Qadınlar zamanın yaddaş cədvəlində

 

Fransanın qəhrəman və saray qadınları. İngiltərə kraliçaları

 

 

 (Əvvəli ötən şənbə sayımızda)

Fransanın Milli Qəhrəmanı Janna D Ark, onu həm də La Puselle d Orlean, başqa sözlə, Orlean qızı adlandırırdılar, 1412-ci ildə Domremi – la Puselldə anadan olmuş, on iki yaşı olarkən mələklərdən, yaxud da Allahın özündən səslər eşitdiyinə inanmışdı. Bu səslər əvvəlcə onun özü üçün müqəddəsin həyatını yaşamasına kömək etmək üçün məsləhətlər verirdi, sonralar isə Fransanın bədbəxt günlərində Dofinə (gələcək kral VII Karla) kömək göstərməyə istiqamətləndirdi.

1928-ci ildə Janna başqa şəhərdəki hərbi komendantlığa gəlib, nəticədə oradakıları inandırdı ki, onu Dofinin yanına aparsınlar. Səslər ona məsləhət gördülər ki, həmin il Orlean şəhərinin ingilislər tərəfindən həyata keçirilən mühasirəni ləğv etsin, qaldırsın. O, Karlın razılığını ala bildi, kiçik ordu ilə zirehli paltarda 4-8 may 1429-cu ildə ingilisləri Orlean ətrafından geri çəkilməyə məcbur etdi. Bu, bütün Fransada vətənpərvərlik coşğunluğu yaratdı, müharibənin istiqamətini də dəyişdi. Qorxunun öhdəsindən gələn, ölümə də qalib gələ bilir. Jannanın cəsarəti bunu fransızlara başa saldı. O, Dofini də inandırdı ki, Reymsə gedib, orada kral tacını qəbul etsin. Bir çox münaqişələrdə iştirak etdi və onların əksəriyyəti onun üçün uğurla nəticələnmişdi.

Janna 1430-cu ildə Kompyendə burqundiyalılar tərəfindən əsir götürüldü və altı gün sonra onlar qızı ingilislərə satdılar. Bu mömin və qəhrəman qız cadugərlikdə və yeretiklikdə (dinsizlikdə) ittiham olundu. Ruan şəhərində keçirilən tribunalda uzun müddət ərzində ədalətsiz və təhqiramiz mühakiməyə məruz qaldı. Kral VII Karl xəyanət edib, onun azad etmək, adi girov pulunu vermək üçün heç nə etmədi.

Tribunala sədrlik edən yepiskop Koşon (fransız dilində bu söz “donuz” deməkdir) günahsız qızı ağır cəzaya məhkum etmək üçün hər cür vasitələrə əl atırdı. Kilsənin haqsız ittihamlarına haqq qazandırmaq üçün bir dəfə bu sözləri söylədi:

– Dəniz xərçəngi ayağının biri yaralandıqda,hərəkətinə maneə törətməməsi üçün özü dişi ilə həmin ayağını qırıb atır. Biz də dinə dönük çıxanlarla belə davranırıq.

Jannaya ölüm hökmü verildi və o, 30 may 1431-ci ildə 19 yaşında Ruan şəhərində tonqalda yandırıldı. İyirmi beş il sonra məhkəmə prosesi təftiş edildikdə Jannanın günahsız olduğu bəyan edildi. Bu vaxt ingilislərin Fransadan qovulmasından – Yüzillik müharibənin başa çatmasından artıq üç il keçmişdi. 1920-ci ildə isə Papa XV Benedikt onu katolik kilsəsinin müqəddəsləri siyahısına daxil etdi.

Yuxarıdakı misaldan göründüyü kimi, qadınların Fransa tarixində, həmçinin İngiltərənin və İspaniyanın siyasi həyatında necə böyük rol oynadıqları yaxşı məlumdur.

1474-1504-cü illərdə Kastiliya kraliçası olan I İsabella 1469-cu ildə Araqonlu II Ferdinanda ərə getmiş, on il sonra onlar Kastiliya və Araqonu birləşdirərək, birlikdə hökmranlıq etmişdilər. Beləliklə onlar mərkəzləşmiş İspaniyanın təməlini qoymuşdular. Bu müdrik qadın Xristofor Kolumbun Hindistana səfər etmək barədə təklifini bəyənmiş və ona həmin səyahət üçün hər cür köməklik göstərmişdi. Amerika qitələrinin kəşfi Kolumbun böyük iradəsinə və cəsarətinə borclu olduğu kimi, bu səfərin baş tutmasını uzaqgörənliyi ilə mümkün edən kraliça İsabellanın böyük ağlını sübut edən bir əlamət sayılmalıdır. 1504-cü ildə İsabella öldükdən sonra Kolumb ağır çətinliklərlə üzləşməli oldu.

