Böyük ədəbiyyatşünaslıq uğrunda

 

 

Məlum olduğu kimi, ümumiyyətlə ədəbiyyatşünaslıq elmi, o cümlədən Azərbaycan ədəbiyyatşünaslığı böyük bir inkişaf yoluna, çoxəsrlik ənənələrə malikdir. Hələ qədim dövrlərdə Xətib Təbrizi ilə başlanan Azərbaycan ədəbiyyatşünaslıq elminin orta əsrlərdə də görkəmli nümayəndələri yetişib, XIX əsrdə isə Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatşünaslığını ədəbi tənqid istiqamətində professional səviyyəyə qaldırıb. Görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli “Azərbaycan ədəbiyyatının tarixi materialları” adlı çoxcildlik əsəri ilə milli ədəbiyyat tarixçiliyinin elmi əsaslarını yaradıb. XX əsrin əvvəllərində yeni nəsil – Abdulla Sur, Seyid Hüseyn, Əli Nazim, Hacı İbrahim Qasımov, Mirzə Bala Məmmədzadə, Salman Mümtaz və başqaları milli ədəbiyyatşünaslığın inkişafına sanballı elmi töhfələr veriblər.

Bununla belə, Azərbaycanda digər elm sahələri kimi, ədəbiyyatşünaslıq elmi də ölkəmizdə elmi-təşkilati qurumların yaradılmasından sonra daha çox və sistemli şəkildə inkişaf etməyə başlamışdır. Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin təşkili (1923), Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun yaradılması (1929) sayəsində elmi qüvvələr konkret elmi-təşkilati mərkəzlərdə cəmləşdirilmiş, müəyyən olunmuş istiqamətlər üzrə geniş tədqiqatlar aparılmışdır. Azərbaycan Elmlər Akademiyasının yaradılmasından sonra isə demək olar ki, ölkəmizdə bütün elm sahələri, o cümlədən də ədəbiyyatşünaslıq elmi ardıcıl və sistemli şəkildə inkişaf etdirilmişdir. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsinin təsis edilməsi (1932) Azərbaycanda elmin təşkilatlanmasında mühüm rol oynamışdır. Azərbaycan Elmlər Akademiyasının tərkibində bir çox elmi-tədqiqat institutlarının Sektor səviyyəsində əsasının qoyulması elmdə ixtisaslaşmanın təmin edilməsinə münasib şərait yaratmışdır. Az sonra, yəni 1935-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının ləğv edilməsi və əvəzində Azərbaycan Filialının təşkili tabeçilik mərhələlərinin azalması ilə nəticələnmişdir ki, bu da elmin inkişafına özünün müsbət təsirini göstərmişdir. 1936-cı ildə Dil və Ədəbiyyat sektorlarının bazasında Dil və Ədəbiyyat İnstitutunun yaradılması Azərbaycan ədəbiyyatşünaslıq elminin ardıcıl, sistemli və mütəşəkkil surətdə inkişafının möhkəm təməlinə çevrilmişdir. Bütün bu proseslərin nəticəsində az sonra Nizami adına Ədəbiyyat İnstitutunun zəminində Azərbaycan ədəbiyyatşünaslarının bir neçə nəsli yetişib formalaşmışdır. Həmin ədəbiyyatşünas nəsillərinin sıralarından Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri səviyyəsinə çatan, hər biri özlərinə məxsus elmi məktəblər yaratmış Mirzə İbrahimov, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Həmid Araslı, Feyzulla Qasımzadə, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Abbas Zamanov, Mir Cəlal, Mirzağa Quluzadə, Məmmədhüseyn Təhmasib, Əli Sultanlı, Yaşar Qarayev, Əziz Mirəhmədov, Azadə Rüstəmova, Azad Nəbiyev, Əliyar Səfərli, Teymur Kərimli və başqaları kimi görkəmli elm xadimləri çıxmışdır. Bu gün də ədəbiyyatşünaslıq elminin həmin sərkərdələrinin əsərləri və onların formalaşdırdıqları ənənələr yeni elmi nəslin və elmi-ədəbi proseslərin inkişafına öz təsirini göstərməkdədir.   

