Əsərləri V  cild  (1918 – aprel 1920)

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın  əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov,

Transliterasiya redaktorları: professor  Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)  

(Əvvəli ötən şənbə sayımızda)

     Əfəndilər! Çox qəribədir, bir zamandakı hərbi-ümumi axıra yetişiyor. Bir zamandakı dünyanın cəngavər və təpədən-dırnağa qədər müsəlləh olan millətləri məsələlərin artıq sülh vasitəsilə həll və qət olunmasını istiyorlar. Bir zamandakı istiqlala layiq olduğumuzu isbat üçün bu gün biz, kiçik Qafqasiya millətlərinin əlində qüvvətli bir sübut vardır ki, o da sülh və müsalimət, ancaq və ancaq qan tökməməkdir (sürəkli alqış). Əvət, əfəndilər, böylə bir zamandakı biz Qafqasiya millətləri ixtilaflı və mübahisəli məsələləri qansız həll etməz isək, iləridə bütün millətlərin iştirakı ilə əqd olunan ümumi sülh konfransına qol-qola olaraq bir qapıdan dost bir surətdə girəcək olmazsaq bütün əməllərimiz məhv və nabüd olar. İştə böylə bir zamanda Ermənistan ilə Gürcüstan arasında qan tökülüyor. Bu qanlar dayanmalıdır. Çünki hürriyyət və istiqlal həqqində bəslədigimiz o əziz və müqəddəs qəsdlərimizi qara yerlərə tökülməmək üçün sülh masası başında müttəhidən oturmağa layiq olduğumuzu göstərməliyiz. İştə bu qanların dayandırılmasına bir təsir icra etmək üçün bu gün Azərbaycan demokratiyası səsini yüksəltməlidir (alqış).

Əfəndilər! Bu fikir, ixtilaflı məsələlərin müsalimətlə həlli fikri, heç bir vəqt Azərbaycan cəmaətinə yabançı qalmamışdır. Azərbaycan demokratiyasını hər zaman töhmətləndirmişlər, ona dildə bir, məqsəddə, işdə bir – deyə böhtan etmişlərdir. Hər zaman bizlərə irticapərəst adını taxaraq aləmlərə təşhir etmişlərdir. Buna dəlil olaraq alətləri bizim xaricimizdə olan əsəfli hadisələri üzümüzə vurub erməni-müsəlman kibi müəssif hadisələrə meydan olduğundan Azərbaycanı təqsirləndirmişlərdir. Fəqət həqiqəti-hal nəyi göstəriyor. Azərbaycan müqəddəratını kəndi əlinə alıb da müstəqil olaraq yaşamağa başladığı andan bəri siyasətini müvafiqət və masalimət əsasına qurmuşdur. Azərbaycan hökuməti ibtidadan bəri sülh tərəfdarı olub da müsalimət siyasətindən ayrılmamışdır. Azərbaycan hökuməti əvvəl təsisindən bəri Qafqasiya millətləri arasında olan ixtilaflı, mübahisəli məsələlərin cəbr ilə degil, sülh ilə həll olunmasına çalışmışdır. Azərbaycan siyasi nümayəndələri hər zaman və hər məkanda mübahisəli məsələlərin sülh ilə həll olunması təklifində bulunmuşlardır. Qafqasiya millətləri bu məsələləri öz aralarında həll edə bilməzlərsə başqa bitərəf bir hökmə müraciət eləməlidirlər. İyun ayının ibtidalarında idi. Gürcüstan hökuməti Borçalıyı müsəlman əhalisinin arzusuna rəğmən cəbrən Gürcüstana ilhaq ediyordu. Azərbaycan bunu protesto edərək məsələnin beynəlmiləl bir komisyon vasitəsilə həllini təklif elədi. Məəttəəssüf bu təklifinə müvafiqət cavabı degil, müxalifət gördü. Bu təklifi Azərbaycan hökuməti sonralarına təkrar elədi. Nəticə alamadı. Son günlərdə isə Gürcüstan hökuməti bu nöqteyi-nəzəri qəbul ilə rəsmən bir təşəbbüsdə bulundu. Bu təşəbbüsə birinci ləbbeyk deyən Azərbaycan hökuməti oldu. Gürcüstan hökuməti qonşu Ermənistan hökumətini də Zaqafqasiya konfransına dəvət etmiş, günlər, həftələr ilə bəkləmiş, lakin Ermənistan nümayəndəsi gəlməmişdir. Bunun üçün konfrans məsələsi həll edilə bilməyib dağılmışdır. Gürcüstan ilə Ermənistan arasında bu məsələ üzərində təati eyləmiş və surətlə bu gün nəşr edilmiş teleqraflardan anlıyoruz ki, Gürcüstan hökuməti hətta bu müzakirat əsnasında bizdən bixəbər olaraq Ermənistanın təklifinə görə əvvəlcə bu məsələləri yalnız Ermənistan ilə öz arasında həll etməgə razı olmuşsa da, yenə vəziyyəti qurtaramamış, məqsədinə müvafiq olamamışdır. Şimdi isə bu iki millət öz aralarında olan mübahisəli məsələləri qan ilə həll etməgə başlamışlar. Arada ixtilaflı olan topraq məsələsi vardır. Əzcümlə, Borçalı uyezdi mövzui-bəhsdir. Biz biliyoruz ki, Borçalının türk və müsəlmanlar ilə məskun olan qismi Azərbaycandan ayrılmayacaq bir qitədir (şiddətli alqışlar). Zəngəzur, Qarabağ uyezdi kəza Azərbaycandan ayrılmayacaqdır (alqışlar). Biz bu mübahisəli məsələlərin demokratik nöqteyi-nəzərindən qılınc ilə degil, sülh ilə həll olunmasını hər zaman istəmiş, imdi də arzu ediyoruz. Fəqət heyhat ki, bizim bu arzumuz səhrada çağrılan boş sədadan ibarət qalmışdır. Biz zikr olunan yerlər üzərindəki həqqimizin hər vasitəyə müraciət edilsə eşidiləcəginə qənaətimiz bərkəmal ikən, Qafqasiyanın ümumi müqəddəratını nəzərə alaraq biz həmişə digər mübahisəli məsələlər kibi bu məsələnin də sülh ilə həll olunmasını gözləmişik.

