Rəsul Rzanın "Sabir poeziya günləri"

 

Hər il mayın son ziya günləri

Rəsul Rzanın yaratdığı

"Sabir poeziya günləri"...

Təəssüflə, birtəhər deyirik

deyiləsi mümkünləri... 

Rəsul Rzanın "günlər"indən

deməzdim ki,

çox zadlar bilmirik...

Amma heç vaxt

Sabir kimi ağlaya-ağlaya

getmirik Şamaxıya,

Şamaxıdan da kirimişcə

Sabir kimi gəlmirik...

Şamaxılı Fikrət Sadığın da

fəxri gümüşü saçlarından

bəyaz bir telin

səfərimizin aydınlığına

defis olması,

Yunanlardan üzü bəri

Uğurumuza uğrayan

Allahın Zefs olması

sardı bizi,

Sabir qədəminə apardı bizi.

Ötsək , kirisək ,

süvar olduq bu yola.

Daha ola-ola!

İnnən belə

ümid bizim

arlı aran balası,

Arran qalası

        olan Əjdərə,

Pənah bizim

Olacaq olan Ola!..

 

Qarabağ dərdi yazmaq...

 

Qarabağ dərdi yazmaq

indi vicdan işidir;

Bu olay, Yurdumuzun

Ən qaranlıq bugünü,

Həm keçmişidir...

 

Ağladıqca bu dərdi

göz yaşımız quruyar.

Bizi biz qorumasaq,

Tanrı hardan qoruyar?!

 

"Qara", "bağ" - iki sözdür -

Əgər desək düzünü.

Bağı viranə qoyub,

tamam eləyiblər

qalan "qara" sözünü.

 

Uzun acı siqardır

bu Qarabağ dərdimiz.

Namərd  bir yana dursun,

çəkə bilmir mərdimiz!..

 

Çəkilən - haqqa səddir,

Onun da bir sonu var!..

Qarabağ başqa dərddir -

Çəkilməz qanunu var...

 

Dərd, üstə gəlməsək ,

Gəlib əkdiyi bizik.

Biz çəkə bilməsək ,

Dərdin çəkdiyi bizik...

 

Qarabağ dərdi yazmaq -

Kimə, hara yazmaqdır?!

Dünyanın nəzərində

qələmlə yazsan,

Yenə qara yazmaqdır...

 

Yuxu azarı

 

Bu yorğan həyatı üstümə atıb,

Büzüşüb yatmışam, hamı oyaqdır...

Görən mənim kimi başqa kim yatıb,

Ya kimin arzusu, kamı oyaqdır?!

 

Onsuz da yuxuda acı, bal dadır...

Dişimin altında fıstıqdır dünya.

Yuxuya var ki, başqa dünyadır;

Başımın altında yastıqdır dünya.

 

Şirin yuxuların acı hökmü var,

Deməzdim hər acı şirin ələmdir...

Yuxu azarının bir həkimi var:

O, döyüş ilacı yazan qələmdir...

 

Gəzdim dağı, dərəni,

 

Gəzdim dağı, dərəni,

Çəmən qarşıma gəldi.

Ayaq apardı məni,

Gələn başıma gəldi...

 

Güllələndi Aqil Abbas!..

 

ANS Televiziyasının "Evə gəl" verilişində

Aqil Abbas ermənilərlə bizim  aramızdakı sərhəddi

adlayıb keçdi. İşğal altındakı torpaqlarımıza

doğru irəlilədi...

Barmağı ilə Ağdamı, Şuşanı, Laçını göstərərək dedi:

Azərbaycan xalqı, gəlin, gedək...

 

Heç kəs istəməsə ,

Özü güllələnmək istəyirdi,

"Güllələndi" ...

Şəhid olmaq istəyirdi,

Yolu şəhidlik mərtəbəsinə

Pillələndi ...

Silahsız qardaş,

Əlində silah yumruğu -

Allah buyruğu..

Mənə dəyəsi,

sənə dəyəsi güllələr

Aqilin başına yağdırıldı

dəli yağmur kimi,

dolu kimi.

Aqili güllələdilər

Bu torpağın oğlu kimi...

 

Güllələdilər Aqili

Cəsarətinin cəsədini

Ay işığına bükmək üçün.

Qanındakı hərarəti

üşüyən torpağın

üstünə çəkmək üçün.

Aşağılar atəşə tutdular ucaları;

Aqilliyi nişan alıb, atmacaları sevən

Aqilə atdılar güllə atmacaları...