Ədəbiyyatşünaslıq elminə müasir baxış  

 Bəllidir ki, ədəbiyyat haqqında olan və onu öyrənən elmə ədəbiyatşünaslıq deyilir. Ədəbiyyatşünaslıq – ədəbiyyatı və ədəbi prosesi öyrənən elm sahəsidir. Ədəbiyyatşünaslıq – ədəbiyyat və ədəbi proses haqqında tam, bitkin, əsaslı və əhatəli elmi təsəvvür yaradan elmdir. Ədəbi proses anlayışına yaranan yeni ədəbiyyatla yanaşı, ədəbi-elmi mühitdə baş verən hadisələr – yaradıcılıq müşavirələri, ədəbiyyatşünaslıq prosesləri müzakirələr, mübahisələr, iddialar, dialoqlar və monoloqlar daxildir. Ədəbiyyatşünaslıq elmi ədəbiyyatın tarixini, inkişaf yolunu, əsas istiqamətlərini, nəzəriyyəsini, sənətkarlıq xüsusiyyətlərini və ədəbi prosesi öyrənib ümumiləşdirir.

Ədəbiyyata yanaşma tərzi kimi qədim dövrlərdən mövcud olsa da Azərbaycanda müstəqil elm sahəsi olaraq XX əsrin əvvəllərindən professional ədəbiyyatşünaslıq elmi mövcuddur. Bu elm sahəsi orta əsrlərin təzkirə və cünglərindən, vəzn və qafiyə elmindən sonra əsasən XIX əsrdən etibarən formalaşmağa başlamışdır. Ədəbiyyatşünaslıq haqqında ilk nəzəri məlumatlar XX əsrin əvvəllərinin məktəb dərsliklərində öz əksini tapmışdır. Əliiskəndər Cəfərzadənin “Kilidi-ədəbiyyat”, Hüseyn Cavidlə Abdulla Şaiqin “Ədəbiyyat əsərləri” birinci ədəbiyyatşünaslıq kitablarıdır. Sonralar bu elm sahəsi üzrə dərsliklər formatında Mikayıl Rəfili, Cəfər Xəndan, Mir Cəlal Paşayev, Pənah Xəlilov, Abbas Hacıyev, Şəmistan Mikayılov və başqaları daha geniş şəkildə fəaliyyət göstərmişlər. Azərbaycanda ədəbiyyatşünaslıq elmi haqqında geniş və sistemli dünyagörüşün formalaşmasında dərsliklər möhkəm bünövrə funksiyasını yerinə yetirmişdir. Məmməd Cəfər Cəfərov, Mir Cəlal Paşayev, Yaşar Qarayev, Arif Hacıyev və başqaları ədəbiyyat nəzəriyyəsi ağırlıqlı ədəbiyyatşünaslığın inkişafında mühüm rol oynamışlar.

Dünyada ədəbiyyatşünaslıq elminin əsasını qədim yunan alimi Aristotel qoymuşdur. Böyük alim və mütəfəkkir Aristotel ümumiyyətlə dünya elmində əfsanəvi şəxsiyyətdir. Aristotelin “Poetika” əsəri ədəbiyyatşünaslıq elminin möhtəşəm başlanğıcıdır. Fikrimizcə, Aristotelin “Poetika”sı həm də dünya ədəbiyyatşünaslıq elminin mükəmməl proqramıdır. Sonralar uzun əsrlər boyu poetika istiqamətində bir çox sanballı əsərlər meydana çıxsa da, Aristotelin ədəbiyyatşünaslıq konsepsiyasından çox da uzağa getmək çətin olmuşdur. Məşhur fransız mütəfəkkiri Onore Depore de-Bualonun “Poeziya sənəti” əsəri mənsur şəkildə yazılmış ədəbiyyatşünaslıq əsəri olmaqla bərabər, həm də orta əsrlər ədəbiyyatından gətirilmiş misalların zənginliyinə və klassizim haqqında yeni baxışlara görə fərqlənir. Bualo klassizmin böyük nəzəriyyətçisidir. Ədəbiyyat haqqında elmin inkişafında Vissarion Belinskinin müstəsna dərəcədə böyük rolu vardır. Vissarion Belinskinin “Ədəbiyyatın növlərə və şəkillərə bölünməsi” əsəri dünya ədəbiyyatşünaslıq elmində yeni mərhələdir. Ədəbiyyatşünaslıq elminin özünəqədərki çoxəsrlik elmi ənənələrinin zəminində meydana çıxmış bu böyük ədəbiyyatşünaslıq əsəri Avropa ədəbiyyatının, daha çox isə rus ədəbiyyatının zəngin materiallarının sintezindən yoğrulmuş yeni nəzəri baxışlar sisteminin ifadəsidir. Fikrimizcə, Vissarion Belinskinin ədəbiyyatşünaslıq təlimində Aristotelin dərin elmi düşüncəsi və Bualonun poetik şəkildə ifadə olunan nəzəri baxışları sintez halında təzahür edir. Vissarion Belinski ədəbiyyatşünaslığın şairidir. Vissarion Belinski – ədəbiyyatın mahiyyətinin, fəlsəfəsinin elmini yaratmışdır.

