Sağlamlıq imkanları məhdud olsa da, cəmiyyətə inteqrasiya imkanları məhdud deyil

 

 

Bənövşə Həsən qızı Məmmədova Naxçıvan Muxtar Respublikasının sakinidir. O, 19 aprel 1965-ci ildə indiki Kəngərli rayonunun Yurdçu kəndində anadan olub. Hazırda da həmin kənddə yaşayan Bənövşə xanım anadangəlmə əlildir; qollarında dirsəkdən və biləkdən, ayaqlarında isə dizdən aşağı hissələr əyridir. Yeriyə bilmir, əlil arabası ilə hərəkət edir. Əlilliyə görə aylıq müavinət alır, eyni zamanda, il ərzində bütün bayramlarda rayonda fəaliyyət göstərən müvafiq dövlət qurumları tərəfindən ehtiramla yad edilir, hərtərəfli qayğı görür. Bundan başqa, Bənövşə xanım çətinliklə olsa da, özü də iş görür. Qüsurlu əlləri ilə gözəl xalça, uşaqlar üçün yun köynək, əlcək, corab toxumağı bacarır. Əvvəl-əvvəl əl işlərini bacı-qardaşlarına hədiyyə edirmış. İndi isə Bənövşə xanımın əl işləri nəsildəki bütün nəvə-nəticələrin əl-ayağını, canını isidir, yaxın qohumların evini bəzəyir. Yeri gələndə, Bənövşə xanım toxuduğu xalçalardan qonum-qonşuya satır da. Onun başqa bir məşğuliyyəti isə kitab-dəftərə, yazı-pozuya olan bağlılığıdır: "Hamıdan çox bağlıyam bu həyata, insanlara, quşlara, ağaclara. Mənim üçün yeriyə bilmək ən böyük arzu olub. Uşaq vaxtı bacılarım Sona və Səidəni, qardaşlarım Qabil və Habili səliqə ilə geyindirib məktəbə yola salanda içimdə bir inam oyanıb ki, bu həyat yuxudur, ayılanda mən də eləcə səliqə ilə geyinib, saçlarıma ağ bant bağlayıb məktəbə gedəcəyəm. Və bir gün televiziyada mənim taleyimi yaşayanlar haqqında bir veriliş hər şeyi dəyişdi. Həyatı olduğu kimi gördüm, reallıqları qəbul etdim. Yavaş-yavaş hərfləri, rəqəmləri öyrəndim, kitablarla dostluq qurdum. Dərdlərimi oxuduğum əsərlərin qəhrəmanlarına danışdım. Bəlkə də indiyə kimi yüzlərlə kitab oxumuşam. İndi hər gün də ən azı 80-100 səhifə oxumasam darıxaram. Oxuduqlarım arasında ən çox bəyəndiyim isə Cek Londonun "Həyat eşqi" hekayəsidir. Artıq xeyli müddətdir ki, bənövşələr kimi boynunu büküb bir küncdə dinməz-söyləməz oturmuram. Oxumaqla yanaşı, əlçimdə yun təmizləməyi, cəhrədə yun əyirməyi, corab, köynək, əlcək, göyərçin naxışlı xalçalar toxumağı bacarıram. Bunlar mənim əsas məşğuliyyətim, qohum əqrəbanın xoşbəxtliyi, sevinci, ölkəmizin günü-gündən inkişaf etməsi isə həyat eşqimdir".

