"Özümüz seçən
yollar"- Çingiz Abdullayev yazır
Natiq Rəsulzadənin
yaradıcılığı haqqında söz
Böyük Amerika yazıçısı O.Henrinin
paradoksal hekayəsi belə adlanır. Fatalistlər hesab edirlər
ki, bizim həyatımızda hər şeyi hansısa qüvvələr
həll edir. Onların mən də daxil
olmaqla opponentləri isə hesab edirlər ki, insanın həyatı
və taleyi çox vaxt şüurlu şəkildə getdiyi
yolda ona yardımçı olan şəxsi seçimindən
asılı olur. Natiq Rəsulzadə uzun
illər əvvəl İnşaat İnstitutuna daxil oldu və
sonacan davam etmədən peşəkar yazıçı olmaq
üçün öz həyatını kökündən dəyişərək
Ədəbiyyat İnstitutuna daxil olmaqla şüurlu şəkildə
öz seçimini etdi. O, həyatının ən əsas
seçimi qarşısında idi: bütün dövrlər
üçün tələbat duyulan bir peşədən
imtina edib gənc bir insana heç bir təminat vəd etməyən
mücərrəd yazıçılıq peşəsini
seçmək lazım gəlirdi. Adətən,
bu yaşda heç də hər kəs həyatını
kökündən dəyişməyə özündə cəsarət
tapa bilmir. Amma onun cəcarəti
çatdı. Və səhv etmədiyini
öz həyatıyla təsdiqlədi.
Mən tez-tez həyatları ilə
yaradıcılıqları arasında sıx
bağlılıq olan yazıçı
paradoksallığı haqqında düşünürəm. Dünya ədəbiyyatının
ən böyük novellistləri, ən yaxşı hekayətçiləri
Çexov, O.Henri, Mopasson. Tale, sanki onlarla
oyun oynayaraq, birinə də əlli yaş həddini
aşmağa imkan vermədi. Və bu müəlliflər
də sanki vaxt azlığını hiss edərək və
ömürlərinin böyük romanlar üçün yetərli
olmayacağını dərk edərək qısa və dərin
novellalar yaratdılar. Hər halda, Mopasson qırx üç
yaşınacan altı roman, Çexov qırx dörd
yaşınacan, indiyə qədər dünyanın
bütün teatrlarında oynanılan nəhəng pyeslər
yaza bilsə də, bu gənc insanlar, bizlərə öz əsərlərini
miras qoyub, ölümsüzlüyə qovuşanda sanki artıq müdriklik
yaşındaydılar .
Əvəzində çoxcildlik epopeyalar müəllifləri
Huqo, yaxud da Tolstoy uzun ömür sürməyi bacardılar. Hardasa elə
bil bu dahilər bütün bəşəriyyətlə
bölüşmək istədikləri əsas insani həqiqətlərin
nüvəsini təşkil edən ölməz əsərlərini
yaratmaq üçün özlərini bu uzun ömrə
hazırlamışdılar. Bəlkə
onlar da ədəbiyyatşünasların tənqidinə,
kifayət qədər çoxsaylı opponentlərinin, o
cümlədən siyasi bədxahlarının fikrinə əhəmiyyət
vermədən hansısa qüvvənin təsiriylə öz
yollarının istiqamətini, seçimini hiss etmişdilər.
Bəlkə elə əsl yazıçı
ümumiyyətlə, həyatda öz təyinatını hiss
edə bilir? Yaxud da əsər özü
bu və ya digər şəkildə onun həyatına təsir
edir?
İyirmi yaşında həyatını köklü
şəkildə dəyişən Natiq Rəsulzadə,
artıq təxminən yarım əsrdi ki, idrakının
seçdiyi yolla addımlayır. Hələ lap gənc yaşlarında
“Gecə atlısı” əsərini yazmaqla o, Azərbaycan ədəbiyyatındakı
bütün
mövcud ehkamları dağıtmağa
özündə cəsarət tapıb imzasını təsdiqləyə
bildi. Ona qədər heç bir
yazıçı bu cür aktual və mühüm mövzuya
toxunmamışdı, bu haqda bu qədər
açıqlıq və xırdalıqlarla
yazmamışdı. Kitab əsl bestsellerə
çevrilir və gənc müəllif atıq yetkin
yazıçı, Ustad kimi qəbul olunur.