Rus ədəbiyyatşünaslıq elmi son iki əsrdə böyük nailiyyətlərə imza atsa da, əsasən Vissarion Belinskinin cazibəsində yaşamışdır. Sovet dövrü rus ədəbiyyatşünaslığı “inqilabçı demokrat” kimi qəbul edilən Vissarion Belinski irsi üstündə kökləndiyi üçün Rusiya əhatəsində olan ölkələrdə də bu istiqamətdə meyil güclü olmuşdur. Əslində isə Belinskinin elmi irsində ideologiya deyil, nəzəri qavrayış üstün olduğu üçün bu ənənəyə əsaslanan ədəbiyyatşünaslıqda da ədəbiyyatın gerçək dəyərləndirilməsi meyilləri yaşamışdır... Beləliklə, Aristoteldən başlanan, Bualo ilə yaşadılan, davam etdirilən, Vissarion Belinski ilə yeni mərhələyə çatdırılan ədəbiyyatşünaslıq elminin işığında XIX-XX əsrlərdə böyük ədəbiyyatşünaslıq elmi məktəbləri yaranmış və inkişaf etmişdir. Bu prosesə hər xalq öz düşüncəsini də əlavə edərək ümumi ilə xüsusinin vəhdətindən yaranan milli ədəbiyyatşünaslıq məktəbini formalaşdırmışdır. Azərbaycanda da professional ədəbiyyatşünaslıq elmi müəyyən fərqlə, irəliyə-geriyə həmin prosesi yaşamışdır. Qədim dövrlərin və orta əsrlərin vəzn və qafiyə elmi, təzkirəçilik ənənəsi də nəzərə alınmaqla Azərbaycan ədəbiyyatşünaslığı əsasən Aristotel-Belinski məktəbi əsasında formalaşıb inkişaf etdirilmişdir. Heç şübhəsiz, Azərbaycanda ədəbiyyata geniş baxan, ədəbi cərəyanları və sənətkarlıq məsələlərini öyrənən mütəfəkkir düşüncəli ədəbiyyatşünaslıq da yaranmışdır. Azərbaycan ədəbiyyatşünaslığı bu yollardan keçərək müstəqillik dövrünə qədəm qoymuşdur.

Əlbəttə, bütün bunlar çoxəsrlik ədəbiyyatşünaslıq elminin inkişaf yolu və mühüm nəticələri haqqında ümumiləşdirilmiş tezislərdir. Və bu tezislərdən hər biri ayrı-ayrılıqda böyük tədqiqatlar tələb edən müddəalardır. Ədəbiyyatşünaslıq elmi haqqında yığcam icmal təsəvvürü yaratmaqda məqsədimiz həm də bu elm sahəsinin mahiyyətini aydınlaşdırmaq və əsas istiqamətləri haqqındakı elmi sistemi diqqət mərkəzinə çəkməkdir.

