Tatyanda bir gün
Şair Məmməd
Kazım haqda söhbət düşəndə, köhnə
kişilərin bir sözünü xatırlayıram:
dünyanın düz adamı. 1981-ci ildə mən
Azərbaycan Teleradio Verilişləri Komitəsinə
ştatdankənar müxbir kimi gələndə, Məmməd
Kazım artıq nüfuzu, sözünün kəsəri ilə
sayılıb- seçilən qələm sahiblərindən
biri idi. Tanrı ona boy- buxun, vüqar və
əzəmətlə yanaşı, böyük istedad da
vermişdi. Elə bu başdan deyim ki,
televiziya tarixində çox nadir jurnalistlər olur ki, onlar cəmi
bircə verilişi ilə yaddaşlarda iz qoyur. Elə indi də “hünər” sözünü
eşidəndə, Məmməd Kazım imzası ilə
bütün Azərbaycana səs salan “Hünər” televiziya
verilişi yadıma düşür. İkinci
Dünya müharibəsinin pərdəsi arxasında qalan
neçə- neçə soydaşımızın,
onların qəhrəmanlıqlarının üzə
çıxarılmasında “Hünər”in əvəzsiz xidmətləri
olub. Qələbə, təkcə onu
qazananların xatirəsi deyil, o, həm də onu
yaşadanlarındır. Mən “Hünər”
verilişinə təkrar qayıdacağam, çünki
sonralar az- çox bu veriliş üçün mən də
süjetlər yazmışam. Onda heç
ağlıma da gəlməzdi ki, bir vaxtlar bu verilişin yaradıcısı
Məmməd Kazımın portretini yazıya
köçürəcəyəm. Bu gün də bizim
Teleradio Verilişləri Şirkətində elə adam yoxdur ki, Məmməd müəllimin
adı gələndə, üzündə xoş ifadə
yaranmasın. Çünki sözündə və
əməlində düz olan bu adamın həyat prinsipinin
kökündə xeyirxahlıq dayanıb. O, televiziyaya təzə
gələn jurnalistlərə həm hami olub, həm də
müəllim. Mən bu cür nəcibliyin,
xeyirxahlığın mahiyyətini Tatyan kəndinin
qarşısındakı füruzəyi rəngi ilə
işaran sıra dağları görəndə anladım.
Bu günəşli may günündə bir qəribə sis
tutmuşdu dağları. Məmməd
Kazımın yamyaşıl yamacdakı evinin
aşağısından axan balaca çayın
şırıltısı, bu füruzəyi rəngi örtmək
istəyən sisə qarışıb, adamın ruhunu qəribsədirdi.
Məmməd müəllimin həyəti
xalçaya bənzəyirdi. Yaz bu
xalçaya çiçəklərdən min bir rəngdə
naxış vurmuşdu. Saçları qar
kimi ağappaq 80 yaşlı Məmməd Kazım çəliyinə
söykənib, qarşıdakı dağlara baxırdı.
Sanki bir anlığla məni unutmuşdu. Yəqin, dünyanın heç bir fotosu bu insan mənzərəsini
gördüyüm kimi canlandıra bilməz. Elə məqamlar olur ki, reallıq ruhun hiss etdiyi
yüksəkliyə yaxın düşə bilmir. Məmməd müəllimin gözü dağlarda
idi, mən isə ona baxırdım. Və
televiziyanın həyətində onu gördüyüm ilk
günü xatırlayırdım. Ötəri
tanışlığımız olsa da, bu məğrur insanla
elə oturub- durmamışdım. Onda şair Məmməd
Kazım mənim üçün elə bu dağlar kimi
doğma və uzaq idi...
20-22 il əvvəl olardı. Yazıçılar
ittifaqının qarşısında, o vaxtki 26 Bakı
Komissarı bağında yazıçı Rafiq Tağı
ilə gəzişirdik. Məmməd
Kazımla üz- üzə gələndə, çox
sevindik. O vaxt Məmməd müəllim 6-7 il olardı ki, televiziyadan getmişdi. Onun
televiziyadan bu gedişi, az qala, bir əfsanəyə
çevrilmişdi. Təsəvvür edin ki, o
zaman respublikada yeganə televiziya olan AzTV- də işləmək
çox jurnalistlər üçün əlçatmaz idi.