Amma elə
bu məqamda yenidən
həyatın yaradıcılığa və
yaradıcılığın həyata təsiriylə
bağlı özümə sual verirəm. Axı
, Natiqlə birlikdə Ədəbiyyat İnstitutuna bir
neçə adam da getmişdi ki, onlardan da biri onun
tanınmış yazıçı oğlu olan dostu idi.
Paradoksallıq burasındadı ki, Ədəbiyyat
İnstitutunun bütün təcrübəli müəllimləri
məhz həmin gənc insana uzun və xoşbəxt ədəbiyyatçı
ömrü zəmanəti
vermiş, onun gələcəyin əsl Ustadı kimi
görmüşdülər. Bu gənc insan
müəllimlərin rəğbətini qazanaraq, əla təhsil
alacaqdı. Amma Bakıya qayıdanda həyat
onunla acı zarafat edəcəkdi, o, müxtəlif, o cümlədən
də subyektiv səbəblərdən əbədiyyatda iz qoya
bilməyəcək və bu zaman Natiq ciddi-cəhdlə öz
dünyasını yarada-yarada israrla və məhsuldarlıqla
işləyəcəkdi.
Heç nəyə baxmadan işləyəcəkdi. Natiqin özünün qənaətincə,
yazıçı istedadı, əlbəttə əgər
varsa, Müəllifə təzyiq etməyə, ona bir gün
belə işsiz dayanmağa imkan verməməyə, ağ vərəq qarşısında saatlarla
oturmağa məcbur etməyə görə cavabdehlik
daşıyır. Və artıq təxminən
yarım əsrdi ki, o, yeni-yeni əsərlər yaratmaqla
böyük ədəbiyyatda yerini təsdiqləyib.
Əsərləri
bir neçə gənc ədəbiyyatçılar nəslinin
stolüstü kitabına çevrilən müasir ədəbiyyatın
böyük Ustadı və Kahini Qabriel Qarsia Markesi itirdiyimiz
bu günlərdə isə qəflətən dərk etdim ki,
nə vaxtsa uzaq Latın Amerikasında yaranan “magik realizmi”
bütün bu illər boyu bizim ölkədə öz qəribə,
fantasmaqorik, realistik dünyasını yaratmaqla məhz Natiq Rəsulzadə
bizlərə təqdim edib. Onun “Xonxorlar”
romanı bizim ədəbiyyatda magik realizmin nümunəsidi.
Üstəlik, bu, həm də bir neçə
nəslin həyatını bir ailənin timsalında göstərərək,
onun qəhrəmanlarının talelərinin məhkumluğu,
bir ailənin üzvlərinin hərəkətlərinin tragik
və komik məğzini açıb göstərmək
baxımından da ilkin cəhdlərdəndi. Bu heyrətamiz kitabda ilk dəfə qan düşmənçiliyinin
faciəvi tarixçəsi və onun qəhrəmanlarının
fantastik uçuş məharəti vəhdətdə verilir.
Mən kifayət qədər obyektiv adamam və bu əsərdə
müəllifin tələskənliyini və sözləri
axıracan demədiyini hiss etmişəm. Amma
bununla belə məhz azərbaycanlı müəllifin
yaratdığı bu roman Azərbaycan ədəbiyyatında
həqiqətən böyük hadisədi.
