumət
idi. Rusiyada dövlət milləti əziyor,
millət ilə dövlət arasında qatı mübarizələr
davam ediyordu.
– Dövlət
və millət kəlmələrini mütəzad və
mütbarz mənada işlətiyoruz. Halbuki əksərən
dövlət ilə milləti bir biliyorlar. Çünki dövlət də millətin bir şəkli-digəridir.
Millət özək, dövlət
qabıqdır. Fəqət bu tərif
şümuli bir millətə aid olan dövlətlər həqqində
səhihdir. Digər təbirlə demək
olar ki, bu tərif təbii təşkilata malik olan dövlətlər
həqqindədir. Çünki ən təbii
dövlət milli olan dövlətdir. Fəqət
təhti-idarəsində bir çox millətlər olan
dövlətdə məlumdur ki, dövlət mənasilə
millət mənası bir olamaz. Nasıl
ki, Avstriya-Macarıstan dövləti daxilində
çex-slavak, macar, alman, polyak, rosin, rumın, italyan millətləri
olduğu kibi, Rusiya dövləti daxilində də rus, fin,
türk, erməni, gürcü, ukrayna və sairə millətlər
vardı.
Halbuki İngiltərə, Fransa sonra isə müdaxilə
edən Amerika dövlətləri ictimai bir təzada, yəni
sinif müsavatsızlıqlarına malik idisələr də,
şəkli-hökumətləri bu biri məmləkətlərdə
olduğu qədər dərin bir təzad ilə azarlı
degildi. Bu hökumətlər bilnisbə demokratik və o dərəcədə
də milli hökumətlər idi. İngiltərədə
bir “İrland” məsələsi var idisə də,
Avstriya-Rusiya dərəcəsində degildi. Fransa bu məsələyə tamamilə
yabançı idi. Amerikada kəza milli
ziddiyyət yoxdu.
(Bu məmləkətlərin daxili təşkilatı nəzərə
alınaraq hökm veriliyor. Qanuni-siyasəti
başqa bir məsələdir).
Yuxarıda söylədik ki, müharibə mövcud fəsadları
şiddətləndirmək xasiyyətinə malikdir. Təbiidir ki, təzadları
müxtəlif və çox olan dövlətlərin
müharibəyə təhəmmülləri də o nisbətdə
az olacaqdır. Əvvəl təhəmmülsüzlük
göstərən əcayib degildir ki, Rusiya oldu. Çünki Rusiya şəkil və qəlb etibarilə
Avropa hökumətlərindən ən gerisi, ictimai, siyasi və
milli böhran nöqteyi-nəzərindən ən elitlisi idi.
Sonra sıra Avstriyaya gəldi; nəhayət,
qüvvəyi-istehsaliyyə və iqtisadiyyəcə də kəndisindən
daha qüvvətli olan Amerika ilə də toqquşmaya məcbur
qalan Almaniya bitab düşdü.
Almaniya böhranı milli Almaniya dövləti daxilində
qalaraq siyasi bir şəkildə cərəyan ediyor. Yarımfeodal
bir şəkli-hökumət demokratik cümhuriyyətə dəgişdiriliyor.
Rusiya ilə Avstriya isə bununla qalmıyor.
Parça-parça olaraq mürəkkəb
olduğu parçalarına ayrılıyor. Hər ayrılan parça da eyni zamanda birər
cümhuriyyət elan ediyorlar. Demək,
demokratik və milli olmayan dövlətlər xarici bir zərbə
təhtində təhəmmül göstərməyərək
birər milli-demokrat şəkli alıyorlar.
Daha hərbi-ümuminin ibtidasında ikən bu
böyük padra üzərinə yazılan siyasi təhlillərdə
diyorlardı ki, hərbi-ümumi nəticəsində millətlərin
həqqi təslim olunacaqdır. Qəribə idi ki,
İngiltərə zümrəsi də, alman zümrəsi də
millətlərin hüquqi üçün davaçı olduqlarını
iddia edib duruyorlardı. Əlbəttə,
imperialistlərin məqsədi-əsliləri bu degildi. Fəqət məqsəd bu degil ikən hər iki tərəfin
bundan bəhs eləməsi bu həqiqətin nə dərəcədə
qüvvətli olmasını göstəriyordu.