Arzu edirdik ki, Gürcüstan ilə Ermənistan hökumətləri dəxi bu əsası qəbul ilə öz aralarındakı ixtilaflı məsələləri sülh və müsalimət ilə həll etsinlər. Məəttəəssüf bu gün meydanda nahaq yerə qanlar töküldügünü görüyoruz. Azərbaycan Məclisi-Məbusanı Gürcüstan ilə Ermənistan hökumətlərinin daxili işlərinə qarışmaq üçün degil, bütün Qafqasiyanı yakacaq, o cümlədən Azərbaycanı da qanlara boyayacaq bir fəlakətin önünü almaq üçün bu məsələyə icrayi-təsir etmək istər və imanımız bunadır ki, Gürcüstan və Ermənistan cəmaəti dəxi bizim kibi düşünüyor.

Azərbaycan xəlqinin müməssili-ruhi olan Məclisi-Məbusanımızda hökmfərma olan bu ruhi-müsalimət əminəm ki, bütün cəmaətimizin duyğusu olduğu kibi, gürcü və erməni cəmaətinin eyni mətləbidir. Gürcüstan və Ermənistan Məclisi-Məbusanları dəxi öz millətlərinin vicdanını təmsil etdiklərindən sülhamiz bir səhyeyi-intibahla kəndilərinə müraciət edəlim və deyəlim ki: Qafqasiya millətləri sülhi-müsalimətə möhtacdırlar. Bütün səyi-iqtidar və nüfuzunuzu hökumətiniz üzərində icra ediniz. Tökülən bu nahaq qanlar dayansın. Çünki bu qanlarda boğulacaq hürriyyətlərimiz, çünki bu yanğınlarda yanacaq yurdlarımızdır.

“Azərbaycan”, 29 qanuni-əvvəl (dekabr) 1918, ¹73

           

Qənaim – qənimətlər

İstehzar – çağırış, hazır olma

Mühəqqəq – doğruluğu

müəyyən edilmiş

İstizah – açıq izah tələb etmə

Cərihə – yara

Təşhir – məşhurlaşdırma

Təati – mübadilə

    

Bu zabastovka nə idi?       