Dünya ədəbiyyatşünaslıq elminin aşağıdakı şöbələri, istiqamətləri qəbul edilmişdir: Ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid. Ədəbiyyat tarixi haqqında ciddi bir mübahisə yoxdur. Mətnşünaslığı ədəbiyyat tarixinə aid edənlərlə ədəbiyyat nəzəriyyəsinin tərkib hissəsi sayanların elmi-ictimai fikir meydanına çıxmayan fərqli baxışlarına rast gəlmək mümkündür. Bundan başqa, dünyada mətnşünaslığı ədəbiyyatşünaslıq elminin müstəqil şöbəsi hesab edənlər də vardır. Fikrimizcə, tədricən bu istiqamət daha da inkişaf edəcəkdir. Ədəbiyyat nəzəriyyəsinin əhatə dairəsinə dair elmi fikirdə demək olar ki, mübahisə yox kimidir. Hamı bu fikirdədir ki, ədəbiyyat nəzəriyyəsi bədii yaradıcılıq proseslərini, ədəbiyyatın inkişaf qanunauyğunluqlarını, sənətkarlıq xüsusiyyətlərini, ədəbi cərəyanları öyrənməklə məşğuldur. Arabir poetikanın ədəbiyyatşünaslığın ayrılıqda ədəbiyyat nəzəriyyəsinin müstəqil şöbəsi olmasına dair keçici fərziyələr meydana çıxır və ötüb keçir. Bu fikirdə olan azlıq Aristotelin “Poetika”sına da istinad etməyə çalışır. Halbuki “Poetika” əsəri geniş mənada ümumiyyətlə ədəbiyyat, ədəbi növlər və janrlar haqqında baxışlar sistemindən ibarətdir, ədəbiyyatşünaslığı bütöv halda əhatə edən elmi əsərdir. Poetika ədəbiyyat nəzəriyyəsinin nüvəsidir. Fikrimizcə, poetikanı ədəbiyyat nəzəriyyəsindən ayrılıqda təsəvvür etmək heç cür doğru sayıla bilməz.

Ədəbiyyatşünaslıq elminin şöbələri içərisində nisbətən daha çox mübahisə doğuranı ədəbi tənqiddir. Ciddi elmi-nəzəri yanaşmalardan çıxış edənlər ədəbi tənqidi ədəbiyyatşünaslığın üzvi tərkib hissəsi olaraq qəbul edir və ona elmi istiqamət kimi baxırlar. Ədəbi tənqid müasir ədəbiyyatşünaslıq elminin ədəbi prosesi öyrənən, izləyib araşdıran, ümumiləşdirib proqnozlar verən konkret bir sahəsidir. Buna baxmayaraq, ədəbi tənqidi elm deyil, bədii yaradıcıq sahəsi sayanlar, hətta bəzən publisistika ilə eyniləşdirənlər də vardır. Bizə görə, ədəbi tənqidə belə yanaşma daha çox yazıçı tənqidinə aid edilə bilər. Yazıçı tənqidində elmi təhlillərdən çox ümumi yanaşmalar, zamanla səsləşmələr, müəyyən təsvir və mülahizələr öz əksini tapır. Ədəbi tənqid elmində isə konkret bədii əsərlər, yaxud da ədəbi proses müasir həyatın və sənətin, hətta sənətkar fərdiyyətinin işığında təhlil edilib sistemli şəkildə ümumiləşdirilir, nöqsanlar, çatışmazlıqlar müəyyən olunur, yazıçıya çıxış yolları da göstərilir. Ədəbi tənqidin vəzifəsinin yalnız bədii ədəbiyyatı, yazıçını tənqid etməkdə görənlər də məsələyə birtərəfli yanaşırlar. Ədəbi tənqidin, tənqidçinin anna işi bədii əsərin həm üstünlüklərini, özünəməxsusluqlarını aşkar edib dəyərləndirməkdən, həm də nöqsanlarını müəyyən edib, aradan qaldırılmasına köməklik göstərməkdən ibarətdir. Bizim fikrimizcə, bədii əsərin özünəməxsusluqlarını, novatorluğunu elmi şəkildə müəyyən etmək onun nöqsanlarını görüb göstərməkdən daha çətindir. Əsl tənqidçi bədii əsərə yanaşmada hər iki cəhətə eyni səviyyədə diqqət yetirməlidir. Bu məqamda ədəbi tənqid elmdir.

