Qadınlar zamanın yaddaş cədvəlində

(davamı)

 

 

 

Mark Antoninin başı ehtiras tufanına qarışdığından, imperiyanın ərazilərini sevgilisinə verilən hədiyyəyə çevirirdi. Axı möhkəm eşqə düşən hər şeydən məhrum olur, hətta ağlını da itirir. Romanın torpaqlarını hərraca qoyduğuna görə Avqust öz triumvirat sirdaşını xəyanətkar adlandırmışdı.

İmperator Avqustun özü əxlaq təmizliyi tərəfdarı olsa da, öz ailəsində də əxlaqsızlıq hallarının baş verməsindən qaça bilmirdi. Onun qızı Yuliya üç dəfə ərə getmiş, ikinci əri Aqritppadan beş uşağı, o cümlədən Aqrippina olmuşdu. Axırıncının qızı Kiçik Aqrippina isə oğlu Neronun atası Aqenobarb öldükdən sonra doğma əmisi, imperator Klavdiyə ərə getmişdi. Avqust qızı Yuliyanı əxlaqsızlığa, biabırçı qüsurlarına görə sürgünə göndərmişdi. Onun qızı Kiçik Yuliya da pozğunluğuna görə imperator babası tərəfindən Romadan sürgün edilmişdi.

Avqust öz qızını cəzalandırmaqla kifayətlənməyib, öz əsərləri ilə guya əxlaq pozğunluğunu təbliğ etdiyinə görə şair Ovidi Nazonu da uzaq Toma (indiki Rumıniya ərazisindəki Konstansa) şəhərinə sürgün etmişdi.

Romada ilk imperatriça olan Liviya Druzilla b.e.ə. 38-ci ildə ərindən boşandı ki, Oktavian Avqustla nikaha girsin. Onun oğlu Tiberii atalığı Avqustdan sonra imperator olduqda, ilkin dövrlərdə bu qadın ictimai işlərdə ona ciddi təsir göstərirdi. Lakin oğlu sonralar dövlətin idarəçiliyinə müdaxilə etməsinə ona imkan vermirdi.

Avqustun varisləri olan imperatorlar Tiberinin və xüsusən Kaliqulanın zinakarlığı öz apogeyinə çatmışdı. Tiberi Kapri adasında pozğunluq yuvası düzəldib, orada yeniyetmə oğlan uşaqları ilə əylənirdi. Kaliqula dəhşətli əxlaqsızlıq nümunələri göstərməklə yanaşı, öz doğma bacısı ilə də intim yaxınlıq edirdi.

Onlardan sonrakı imperator Klavdi isə daha çox öz pozğun arvadı Messalinaya görə “məşhurlaşmışdı”. Messalina şəhvət məsələlərində heç bir hədd tanımırdı. O, həqiqətən də əsl fahişə idi, bir dəfə başqa bir “kolleqası” ilə yarışıb, 24 saat ərzində 25 kişi ilə yaxınlıq etməklə ona qalib gəlmişdi. Messalina da Avqust ailsinə məxsus idi, onun bacısının qızı idi. İmperator əri sağ ola-ola, yalnız qısa müddətə o, Romadan kənarda olanda Qay Sili adlı cavan oğlana ərə getmişdi. Paytaxtına qayıdan Klavdi bu hadisəni eşidib, çaşqın vəziyyətdə soruşmuşdu ki, “görən o, hələ imperatordurmu?”

Klavdinin yaxınları Messalinanı qətlə yetirməklə onun bu biabırçılığına son qoydular. Lakin onun ailəsindəki bədbəxtliklər heç də bununla qurtarmadı. O, yağışdan çıxıb, yağmura düşdü. Öz qardaşı qızı Aqrippina dul olduğuna görə elə tələ qurmuşdu ki, imperator ona evlənsin. Aqrippina da birbaşa Avqustun nəslindən idi. Onun kələyi senatorların köməyi ilə baş tutdu. Həmin vaxta qədər Romada intsest əlaqə şəklində şaquli qaydada yaxın qohumla evlənmək qanundan kənar hesab olunurdu. Senatorlar bu qaydanı adi sosial şərtilik kimi qiymətləndirib, onu dəyişməklə kifayətlənməyib, imperatora bildirdilər ki, əgər o, bu izdivaca razılıq verməsə, onu buna məcbur edəcəklər.