Şəhərimiz üç günlük bir zabastovka keçirdikdən sonra təbii şəklini aldı. Həyat öz yoluna girdi.

Hər kəsin zehninə təbii bir sual gəliyor. Əcəba, zabastovka nə idi?

Zahirini hər kəs bilir. İngilis komandanı Tomsonun əmri ilə bir neçə böyük rusiyaçı partiyalara mənsub və siyasətlə məşğul olan adamlar tutulmuşdu. Tomson bunları nə kibi bir mülahizə ilə tutmuşdu. Təqsirləri nə idi? Burası bizə məlum degildir. Müəyyən səbəbi cəmaətcə məlum olmayan bu həbslər ictima etməkdə olan əmələ konferensiyasının nəzər-diqqətini cəlb eləmiş, konferensiya kəndisinə müraciət edən konferensiya nümayəndələrini qəbul edərək məhbusların buraxılmayacağını bildirmişdi. Bunun üzərinə konferensiya zabastovka komitəsi intixab edərək tutulanların buraxılması və siyasi hürriyyətlərin təmin olunmasına qədər əmələyi zabastovka etməgə dəvət eləmişdi. Nəhayət, Tomson ilə zabastovka komitəsi arasında saziş əmələ gəlib tutulanlardan bir neçəsi buraxılmaq, digərlərinin mühakiməsi səriləşdirilmək, ictimailərə də Tomsonun icazəsi ilə müsaidə verilmək surətilə məsələ yatırılmış, zabastovka da dayandırılmışdır.

Demək ki, zahirən bu zabastovka əmələnin bilafərq cins və millət Tomsonun keyfi idarəsinə qarşı bir protestosu, hürriyyətlərin mühafizəsi üçün bir mübarizəsidir.

Əcəba, batində böyləmidir? Bu zabastovkanın görüldügündən başqa siyasi bir mənası və məqsədi yoxmuydu?

Biz kəndi mühakiməmizi söyləmədən əvvəl təcavüzkar rus imperializminin bayraqdarı “Yedinaya Rossiya” qəzetəsinin bu xüsusdakı mütaliəsini nəql edəlim:

“Yedinaya Rossiya”nın fikrincə zabastovkanın məqsədi əlbəttə ki, siyasi idi. Fəqət bu siyasi məqsədin ruh və mənasına gəlincə məzkur qəzetə diyor ki:

Bu zabastovka birdən çıxmadı. Xəlqin ürəgində bir çox acılar və acıqlar toplanmışdı. Və məəttəəsssüf bu bir yerə toplanmış yanğın maddələrinin tutuşmasına general Tomsonun çıxışı səbəb oldu. Bütün bunlar dəxi zabastovkaya hər növ səbəblərdən əlavə bir də mütəmadiyən rus dövlət və millət hissiyyatına endirilən zərbə və təhqirlərdən doğma siyasi bir protesto şəklini verdi. Böyük bir məmnuniyyətlə qeyd ediyoruz ki, bütün rus cəmaəti arasında bu hiss gündən-günə artıb yer tutuyor və möhkəmləşiyor.

“Bunun isbatı da haman keçirdigimiz zabastovkadır”.

Deməli ki, “Yedinaya Rossiya” qəzetəsindən bu zabastovka nə idi? sualına:

– Hakimlik hissiyyatı təhqir olunan rus xəlqinin oyanması idi – cavabını alıyoruz.

Yeni çıxan “İskra” sosial-demokrat qəzetəsi dəxi eyni fikri “demokratizm” kəlməsi altında işlədiyor. Bu, demokratik Rusiya fikrinin qələbəsi idi – diyor.

Zabastovkanı idarə edən komitə isə bu xüsusda daha tədbirli və daha ehtiyatlıdır. Bununla bərabər “Yedinaya Rossiya” qəzetəsinin tərif elədigi hissiyyatını zəbt edəmiyərək bu komitə nəşr elədigi “İzvestiya”sında zabastovka edən əmələlərin düşmənlərini sayarkən diyor ki:

“– Bizim üç düşmənimiz var: aclıq, Azərbaycan hökuməti və xaricdən gələn qüvvət”.

