Qonaqpərvərlik... Səhnədə...

 

 

Bakı haqqında düşünəndə təzadlı hisslər keçirirəm. Hərdən onun sirrini anlaya da bilmirəm heç. Təbiətin bu şəhərə münasibətdə yeganə böyük səxavəti Xəzərdi... Neft ki heç, o öz yerində. Vəssalam?! Bəs onda bu şəhərin belə böyük cazibə mərkəzinə çevrilməsinə səbəb nədi?! Yüz illərdi ən müxtəlif adamların, yazıçı, şairlərin, bəstəkarların ilham mənbəyidi Bakı. Siması dəyişir, içi dəyişmir! Yaşıllaşdırılır, gözəlləşdirilir, müasirləşir, amma ruhu elə həminkidi. Sehrli bir az da əndrəbadi! Bakıdan danışmağım təsadüf deyil. Teatr Konfransı məsələsi gündəmə gələndən elə hey qonaqları düşünürəm nədənsə?! Bildiyimə görə çoxu Bakını ilk dəfə görəcək. Bəziləri isə artıq neçənci dəfə qədəm basacaq bu şəhərə. Təşkilati işlər, qonaqpərvərliyimiz, hazırlıq filan bunlar öz yerində. Amma axı Bakının özünün xarakteri, ovqatı məsələsi var. Bakının ovqatı isə onun təkcə zahirindən, havasından, küləyindən yox, həm daxili aləmindən, mənəvi durumundan asılıdı. Məsələn, hər həftəsonu Bakı duyğulanır, fikrə gedir, bəzən qəhqəhəylə gülür, hərdən kövrəlib ağlayır da. Bir-birinə yaxın yerləşmiş müxtəlif teatr binalarından gələn səslər, sözlər, musiqi, hamısı qarışır bir-birinə, hardasa şəhərin üstündə uçuşur, fırlanır hansısa ruh, ovqat verir şəhərə. Əslində, bəlkə , elə buna görə şəhərin siması təkcə tarixi abidələri, memarlığı yox, həm teatrdı. mənə belə gəlir ki, ikigünlük Bakıya gəlmiş adamın Azərbaycan haqda tez dəqiq nəsə öyrənməsi üçün teatr ən gözəl vasitədi. Çünki dövlətin sənətə münasibətini görmək, Azərbaycan incəsənəti haqda öyrənmək, əhalinin durumu, sənətə baxışı-filan... hamısını teatrda müşahidə etmək mümkündü. Görünür, elə teatrlarımızın da Konfrans günlərindəki repertuarlarına ciddi yanaşmaları bununla bağlıdı, həm . Axı biz qonaqpərvər xalqıq. Qonağın qarşısına ən yaxşı, ən səviyyəli olanı çıxarmalıyıq.

III Bakı Beynəlxalq Teatr Konfransı ərəfəsində hazırlanmış dərgini, bukleti vərəqlədikcə həm qonaqlar, həm Azərbaycan tərəfdən Konfransda iştirak edəcək nümayəndələr haqda oxuyuram. Konfrans Teatr sənətinin multikulturalizm universal dəyərlər sistemində yeri mövzusunda olacaq. İştirakçılar ən müxtəlif aspektlərdən bu məsələni çözməyə, araşdırmağa çalışacaqlar. Bütün bunlar, yəni xarici mütəxəssislərin fikirləri, təcrübələrindən danışmaları maraqlıdı. Amma həm onların bizə reaksiyası, bizdə sənəti necə görməsi, hansı səviyyədə hiss etməsi adamı düşündürür. Məsələn, uzaq Kanadadan gələn bir teatr xadimi Mirzə Fətəlini necə qəbul edəcək? İrlandiyalı, yaxud avstraliyalı bir qonaq Azərbaycan teatrını hansı şəkildə təhlil edər?! Mənə görə, məhz bu cəhətdən Teatr Konfransı teatrlarımıza, aktyorlara, ümumiyyətlə, sənət adamlarına fürsət yaratmış olacaq. Konfransa həsr olunmuş bukletdə teatr afişaları da yer alıb. Yəni hər bir qonaq istədiyi tamaşaya baxa biləcək onun tərcüməçi ilə təminatı-filan məsələləri nəzərə alınıb.

... Dahi Füzulinin söz qonaqlığı fikrini düşünürəm. Sənəti, sözü duyan, dəyərləndirən adam üçün bundan gözəli ola bilməz bəlkə . Elə bu düşüncə ilə teatrlarımızın həmin günlərə, yəni 5-6 noyabra aid menyusuna nəzər salıram. Müxtəlif fikirlər beynimdə bir-birini əvəz edir. eyni zamanda teatrların da müəyyən strategiyasını, məqsədlərini hiss edirəm. Akademik Milli Dram Teatrı qonaqların üzünə tarixlə çıxacaq. Əli Əmirlinin Şah Qacar tamaşası ilə. Tamaşanın quruluşçu rejissoru Azər Paşa Nemətdi. Qacar rolunu Xalq artisti Fuad Poladov ifa edir. Doğrusu, bu qəliz, tarixi mövzunu əcnəbilər qədər bilirlər, demək çətindi. Yadımdadı ki, orijinal səhnə tərtibatı, bir Fuad Poladovun ifası məni bir tamaşaçı kimi təsirləndirmişdi. Amma qonaqlara nə təsir edəcək, bunu öncədən bilmək olmaz...