Nəhayət, Klavdi Aqrippinaya evləndi, indi də onun hələ hiss etmədiyi yeni dərdləri meydana gəldi. Aqrippina böyük təsir gücünə yiyələndi, ərinin sağlığında avqusta tituluna sahib oldu. Oğlu Neronu imperator etmək, Klavdinin doğma oğlunun varisliyinə mane olmaq üçün Neronu imperatorun qızına evləndirdi və nəhayət, sonuncu əclaflığına əl atıb, Klavdini, zəhər qatılmış göbələyi ona yedirtməklə öldürtdürdü.

Beləliklə, 17 yaşlı Neron Roma imperatoru oldu və öz iyrənc əməllərinə başladı. Anası ona təsir göstərmək istəyirdi, öz oğlu ilə intsest yaxınlıq da etmişdi. Lakin bir qədər sonra Neron onu boğaza yığan anasından qurtulmaq üçün sui-qəsd təşkil etdi və ikinci cəhddə onu aradan götürə bildi. Neron vaxtilə anasının ona müəllim tutduğu məşhur filosof Senekanı da özünü öldürməyə məcbur etdi. Filosof və arvadı isti vannada uzanıb, venalarını kəsməklə həyatdan getdilər.

Neron əxlaq məsələsində ən iyrənc adam hesab oluna bilərdi, bir oğlanla evləndiyi kimi, başqa birisinə də ərə getmişdi. Romanın yandırılması hadisəsi də onun vicdanının üzərində qalır. 14 il ərzində hökmranlıq etdikdən sonra, 68-ci ildə qiyamçılardan qorxub, nökərini onun özünü öldürməyə məcbur etdi. Aqrippina əslində öz oğlu vasitəsilə Romaya dəhşətli bir bəla gətirmişdi.

Sonralar imperatriça Liviyanın daha fərasətli ardıcılları meydana gəldi. Yuliya Domna imperator Septimi Severin 187-ci ildən arvadı olmaqla, ərinin işlərinə ciddi təsir göstərirdi. Onun oğlu Karakalla atasından sonra taxt-taca çıxmışdı. Qəddar Karakalla anasının gözləri qarşısında öz kiçik qardaşını öldürmüşdü. Bir qədər sonra onun özü də qətlə yetirildi, onu Şərqə hərbi yürüş edərkən, yol qırağında təbii ehtiyacını ödədikdə öldürmüşdülər. Yuliya Domna Karakallaya nifrət etsə də, onun ölümündən kədərlənib, özünü taqətdən salırdı. Taxt-tac Karakallanın mühafizəçilərindən biri olan Makrinin əlinə keçdikdə, Domna hakimiyyətə yiyələnmək üçün heç bir çıxış yolu görmədiyindən 217-ci ildə özünü öldürdü. Hər iki oğlu kimi ana da həyatdan öz əcəli ilə getmədi.

Onun bacısı Mesa Domna isə fəaliyyətsiz dayanmırdı, nəvəsi Elaqabalı taxt-taca gətirdi. Bu 14 yaşlı səfeh oğlan imperatora çevrilmişdi. O, pulları ağılsızcasına xərcləyir, orgiyalar təşkil edir, hətta özü fahişəliklə məşğul olurdu. Mesa ona və onun varisi Aleksandr Severə böyük təsir göstərirdi.

İmperator I Konstanti Xlorun arvadı Yelena 292-ci ildə ondan boşanmışdı. Konstanti 306-cı ildə öldükdə, oğlu Konstantin imperator oldu və bu mövqedə 31 il ərzində qaldı. Gələcəkdə Bizansın paytaxtı olacaq Konstantinopol şəhərinin də əsasını gənc imperator qoymuşdu. Ancaq Yelena xristianlığı qəbul etdiyindən oğluna da həmin dinə keçməyi təlqin edirdi. 312-ci ildə Romadakı Milvia körpüsü üzərindəki döyuşdə qazandığı qələbədən sonra, bunun bir əlamət olduğuna inanıb, xrisitanlığı qəbul etmişdi. 313-cü ildə Yelenanın təsiri ilə imperator xristianlığın təqibini dayandırdı və onu imperiyanın dövlət dininə çevirdi.

Yelena 326-cı ildə 78 yaşında zəvvar kimi Yerusəlimə yollandı. O, aclara və evsiz-eşiksizlərə köməklik göstərirdi, əslində yeni eranın mücəssəməsinə çevrildi. Yerusəlimdə Sahibin qəbrinin yanında olan qa daxil olmaqla, iki kilsə tikdirdi. Bir qayda olaraq əfsanə fakta çevrildikdə, adamlar əfsanəni seçirlər. Yelena müqəddəslər siyahısına daxil edildi. Atlantik okeandakı, Napoleonun altı il ərzində sürgün həyatı yaşadığı və öldüyü ada da Müqəddəs Yelena adını daşıyır. Yelena 328-ci ildə 80 yaşında öldü, o, avqusta titulunu daşımışdı. 