Bu xaricdən gələn qüvvət, yəni ingilis qüvvəti aclıqla Azərbaycan dərəcəsində bir ədüvvi-əkbər kibi göstəriliyor. Fəqət nə vəqtdən?

Aclıq bulanlıq suda balıq tutmaq istəyən bir takım hakimiyyət həvəskarı “siyasilər”in dostumudur, yoxsa düşməni biləmiyoruz.

Azərbaycanın kəndiləri kibi macəraçılara düşmən olduğunu isə inkar etməm. Fəqət ingilislər əcəba, neçün bunların düşmənləri sırasına keçdi? Bunlar ki, daha dün ingilislərlə bahəm idilər. İngilislər buraya ibtidada onların dəvəti üzərinə gəlmişlərdi. Bunlar ki, onlarla bərabər getmiş və bir yerdə gəlmişlərdi.

Görünüyor ki, bunların ingilis komandanlığından istədikləri mətləb təkrar “mart hökuməti”ni qurmaq, Azərbaycanı da yox hökmündə tutmaq idi.

Böylə bir macəra bəlkə də “Daşnaqsütyun”a yarardı. O daşnaqsütyuna ki, bu günə qədər “demokratiçeski soveşaniya”larda müəyyən bir qətnamə göstərməmək surətilə susdu; imdi araya az bir həyəcan gəlincə “mart günlərinə” məxsus bir fitnəkarlıqla iləriyə atıldı. “Vperyod” nam fəsadnaməsilə daha sağalmamış mart və sentyabr yaralarına duz səpdi. Bin dürlü böhtan və iftiralarla arayı təkrar qarışdırmaq qəsdində olduğunu göstərdi. Və hala dəxi bu məqsədini icra edib duruyor.

Bu macəra, hakimiyyəti əlindən alınan böyük rus imperialistlərinin “dərdinə” yanan “rus milli komitəsi”nin istədiginə müvafiq olardı. Çünki məhkum bir millətin təkrar əsarət və məhkumiyyət altına girməmək üçün çırpınması onun əlbəttə vecinə gəlməz: onun təsəvvürüncə burası daima velikorus millətinin kaloniyası olmuş, öylə də qalmalı və müqəddəratımızın baş yazısını daima Moskva ilə Petroqraddan almalıyız. Şimdiki halda Petroqrad ilə Moskvaya hakim olan leninlər, trotskilər hər nə qədər buradakı padşipaskinlərlə baykovların könülləricə degilsələr də, eybi yox azərbaycanlının canı çıxar. Aylar, illər gözlər. Cihad və mübarizə edər. lenini atar, Milyukovu tutar. Axırda da gələr əfəndilərə təzim edər.

Nəhayət, bu macəra burada təkrar “bolşevikvari” bir hökumət qurmaq istəyən bəzi bu ilhəvəslərin işinə də yaraya bilərdi.

Yalnız macərapərəstlik şanından olmayan ingilis komandanlığı təbii idi ki, bunu yapmayacaqdı. Təbii idi ki, azərbaycanlılar həqqində dost degil, düşmən məhfillərdən məlumat almış olan müttəfiqlər Bakıya girdikdən sonra həqiqəti öyrənəcək və ona görə də hərəkət edəcəklərdi. Həqiqəti gördülər, öyrəndilər, burada kəndi müttəfiqlərini həll etmək əzmində bulunan bir millət gördülər. Bu qədər böyük müşkülat və maneələr içərisində bu millətin kəndisini idarə etmək istedadını dəxi öyrəndilər. Təbii idi ki, müttəfiqlər onun, bunun arzusu üçün bir millətin arzusuna qarşı çıxamaz, təbii idi ki, azərbaycanlıları Vilson prinsipləri xaricində tutmaz və təbii idi ki, kiçik millətlərin hüququ üçün hərb etdiklərini hər zaman və hər məkanda söyləyə-söyləyə gəlmiş olan müttəfiqlər burada bir istisna təşkil edəməzlərdi. Etmədilər də.