Növbəti gün isə yenə də türk dastanına ekskurs gözləyir dram teatrı tamaşaçılarını. Rejissoru Mikayıl Mikayılov olan İlahi Oyun tamaşası göstəriləcək. Tamaşa Kitabi-Dədə Qorqud dastanının motivləri əsasında qurulub. Düşünürəm ki, bir az mistikxeyli dərəcədə düşündürücü, qədimliyin modern formada təqdimatı bu tamaşaya xüsusilik gətirib.

Opera Teatrı isə 5 noyabrda Üzeyir Hacıbəylinin Leyli və Məcnununa, 6-sı italyan bəstəkarı Cakomo Puççininin İl Tabarrosuna qonaq edəcək tamaşaçılarını. Doğrusu hər iki əsərin səviyyəsini, gözəlliyini, hər iki bəstəkarın dahiliyini düşünüb həyəcanlanmaya bilmirsən. Əsərlərin ikisində də sevgi, ayrılıq, tale, qorxu, mühit... Və təkrarsız, bənzərsiz, ilahi bir musiqi.

Gənc Tamaşaçılar Teatrında son vaxtlarda istifadəyə verilmiş kiçik səhnədə Peppino De Filipponun Don Rafael trombonçu tamaşası nümayiş olunacaq. Kiçik səhnə estetikası bizim tamaşaçı üçün hardasa yenidi. Amma deyim ki, Gənc Tamaşaçılar Teatrında eksperimentlər çox uğurlu nəticə verib və artıq kiçik səhnədə oynanılan bir pərdəli tamaşalara da böyük maraq hiss olunur. Təxminən bir ay öncə teatra gələn rusiyalı qonaqların da burda nümayiş olunan tamaşalardan məmnun qaldıqlarını müşahidə etmişdim. Dünyada bu kiçik səhnə estetikası, monotamaşalar, yaxud iki nəfərlik pyeslər çoxdan təcrübədən keçirilib. Bizdə bu yanaşma yenihesab oluna bilər. Və artıq bir neçə bu cür qısa, amma təsirli tamaşalara baxandan sonra fikrimdə qəribə bir bənzətmə yaranır: Desert! Bu cür tamaşalar dadlı, şirin, amma doydurmayan desertləri xatırladır.

Bu ərəfələrdə Musiqili Komediya Teatrı kollektivinin, rəhbərliyinin işi daha qəlizdi, onlar Konfransa bir az da artıq məsuliyyətlə hazırlaşırlar. Çünki bütün tədbirlər bu teatrın binasında keçiriləcək. Ona görə həmin günlər teatrın tamaşaçıları bir az intizarda qalacaq, gözləməli olacaqlar.

Fərqli və düşündürücü, az və təsirli, sözsüzemosional həvəskarlarını YUĞ Teatrı bu dəfə də sevindirəcək. Mövlanə Cəlaləddinin şeirləri və həyat hekayəsi əsasında hazırlanmış Eşq tamaşası ilə. Nədənsə mənə elə gəlir ki, YUĞ Teatrı hansı mövzuya müraciət etsə, ilahi eşq ideyası da paralel verilir. Rumi isə birbaşa YUĞ mövzusudu, məncə. İstənilən gözəl, təsirli əsəri səhnələşdirməyə alışmış YUĞçuların tamaşaçılarını Rumi sehrinə salacaqlarına şübhəm yoxdu.

Rus Dram Teatrı isə qonaqların qarşısına Nizami və Mirzə Fətəli ilə çıxacaq. Nizaminin Yeddi gözəli, Mirzə Fətəlinin Misyo Jordan...ı. Onu da deyim ki, Yeddi gözəl tamaşası ötən Teatr Konfransı günlərində hazırlanırdı. Tamaşanın quruluşçu rejissoru Litva Rus Dram Teatrının quruluşçu rejissoru, Litva və SSRİ Dövlət mükafatı laureatı Yonas Vaytkusdu. İki il öncə Rus Dram Teatrının kulisi arxasında Yonas Vaytkusla söhbətim və teatrımıza aid dedikləri yaxşı yadımdadı. Fikrimcə, bu tamaşa bir çox gözləntiləri doğrultdu, bir sıra xarici ölkə festivallarında uğur qazandı.

Teatrlarımızın ikigünlük repertuarına ötəri nəzər salıb tamaşalardan heç unutmadığım məqamları göz önünə gətirirəm. Və düşünürəm bəlkə elə şəhərin bir sirribudu?! Sənət aurası!

...İki gün ərzində Üzeyir bəyin, Puççininin musiqisi, Mirzə Fətəli Axundzadənin, Nizaminin sözü, Mövlanə Cəlaləddin Ruminin mistik, sehrli, ilahi havası, Dədə Qorqudun müdrik məsləhətləri şəhərə başqa ruh, başqa ovqat verəcək. Və içi, daxili, mənəvi aləmi dopdolu, zəngin Gözəli kim sevməz ki?

 

PƏRVİN

525-ci qəzet.- 2014.- 1 noyabr.- S.21.