Məhz belə bir vaxtda televiziyanın “Gənclik”
redaksiyasının “Hərbi- vətənpərvərlik”
şöbəsinin müdiri olan Məmməd Kazım,
çoxlarının qibtə etdiyi bu vəzifədən
imtina edib, Masallıya- öz doğma kəndinə
qayıtmışdı. Rayonda “Qala” qəzeti təsis
etmişdi. Bu ədəbi qəzet bir
çox gənc şair və yazıçıların
tribunası idi. Onda, yadımdadı, biz bir
xeyli söhbət etdik. Düzü, o
söhbəti bütün təfərrüatı ilə
xatırlamasam da, biz Məmməd müəllimdən xoş
bir ovqatla ayrıldıq. İndi mən
onunla Tatyandakı evinin həyətində dayanıb, bu
kiçik və ötəri epizodları
xatırlayırdıq. İllər bu
epizodları tutyaya çevirmişdi. Sonra
Məmməd müəllimin ömür- gün yoldaşı
Zeynəb xanım bizi çay süfrəsinə dəvət
etdi. İkinci mərtəbəyə qalxan
pilləkəndə mən Məmməd müəllimin
qolundan tutmaq istədim. Razılaşmadı:- özüm qalxacam,- dedi. O, çəliyinə
güc verib, ağır- ağır pilləkənləri
qalxanda, mən fikirləşirdim ki, doğrudan da, insan həyatda
hər şeyi özü qazananda, belə məğrur və yenilməz olur.
Çay süfrəsi arxasında söhbətimiz də elə
düşündüklərimin təsdiqi oldu...
Müharibə başlayanda onun 7 yaşı vardı. Bir çətən
külfətini saxlamaq üçün atası İsrafil kişi çox əziyyət çəkirdi. Ailə dolanışıq ucbatından bir kənddən
başqasına köçmək məcburiyyətində
qalırdı. Taleyin bu ağır
sınaqları onun təhsilində öz izini qoyurdu. O,
təhsilini başa vurana kimi, bir neçə məktəb dəyişmişdi.
Əvvəlcə, rəssam olmaq idi arzusu. Bir dəfə general Həzi Aslanovun portretini çəkib
məktəb divarından asmışdı. Bu, o vaxtlar idi ki, ailəyə kömək
üçün çox vaxt kolxoz işinə gedirdi.
Bir gün kənd ağsaqqalı Həmzəli kişi
və qonşu məktəbdə dərs deyən Bəylər
müəllim onun çəkdiyi portreti görüb heyrətlənirlər.
Atası ilə məsləhətləşəndən
sonra onu qonşu Yan kəndindəki yeddillik məktəbə
aparırlar. Balaca Məmməd hər
gün dağ cığırlarını aşaraq, qonşu
kəndə dərsə gedir. Əsrarəngiz
mənzərələrin içindən uzanıb gedən bu
cığırlar onun uşaq qəlbini ovsunlayırdı.
Bu ovsunda, nə isə bir güc vardı- ona
bütün çətinlikləri, məhrumiyyətləri
unutduran bir güc. Bu ovsunun, bu sehrin adını o,
sonralar – ilk şeirini yazanda biləcəkdi...
Məmməd müəllim ağ- qara fotolara baxır,
gözləri yol çəkir. Mənim xəyalımda
isə bir vaxtlar onun keçib-getdiyi o dağ
cığırları canlanır. O
cığırları vaxtın dumanı ağır-
ağır örtür.
40 il ötəcək. O günlərin
ağrı-acısı, kədəri 1989- cu ildə Məmməd
Kazımın qələmə aldığı “Ölümdən
keçən uşaqlıq” adlı avtobioqrafik oçerkdə
öz əksini tapacaq. Qeyd edim ki, bu tale
yazısı onun “Hünər” adlandırdığı
oçerklər toplusunda yer alıb.
İstəsək də, istəməsək də, biz
keçmişdə qalırıq. Hər keçən an
keçmişin insana nə qədər yaxın olduğunu
göstərir. Çünki insanın həqiqi
məkanı xatirələridir. Bu
ağ-qara şəkillərdə heç nə
artıb-azalmayacaq. Hər nə varsa, elə
olduğu kimi qalacaq. Şəkillərin
birində cavan Məmməd Kazım deyib-gülən
dostlarının əhatəsindədir. Onların
baxışlarında gənclik eşqi, sabaha inam, sevgi,
romantika çağlayır. Bəlkə də,
bu şəkil Məmməd müəllimin ilk şeirlər
kitabının çap olunduğu gün çəkilib,
bilmirəm. Bir onu bilirəm ki, elə təkcə bu
şəklə baxıb, 100 il yaşamaq
olar.
Sonra başqa bir şəklə baxıram. Orada
yazıçı və şair dostlarıyla oxucuların
görüşünə gəldiyi an həkk olunub. Qoy, bir insan haqqında yüzlərlə oçerk,
kitab yazılsın, filmlər çəkilsin, amma onların
heç biri bu ağ-qara şəkillər kimi qəlbimə
toxunmur. Düzü, bu ağ-qara zamanın
fonunda Məmməd müəllimin tərcümeyi–halını
bəlli edən arayış xarakterli sözləri, rəqəmləri
sadalamaq istəmirəm. Əslində,
insanın nə vaxt, harada anadan olmasının anlamı nədir
ki? Əsas onun yer üzündə
qoyduğu parlaq izlərdir.