Nəticədə bizi Ufa hökumətinə tabe etmək və istiqlalımızın üzərinə qələm çəkmək istəyənlər gördülər ki, Azərbaycan parlamanı açıldı. Onlarsız da olsa hökumət təşkil elədi. İngilis əskəri parlamanı mühafizə etdi, onu hər növ ehtimallara qarşı qorudu.

İş bu şəklə yetincə “Yedinaya Rossiya” və “Znamya truda” qəzetələri Tomson əleyhində yazılar yazmaya, əl altından da bir takım işlər görməyə başladılar. “Mart” günlərinin “bərəkəti” də hələ kəsilməmişdi. Gəmidə gəzən bankın əlbəttə ki, bir təsiri olacaqdı. “Naməmnun” əmələləri qalxızmaq lazımdı.

İşdə məsələnin doğu bu məhvər üzərində idi.

Zabastovka siyasi idi, həm də bu siyasət sinif məsələsi üzərinə ictimai bir binaya degil, milli hissiyyata istinad ediyor, siyasi-milli rəng alıyordu.

Zabastovkayı idarə edənlərin məharəti onda idi ki, işi sürətlə idarə edib əmələnin geniş kütləsinə bu qarışıq nöqtələrini idrak etməyə meydan vermədilər. Azərbaycan-türk əmələləri məsələnin bu şəkildə olduğunu öyrənincə haman zabastovkadan ayrılmağa başlamışlardı. Suraxanı, Binəqazi rayonları daha bir gün əvvəl işə başlamış, Balaxanıda dəxi bir neçə mədənlərin əmələsi zabastovka əleyhində qətnamələr çıxarmışlardı.

Fəqət şübhəsiz ki, bu zabastovka siyasi bir təcrübə idi. Bu təcrübədən azərbaycanlılıq nöqteyi-nəzərində duran siyasi firqələrin üzərində böyük bir məsuliyyət vardır. Onlar yeni hökumət təsisi məsələsi ilə fəzlə məşğul olaraq bu cəhətə lazım olduğu qədər əhəmiyyət verməmişlər. Bunların bu surətlə məşğul olduqlarından bilaistifadə rus partiyaları və Rusiyanın nöqteyi-nəzərində duran partiyalar haman sürətlə işə başlamış, hətta Azərbaycan sosialist firqələrinə belə sormadan, soruşmadan qərarlarını çıxarmışlardır. Bu bizə bir dərs olmalıdır.

Bu dərsi qulağımıza sırğa edib də asalım. Əmələsinin əksəriyyəti türk və müsəlmanlardan ibarət olan paytaxtımızda əmələ naminə hərəkət edən və məəttəəssüf hərəkətlərində müvəffəq olan ünsürlər Azərbaycan düşməni ünsürlərdir.

Əmələnin həqqi, mətbuatın hürriyyəti, şəxsin məsuniyyəti doğru və həqq sözlərdir. Biz bu həqq sözlər uğrunda mübarizə edənlərə hanki tərəfdə varsa tərəfdarız. Onlara müiniz. Fəqət bu şərtlə ki, bu mübarizə, bu sözlər qədər həqq və doğru olan Azərbaycan fikrinə qarşı olmasın, Azərbaycan istiqlalını uçurmasın.

Təbiidir ki, Azərbaycanı da özünə aclıq dərəcəsində düşmən sayan bir əmələ ilə Azərbaycanın bir türk və bir müsəlman əmələsi özünü yoldaş sayamaz!

Təbiidir ki, hürriyyətlərin müdafiəsi adı ilə fəqət rus hakimiyyət hissinin təlqin elədigi bir məqsədlə icra olunan protest zabastovkasını Azərbaycan vətəndaşı xoş nəzərlə görəməz!

Hökumət kəndi bəyannaməsində istiqlalımızı göz bəbəgi kibi qoruyacağını vəd elədi. Göz bəbəgi hər şeydən ziyadə tozdan xarab olur. Bizim səhlənkarlığımız üzündən bir növ müvəffəqiyyət kibi görülən keçmiş zabastovka kibi hərəkətlər haman istiqlal gözünə üfürülən zərərli tozlardır.