Azərbaycan məbuslarından Saxaya pək doğru diyordu
ki, Böyük Fransa inqilabı insanın hüququnu təşxis
elədisə, hərbi-ümumi də millətin hüququnu
elan etdi.
Milli hərəkətlər eyni zamanda da demokratik bir rəng
alıyor. Milliyyət və demokratizm həqqində
yanlış məlumat sahibi olanlara bu iki kəlmənin yanaşı
gəlməsi bəlkə də bəid görünür.
Çünki demokratizm adətən milliyyətpərvərligə
zidd ədd olunmaq bidəti bizcə məşhurdur. Bu bidətə vəqtilə çox etina olunuyordu.
Hətta bizim Qafqasiya sosial-demokrat şeyxləri belə bu
xüsusda az inad və israr göstərməmişlərdi.
Fəqət bu gün onlar da mötərifdirlər ki,
milliyyətlə demokratlıq qətiyyən düşmən
məfhumlar degildir. Sabiq Qafqasiya vəlahəqq gürcü
demokratiyasının pişvalarından Jordaniya cənabları
baxınız bu xüsusda nə kibi bir etirafda bulunuyorlar; son
günlərdə söyləmiş olduğu bir nitqində
Jordaniya diyor ki:
“Millətin kəndi iradəyi-müstəqiləsini kəndi
hüdudi daxilində və kəndi dili və mədəniyyəti
vasitəsilə ibraz eləmədigi bir yerdə demokratizm təsəvvür
eləmək qeyri-mümkündür”.
“Milliyyət və demokratlıq cərəyanları əksərən
ittifaq edərlər. Böyük Rusiya inqilabı
çıxdığı zaman biz milliyyətlərə
ayrılmanın əleyhində olduq, halbuki bizim istədigimizə
rəğmən həyat bu əsası üstə
çıxardı”.
Əvət, Avropanın qərbini təşkil edən
İngiltərə ilə Fransa, şərqini təşkil edən
Almaniya-Avstriyaya qarşı çıxdıqda Şərqin
Qərbə qarşı bir nöqsanı vardı ki,
burası demokratik və milli degildi. Şimdi Avropanın
şərqi də qərbi kibi milli və demokratik bir şəkil
alıyor.
Bu şəkil yalnız Avropa dövlətlərində
degil, Türkiyədə də hakimiyyət qazanıyor. Orası da həm milliləşməkdə, həm
də demokratlaşmaqdadır.
Demək ki, aləm keşməkeşlərinin nəticəsində
milliyyət və demokratizm prinsipləri qalib
çıxıyor.
Dünya
hadisələrinin bugünkü mənası iştə
bundan ibarət!
M.Ə.Rəsulzadə
“Azərbaycan”,
15 qanuni-əvvəl (dekabr) 1918, ¹65
Ənva –
növlər
Təzad
– ziddiyyət
Müstəhsil
– istehsalçı
Mücərrəb
– sınanmış
Məhsus
– hiss olunan
Mətbu
– (burda) başçı
Nazim –
nizama salan
Mürəkkəb
– qurma, qatışıq
Bəid –
qəribə
Mötərif
– etiraf edən
Pişva
– başçı
Erməni-gürcü
toqquşması
Azərbaycan
hökumətinin notası
Qanuni-əvvəlin 23-də Azərbaycan hökuməti tərəfindən
Gürcüstan və Ermənistan xariciyyə nazirlərinə
bu məzmunda bir teleqraf göndərilmişdir.