Bütün bunlarla bərabər, digər elm sahələri kimi ədəbiyyatşünaslıq elmi də inkişaf edən zamanla birlikdə daim dəyişir, yeniləşir və zənginləşir. Ona görə də ədəbiyyatşünaslıq elminin şöbələrinin, istiqamətlərinin təsnifləndirilməsinə də yenidən baxmaq lazım gəlir. Fikrimizcə, indiki şəraitdə folklorşünaslıq da ədəbiyyatşünaslıq elminin müstəqil sahəsinə çevrilmişdir. Hələ ki, folklor irsi, şifahi xalq ədəbiyyatı ədəbiyyatşünaslıq elminin ədəbiyyat tarixi istiqamətinin qaydaları ilə tədqiq olunur. Yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatının oxşar cəhətləri ilə yanaşı, fərqli xüsusiyyətlərinin də kifayət qədər olması bu irsə özünəməxsus şəkildə elmi yanaşmaları tələb edir. Bundan başqa, ədəbiyyatşünaslıq elminin şöbələrinin müəyyən edildiyi dövrdən keçən yüzilliyə yaxın dövrdə şifahi xalq ədəbiyyatının toplanılması və nəşri sahəsindəki böyük nailiyyətlər, meydana çıxan cild-cild kitablar, kitabxanalar, folklor abidələri və zəngin folklor irsinə həsr olunmuş saysız-hesabsız tədqiqatlar məxsusi bir bucaqdan elmi təhlil və dəyərləndirilmə zərurətini meydana çıxarır. Buna görə də, fikrimizcə, folklorşünaslıq ədəbiyyatşünaslıq elminin ayrıca bir istiqamətinə, şöbəsinə çevrilmişdir.

Dünya ölkələri, ədəbiyyatlar və mədəniyyətlərlə qarşılıqlı əlaqələrin genişlənməsi ədəbi əlaqələri də ədəbiyyatşünaslıq elminin məxsusi bir istiqamətinə çevirməkdədir.

Əlbəttə, ədəbiyyatşünaslıq elminin şöbələri haqqındakı yeni baxışlar mübahisə doğura, hətta qəbul edilməyə də bilər. Ədəbiyyatşünaslıq elminin şöbələrinin yenidən təsnifləndirilməsinə dair bu cəhdlər istiqamətdəki çoxillik sükut mühitini tərpədən ilk gedişlər olduğu üçün birmənalı qarşılana bilməz. Bununla belə, inkişaf edən, dəyişən və yeniləşən ədəbiyyatla birlikdə ədəbiyyatşünaslıq elminin üfüqlərinin genişləndiyini də inkar etmək çətindir. Ədəbiyyatda, bədii yaradıcılıqda baş verən böyük dəyişikliklər və yeniləşmələr ədəbiyyatşünaslıq elminin də inkişafını, bu sahədə yeni istiqamətlərin meydana çıxmasını meydana çıxarır. Artıq xeyli vaxtdır ki, ədəbiyyatşünaslıq elmi bu dəyişikliklərin içərisindədir. Sadəcə olaraq elmin bu sahəsinin konkret problem üzrə yenidən araşdırması haqqında düşünmək meyli az olmuşdur. Ədəbiyyatşünaslıq elminin şöbələrinin təsnif edilməsinə dünya ədəbiyyatşünaslıq elmindəki yeni baxışların təzahürləri bizim mülahizələrimizə də meydan açır. Heç istisna deyil ki, böyük ədəbiyyata daha masştablı baxış ədəbiyyatşünaslığın bir elm sahəsi kimi strukturunun da yenidən qurulması ətrafında başqa fikirləri də meydana çıxaracaqdır.

Azərbaycan ədəbiyyatşünaslığının təcrübəsində klassik təsnifat: ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid elmi istiqamətlər kimi mövcuddur. Bundan başqa, Azərbaycan ədəbiyyatşünaslığında folklorşünaslığın, ədəbi əlaqələrin müstəqil elmi istiqamətlərə çevrilməsi prosesi görünməkdədir. Azərbaycan ədəbiyyatşünaslıq elminin şöbələri kimi, dövrləşdirilməsi məsələsinə də yenidən baxmağa ehtiyac vardır. Fikrimizcə, son yüzilliyin Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafı yolunu şərti də olsa aşağıdakı mərhələlər üzrə müəyyən etmək olar:

1. XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatşünaslığı

 