İstiqlal bəbəgimizi zəhərli tozlardan qorumaq istərsəniz əmələ vətəndaşlarımızın gözlərini açalım!

M.Ə.

“Azərbaycan” 30 qanuni-əvvəl (dekabr) 1918, ¹74

    

Səri – sürətli, tez, tələsik

Müin – köməkçi, arxa, dayaq

     

Rusca danışmalı imiş       

Keçən yekşənbə günü “Raboçi klub” zalında əmələ konfransı var idi. Burada qəribə bir hal müşahidə olunuyordu. Məsələlər iki nöqteyi-nəzərdən görülüyordu. Bir nöqteyi-nəzər Azərbaycan istiqlalı və hökumətinin qəbulu, o biri nöqteyi-nəzər Azərbaycanı tanıyıb yeni bir hökumət aramaq niyyəti idi.

Əmələ məclislərindən ötrü təbii görünməyən bir hal da daha müşahidə olunuyordu. Azərbaycanı qəbul ruhu ilə təklif olunan qətnamələrə müsəlmanlar, bunun ziddi bir ruhda olan qətnamələrə isə ələlümum ruslarla ermənilər rəy veriyorlardı.

Bu hal müsəlman əmələlərini qızdırıyor. Məclisdə az olduqlarını görərək “yaxşı, görünüz biz də bu dəfə çox gələr, sizə göstərərik ki, necə Azərbaycanı tanımıyorsunuz” – deyə söyləniyorlardı. O biri tərəfdən “biz Azərbaycanı tanımıyoruz” səsi eşidiliyor, əvəzində “bunlara bax, yersiz gəldi, yerli qaç məsələsi çıxarıyorlar” nidası cavab veriliyordu.

Bu ruhun nə dərəcədə hökmfərma olduğu bilxassə Məhəmməd Əmin Rəsulzadə cənablarının türkcə nitqə başlaması üzərinə görünüyordu. Rus əmələləri tələb ediyorlardı ki, rusca-söyləsin. Söylənəcək sözlərin sonra ruscaya tərcüməsi olacaq ixtarına isə “əvvəl rusca söylənsin” xitabı eşidilirdi.

Məclis rəisi güclə başa sala bildi ki, hankı dildə isə danışmaq həqqinə hər kəs malikdir və əlavə etdi ki, “bu hal ilə ülfət etməlidir” “vəqtdir” – deyə müsəlmanlar onun fikrini qüvvətləndirdilər.

Rusca danışmalı imiş. Çünki onlarca burası Rusiyadır. Çünki bu vəqtə qədər ruscayı rusluğu hakim görmüşlərdir. Çünki yalnız Rusiyanın hakim siniflərini və onların məqsədlərini tərvic edən partiyalar deyil, məhkum siniflərinin əməl və məqsədlərini tərvic edən partiyaları da bu fikri iləri sürmüş rus imperializmini başqa bir qəlibdə, başqa bir şəkildə tərvic eləmişlərdir.

Nə surətlə tərvic eləmişlərdir?

Bunu o məclisdə türk sosialistlərindən və türkçi gənclərdən Əhməd bəy Pepinov cənabları gözəl surətdə təşrih elədilər.