Mələk donunda qanad çalıb

Sərhəd üstündən uçduğundan,

Minaların arasından

Ağdamı qucduğundan

güllələdilər Aqil Abbası.

Orda var, yox-

Bilməyə getmişdi,

Doğulduğu yerdə

ölməyə getmişdi...

Elə orda qəfil açılan silahdan

neçə min  ərəndən biri kimi

dilindəki güllədən asıldı

Nəsimi şeiri kimi...

Boynunda Vətən eşqindən kəfən,

Şəhidliyinin sonunda "Əhsən!"

Vətən çölündəki

gözü  nəmli nərgizlər

yasında ehsan -

kürəyində intiqam əbası,

sinəsində

tanrısal duyğularından

gülləbatmaz libası -

güllələdilər Aqil Abbası.

 

Güllələdilər;

Yurdunu bölmək üçün

çeşidlər bölgəsinə...

güllələdilər

hünəri qoymaq üçün

ruhunun kölgəsinə...

Güllələdilər...

Uf demədi qorxaq  kimi,

Cıqqırını çıxarmadı

İgidləri qucağında

Qırılmış torpaq kimi...

Güllələdilər Aqil Abbası

tarın "Segah" pərdəsiynən,

"Qarabağ bülbülləri"nin,

Cabbarın, Qədirin səsiynən.

Güllələdilər Aqil Abbası

Alova, ölümə təşnə

qeyrətli  oğulların

qardaş, qarabağlı tənəsiynən...

güllələdilər Aqil Abbası -

yurdum gülməsə

üzüm gülməz -

dediyinə görə,

Məramım şəhid olmaq,

Şəhid ölməz -

dediyinə görə.

yaxşı "güllələdilər"! -

Canımız qurtardı

Torpağına can deyəndən!...

 

Canımız qurtardı

Yuxularında belə

Azərbaycan deyəndən!..

Yox, canımız qurtarmadı...

Aqilliyimiz qurtuldu

torpağa verə bilmədiyimiz canımızdan...

Bir dərdə min illət dediyindən,

"Ya millət, ya zillət!" dediyindən

Güllələdilər Aqil Abbası -

İrəlidə getmək

Ayrı bir ad-san olur.

Amma qabağa can atanı da

güllələmək asan olur...

Güllələndi Aqil Abbas...

Ayağından vurdular ki,

illərlə anbaan həsrətini çəkdiyi

torpağa dəyməsin.

Başından vurdular ki,

Bu əfsanə olaya

Başları əyməsin.

Dilindən vurdular ki,

Doğma Qarabağını -

O dünya gözəlini

Bir , bir öyməsin.

Yolundan vurdular ki,

"azmasın"...

Qələm tutan əlindən

vurdular ki,

doluxsuna-doluxsuna

"Dolu"nu,

"Çadırda

Üzeyir Hacıbəyli doğula bilməz"

acısını yazmasın...

Qərib qara sazın

"Misri"sinə şığıyan qaranquş tək,

Qarabağın bəbəyində

qara çiçək açan

bir damla qara yaş tək

güllələndi Aqil Abbas:

güllələndi Aqil Abbas.

yaxşı güllələdilər -

Ölmədi.

Gedə bilmədik  yasına...

Rəhmət!

Eh, bu dünyada

Zamanında doğru güllə atanın

Atasına...

Rəhmət!

Bu qədər güllədən

Ölmədi Aqil -

Aldığı yaranı

Şəstinə duruş elədi,

Yaralı şəstini

Yolunda yürüş elədi.

Ölmədi Aqil -

Sərt qayanın mamırı,

Daş inadın yosunu...

Çünki özündə

Çoxdan öldürmüşdü

Qarabağsızlıq duyğusunu...

Bütün səsi yetənlərə

qadağan eləmişdi

Qarabağsızlıq yasını...

Güllələndi.

Güllələnən, qardaşım Aqil!

təki  ulu eşqi

güllə ağzına qoyma.

Bəxtəvər başına, Aqil Abbas!

"Bəxtəvər" sözünə

qaşın çatılar ki...

Çatılmasın, a bəxtəvər,

Güllə qeyrətdən başqa

nəyə atılar ki?!.

Məsləkin görümündə

nişangahı əymə, sən allah!

Güllə payımıza

dəymə, sən allah!

Vətənə yürümək eşqindən

Hərəmizə bir gilə düşür.

Sənin tək güllələnməsək,

Hamımıza güllə düşür.

 

 

Yusif Nəğməkar

525-ci qəzet.- 2014.- 28 may.- S.8.