Bu mərhələdə həm sovet dövründən əvvəl fəaliyyətə başlamış, artıq formalaşmış, elmi-ədəbi mühitdə qəbul olunan ustad ədəbiyyatşünaslar fəaliyyət göstərmiş, həm də ədəbiyyatşünaslıq elminin yeni nəsli meydana çıxmışdır. Heç şübhəsiz, Firidun bəy Köçərli həmin mürəkkəb tarixi dövrün ədəbiyyatşünaslıq elminin zirvəsində dayanır. Firidun bəy Köçərlinin ədəbiyyatşünaslıq irsi Azərbaycanda ədəbiyyat haqqında elmin böyük təməli və zəngin xəzinəsidir. Əmin Abid, Hənəfi Zeynallı, Salman Mümtaz, Bəkir Çobanzadə, Vəli Xuluflu və başqaları kimi ədəbiyyat fədakarları da bu mərhələnin aparıcı simaları olmuşlar. Bununla belə, qeyd olunan dövrdə Əli Nazim, Mustafa Quliyev, Məmmədkazım Ələkbərli, Mikayıl Rəfili, Cəfər Xəndan, Həbibulla Səmədzadə və başqaları kimi istedadlı elmi nəsillər də meydana çıxmışdır. Lakin bir-birini tamamlayan bu fədakar elmi nəsillərin aqibəti əsasən 1937-ci ilin repressiyaları ilə faciəli şəkildə başa çatdırılmışdır. Hətta həmin görkəmli alimlərin əsərləri də uzun zaman ərzində qadağan olunmuş, elmi dövriyyədən çıxarılmış, yalnız yaddaşlarda yaşadılmışdır. Fərqli ictimai quruluşlarda ömür sürüb sabit mövqedən axtarış və yaradıcılıq fəaliyyətilə məşğul olmağın faciəsini çəkmiş bu cəfakeş nəslin irsi yaşamaqda davam edir.

Həmin böyük ədəbiyyatşünaslar nəslindən cəmi bir neçə nəfər, o cümlədən Feyzulla Qasımzadə, Abbas Zamanov, Mir Cəlal Paşayev, Mikayıl Rəfili, Cəfər Xəndan və başqaları yəqin ki, həm də o zaman gənc olduqları üçün sonrakı dövrə keçə, fəaliyyətlərini davam etdirə bilmişlər. Şəxsiyyətə pərəstiş dövrünün böyük çətinliklərinin şahidi olmuş bu məsuliyyətli nəsil özlərinin fəaliyyətlərində həmişəlik qalan qalın-qalın qiymətli əsərlər yaratmaqla qarşılarında cild-cild tərtib kitablarından və monoqrafik əsərlərdən özünümüdafiə qalaları ucalda bilmişlər. Sonralar cəmiyyətdən hər hansı təzyiqin, meylin onlara gəlib çatması üçün həmin dəyərli kitablardan hörülmüş divarları aşmaq heç də həmişə mümkün ola bilmirdi. Ona görə də bu görkəmli elm xadimləri böyük ədəbiyyatşünaslıq sarayının möhkəm qala bürclərinə çevrildilər.

Beləliklə, ədəbiyyatın dövrləşdirilməsi baxımından XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı mərhələsinin hüdudlarının müəyyənləşdirilməsi məsələsinə yenidən baxılmalıdır. Fikrimizcə, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı anlayışı XIX əsrin axırlarından başlanan tənqidi-realist meyillərin qanunauyğun məntiqi davamı olub, keçən yüzilliyin əvvəllərində xüsusi böyük inkişaf dövrünü yaşayan və nəhayət, 1937-ci ilin repressiyaları ilə tamamlanan konkret bir prosesi ifadə edir. Daha dərindən diqqət yetirilsə, əslində proses 1953-cü ilə, İosif Stalinin vəfatına qədər müəyyən səviyyədə davam etmişdir. Bu vaxtaqədərki dövrləşdirmədə həmin prosesin 1920-ci ildə Azərbaycanda aprel inqilabı (çevrilişi) ilə başa çatdığının göstərilməsi məsələnin ideoloji cəhətdən dəyərləndirilməsi nəticəsində formalaşdırılmış süni qənaət idi. Azərbaycan ədəbiyyatı üçün xarakterik olan proseslər eyni səviyyədə dövrün ədəbiyyatşünaslıq elminə də aiddir.