Dedilər ki: Biz Azərbaycan sosialistləri siz Rusiya sosialistləri ilə bərabər bundan bir il əvvəl birlikdə çalışıyorduq. Birlikdə diyorduq ki, demokratiyanın məqsədi birdir, yolu da birdir. O zaman biz bolşeviklərin xaricində olaraq düşünüyorduq ki, Rusiya inqilabı siyasi bir inqilabdır. Bu siyasi inqilab hürriyyətləri təmin elədi, yalnız Rusiyada müşkül bir məsələ dəxi vardı. Bu milliyyət məsələsi idi. Milliyyət məsələsini Rusiya sosialistləri ağızsüründürmə həll ediyorlardular. Bİr tərəfdən diyordular ki, millətlərin həqqi var oz müqəddəratlarını həll etməyə, amma o biri tərəfdən Kerenski gedib Finland Seyminin ağzını bağlıyordu. Biz buna etiraz ediyorduq. Bolşeviklər bu məsələni bir az həll edən kibi oldular. Hətta hər millət istərsə Rusiyadan ayrıla da bilər dedilər. Fəqət sonra onlar da bu fikirlərini çaşdırdılar. Rusiyada bolşevizm çıxdıqdan sonra Ukrayna,Gürcüstan və sair millətlər kibi Azərbaycan da elani-istiqlal elədi. Azərbaycanda bir partiya yoxdur ki, elani-istiqlala tərəfdar olmasın. Biz Azərbaycan sosialistləri bu istiqlalı qəbul eləmişik. Çünki biz Rusiya sosialistləri ilə birlikdə işləyəndə proğramımızın bir maddəsi də millətlərin öz müqəddəratlarını qurmağa həqli olduqları idi.İndi isə nə görüyoruz. Rusiya sosialistləri bunu qəbul etmiyorlar. Demək ki, burada ayrılan yalnız millətlər və milliyyətçilər degil, biz özümüz dəxi ayrılıyoruz. Siz bilirsiniz ki, hal-hazırda Gürcüstan hökümətinin başında duran adamları bir il əvvəl biz hamımız təqdis edirdik. Onları demokratiyanın mürşidləri sayırdıq. Amma bu gün onlara əksinqilabçı diyorlar. Neçün, çünki bu məsələdə Rusiya sosialistlərindən ayrılmışlardır. İştə bizi biri-birindən ayıran, bəni Rəsulzadə ilə Roxlini də kadetlərlə və Biçeraxovla bərabər, yekdigərimizlə isə zidd olaraq çalışmağa vadar edən cəhət budur. Qoy Rusiya sosialistləri daşı ətəklərindən töksünlər. Millətin kəndi müqəddəratını qurmağa həqli olduğunu qəbul eləsinlər. Necə ki, bir il əvvəl biz onlarla birlikdə Rusiya işlərini islaha çalışırdıq. İndi də onlar bizimlə birlikdə Azərbaycan işlərini islaha çalışsınlar. O zaman bu ixtilaflar, çəkişmələr, milli nəzailərə yer qalmaz. Yoxsa kiçik millətlərin həqqini qəbul etməmək də israr və başqa bir hökumət müəssisəsi vücuda gətirib də Azərbaycan fikri ilə Azərbaycan parlamanı xaricində mübarizə edərlərsə, o zaman su yenə körpünün o tayında qalar, fəsad çıxar, yenə mart, yenə sentyabr hadisələri təkrar edər.

Natiqin rusca söylənən bu məntiqli nitqi kəmalı-diqqətlə, fəqət sükutla, alqışsız olaraq eşidilmişdi. Türkcə tərcüməsi başlanınca rus əmələləri səbrsizliklə məclisi tərk etdilər. Ortada isə birisi “o özü bildigi kibi burada söylənibdə təşviqat yapıyor” – deyə sosialisti şübhə altına aldı. Rusca söylədi. Bəsdir – deyə səslər eşidildi. Türklər isə “sağ ol” deyə alqışladılar.

Rusca söyləməli imiş!

İştə təzahür edən bir ruh. Bunu bilib də “Yedinnaya Rossiya” adındakı “Kadet” qəzetəsi sevincək rus milli ruhu dirilir – deyəcək. “Znamya Truda” rus mədəniyyətinin əzəmətindən və bu əzəmətin kəndi işini görəcəgindən bəhs eləyəcək. “İskra” isə Bakı demokratiyasının həyacanından, bilxassə “Kaspi dənizindəki matrosların hissiyatından” ilham alıb “bolşevikvari” söylənəcək: menşevik bu gün, eser yarın, “Kadet” də o biri gün bolşevik olacaq, daha o biri gün bunların hamısı bir yerdə təkrar bir millət təşkil edərək “Hindistan” səfərinə çıxacaqlar, yol üzərindəykən fürsəti qaçırmayaraq burada bir duracaqlar:

Rusca danışmalıdır! –

deyə hökm edəcəklərdir.