Bizanslı Teodora və Çin imperatoru  

Bizansın məşhur imperatoru I Yustinianın arvadı Teodora gəncliyində gözəlliyinə görə diqqəti cəlb etdiyindən, aktrisa olmuşdu. 525-ci ildə imperatora ərə getmiş, iyirmi il ərzində şəxsən imperatorun, həmçinin imperiyanın siyasi və dini həyatı üzərində böyük təsir gücünə malik olmuşdu.

532-ci ildə Nika qiyamı vaxtı imperatorun Konstantinopoldan qaçmasının qarşısını almışdı. O vaxtlar Konstantinopolda cıdırda atlı araba yarışı böyük hay-küylə keçirilirdi. Yarışda azarkeşlərin bölündüyü Yaşıllar və Mavilər arasında qələbəyə nail olmaq üstündə ciddi rəqabət gedirdi. 532-ci ildə keçirilən bir yarışda gözlənilmədən hər iki fraksiya birləşib, imperatora qarşı çıxış etməklə qiyam qaldırdılar.

Qiyam başladıqda I Yustinian (tarixdə o, Yustinian Kodeksinin meydana gəlməsinin təşəbbüskarı kimi daha böyük şöhrət qazanmışdır) qiyamın miqyasının böyüməsindən qorxub, paytaxtdan qaçmaq istədi. Bu vaxt arvadı Teadora qeyri-adi cəsarət nümayiş etdirib, onu bu fikirdən yayındıra bildi. Teodora ərinə dedi ki, mən qadınlığımla bircə dəfə məni imperatriça kimi salamlamasalar, belə yaşamaqdansa ölməyi üstün tutardım. Sən isə imperatorsan, taxt-tacı qoyub hara gedə bilərsən? Bu Yustinianı ürəkləndirdi və o, qiyamı yatırtmağa girişdi. Barbar muzdurların köməyi ilə qiyamçılardan 30 min nəfərini öldürtdü. İmperatorun sərt tədbirləri qiyamın yatırdılması ilə nəticələndi və bundan sonra imperatriça Teodoranın nüfuzu daha da artdı.

Teodopa gəncliyində yüngül əxlaqı ilə seçilsə də, imperatriça kimi Konstantinopolu fahişə qadınlardan təmizləməyə başladı. Bu məqsədlə şəhərin daha abad Avropa hissəsində yaşayan belə qadınların hamısını yığıb, şəhərin Bosfor boğazının o tərəfindəki Asiya hissəsində düzəltdiyi yeni yaşayış tipindəki ərazidə məskunlaşdırdı. Bu hərəkəti ilə yəqin ki, o, həm də özünün qara kölgəli keçmişi ilə vidalaşmaq istəyirdi.

U Çao Çin imperatorları Tay Tsunqun (638-649-cu illərdə hökmranlıq etmişdi) və Kao Tsunqun kənizi olmuşdu. İntriqalar nəticəsində özünü Kao Tsunqun imperatriçası təyin etdirmişdi və hakimiyyət uğrunda olan mübarizədə bütün rəqiblərini məhv etmişdi. Həmin imperatorun üzərində nəzarətə nail olmuş, 683-cü ildə onun ölümündən sonra Çinin real hökmdarı olmuşdu. Səmərəli inzibatçı kimi Koreyanın işğalını həyata keçirmiş, Kao Tsunqdan olan oğlu Çunq Tsunqu taxt-taca yerləşdirmiş və tezliklə onu özünün digər oğlu Cun Tsunqla əvəz etmişdi.

U Çin tarixində yeganə qadın hökmdar idi. Çunq Tsunqu saray printsi etsə də, hakimiyyəti səkkiz il ərzində öz əlində saxlamışdı. Nazirlərinin və generallarının məcbur etməsi nəticəsində 705-ci ildə taxt-tacı Çunq Tsunqa vermiş, həmin ildə də vəfat etmişdi.

Hakimiyyət məsələsində Çin ənənələrini ilk dəfə pozan U Çao çox sayda hiyləgər tədbirlərə əl atsa da, özünə qarşı müqaviməti dəf edə bilməmiş, ölkəsində tarixi ənənənin sarsılmaz olması barədə bir daha yəqinlik tapmışdı.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2014.- 24 may.- S.23.