“Azərbaycan hökuməti Gürcüstan ilə Ermənistan
arasında Borçalı dairəsindəki mübahisəli sərhəd
məsələsindən ötrü vaqe olan müsəlləh
müharibəyə öz təəssüfatını izhar
edir. Zaqafqasiya cümhuriyyətləri təşkil
olunduğu bir zamanda tabeliyində olan mübahisəli məsələlərin
silah gücünə həll edilməsi müvafiqi-məqsəd
degildir. Məəmafiə mübahisələrin
bu üsul ilə həll edilməsini qəti hesab etmək
olmaz. Azərbaycan hökuməti mübahisəli məsələlərin,
həmçinin sərhəd məsələlərinin həmişə
sülh ilə həll edilməsi tərəfdarı
olduğundan hər iki qonşu və mehriban cümhuriyyətlər
arasında vaqe olan müsəlləh müsadiməyə
qarışmaqdan özünü saxlayıb Borçalı
rayonunun Azərbaycan türkləri ilə məskun hissəsinin
Azərbaycan Cümhuriyyətinin ayrılmaz bir parçası
olduğunu izhar etməgi özünə borc bilir. Buna görə bu müsadimə hər nə cür
olsa da nəticədə məzkur rayonun müqəddəratı
tərəfeyn arasında qılınc ilə degil, hökm
vasitəsilə həll olunmalıdır.
Xariciyyə
naziri vəzifəsini ifa edən Ziyadxanov
Gürcüstan ərkani-hərbindən
Sadaxlı rayonunda vaqe olan iki günlük müharibə bizim əskərlərin tazə mövqelərə çəkilməsilə bitmişdir. Düşmən böyük qüvvələr ilə hücum etmişdir. Bundan əlavə arxada olan erməni kəndləri əhalisi dəmiryol xəttini dağıtmaq və qeyri vasitələr ilə erməni ordusuna böyük kömək etmişlərdir. Hər tərəfdən düşmən ilə mühasirə edilmiş əskərlərimiz bir çox qəhrəmanlıq ilə düşmənə qənaim buraxmayıb geri çəkilməgə müvəffəq olmuşlardır.
Ermənistan hökuməti tərəfindən Gürcüstan əleyhinə hərəkati-hərbiyyə başlanan kibi Gürcüstan hökuməti müşahidə etmişdir ki, ermənilər hər yerdə xəlvətcə istehzari-əskəriyyə elan etmişlərdir. Odur ki, Tiflis və ətrafında olan ermənilər, hətta Rusiyadan bir çox miqdarda Ermənistana azim olmaqdadırlar. Mühəqqəq olmuşdur ki, Tiflisdə erməni Milli Şurası olduğu Aramyansın evində daşnaqsakan firqəsinin məşhur xadimləri tərəfindən xəlvətcə əskər cəm edilir. Qanuni-əvvəlin 20-də haman evdə vaqe olan axtarış əsnasında ehtiyat zabitləri və 184 nəfərə qədər cavan ermənilər həbs edilmişlərdir. Buna binaən hökumət məmurlarına əmr edilmişdir ki, sinniləri əskərligə müvafiq olan erməniləri hərbi əsir elan edib Kutaisə göndərsinlər. Ermənistan üçün əskər cəm etməgə çalışan daşnaqsakan firqəsi xadimlərini də ümumi qanun üzrə həbsə alsınlar. Hökumətin bu əmri icra edilməkdədir.
Məhəmməd Əmin Rəsulzadənin nitqi
Erməni-gürcü davası münasibətilə parlamanda istizah verildikdə Rəsulzadə Məhəmməd Əmin bəy tərəfindən irad edilmiş nitq:
Bu gün Azərbaycan Məclisi-Məbusanının iztirabi-qəlblə cəm olmasına səbəb qonşularımız arasında vaqe olan qanlı müsadimələrdir. Bu hadisələr yanı yaxınımızda degil, uzaqda yaşayan digər millət arasında da çıxsa idi insaniyyət nöqteyi-nəzərindən qəlbimizi rərihədar edib qan ilə dolduracaqdı. Fəqət a, biz göylərdə degil, yerdə yaşayırız. Həqiqəti düşünəlim. Bu vaqe olan hadisələr öylə iki qonşu millət arasında vaqe olmaqdadır ki, biz müqəddəratımızı dün onlarla birlikdə həll edirdik, yarın da müştərək həll edəcəgiz. Bunun üçün də biz bu millətlər arasında çıxan hadisələrə yabançı qala bilməyiz. Bu hadisələrlə biz qəti və həyati surətdə əlaqədarız. Buna görə səsimizi yüksəltməli, aman nə yapıyorsunuz – deməliyiz (soldan və mərkəzdən alqış).
(Ardı var)
Məhəmməd Əmin Rəsulzadə
525-ci qəzet.-
2014.- 24 may.- S.26-27.