2. İkinci Dünya müharibəsi dövrü Azərbaycan ədəbiyyatşünaslığı   

Zaman etibarilə qısa olmasına baxmayaraq, bu dövrün ədəbiyyatşünaslığı özünəməxsusluğu ilə fərqlənir. İkinci Dünya müharibəsi illərində yazıçılar kimi ədəbiyyatşünaslar da qələmi süngüyə çevirmiş, həm ön cəbhədə, həm də arxada ədəbiyyat və mətbuat vasitəsilə cəmiyyəti müharibənin qələbə ilə qurtarmasına səfərbər etmək vəzifələrini həyata keçirmişlər. Döyüşçü-ədəbiyyatşünas formatında ədəbiyyatşünaslıq yaranmışdır. Ədəbiyyat səviyyəsində ədəbiyyatşünaslıq elmi də geniş mənada müharibə əleyhinə və qələbə uğrunda ideoloji mübarizənin ön cəbhəsində təmsil olunmuşdur. Fikrimcə, həmin proses Sovet İttifaqının rəhbəri İosif Stalinin vəfat etdiyi 1953-cü ilə qədər davam etmişdir. Böyük Vətən müharibəsindən sonra da ədəbiyyatşünaslıq bir müddət İkinci Cahan Savaşında sovet xalqına qələbə qazandıran lideri vəsf edən ədəbiyyata haqq qazandırmaq vəzifəsini yerinə yetirməli olmuşdur. Əslində XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatşünaslığı da əsas nümayəndələrinin taleyi repressiya hadisələri ilə faciəli şəkildə bitsə də, ideoloji baxımdan 1953-cü ildə sona çatmışdır.

3. Azərbaycan sovet ədəbiyyatşünaslığı  

Sovet hakimiyyətinin qələbəsindən sonra sosializm ideologiyası möhkəm surətdə cəmiyyətə hopdurulsa da, sosialist realizmi ədəbiyyatı yaradılsa da, sözün tam mənasında fundamental Azərbaycan sovet ədəbiyyatşünaslığı XX əsrin əllinci illərindən sonra inkişaf etmişdir. Bu dövrdən etibarən ədəbiyyatşünaslıq elmi ədəbi prosesə daha sıx müdaxilə etmişdir. Geniş, ümumiləşmiş monoqrafik tədqiqatlar bu mərhələdən sonra daha çox meydana çıxmışdır. Altmışıncı illərdən etibarən ədəbiyyatda olduğu kimi, ədəbiyyatşünaslıqda da ideoloji tələblərlə yanaşı, xəlqilik, milliləşmə meyilləri müşahidə olunmuşdur. Bu dövr də özünün yeni ədəbiyyatşünaslar nəslini cəmiyyətə təqdim etmişdir. Əslində XX əsr boyu Azərbaycan ədəbiyyatşünaslıq elminin ən yüksək inkişaf mərhələsi yetmiş-səksəninci illər hesab oluna bilər. Həmin tarixi mərhələdə Azərbaycan ədəbiyyatşünaslarının ustadları ilə eyni sıralarda yeni istedadlı nəslin də fəaliyyət meydanında olması, bu böyük harmoniya mükəmməl bir ədəbiyyatşünaslıq məktəbinin formalaşması ilə nəticələnmişdir. Tərəddüd etmədən demək olar ki, XX əsrin yetmiş-səksəninci illəri Azərbaycan ədəbiyyatşünaslıq elminin qızıl dövrüdür. Beləliklə, Azərbaycan sovet ədəbiyyatşünaslığı kimi başlanan proseslər milliləşmə, elmilik istiqamətində inkişaf edərək sovet dövrü Azərbaycan ədəbiyyatşünaslığının formalaşması ilə nəticələnmişdir. Həmin dövrün ədəbiyyatşünaslıq əsərlərində elmi gerçəklik ideologiyanı üstələyə bilmişdi. Hətta elə əsərlər də meydana çıxmışdır ki, onları indi də kiçik redaktə ilə, bəzən isə olduğu kimi nəşr edib yeni nəsillərə çatdırmaq mümkündür və lazımdır.

 

(Ardı var)

İsa Həbibbəyli

AMEA-nın vitse-prezidenti,

Nizami adına Ədəbiyyat İnstitutunun direktoru,

Milli Məclisin deputatı,

akademik

525-ci qəzet.- 2014.- 24 may.- S.14-15.