Fransa kralı II Henrinin kraliçası olan Katerina Mediçini də ölkəsindəki böyük nüfuz sahiblərinin siyahısına aid etmək olar. O, Florensiya Böyük Hersoqu Lorentso de Mediçinin qızı olmaqla, 1533-cü ildə Fransa Dofini ilə nikaha girmiş və onun əri 1547-ci ildən ölkənin kralı olmuşdu. Onun taleyinə elə bil ki, hökmranlar ailəsinin üzvü, özü də böyük nüfuzlu üzvü olmaq yazılmışdı. Əri 1559-cu ildə öldükdən sonra onun üç oğlu bir-birinin ardınca Fransa kralı olmuş, sonra isə taxt-taca vaxtilə qızı Marqaretin əri olmuş, sonra yenə də 1600-cü ildə Mediçilər ailəsindən olan qıza evlənmiş IV Henri çıxmışdı.

Böyük oğlu II Fransisk kral olanda o, dövlət  işlərinə müdaxilə etməyə başlamaqla, özünü yeni rolda təsdiq edə bilmiş və sonralar da, bu xasiyyətinə xilaf çıxmamışdı. Kral IX Karl kiçik yaşda olanda, 1560-cı ildən başlayaraq dörd il ərzində onun regenti olmuş və onun hökmranlığının 14 ili ərzində dövlət işlərinə praktiki olaraq tam qaydada nəzarət etmişdi. III Henrinin krallığının 1589-cu ilədək davam edən 15 illik dövründə Katerina Mediçinin təsiri daha da genişlənmiş, artmışdı. Katoliklərlə protestanların münaqişəsini həll etməyə, protestanlara tolerant münasibət bəslənməsinə çalışsa da, yalnız dini münaqişələr üstündə gedən müharibələrə son qoymağa nail olmuşdu. Onu 1572-ci il avqustun 23-24-də Müqəddəs Varfolomey günündə huqenotların (Fransa protestantlarının) qırğınını təşkil etməkdə günahlandırırlar.

Katerina Mediçinin taleyinə bənzər bir taleyi də ondan beş əsr əvvəl İngiltərə kralı Atelredin kraliçası olan Emma yaşamışdı. O, Normanların hersoqu Qorxmaz Riçardın qızı idi, 1002-ci ildə Atelredə ərə getmişdi. Əri 1016-cı ildə öldükdən sonra kral Kanyuta ərə getmiş, onun da 1035-ci ildəki ölümündən sonra oğlu Hardikanyutu taxt-taca yerləşdirmək istəmiş, lakin ögey oğlu Harold buna mane olmuşdu və qadını sürgünə göndərmişdi. Emma Flandriya qrafı V Balduinin sarayına qaçmışdı. Hardikanyutun iki illik hakimiyyəti dövründə xeyli nüfuza yiyələnmişdi. Atelreddən olan digər oğlu Tövbə edən Eduard onun var-dövlətini qəsb edərək, bunu qadının Danimarka xəttinin tərəfdarlarına yaxşı münasibət göstərməsi ilə əsaslandırmışdı.

Fransa kralı IV Henrinin kraliçası Mariya Mediçi 1610-cu ildə əri öldükdən sonra taxt-taca çıxan oğlu XIII Lui kiçik yaşda olanda yeddi il ərzində onun regenti olmuş, dövləti idarə etmişdi. Əsasən məşuqu Konçino Konçininin məsləhətinə bel bağlamışdı. Kral oğlu tərəfindən 1617-ci ildə sürgünə göndərilmişdi. Kralı 1630-cu ildə kardinal Rişelyeni vəzifədən uzaqlaşdırmağa inandırmaq sahəsindəki cəhdi uğursuz olduğundan, bir il sonra Fransadan qeybə çəkilmişdi. 1642-ci ildə ölənə qədər Rişelye əleyhinə əbəsliyə düçar olan qaydada qəsdlər təşkil etmişdi.

Kral XIII Luinin arvadı Anna Avstriyalı da fəallığı ilə seçilirdi. Oğlu XIV Lui kiçik yaşında kral olanda ona regentlik etmiş, əslində hakimiyyətə yiyələnmiş kardinal Mazarinin köməkliyi ilə bu vəzifənin öhdəsindən gəlməyi bacarmışdı.

Kralların özü də əxlaq məsələsində təkcə öz arvadlarına deyil, təbəələrinə də mənfi nümunə göstərirdilər. Kral IV Henri çox sayda  məşuqələrindən axırıncısının Parisi tərk etdiyini eşitdikdə, çox kədərlənmiş, çaşqınlıqdan öz təhlükəsizliyinə də məhəl qoymadığından, karetasında gedərkən bir dini fanatik tərəfindən qətlə yetirilmişdi.