O,
yalnız əsərlərini yaratmaqla kifayətlənmir. Bu gün yazıçıya yeni dünyalar yaratmaq
azlıq edir. Gərək mütləq
öz ideyalarını da oxucuya çatdırasan. Son
iyirmi beş ildə bunu etmək, demək
olar ki, mümkünsüzləşib. Bu vəziyyətdə
bir çox müəlliflər onsuz da əsərlərinin
heç vaxt çap olunmayacağı qənaətinə gələrək
sadəcə, əllərini yanlarına salırlar. Belə
ki, çox az müəllif
kitablarının çapı üçün sponsor,
naşir, messenat tapmaq imkanına malikdi. Mən həmişə
bu prosesə neqativ münasibət bəsləmişəm,
hesab eləmişəm ki, bu cür axtarışlar yalnız
yorucu yox, həm də əsl yazıçı
üçün təhqiredicidi. Bəs bu
halda öz kitablarını oxucuya çatdırmaq istəyən
müəllif nə etməlidi? Təsdiq
olunmayan klassik pozasında qürurla dayanıb gələcək
nəsillərin onun əlyazmalarını tapıb nə
vaxtsa nəşr edəcəyinə ümid etsin? Bu, olduqca uzun və gərəksiz yoldu. Yazıçı bu qədər təvazökar
olmamalıdı, oxucu üçün yazdığı əsərlərin
ona çatması uğrunda hər şeyə
qatlaşmalıdı. Yazıçı
sözün ən yaxşı mənasında qrafoman
olmağa məhkumdu. Gərək yaratmaq
prosesinin özü ona məmnunluq gətirsin. Ən böyük məmnunluq hissi isə istənilən
müəllif üçün onun kitablarının
oxunmasıdı. Belə oxucular çox
olduqca isə, onlarsız mövcudluğu mümkünsüz
olan yazıçının özünə qarşı məsuliyyəti
daha da artır.
Natiq Rəsulzadə təxminən yarım əsrdi ki,
Ədəbiyyatın xidmətindədir. Dəyişən
şəraitlərə, rejimlərin, sosial quruluşların
bir-birini əvəzləməsinə, müxtəlif siyasi
kataklizmlərə baxmayaraq, o, hələ gənc
yaşlarında seçdiyi həmin yolla getməkdə davam
edir. Və mən yenidən Yolun məhz
onu seçmək qərarını gələn müəllifə
təsiri barədə düşüncələrə
dalıram. Səksəninci illərin
ortalarında iki orta yaşlı müəllif mənim daha
çox maraq dairəmdə idi. Onlardan biri
gələcəyinə böyük ümidlər bəslənən
yazıçı idi. Amma o vaxt, səksəninci
illərin sonlarında həmin yazıçı öz yolunu
azca dəyişmək qərarına gəlib hakimiyyətdəkilərin
dediyi ilə hərəkət etdi, onların opponentlərini tənqid
edib, həmin rejimin mənafeyinə uyğun əsərlər
yazmağa başladı. Həmin dövrdən iyirmi beş ildən artıq vaxt keçib. Ümidlər bəslənən həmin
yazıçı ortaya ciddi nəsə qoymadan məişət
yazıçısına çevrildi. Və olsa-olsa
yalnız tanınmış Şairin kürəkəni kimi qəbul
olunan digər müəllif isə yaradıcılığa
jurnalist kimi başladı, öz qəzetini yaratdı,
yazılarını dərc etməyə başladı, hətta
Milli Məclisin deputatı oldu və Qarabağ müharibəsinin
faciəvi hadisələrindən doğan
ağrı-acıların təsiriylə get-gedə
böyük yazıçıya çevrildi. Onun
əsərlərinin oxucuları öz ölkəsində
günü-gündən artmaqdadı. O, seçdiyi yolla
israrla addımlamaqda davam edir, bu yoldan çıxmaq, yaxud
sapmaq niyyətində deyil.
Özümüz seçən yollar. Həyatda
düzgün yol seçmək necə də vacibdi. Hər
yaradıcı şəxsdə olduğu kimi, Natiqdə də
xeyli şəxsi problemlər, komplekslər var. O, həmişə
tərəddüd içərisindədi, əzablara
qatlaşmaq məcburiyyətindədi, hər söz, hər
cümlə üzərində cilalı iş aparmaqla
yaratdığı əsərlər ona ağır başa gəlir.
Onun sənətdəki yolu eynilə finala
dolanbaclarla, xoşbəxtliyə səddlər və
idrakın mürəkkəb qatlarıyla gedib çatan
Bethovenin yolu kimidi. Amma bu yol şüurla
seçilmiş yoldu. Və Natiq
qarşısına çıxan bütün sınaqlara, maneələrə
baxmayaraq, bu uzun illər boyu bir dəfə də bu yola xəyanət
etməyib. Bu sınaqlar bəzən eynilə
əsərlərindəki kimi fantasmaqorik, bəzən şəxsi
həyatıyla əlaqədar tragik olub.