Əlillərin sosial müdafiəsinin təmin olunması sahəsində dövlət idarəetməsini həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi məlumatına görə, Bənövşə Məmmədova da daxil olmaqla Azərbaycanda ümumi əhalinin 5,6 faizi, yəni 530 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Onların layiqli həyat səviyyəsi və sosial müdafiə hüququnun təmin edilməsi ilə bağlı ölkəmizdə müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilməkdədir. Hər şeydən öncə, əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyaları, sosial müavinətlər və prezident təqaüdləri ödənilir. Əmək pensiyası alanların 27, sosial müavinət alanların 57,2, prezident təqaüdü alanların isə 52,2 faizinin əlilliyi olan şəxslər olduğu bildirilir. Nazirliyin məlumatına görə, 2006-2013-cü illər ərzində əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə 2,6 dəfə artırılıb. 2012-ci ildə qəbul olunan "Sosial xidmət haqqında" Qanuna əsasən, evlərdə və sosial xidmət müəssisələrində ümumilikdə  3666 nəfər tənha əlilliyi olan şəxslərə də sosial xidmət göstərilməyə başlanılıb. Müvafiq qanunvericiliyə əsasən, əlillərin məşğulluğu üçün müəssisələrdə kvotalar nəzərdə tutulub. 2009-2013-cü illərdə məşğulluq mərkəzlərinə müraciət edən 2468 nəfər əlilliyi olan şəxsdən 1089 nəfəri işlə təmin olunub. Belə şəxslərdən 202 nəfəri peşə hazırlığı kurslarına, 60 nəfəri isə haqqı ödənilən ictimai işlərə cəlb olunub. İndiyədək dövlət hesabına 4300-dən çox əlilliyi olan şəxsə avtomobil, 5000-ə yaxın əlilliyi olan şəxsə isə mənzil verilib. Hazırda ölkədə olan əlillərin 15 reabilitasiya mərkəzi mövcuddur. Bu mərkəzlərdə hər il orta hesabla 8000 nəfər dövlət hesabına tibbi-sosial reabilitasiya olunur, 5000 nəfərə yaxın şəxs isə protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin edilir. Bu tədbirlər çərçivəsində əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması sahəsində də müvafiq işlər görülür.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun mətbuata açıqlamasından aydın olur ki, Azərbaycanda 1992-ci ildə qəbul olunmuş "Əlillərin sosial müdafiəsi haqqında" Qanun ölkəmizdə əlillər barəsində dövlət siyasətini müəyyən edir. Qanun cəmiyyət həyatının iqtisadi, siyasi və sosial sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, onların öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir. Əlillər bu Qanunla BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan Konstitusiyasında və başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan yararlanmaq hüququ da qazanırlar. Nazirin sözlərinə görə, "Əlillərin sosial müdafiəsi haqqında" Qanunun qəbulundan 16 il sonra Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına da qoşulub. Bu Konvensiyanın məqsədi əlillər tərəfindən bütün insan hüquq və əsas azadlıqlarının tam, bərabər səviyyədə həyata keçirilməsini həvəsləndirməkdən, müdafiə və təmin etməkdən, eləcə də onların ləyaqətinə hörmət edilməsini həvəsləndirməkdən ibarətdir. Bununla yanaşı, əlilliyin qarşısının alınması, reabilitasiyası, əlilliyi olan şəxslərin sosial müdafiəsi, eləcə də onların ictimai həyatın bütün sahələrində iştirakı və layiqli həyat sürmələri üçün şəraitin yaradılması ölkəmizin əsas strateji sənəd olan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da təsbit olunub.

Milli Məclisin Sosial Siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli hazırda Azərbaycanda Bənövşə xanım kimi fiziki qüsurlu insanların sayının minlərlə olduğunu bildirib. Qeyd edib ki, onların əksəriyyətində cəmiyyətə inteqrasiya imkanları məhdud deyil. Onun sözlərinə görə, bu səbəbdən dövlət digər əlillərlə yanaşı, məhz həmin insanların da sosial müdafiəsini qurur, onların cəmiyyətə inteqrasiyasında maraqlı tərəf kimi çıxış edir: "Bu gün əlilliyin sosial müdafiəsində ən başlıca prinsip ünvanlılığın təmin olunması, sosial ədalətin bərpa olunması və əlillər üçün hər cür şəraitin yaradılmasıdır. Ölkənin qanunlarında əlillərin sosial reabilitasiyası, sosial müdafiəsi haqqında maddələr olmaqla qanunvericiliyin mövcud ümumi bazası əlillərin sosial müdafiəsinə xidmət edir. Lakin bununla bərabər, bütün cəmiyyətdə istər Qarabağ əlillərinə, istərsə də digər əlillərə qarşı mərhəmət prinsipi oyanmalıdır. Bunun  üçün əlillər cəmiyyətlərindən, mətbuatdan  da çox şey asılıdır.  Əlillər də işlərini düzgün tənzimləməlidirlər. Əlillərin cəmiyyətə reinteqrasiyası, əlilliyin bərpası, əlillərin reabilitasiyası ən aktual məsələlərdir. Biz əslində əlil sözünün işlənməsinin əleyhinəyik. Çox zaman cəmiyyətimiz "fiziki qüsurları olan", "sağlamlığı məhdud olan" kimi ifadələr işlətməklə əlillərə olan münasibətin aliliyini göstərmiş olur. Belə insanlarla yaxından maraqlananda müşahidə edirsən ki, onların hər birində fərqli bacarqılar, vərdişlər var. Onlardakı bu bacarıq və vərdişləri inkişaf etdirmək lazımdır. Dövlətin göstərdiyi qayğı ilə yanaşı, belələrinə mənəvi dəstək olmaq vətəndaşların da borcudur. Fiziki qüsurlu, sağlamlıq imkanı məhdud, amma xüsusi bacarığı olan əlillərin bizim mənəvi dəstəyimizə çox böyük ehtiyacı var. Dövlət və bütövlükdə cəmiyyətin dəstəyi ilə biz onları cəmiyyətə inteqrasiya edə bilərik".