Günəş kral – XIV Lui şəhvəti naminə hər cür riskə gedirdi, o, məşuqələrini gizli saxlamaq da istəmirdi. Məşuqəsi madam la Valyeridən uzaqlaşdıqdan sonra, uzun müddət ərzində madam Montespanı əri ola-ola özünün məşuqəsi kimi saxlamış, Versal sarayında ona kraliçanınkından da geniş otaqlar ayırmışdı. Sonra o, madam Montespanı da tərk edib, özündən üç yaş böyük olan dul qadın madam Mentenonla yaxınlıq etmiş, kraliça arvadı öldükdən sonra, bu qadın dvoryan olmadığına görə, onunla gizlincə nikaha girmişdi.

Hökmranlığı Fransa üçün oduqca uğursuz olan kral XV Lui əxlaq pozğunluğuna görə qədim Roma imperatorlarını xatırladırdı. 15 yaşlı kral 1725-ci ildə Polşanın keçmiş kralı Stanislav Leşşinskinin qızı, özündən 7 yaş böyük olan Mariyaya evlənmişdi. 12 il ərzində gənc ailə xoşbəxt idi, onların 10 övladı olmuşdu. Lakin sonra Lui əsil əxlaq pozğununa çevrildi. Onun ilk məşuqələri dörd Nel bacıları idi. Ən kiçiyi hersoginya Şotaru kralın tövbəsindən sonra da onun yatağına gəlirdi.

Döyüşdə yaralananda ölümün qorxusundan Lui həmin qızları şəhərdən uzaqlaşdırdı. Bir qədər sonra isə 24 yaşlı, guya ərindən boşanmış Janna-Antuanetta Puassonu – madam de Pampaduru özünə məşuqə etmişdi. Bu gözəl qadının hələ 8 yaşı olanda qarnaçılar demişdilər ki, ona kralın özü vurulacaqdır.

Madam Pompadur sarayda böyük nüfuza sahib oldu, siyasi işlərlə də məşğul olurdu. Təzə məşuqəsi onun fiziki tələblərinə tam cavab verə bilmədiyindən kral Maral parkında özünə hərəmxana düzəltmişdi və oraya şəhərdən cavan kübar qızlar gətirilirdi. Bu qızlar uşaq doğurdu, kralın 30 bastardı var idi. Sonra dvoryanlar böyük həvəslə həmin qızlara evlənirdilər. Osmanlı sultanlarının da hərəmləri saray əyanlarına ərə verilirdi. Kral deyirdi ki, “çox sayıda kişilər mənim arvadımla yatmağı arzu edir, onlardan heç biri isə çəkdiyim siqaretin qalığına məndən sonra yaxın düşmək istəmir”.

Madam Pompadur məşuqə olması kəsildikdən sonra da krala təsirini itirməmişdi, əksinə, bu təsir daha da artmışdı. Qardaşı vasitəsilə Parisdə və Trianonda binalar tikdirir, yazıçılara, incəsənət ustalarına, Volterə və ensiklopedistlərə himayədarlıq göstərirdi.

Kralın başı zinakarlığa qarışdığından dövlət işləri ilə pis, həm də səriştəsiz məşğul olurdu. Fransa Yeddiillik müharibədə (1756-1763-cü illər) məğlub olduğundan, Kanada və Hindistandakı fransız əraziləri İngiltərənin əlinə keçmişdi. Bu gün dünyanın ingilis dilində danışması xeyli dərəcədə İngiltərənin bu qələbəsi ilə də bağlıdır.

1764-cü ildə madam Pompadur 43 yaşında öldü, onun cəsədi Versaldan götürülürdü, bu vaxt kral göz yaşları tökürdü. Dörd il sonra kralın az qala yaddan çıxmış arvadı Mariya Leşşinskaya da vəfat etdi. Kralın ağır depressiyası başlandı.

Onu xilas edən yeni məşuqəsi 20 yaşlı madam Dü Barri oldu. Bu vaxt kralın özünün 60 yaşı var idi.  Elə həmin il öz oğlu XVI Luini avstriyalı Mariya- Antuanettaya evləndirdi.

Kral qüsurlar bataqlığında batmışdı.1774-cü ildə ölümündən bir az əvvəl bir abbat sarayda kralı acı sözlərlə ifşa etdi, ona dedi ki, o, xalqın rəyinə kor və kardır. Bu, elə bil ki, kral üçün ölüm hökmü idi. Bir neçə həftə sonra Lui yatağa düşdü, o, çiçək xəstəliyinə tutulmuşdu, üzü də, könlü və ürəyi kimi tam qara rəngdə idi. Bu xəstəlik bir xilas yolu, mükafat kimi onu qəbrə apardı.

 

(Ardı var)

Telman Orucov

 525-ci qəzet.- 2014.- 31 may.- S.23.