İyirmi yaşında gənc yazıçıların əksəriyyətinə elə gəlir ki, onlar bütün dünyanı fəth edə bilərlər. Altmış beş yaşında bu illüziyalar qeybə çəkilir. Az-maz tirajlar, kitab çapının çətinliyi, oxucuların kütləşməsi, kitab mağazalarının məhdud sayda olması, nədənsə özlərini alim hesab edən bisavad tənqidçilər, ağır yazıçı əməyinə ədalət naminə verilməli olan qonorarların demək olar ki, yoxluğu kimi müəllif qarşısına çıxan maneələr artıq çoxlarını əsl ədəbiyyatdan getməyə vadar edib. Amma Natiqin öz sözləriylə desək, “Gərək istedad insana təzyiq etsin”. Bəli, əsl yazıçılar bütün çətinliklərə sinə gərərək işindən qalmır, öz kitabını bütün ömrü boyu yazır. Bu yerdə mərhum Qabili xatırlayıram. O, səksən yaşında da şeirlərini yazırdı və bizləri öz oxucusu qismində görəndə uşaq kimi sevinirdi.
Natiq yazmaqda davam edir. Onun sonuncu “Kaşmar
Maştağalının həyatı və ölümü”
əsərini mən “Azərbaycan magik realizmi” sırasına
daxil edərdim. SSRİ-nin
doxsan birinci il süqutundan sonra daha bir
özünəməxsus paradoks yarandı. Müstəqillik
qazanmış ölkə dünyadakı yerini müəyyənləşdirmək
istəyir, onun yazarları isə dünya arenasına
çıxış yolları axtarırdı. İstedadlı insanlar taleyin zərbələri
altında əzilirdilər. Kimisi ətrafda
olan hər kəsi günahkar bilib əsəb
sarsıntısı keçirir, kimisi onların
yaratdıqları ciddi ədəbiyyatı kütbeyin
oxucuların dərk etmədiyi xülyasıyla xoş bir tərzdə
özünü aldadırdı. Kimisi də
öz yolunu dəyişib biznesə və yaxud siyasətə
üz tutmaqla, sadəcə yazıçılıqdan getməyi
seçdi. Bu qaçılmaz çöküşə
qarşı kim dayana biləcəkdi? Kim hələ də öz oxucularına bel
bağlayıb yazmaqda davam edəcəkdi? Natiq
Rəsulzadə hər şeyə rəğmən bu gün də
yazmaqda davam edən, öz aləmlərini yaradan Müəlliflərdən
biri kimi qalır. Dahi Şopenhauer deyir ki,
adi insan vaxtı necə öldürmək, istedadlı insan isə
vaxtı necə diriltmək barədə
düşünür.
Əhatəmizdə nə qədər müxtəlif
insanlar var- tənbəl və yaradıcı qabiliyyəti
olmayan istedadsızlar da o cümlədən. Onlar yazmamaq
üçün minlərlə bəhanə taparaq,
ağıllarına belə gətirmirlər ki, bu, sadəcə
onların istedadsızlıqlarından doğan bir şeydi.
Amma əminəm ki, onların çoxu hər
şeyə rəğmən yollarına özlərinin
seçdikləri yolla davam edən azsaylı müəlliflərə
həsəd və qısqanclıq hissiylə
yanaşırlar. Qəzavü-qədərə o qədər
də inananlardan deyiləm, amma kim bilir, bəlkə
də öz təyinatımızı bitirib harda və
haçan dayanacağımızı elə Yol özü
müəyyənləşdirir. Gələcəyə
heç kim təminat verə bilməz, hətta
fatalistlər də. Amma bu yolda bizlər öz
arxamızca oxucuların mühakiməsinə verdiyimiz əsərlərimizi
qoyub gedirik. Və onların təşəkkür
hissi bu keçilən yola verilən ən əsas dəyərdi.
Biz Böyük Müəlliflərin bizlər
üçün açdığı yolla gedərək
onların miras qoyduqları müdrikliyi və həqiqətin
dərkini yenidən kəşf edirik. Hər
birimiz sadəcə, bu sonsuz-hüdudsuz yolda öz izini qoymaq
istəyən tənha yolçularıq. Bizlərdən
yalnız bəziləri iz qoya biləcək. Onların arasında Azərbaycan
yazıçısı Natiq Rəsulzadə də var.
Çingiz ABDULLAYEV
Xalq yazıçısı,
Azərbacan PEN klubunun prezidenti
525-ci qəzet.- 2014.- 31 may.- S.16.