"Əlillərin Cəmiyyətə İnteqrasiyası" İctimai Birliyinin sədri Ramilə Mahmudova fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasının ilk növbədə evdən başlamasını zəruri sayıb. Bildirib ki, ömrünün çox hissəsini ev şəraitində keçirmiş əngəlli insan bayırda onu nəyin gözlədiyini bilməli, evdən çıxarkən nələrlə qarşılaşacağını təxmin etməlidir. QHT sədrinin sözlərinə görə, bunun üçün psixoloq və ya sosioloqun həmən fiziki məhdudiyyətli insanla görüşməsi, evdən kənarda baş verənlər haqda onu məlumatlandırması, onu yaxşı və pis hadisələrə hazırlaması daha çox məqsədəuyğundur: "Uzun müddət evdə yaşayan və özünü ətrafdan təcrid edən əlilə ictimai yerlərdə özünü aparmaq qaydası, insanlarla ünsiyət və münasibət qaydaları izah edilməlidir. Bununla paralel əngəlli insanların evdən kənarda rahat hərəkətlərini təmin etmək üçün bütün lazımi tədbirlər görülərək, infrastruktur yaradılmalıdır. Bu çox vacib və priroritet məsələdir. Məhz infastrukturun olmaması ucbatından fiziki məhdudiyyətli insanların çox böyük bir hissəsi cəmiyyətdə baş verən proseslərdə yaxından iştirak edə bilmir, əməkdən və əyləncədən kənarda qalırlar. Onlar ictimaiyyət içinə çıxa bilmir və insanlarla ünsiyyətdən məhrum olurlar. Yerimə əngəlli insanların rahat hərəkətini təmin etmək üçün səki və pilləkənlərdə panduslar qoyulmalı, marşrutlarda xüsusi avadanlıq quraşdırılmış avtobuslar olmalıdır. Məhz ictimai nəqliyyatdan istifadənin mümkünsüzlüyü ucbatından fiziki məhdudiyyəti olan insanlar hər yerə taksi ilə getməyə məcbur olurlar ki, bunun da baha başa gəlməsi onlara əlavə problem yaradır. Bundan əlavə görmə əngəlli insanların da evdən kənarda rahat hərəkətləri mütləq şəkildə təmin edilməlidir. Dövlət orqanlarında və bir çox vacib yerlərdə nitq və eşitmə əngəlli insanlarla ünsiyyət yaratmağı bacaran şəxs olmalıdır. Bu məsələdə əlil insanların ailə üzvlərinin də üzərinə böyük yük düşür. Fiziki məhdudiyyəti olan insana ən birinci öz ailəsi yardım etməli, hər bir halda maddi və mənəvi olaraq ona dəstək olmalıdırlar".

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli hesab edir ki, əlillərin cəmiyyətə inteqrasiyası üçün ilk növbədə həmin kateqoriyadan olan insanlara cəmiyyətdə sosial baxış  təmin olunmalıdır. Onun fikrincə, ölkədə fiziki məhdudiyyəti olan insanlarımıza tibbi baxış olsa da, sosial baxış yoxdur: "Bu insanlara xəstə kimi baxılır. Nəticədə onların təhsil alması, idmanla məşğul olması, məşğuliyyəti və asudə vaxtının təşkili üçün manelər yaranır. İstər-istəməz əlilliyi olanlara xəstə kimi yanalaşılması arzuolunan deyil. Düzdür, son illərdə cəmiyyətdə əlillərə olan sosial baxışın təmin olunması istiqamətində fəaliyyət hiss olunur. Dəyişilik olacaq, qanunvericlikdə də bunlar nəzərə alınıb. Qarabağ əlilləri, şəhid ailələri, Çernobil əlillərinə dövlət tərəfindən təmənasız olaraq mənzillər verilir, ya da yaşayış sahəsi yaxşılaşdırılır. Əlillərin hərəkət etmələri üçün nəqliyyat vasitələri ilə təmin olunurlar. Eləcə də, bütün kateqoriyadan olan əlilliyi olan insanlar dövlət tərəfindən protezlə, tibbi avadanlıqlarla təmin olunurlar. Həmçinin nəqliyyat vasitələri ilə, əlil arabaları ilə təmin olunurlar. Dövlət onların sosial təminatı ilə məşğuldur. Fiziki məhdudiyyəti olan insanların müalicəsi üçün də dövlət qayğısı var. Həm ölkə daxilində, həm ölkə xaricində əlillərin müalicəsi üçün şərait yaradılır. Daha çox Ukraynaya, nisbətən də Bolqarıstan və Rusiyaya müalicə üçün göndərilir əlillərimiz. Ölkə daxilində də müalicə mərkəzlərdən biri kimi isə Naftalanı göstərmək olar. Orada çox yüksək səviyyədə xidmət qurulub. Bizləri narahat edən digər məsələ isə əlillərin məşğuliyyətinin təmin olunmasıdır. Bunun üçün kvota var. Kvota əhalinin bir neçə təbəqəsinə şamil olunur, onlar arasında əlillər də var. Dövlət, hökumət və qeyri-hökumət təşkilatlarında əlillərin məşğuliyyət üçün imkanlar yaradılmalıdır. Bu insanların işlə təmin olunması işçilərin sayının 20 nəfərdən çox olması ilə nəzərdə tutulur. Borcludurlar ki, əlilliyi olan insanları işlə təmin etsinlər. Əlillərin işləməsi üçün şərait də yaradılmalıdır".

 

Elmar HÜSEYNOV

525-ci qəzet.- 2014.- 30 may.- S.4.