Hürriyyətini sevər, izzətini güdər, milliyyətini idrak edər bir xəlq, bir cəmaət, bir millət lazımdır ki,

– Yox,dillər azaddır! –

desin, türkligini yüksək tutaraq böylə bir komandaya qarşı:

– Yox,türkcə danışmalıdır! –

əmrini versin,dedigini yeritsin!

M.Ə.

“Azərbaycan” 8 qanuni-sani (yanvar) 1919, ¹82

    

Tərvic – rəvac vermə

Təşrih – müfəssəl şərh etmə

Milyukov zehniyyəti       

İstanbuldan qayıtmış arkadaşımız Türkiyə həyatının son səhifələri həqqindəki təsirlərini anlatırkən, söz arasında, əzcümlə Milyukovun İstanbula gəlişindən də bir neçə kəlmə danışdı.

Milyukov İstanbul qəzetlərinə bəyanat vermiş: bəyanında demiş ki, Rusiyada, əzcümlə Qafqasiyada vücuda gələn yeni cümhuriyyətlər bolşeviklərin hərəkətləri nəticəsində məcburiyyət və zərurətlə hasilə gəlmiş hökumətlərdir. Onların başqa cürə rəftar etməyə çarələri də yox idi. Başlarını saxlamalıdırlar. Hələ ki işlər yoluna düşdü; Rusiyada bolşeviklik qurtardı, təbiidir ki, bu hökumətlər yenə Rusiyaya qovuşacaqlar. Nəhayət, olsa-olsa onlara daxili bir muxtariyyət (avtanomi) veriləcəkdir. Bunun şəklini də Rusiya Məclisi-Müəssisanı təyin eliyəcəkdir.

Dağılmış Rusiyanın təkrar yığılması həqqindəki mülahizəsini öyrəndikdən sonra türk mühərriri rus siyasisinin Türkiyə həqqində baxışını ogrənmək istəmişdir.

Bu xusuda Milyukov nə desə yaxşıdır? Milyukov demişdir ki:

Türkiyənin səadəti xalis bir türk hökuməti əmələ gətirməkdədir. Ərəbistan, Ermənistan və sair türk olmayan yerləri cəbrən əlində saxlayıb da bu qədər müxtəlif millətlərin ayrı-ayrı arzu və hərəkətləri içində boğulub qalmaqdansa, Türkiyəyə yekparə milli bir hökumət olmaq daha əsləhdir. Bundan türk milləti faidə görər. Türk səltənətinin bəqası da bu əsas üzərinə qurulubdur.

Milykovun türk səltənəti və millətinin faidəsi həqqində söylədiyi bu mütalimə, bizim də tamamilə şərik olduğumuz bir məsələdir. Bu,bu gün bütün cahani-bəşəriyyət üzərinə hakim olan bir fikirdir.

Bu fikir Milyukovun vətəni olan Rusiyada bəgənmədigi bolşeviklər tərəfindən bütün dünya hüzurunda bəşəriyyətin müqəddəs bir məqsədi kibi elan edildi. Gərçi elan olunduqdan sonra bolşeviklərin qanlı çizmələri altında da paymal oldu. Bolşeviklərin saflığını saxlaya bilmədikləri bu müqəddəs şüarı Amerika demokratiyasının ruhiyyatına tərcüman olan böyük rəisi-cumhur Vilson dünya müharibəsinin insanlıq aləminə qazandıracağı ilahi düstur-ların başlıcası olmaq üzrə hürriyyət və səlahə təşnə olan millətlərə bildirdi. Bəşəriyyət üzünü güldürdü.

Bundan sonra Rusiyada, Türkiyədə, Avstriyada, qismən də Almaniyada cəbbar və hakim olmaq istəyən bir məslək yerinə istiqlal dəvası ilə ortaya bir çox millətlər çıxdı. İnqilab məşyəməsindən doğmuş olan yeniyetmə millətlər səslərini hərbi-ümumi əsnasında cahangir dövlətlərin toqquşması zamanında ayaq altında əzilən kiçik millətlərin səslərinə verdilər.

 

(Ardı var)

M.Ə. Rəsulzadə

525-ci qəzet.- 2014.- 31 may.- S.26-27.