Onun 1966- cı ildə çapdan çıxan “Qönçə” adlı ilk şeirlər kitabına xeyir-duanı adaşı Məmməd Araz verib. Elə o vaxtdan da bu iki Məmmədin dostluğu pozulmaz olub. Sonra başqa tanınmış Məmmədlərlə dostluq qismətini bölüşüb-Məmməd İsmayıl və Məmməd Aslanla. “Xəzər laylası”, “Xatın zəngləri”, “ Taleyim, qismətim”,”Gələrəm görüşünə”, “Peyğəmbər”, “Sahildə ucalan palıd”, “Qarabağım-qara bağrım” şeir kitabları, “Leytenant Kərimov və onun dostları” povesti, “Mirhəsən xanın övladları” tarixi romanı, “General Həzi” mənzum dramı Məmməd Kazımın ədəbi xəzinəmizə verdiyi dəyərli töhfələrdir. Bu kitablar haqqında görkəmli söz sahibləri – İ.Şıxlı, B.Vahabzadə, Anar, Y.Qarayev yüksək fikirlər söyləyiblər. Amma bütün bu şan–şöhrət onun həyatında heç nəyi dəyişməyib. O, həmişə olduğu kimi, sadə həyat tərzi və təvazökarlığı ilə seçilib. Həmişə öz zəhmətinə güvənib. Onun bu xasiyyəti övladlarının da həyat yoluna işıq salıb. Bu ziyalı ailədə altı övlad böyüyüb- dörd oğlan, iki qız. Hamısı da ali təhsil alıb. Hazırda işlədiyi idarələrdə nüfuz sahibidirlər. Məmməd müəllim balalarından çox razılıq edir. Deyir ki, heç biri mənə zərrə qədər də əziyyət verməyib, öz güclərinə oxuyub, həyatda layiqli yer tutublar. Mən onları düz böyütmüşəm. Həyat elminin əsas məğzi də elə düz yaşamaqdır. Bəxtim onda gətirib ki, həyat yoldaşımla sözümüz həmişə üst-üstə düşüb. Bu, tərbiyədə çox vacibdir.
Söhbətimizin sonunda mən bu yazı üçün ailə arxivindən Məmməd müəllimin bir şəklini seçib götürmək istədim. Qəribədir ki, Zeynəb xanım hər dəfə tez Məmməd Kazımın cavanlıq fotolarından birini tapıb, məni inandırmaq istəyirdi ki, qəzet-jurnal üçün ən yaxşı şəkil budur. Bu mehriban, üzügülər qadının Məmməd Kazımı yenə də cavan, şux görmək istəyi məni çox sevindirirdi. Əslində, bu istəkdə zamanı geri qaytarmaq, tutub saxlamaq cəhdi vardı...
Cavanlıqlarında onların Xırdalandakı evləri çox qonaq-qaralı olub. Qohumlar, Məmməd Kazımın qələm dostları bu evə tez- tez yığışardılar. Zeynəb xanım deyir ki, bu ədəbi məclislər bizi yormurdu, əksinə, özüm də, balalarım da burda gedən söz-sənət söhbətlərinə bütün varlığımızla diqqət kəsilərdik...
Yenə “Hünər verilişindən söz açırıq. Peyğəmbərimizin sözü yadıma düşür: “Vətəni sevmək imandandır”. “Hünər”in tutduğu xətt də elə bu həqiqətə söykənirdi. İndi bizim üçün hərbi-vətənpərvərlik mövzusu çox aktualdır. Görünür, Azərbaycanın hərb tarixinin bir parçası kimi yadda qalan “Hünər”in 45 il əvvəl başladığı işin xalqımız üçün nə qədər vacib olduğunu indi daha yaxşı anlayırıq. Elə bu şərəfli işə çiyin verən Məmməd müəllimin də saç- saqqalı ağarıb. Onun ürəyindəki Vətən eşqi, yurd məhəbbəti isə qocalmayıb.
Artıq axşamın nəfəsi duyulurdu. Pəncərənin arxasından isə uzaqda görünən dağlardan qaranlıq yavaş- yavaş aşağı enirdi. Biz sağollaşıb ayrılanda, Məmməd müəllim pilləkənin başında ayaq saxlayıb, sanki mənə yenə də nəsə demək istəyirdi. Xəfif bir təbəssüm qonmuşdu üzünə. Toranlığın işartısı içində bu təbəssüm ürəyimə qəribə bir nisgil gətirdi. Ona görə də, daha Məmməd müəllimə nə deyəcəyimi, ondan nə soruşacağımı kəsdirə bilmədim...
Qorxmaz Şıxalıoğlu
525-ci qəzet.-
2014.- 24 may.- S.24.